Ana səhifə

MÜŞKİL HƏDİSLƏR SİLSİLƏSİ (1) (ACVƏ XURMASI; hazırlanan məqalədən bir hissə)


YazdırSend to friend

Bu ilin iyul ayında Haber Turk kanalında Caner Taslaman ilə Ebubekir Sifil xoca arasında gedən müzakirəni bir çox müsəlman maraqla izləyib. Münaqişə sünnəti, hədisləri şəriətin qaynağı olaraq müdafiə edən tərəf ilə onları tamamilə etibardan salan, inkar edən tərəf arasında sürürdü. Caner əlbəttə ki, hədisləri peyğəmbərin – aleyhissələm – sözləri olmasını qəbul etməyən tərəf idi.

Bu cür müzakirələrdən sonra insan adətən “mən olsaydım belə cavab verərdim” şəklində gecikmiş düşüncələr ilə üzləşir. Gecikmiş olmasına baxmayaraq onların məlumat baxımından öz yeri olmalıdır. Bu məqalədə beynimizdə dönüb dolaşan bu fikirlərdən birini oxucular ilə bölüşmək istəyirəm. “Sünnət Karvanı” kitabında da bu fikrə bir qədər yer vermişik, amma bu fikrin ayrıca təqdim edilməsinin faydalı olacağına inanırıq.

Canerin hədisləri etibardan salmaq üçün istifadə etdiyi metod onlardakı problemləri qabarıq şəkildə göstərməkdən ibarət idi. O, müsəlmanları bəzi hədislərin müasir elmin işığında cəfəngiyat olduğuna inandırmaq istəyir. Ona qulaq asan xəbərsiz bir kimsə elə güman edər ki, bu hədislərin tərkibindəki problemi Caner kimilər müasir zamanımızda kəşf ediblər və müsəlman alimləri əsrlər boyunca onlardan qafil qalıblar. Lakin belə bir təsəvvür həqiqətdən yalnız bu qədər uzaq ola bilərdi. Həqiqət budur ki, problem hədisin özündə deyil, hədisdən anlaşılan mənalardan birində mövcuddur. Bu gün hədisləri inkar etmək üçün modernistlərin, məalcıların dayaq nöqtəsi olaraq götürdükləri bu problemləri əsrlər öncə müsəlman alimləri görüblər və alternativ mənalara işarə edərək o problemlərin hədisdən anlaşılan digər mənalarda olduğunu göstəriblər. Burada biz Canerin səhnədəki şoumenlik üslubunu xatırladaraq göstərmək istədiyi problemlərə misal verəcəyik və keçmiş alimlərimizin o problemlərə verdikləri cavablarını təqdim edəcəyik.

Acvə xurmaları

Caner proqramda “məntiqə zidd olan” bir hədisi misal verir. Bu hədisi əl-Buxari və Muslim “əs-Sahih” kitablarında rəvayət ediblər. Hədisə görə Sad bin Əbi Vaqqas deyir: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “Kim sabahını yeddi acvə xurması ilə açarsa o gün ona nə zəhər, nə də sehr təsir etməz.” Caner bu hədisi qeyd etdikdən sonra acvə xurmalarını və ardınca siçan zəhərini çıxarır. Belə bir şou ilə Caner sübut etmək istəyir ki, bir kimsə bu hədisə inanırsa mütləq çəkinmədən yeddi xurmanı yeyib ondan sonra rahatlıqla zəhəri qəbul edə bilər. Əgər bunu etmirsə o zaman bu hədisi qəbul etməməli və inkar etməlidir. Lakin burada belə bir sual ortaya çıxır. Məgər bütün müsəlman alimləri bu hədisdən Canerin təqdim etmək istədiyi mənanımı anlayıblarmı? Çünki Canerin – həmçinin xeyli müsəlmanın - hədisdən başa düşdüyü məna budur ki, yeddi acvə xurmasında bütün növ zəhərlərə qarşı dərman vardır. Sualın cavabı budur ki, hələ əsrlər öncə müsəlman alimləri bu hədisə alternativ mənalar veriblər və hədisdən yalnız bir məna başa düşməyiblər. Misal üçün hicri dördüncü əsrin alimlərindən Əbu Süleyman əl-Xattabi əl-Busti (h. 319-388) bu hədisi şərh edərkən deyir: “Onun zəhər və sehrdən müdafiə olmasına gəldikdə bu, təbərrük (bərəkətlənmə) yolu ilədir, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – bundan öncə onun üçün dua etmişdi, yoxsa xurmanın öz təbiətində bunu edə biləcək bir şey yoxdur.” (“Əaləmul-Hədis”, 3/2054;) Deməli əl-Xattabi’yə görə xurmanın özündə bioloji olaraq zəhərə və sehrə qarşı müdafiə yoxdur. Müdafiə peyğəmbərin – aleyhissalətu vassələm – duasındadır, duasının bərəkətindədir. Bu fikri həmçinin altıncı əsrin alimlərindən Əbul-Fərac İbnul-Cəvzi əl-Hənbəli (h. 510-597) “Kəşful-Muşkil” adlı kitabında dəstəkləyir. Bu anlayış demək olar ki, əksər müsəlman alimlər tərəfindən qəbul edilir. Lakin burada belə bir sual ortaya çıxır. Peyğəmbərin duası öz zamanındakı müəyyən bir il və ya illərdə xurma ağaclarının verdiyi məhsul üçün idi yoxsa dünyanın sonuna qədər davam edəcək bütün acvə xurmalarına da aiddir. Burada artıq müsəlman alimlərinin arasında fikir ayrılığı vardır. Gəlin hələ əsrlər öncə tibb elmi çərçivəsində hədisləri anlamağa çalışmış müsəlman alimlərinin sözlərinə misallar verək. Hicri beşinci və altıncı əsrin dahilərindən və böyük alimlərindən Əbu Abdilləh Muhəmməd bin Əli ət-Təmimi əl-Məziri əl-Məliki (h. 453-536) bu hədisin şərhində deyir: “Bu, mənası tibb elmi yolu ilə əql edilə bilməyən bir hədisdir. Hətta əgər xurmanın zəhərə qarşı mənfəətini göstərən bir tərəfinin tibb baxımından üzə çıxması səhih olsa belə bu sayla – yəni yeddi sayı ilə - məhdudlaşdırmanın bir izahını, nə də xurmanın acvə olan bu cinsi ilə məhdudlaşdırmanın bir izahını üzə çıxarmağa (tibb) qadir deyildir. Ola bilsin ki, bu, onun – salləllahu aleyhi va səlləm – zamanının əhlinə və ya onların əksəriyyətinə xas idi, çünki əksər hallarda bu səbəblə şəfanın baş verməsinin bizim zamanımıza qədər davam etməsi mənim nəzərimdə sabit olmamışdır.” (“əl-Mu’lim bi Fəvaid Muslim”, 3/121;) əl-Məziri gördüyümüz kimi bunun o dövrə xas olması qənaətindədir. Hətta bəzi alimlərimiz bunu yoxlamaq üçün təcrübəyə baş vurmağı da təklif edib. Bunu Əbul-Abbas Əhməd bin Ömər əl-Qurtubi (h. 578-656) “əl-Mufhim” kitabında zikr edir və deyir: “Bu, tibbi ölçülər ilə idrak edilə bilməyən xüsusi mənalardandırmı? Yoxsa bu, tibbi ölçülərə qayıdır? Alimlərimiz bu barədə ixtilaf ediblər. Onlardan bəziləri bunun izahı üçün əziyyətə qatlanıb və deyib: Zəhər sadəcə olaraq aşırı soyuqluğuna görə öldürür, əgər davamlı olaraq hər səhər acvə yeyərsə onda hərarət hakim olar və insandakı təbii hərarət onun köməyindən istifadə edər və zəhərin soyuqluğu möhkəm oturuşmadan öncə bu hərarət onunla üzləşər və Allahın izni ilə sahibi sağalar.

Deyirəm: Bu (izah) Mədinə acvəsinin xüsusiliyini aradan qaldırır, ümumiyyətlə acvə sortunun xüsusiliyini, hətta xurmanın xüsusiliyini kənarlaşdırır. Çünki hərarətli ədviyatlar mövcuddur ki, bu baxımdan xurmadan da yaxşıdır və bu, işin mütəxəssislərinə məlumdur. Burada deyilməsi doğru olan budur ki, bu, doğru sözlü peyğəmbərin – salləllahu aleyhi va səlləm – xəbər verdiyi kimi Mədinə şəhərinin acvə xurmalarına xasdır. Sonra bu, peyğəmbərin – salləllahu aleyhi va səlləm – danışdığı vaxta məxsusdurmu yoxsa bütün zamanlarda keçərlidir? Bunların hamısı möhtəməldir.

Bu ehtimalları kənarlaşdıran metod təkrar-təkrar edilən təcrübələrdir. Əgər bizim bu zamanımızda da xurmanın fayda verdiyini görsək biləcəyik ki, bütün zamanlara aiddir. Amma çox təcrübə apardıqdan sonra belə bir şey tapmazsaq biləcəyik ki, bu, həmin sözün deyildiyi zamana məxsusdur.” (“əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 5/322;) Beləliklə də peyğəmbərin – aleyhissalətu vassələm – hədisindəki mənalardan hansının doğru olduğunu anlamaq üçün dünyəvi elmlərdən istifadə etmək mümkündür və bunu İslam alimləri əsrlər öncə söyləyiblər. Bizim müasir zamanımızda Caner kimilər dünyəvi elmə əsaslanaraq hədisləri tamamilə inkar etdikləri halda orta əsrlərdəki müsəlman alimlər dünyəvi elmi istifadə edərək hədisləri doğru anlamağa çalışıblar.

Samir Firdovsioglu
Müəllif: 


16-07-2018 06:26:42

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz