Ana səhifə

Məzhəblər arasındakı fərqlərin səbəbi nədir?


YazdırSend to friend

Allahı Zülcəlal Həzrətləri, Həbibi-Əkrəmi (s.ə.v.) hörmətinə, məzhəblər arasındakı fərqliliklər ilə sonsuz rəhmət və asanlıq qapılarını açdı. Peyğəmbər Əfəndimiz bir hədisi şəriflərində "Ümmətimin ixtilafı geniş bir rəhmətdir,"-buyurmaqla bu həqiqəti ifadə etmişdir. Bəli, bu hədisi-şərif hər cür müsbət fərqliliyi içinə aldığı kimi, məzhəblər arasındakı fərqləri də əhatə edir.

Bəzi ayə və hədislərdəki söz və cümlələr ayrı-ayrı hökmləri ehtiva etmişdir. Bir tək sədəfdə birdən çox inci ola bilər. Elə də müctəhidlər ayə və hədislərin sədəfindəki cövhərlərdə fərqli görüşlər bəyan etmişdir. Bu isə müxtəlif qapıların açılmasına vəsilə olmuşdur. Bu ixtilaf ümməti-Məhəmməd üçün böyük bir asanlıqdır. Cənabı Haqq:

 

Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.”

 

Din barəsində üzərinizə heç bir çətinlik yükləmədi.

 

"Və üzərlərindəki ağırlıqları, kürəklərindəki zəncirləri atar (yəni, səhv ilə adam öldürməkdə qisas icrasını və günah işləyən üzvlərin, çirklənən paltarın kəsilməsi kimi ağır təklifləri qaldırır.)"

 

kimi ayəti-kərimələrlə şəriəti-Məhəmmədiyənin çox asan olduğunu ifadə edir.

Məsələn, İmamı Şafiinin "Qadına əl dəyincə dəstəmazın pozulması" şəklindəki fikri, günümüz şərtlərində Həcc ibadəti əsnasında çox çətinliyə səbəb olar. Çünki təvafın dəstəmazlı olaraq edilməlidir. Milyonlarla insanın toplandığı o izdihamda bu hökmün tətbiq olunması qeyri-mümkün olduğundan, bu məzhəb mənsubları digər məzhəbləri təqlid edərək təvaf edirlər.

Abbasi xəlifəsi Harun Rəşid, İmamı Malikə "Sənin kitablarını yazdıraq, aləmi-İslamın hər tərəfinə paylayaq. Ümməti bunlara sövq edək,"-deyə təklif edir. İmamı Malik bu cavabı verir: "Ya əmirəl-möminin, alimlərin fərqli fikirləri Allahdan bu ümmətə rəhmətdir. Hər biri öz nəzərində doğru olana tabe olar. Hamısı hidayət üzrədir və hamısı Allahın razılığını istəyir."

Müsbət ayrılıqlar, əshabə dövründə tez-tez meydana gəlmişdir. Həzrəti Peyğəmbər (s.ə.v.) də ümmətini, dilədiyi əshabənin ictihadı ilə əməl etmə barəsində sərbəst buraxmaqla belə bir ixtilafa razı olmuşdur. Əshabələrini ictihaddakı fərqlərdən ötəri tənqid etməmiş, hər iki tərəfin də hökmünü haqq və münasib hesab etmişdir.

Səfərə çıxan iki əshabə, namaz vaxtı gəldiyində su tapa bilməyincə təyəmmümlə namazlarını qılırlar. Sonra namaz vaxtı çıxmadan su tapırlar. Biri namazı iadə edər, yenidən qılır. Digəri isə əvvəlki qıldığını kafi görür. Dönüşdə vəziyyətlərini Rəsulullahdan soruşurlar. Həzrəti Peyğəmbər iadə etməyənə "Sünnətə isabət etdin," digərinə də "Sənə iki dəfə əcr var,"-cavabını verir.

"Əshabələrim ulduzlar kimidir, hansına tabe olsanız hidayəti taparsınız," hədisi-şərifi də bu həqiqətə işarə edir. Buna görə hər hansı bir insan haqq məzhəblərdən istədiyini seçə bilər.

Qiblənin bilinmədiyi yerdə namaz qılan bir mömin, öz ictihadı ilə bir istiqamət təyin etsə və ya hər rükətini bir başqa istiqamətə doğru qılsa namazın doğruluğuna fiqhə görə hökm olunur.

Bu sayədə Müsəlmanlar zərurət hallarında rüxsəti azimətdən üstün tuta bilərlər. Bu isə onlar üçün böyük bir rəhmət olmuşdur. Bəli, Müsəlmanlar öz məzhəblərində həlli olmayan bir məsələ haqqında, zərurət halında, digər bir haqq məzhəbin rüxsəti ilə hərəkət edə bilər və beləcə çətinlikdən xilas olarlar.

Onsuz da şəriəti-Məhəmmədiyə insanların fitrətinə uyğun olaraq Allah tərəfindən qoyulmuşdur.

Müctəhidlər arasındakı ayrılıqlar ümmət haqqında rəhmət olduğu halda, keçmiş ümmətlərin həlakına səbəb olmuşdur. Peyğəmbər Əfəndimiz (s.ə.v.) bir hədisi-şəriflərində "Ayrılıqlar keçmiş ümmətlərə əzab olduğu halda, mənim ümmətimə rəhmət olmuşdur,"-buyurmuşlar.

Keçmiş peyğəmbərlərin dinlərində bütün hökmlər açıq və qəti idi. Ayələrdə şərhə açıq məqamlar yox idi. Dəqiq və qəti olan məsələlərdə ayrılıq olmayacağı da aydın idi. İnsanlar bu qəti hökmlərə uymaqda çətinlik çəkdilər, ayrılığa düşdülər və bu ayrılıq onları həlaka apardı. Lakin bizim şərtlərimiz keçmiş millətlər üzərindəki darlığı qaldırmışdır. Məsələn, Həzrəti Musanın (ə.s.) şəriətində adam öldürən bir qatilə qisasdan başqa cəza verilməsi mümkün deyildi.

Hz. İsanın (ə.s.) dinində isə yalnız diyət vacib idi, qisas qadağan idi. Şəriəti-Məhəmmədiyədə isə qətl olunanın vəlisinə qisas, diyət və əfv arasında seçim haqqı verilmişdir. Digər bir misal: onların şəriətində paltarın, çirklənən yerini kəsib atmaq vacib ikən bizim şəriətimizdə təmiz su ilə yumaq kifayətdir. Buna bənzər bir çox misallar vardır.



22-04-2011 12:00:00