Ana səhifə

Niyə əsl mücahid nəfsiylə cihad edən sayılmışdır? Nəfslə cihadın önəmi və yeri nədir?


"Onu (nəfsini) təmizləyən kimsə nicat tapmışdır!" (Şəms surəsi,91/9)

"...And içirəm özünü qınayan Nəfsə ! "  (Qiyamət surəsi,75/2)

Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurmuşdur:

“(Həqiqi) Mücahid nəfsiylə cihad edəndir.

Hədisi Əhməd, İbn Hibban, Tirmizi, Hakim , İbn Macə və Tabərani rəvayət etmişdir. Hədisi alimlərdən bəzisi səhih, bəzisi həsən olaraq dəyərləndirmişdir.

Abdur Rauf Əl Munəvi (952-1031 h/1545-1622 m) “Feydul Qadir Şərhu Camiis Sağir” adlı şərhində deyir:

“Hədisin digər bir rəvayətində “Allah üçün” əlavəsi mövcuddur. (“Mücahid Allah üçün nəfsiylə cihad edəndir” şəklində). 

(Nəfsiylə cihad edərsə) Yəni: Şiddətli şəkildə pisliyi əmr edən nəfsini, Allahın razı olduğu itaət sayılan əməlləri etməyə və Onun əmrlərinə müxalif şeylərdən çəkinməyə məcbur edərsə.

Nəfslə cihad xaricdəki düşmənlə cihadın əslidir/bünövrəsidir. Çünki, əmr olunanları etsin və qadağan edilənlərdən çəkinsin deyə nəfsiylə cihad etmədikcə, insanın xarici düşmənlə cihad etməsi mümkün deyil!

İçindəki düşmən (!) ona qələbə çalıb, hakimiyyəti altına almışkən, onun xarici düşmənlə cihad etməsi necə mümkün ola bilər?

(Xarici) Düşməniylə cihada çıxma mövzusunda nəfsiylə cihad etmədikcə onun savaşa çıxması mümkün deyil!”  (Abdur Rauf Əl Munəvi: Feydul Qadir: 6/262 (9175) Beyrut: Darul Məarifə: 1391/1972)

***

Hənəfi alimlərindən Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) bənzəri bir hədisin şərhində deyir:

“… “Mücahid” yəni: həqiqi mücahid “Allah`a itaətdə nəfsiylə cihad edəndir”. Çünki bu (nəfslə cihad) böyük cihaddır. (Savaş cihadı olan) Kiçik cihad ondan əmələ gələr (nəfslə cihadın bir qoludur, parçasıdır).

Mühacir” yəni: Kamil mühacir “xəta və günahları buraxandır” yəni: kiçik və böyük günahları tərk edəndir.” (Mulla Əli Əl Qari: Mirqatul Məfatih Şərhu Mişkətil Məsabih: 1/187 (Hədis: 34) Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2001)

***

“Mişkətul Məsabih” adlı hədis kitabını şərh edənlərdən Şərəfuddin Ət Tibi (v. 743 h/1342 m) mövzumuz barədə deyir:

“… “Mücahid Allaha itaətdə nəfsiylə cihad edəndir yəni: Mücahid sadəcə kafirlərlə cihad edən deyil! Əksinə mücahid, nəfsiylə cihad edən, Uca Allaha itaət etməsi üçün onu sıxışdırıb məcbur edəndir. Çünki, insanın nəfsi insana düşmənçilikdə kafirlərdən daha şiddətlidir! Beləki, kafirlər ondan uzaqdır, onlarla qarşılaşma və savaş zaman zaman baş verir.

İnsanın nəfsi isə əbədiyyən onunla bərabərdir və onun xeyirli, itaət olan əməllər işləməsinə mane olar.

Şübhəsiz ki, insanın yanındakı ayrılmaz düşməni ilə savaşması, uzaqdakı düşmənlə savaşmasından daha önəmlidir!

Uca Allah buyurur:

“… Yaxınlığınızdakı kafirlərlə savaşın!…” (Ət Tövbə: 9/123)

Deyirəm: “Mücahid” kəliməsinin önündəki “əl-lam” hərfi, cins üçündür. Yəni həqiqi, mücahid olaraq isimləndirilməsi lazım olan, nəfsiylə cihad edən kimsədir.” (Şərəfuddin Ət Tibi: Əl Kəşif An Həqaiqis Sunən: 2/491 ,Ər Riyad: 1417/1997)



06-08-2014 12:00:00