Ana səhifə

Nəfsimizə necə hakim ola bilərik? Nəfsin və şeytanın vəsvəsələrinə necə xilas ola bilərik?


YazdırSend to friend

Məlum məsələdir ki, səhvlərə yol verməmək üçün nəfsi tərbiyə etmək lazımdır. Nəfsi tərbiyə etməyin ən  mühüm yolu isə onunla mücadilə etməkdir. Bununla bağlı Mövlanənin belə bir tövsiyəsi var:

“Bir həmlə edək, qırıb tökək. Bu qara üzlü, bu pis təbiətli nəfsi yox edək getsin!..” 1

Lakin bu mücadilə elə də asanlıqla başa gəlmir. Çünki “büt qırmaq asandır, amma nəfsi tərbiyə etməyə asan iş kimi baxmaq cahillikdir”. 2

Bu səbəbdən də Mövlanə, bir qədər sonra görəcəyimiz kimi, sağlam bir iradəyə çox üstünlük verir.

Mövlanənin düşüncələrinə uyğun olaraq, nəfsə uymağın təhlükələrindən və mücadilə edərək onu tərbiyə etməyin imkanları və vacibliyindən qısaca bəhs etdikdən sonra indi də nəfsi tərbiyələndirməyin yollarına keçə bilərik:

1. Nəfsə uymamaq:

Nəfsi tərbiyələndirməkdən ötrü onun arzu və istəklərinə uyamamaq lazımdır. Bu, nəfsi tərbiyələndirməyin və onun pisliyindən qorunmağın ən qısa yoludur. Mövlanə nəfsi (insanda pisliklərə qarşı maraq oyadan və insanı onlara təşviq edən) şeytana bənzədir və yanlışlara yol verməmək, günaha batmamaq üçün nəfsə uymamağın vacibliyini xüsusi vurğulayır. Onun fikrincə, nəfsə uymamaq, həva və həvəslərdən vaz keçmək hər bir müşkülün açarıdır. 3

2. İradəni möhkəmləndirmək

Yanlışlara yol verməməsi və nəfsin pis arzularının qəlbi bürüməməsi üçün insan gərək güclü bir iradəyə sahib olsun, onu yaxşılıq naminə çalışdırsın və bu məsələdə qətiyyət göstərsin. Mövlanə insanın ayıq-sayıq könlünü bir muma bənzədir, minlərlə pisliyi, müsibəti daşıyan havaya (şiddətli külək və təhlükələrə) qarşı onu yaxşı qorumasını istəyir. 4

Öz nəfsi insanı pisliklərə sürükləyir və bəzən o, doğru ilə yanlışı fərqləndirməkdə çətinlik çəkir. Bu kimi hallarda onu yoldan çıxaran arzularını dinləməyib yaxşılıq, doğruluq və haqqın yolunu tutmalıdır.

İnsanın doğru olanı qəbul etməyə, yaxşını seçməyə özünü məcbur etməsi onu yanlışlıqdardan xeyli dərəcədə qoruyacaqdır. Nəfsini bu şəkildə yönləndirməyən, iradəsini bu formada səfərbər etməyən isə, bu misalda gördüyümüz kimi, yanlışlıqlar içərisində qalmağa məhkum olacaqdır:

“.. Qəlbən bir qəbul, təsdiq olmadıqca min söz söyləsən də, faydası olmaz. Məsələn, bir ağacın kökündən içərisindən gələn bir nəmlik, canlılıq olmasa, sən ona min selin suyunu da töksən, yenə faydasızdır.. Bütün aləmi nur da bürüsə, gözdə bir nur olmazsa, heç bir zaman o nuru görə bilməz...” 5

3. Səbirli olmaq

Nəfsin fısıltılarına aldanmamaq üçün onu tərbiyələndirərkən səbirli olmaq son dərəcə mühümdür. Mövlanə: “Bu yolda səbirli olmaq, qarşıdakı möhnətlərə dözmək lazımdır” 6, – deyir. Çünki səbir bir davadır, genişliyin açarıdır və insanı məqsədinə tez yetirən bir hünərdir. 7

“Hər zəhmət, hər məşəqqət vaxtı qəzəblənsən, kin yığsan, o zaman cilalanmadan necə ayna ola bilərsən?” 8 sözləri ilə Mövlanə doğruya, yaxşıya və gözələ yönəlib onda qərarlı olmaq və kamilləşmək üçün səbirli olmağın önəmini vurğulayır.

“Fərasət sahiblərinin iştahaları səbrədir, onlar səbir etmək istərlər” 9. Mövlanə bu sözü ilə nəfsin tələskən və keçici tələblərinə əhəmiyyət vermədən irəlini görməyə çalışanların səbirli olduqlarını və qısa müddətdə olmasa da, bir qədər keçdikdən sonra müvəffəqiyyət qazanacaqlarını bildirir.

Nəfsin istəklərinə uymayaraq anlayışlı olmaq, qarşısındakına hörmətlə yanaşmaq, yumşaq davranmaq (ki bunların təməlində səbir durur) insanı anlayışsız, tündxasiyyət olub və təkəbbürlü davranmaqdan daha çox müvəffəq edir.   

4. Yersiz qürurdan qurtarmaq

Nəfsin tərbiyələndirilməsində bir mühüm məqam da odur ki, insan gərək özünü hamıdan öndə görmək sevdasından, bu qürurundan əl çəksin. İnsanın özünə həddən ziyada güvənərək Allaha bel bağlamamasını 11, savadlı adamların özlərini başqalarına göstərmək məqsədi ilə yersiz addımlar atmasını, özlərini tanımağa cəhd göstərməmələrini və təkəbbürlənmələrini 12 Mövlanə yanlış sayır. O, insanların özlərindən müştəbeh olmalarını, məcazi desək, çibanlarını, yaralarını, ayıblarını adi şey kimi normal qarşılayıb, digərlərinin yanlışlıqlarını isə anormal bir şey kimi qarşılamalarına yaxşı baxmır. 13

5. Özünə tənqidi yanaşmaq

Nəfsi tərbiyələndirərək yanlışlıqlardan qorunmaq baxımdan, bəlkə də, ən önəmli xüsus insanın dönüb bir özünə baxması, əskikliklərini görməyə çalışması, həddi aşmaması, haqsızlıq edib, yaxud etməməsi haqda özünü sorğu-suala çəkməsidir. Bu cür davranmaq yanlış şeyləri tərk edib doğru, yaxşı və gözəl şeyləri əldə etməkdə insanı qazanclı çıxaracaqdır. Gərək insan əvvəlcə özünü tanısın, öz ürəyinin səsinə qulaq assın. Sirrini başqalarından gizləməyində təəccüblü heç nə yoxdur. Təəccüblüsü insanın sirlərini özündən də gizlməsi, bu sirlərini etiraf edə bilməməsidir.

 Başqalarının yanlışına, günahına baxıb üzülməmişdən qabaq insan gərək əvvəlcə öz halına baxıb ağlasın.

Ey başqalarına ağlayan göz, gəl bir qədər də öz gününə ağla.

İnsan ilk öncə öz eybini, qüsurunu görərək nəfsini tərbiləyəndirməlidir.

6. Mənəvi güc qazanmaq

Nəfsi tərbiyə etmək, onun şərindən əmin olmaq, həqiqətləri görmək və Allahın sirlərinə vaqif olmaq üçün, Mövlanənin fəlsəfəsinə görə, məna qapısına da baş vurmaq gərəkdir. Nəfsə hakim olmaqdan ötrü mənəvi güc almaq üçün Allaha yönəlmək və Ondan yardım diləmək lazımdır. Allaha yönələn adam Onun himayəsinə sığınmış sayılır, qüvvətlənir, əminlikdə olur, çətinliklər onun üçün asanlaşır.

Nəticə

İnsan bir çox yanlışlıqlarla qarşılaşır. O, haralarda, hansı səbəbdən və nə cür yanlışlıqlara yol verdiyini, əsasən, bilir. Bu haqda ümumi qənaətləri vardır. Lakin önəmli odur ki, insan gərək bu səhvlərini dərk eləsin və onlardan nəticə çıxarsın. Bunları tərk etməkdə nəfsə hakim olmaq olduqca mühüm məsələdir. Buna nail olmaq üçün də nəfsi tanımaq və onu tərbiyələndirmək lazımdır.

Nəfsi tərbiyə etməyin ən qısa yolu şəhvət və ləzzətlərə qarşı səbirli davranmaq gərəkdir və nəfsin qarşısında aciz olmaq olmaz. Çox sevdiyi oyun və əyləncəyə (dünya) də çox aludə olmaq doğru deyil. Belə olmazsa, nəfsin islahı qəlizləşər.

Nəfsini tərbiyələndirmək üçün iradəni gücləndirmək ən effektli və ən optimal üsuldur. Hətta səbirli olmaq, nəfsi cilovlamaq, uşaqlıqdan qurtarmaq, özü-özünü hesaba çəkmək, təkəbbürdən qurtulmaq iradəni möhkəmləndirməyin nəticəsində mümkündür.

 Dipontlar:

1- Mövlana, Məcâlis-i Səb'a (Yeddi Məclis), (Tərcüməçi və Hazırlayan: Abdulbaqi Gölpınarlı), Konya, 1965, s. 54.

2- Mövlana, Məsnəvi, (Tərcüməçi: Vələd İzbudak), MEB Yay., İstanbul, 1991, C. i, s.62, B.778.

3- Mövlana, divan, C. VII, s. 626, B. 8336

4- Mövlana, divan, C. V, s. 408, B. 5425.

5- Mövlana, Fihi Ma Fih, s. 88-89.

6- Mövlana, Məsnəvi, C. IV, s. 38, B. 466.

7- baxın. Mövlana, a.k.ə. , C. II, s. 391, B. 4913; C. I, s. 150-151, B. 1841. 1846, 1854.

8- Mövlana, a.k.ə. C. I, s. 290, B. 2980.

9- Mövlana, a.k.ə. C. I, s. 128, B. 1601.

10- Mövlana, Fihi Ma Fih, s. 9.

11- Fihi Ma Fih, s. 28-29.

12- Fihi Ma Fih, s. 37.

13- Mövlana, a.k.ə. C. II, s. 37, B. 479.

 

İbrahim Eroğlu



17-07-2015 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz