Ana səhifə

NİYƏ YARADILMIŞIQ?


YazdırSend to friend

   Bu sual bu və ya başqa tərzdə hər bir insanın qarşısına çıxır. Hətta dində şəkk edənlər belə dindarlara bu sualı verirlər. Onlardan bir çoxu sanki bu sualı verməklə dindarı aciz qoymağı məqsəd tutur. Çünki dinə şəkk edən insanın zatən dinə, ibadətə baxışı tamamilə başqadır, dindarın baxışı isə tamamilə fərqlidir. Bu barədə bir iki məqama toxunmaq istəyirəm.
    Hər şeydən əvvəl qeyd etməyim lazımdır ki, bu sualın cavabının nə olmasından asılı olmayaraq Allah bizi yaradıb və bizi yaradılış faktı qarşısında qoyub. Bundan qurtuluş yoxdur. Allahın bizi yaratmaqdakı həqiqi məqsədini dərk edə bilmədiyimizi fərz etsək yenə biz bu həqiqəti dəyişdirə bilmərik, çünki mövcud fakt qarşısında qoyulmuşuq. Bəli, yaradılmışıq, bir məqsəd üçün yaradılmışıq, çünki Hikmətli Yaradıcı heç bir şeyi əbəs olaraq yaratmaz. Bu nöqtəni vurğuladıqdan sonra belə bir sual verək: Bizim Allahın yaradılışdakı hədəfini, məqsədini bilməyimiz necə mümkündür? Buna insanlar üç cür cavab verə bilərlər:

   1) Bunu bilmək mümkün deyildir.

   2) Bunu öz əqlimiz və təfəkkürümüz ilə bilmək mümkündür.

   3) Bunu vəhy yolu ilə, yəni Allahdan aldığımız mərifət yolu ilə bilmək mümkündür. Birinci və ikinci cavab dinləri, vəhyi inkar edən deistlərin cavabıdır. Birinci cavab əhli ilə söhbətimiz kökündən fərqlidir, çünki onların halı bu ikisindən biridir: ya əbəs yerə yaradan hikmətsiz Allaha inanırlar, ya da bir məqsəd üçün bizə həyat bəxş etmiş, amma o həyatla nə etməli olduğumuzu bizə deməmiş bir Allaha inanırlar. Hər ik hal üçün söhbəti uzatmağa ehtiyac yoxdur.
   İkinci cavabın əhlinə gəldikdə isə belələrinin problemi budur ki, öz aralarında fikir ayrılığındadırlar. Biri təfəkkür ilə bir nəticəyə, digəri isə tamamilə başqa bir nəticəyə gəlib. Üstəlik sadə insan təfəkkürünün necə Allahın muradına çıxışının olduğunu soruşsaq cavab ala bilməyəcəyik.
    O zaman yerdə üçüncü və sonuncu cavab qalır. Allah bizi yaradıb və yaradılış qayəsini bizə vəhy yolu ilə çatdırıb. Maraqlı olan budur ki, bütün səmavi dinlər bu qayədə ittifaq halındadır. Əşiya kitabında Allahın adından bu sözlər deyilir:

Adımla adlanan, Şanıma xəlq etdiyim, Şəkil verib yaratdığım bütün o kəsləri (gətir).” (Əşiya 43:7)

   Allah insanları Öz Şanının ucaldılması üçün yaradıb. Qur`anın dilində isə Allah – Cəllə va Alə - buyurur:

Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım.” (51:56)

   Burada həm dinə şəkk edənlərin, həm də dindarların özlərinin etdikləri bir xəta vardır. Dini inkar edənlər, deistlər – özləri Allahın yaradılışdakı hədəfi haqqında heç bir təsəvvürə sahib olmadıqları halda – etiraz edirlər ki, məgər Allahın bizim ibadətimizə ehtiyacı varmı? Xeyr, yoxdur. Belə bir təsəvvür Allahı insana bənzətməkdən ortaya çıxır, çünki insan bir şeyi bir məqsəd üçün etdikdə əksər hallarda bunu o məqsədə ehtiyacı olduğu üçün edir. Allah Vacibul-Vucud’dur, hər şey Ona möhtacdır, Onun heç bir şeyə ehtiyacı yoxdur. Amma biz müsəlmanlar eyni zamanda panteistlərdən, pandeistlərdən, spinozalardan fərqli olaraq Allahın İradəyə və Qüdrətə sahib bir Varlıq olduğuna inanırıq. İngilislər buna “personal God” deyirlər, müsəlmanlarda buna identik bir termin bilmirəm, ərəbcə “iləhun şəxsiyyun” olaraq tərcümə olunan bu sözə İslam alimlərinin istifadəsində rast gəlməmişəm. Məna cəhətdən qəsd olunan budur ki, Allahın öz yaratdıqları ilə münasibəti vardır, Allahın sevdiyi və sevmədiyi şeylər mövcuddur. Allah Öz ixtiyarı ilə istədiyini edir. Misal üçün Allah ədaləti sevir, zülmü sevməz. Allahın ədaləti sevməsi ona ehtiyacı olduğu üçün deyildir, eləcə də Allah rəhməti, şəfqəti sevər. Bunları sevməsi isə bunların Allahın ilahi vəsfləri olmasına görədir. Allah ədalətli olduğu üçün ədaləti sevər, rəhimli olduğu üçün mərhəməti sevər. Yaradan olmaq, Bağışlayan olmaq, Məbud olmaq Allahın əzəli ilahi sifətləridir və ona görə də yaratmağı, bağışlamağı, ibadət olunmağı sevər. Ona görə də Allah istədiyini edir. Bəzi müsəlmanların bu nöqtəni anlayışlarındakı xətaları isə qayəni sadəcə ibadətdə məhdudlaşdırmaqdadır, ibadət sözünün zahirində durarlər və ondan gerisini düşünməzlər, bu barədə tələb olunduğu şəkildə təfəkkür etməzlər. Biz təfəkkür etmək istəyənləri istiqamətləndirmək istərdik. 
   Bunun üçün Allahın ilahi vəsflərini bir daha xatırladaraq növbəti düşüncəmizi bunun üzərinə bina edəcəyik. Allah məbuddur, ibadət olunmağı sevər, heç kimin və heç bir şeyin ibadətinə ehtiyacı yoxdur. Biz “Mən cinləri və insanları ancaq Mənə ibadət etməkləri üçün yaratdım” ayəsində sadəcə “ibadət” sözündə dursaq bəzi suallar ortaya çıxacaq. Məgər Allah bizə Bəqərə surəsində bunu xəbər vermirmi?

“Rəbbin mələklərə “Mən yer üzündə bir xəlifə yaradacam” dediyində onlar - “biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan axıdacaq kəslərimi yaradacaqsanmı?” – dedilər.” (2:30)

   Mələklər – “biz onsuz da Sənə ibadət edirik, Səni müqəddəsləşdiririk, Səni həmd-səna ilə ucaldırıq, insanlar isə Sənə itaətsizlik edəcəklər, fəsad çıxaracaqlar, nə üçün onları yaradırsan?” – dedilər. Allah isə buna cavabında

“Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm” dedi.” (2:30)

   O zaman bizim Zariyət surəsindəki ayədə keçən “ibadət” sözünün üzərinə mərkəzləşməyimiz doğru deyildir, çünki onsuz da mələklər də Allaha ibadət edirdilər. O zaman mələklərdən bizi fərqli edən nədirsə onun üzərində düşünməliyik. Mələklərdən əsas fərqlərimizdən biri budur ki, biz xəta edə bilirik. Xəta etməyimiz isə Allahın bizə verdiyi seçim haqqı ilə mümkündür. Ola bilsin ki, Tövratda və nəbəvi hədislərdə keçən “Allah Adəmi Öz surətində yaratdı” sözünün sirri burdadır, yəni seçim və ixtiyar Allahın sifətlərindəndir və bunu bəşəriyyətə bəxş edib. Mələklər xəta etməzlər, lakin insanlar xəta edərlər, üstəlik bu xətalarından tövbə də edərlər, peşman da olarlar, Allahdan bağışlanma da diləyərlər. Biz insanlar mələklərin edə bilmədikləri ibadət növlərini edə bilirik, biz Allahın qarşısında tövbə edə bilirik, Allaha yalvarıb günahlarımız üçün bağışlanma diləyə bilirik, Allahın rəhmətinə ən çox möhtac olduğumuzu göstərə bilirik, təkəbbürlük edib şeytana tabe olduğumuz kimi tövbə edib Rəbbimizə də qayıda bilirik. Yuxarıda dedik ki, Allah Bağışlalyandır və bağışlamağı sevər, Allah Rahməndir və rəhməti sevər, Allah Rahimdir və mərhəməti sevər. Ona görə də bir hədisi-şərifdə peyğəmbərimiz – aleyhissalətu vassələm – buyurur:

“Nəfsim əlində olana and olsun ki, siz günah etməsəydiniz Allah sizi götürər və yerinizə günah edən bir başqa qövmü gətirərdi ki, onlar Allahdan bağışlanma diləsinlər və Allah da onları bağışlasın!” (Sahih Muslim)

   Quranda da bu mənaya dəlalət vardır:

“Əgər Rəbbin istəsəydi insanları tək bir ümmət edərdi, onlar isə daim ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı.” (11:118-119)

   Bir təfsirə görə Allah burada “onları bunun üçün yaratdı” dedikdə murad edir ki, onları “seçimlərində ixtilaf etsinlər deyə” yaratdım. Mücahid, Qatədə və Dahhək’dən gələn bir başqa təfsirə görə isə “Allah onları bunun üçün yaratdı” sözü ilə “rəhməti” qəsd etmişdir. Yəni Allah onlar seçim haqqı vermiş, onları ixtilaf edənlər, xəta edənlər olaraq yaratmışdır ki, onlardan tövbə edib Allahın yoluna qayıdanlara rəhm etsin! Ona görə də ayədə “cinlər və insanların” xüsusiləşdirilməsinin mənası bundadır, yoxsa Allah mələkləri də ibadət etsinlər deyə yaradıb. 
    Bəs ayədə keçən “ibadət” sözünün ötəsi nədir? Biz ibadət sözündən hansı mənaları anlamalıyıq?

   İbadət Allahın sevdiyi, bizim isə ehtiyac duyduğumuz əməldir. Lakin ibadətdən savayı bir qayə vardır. Bu qayəni bizə Allahın elçisi – aleyhissalətu vassələm – qüdsi bir hədisdə belə çatdırır:

“Allah dedi: Kim Mənim bir dostuma düşmənçilik edərsə ona hərb elan edərəm. Qulum Mənə ona fərz etdiklərimdən Mənə daha sevimli bir şeylə yaxınlaşmaz. Qulum mənə nafilələr ilə o qədər yaxınlaşar ki, onu sevərəm. Onu sevərəmsə onun eşitdiyi qulağı olaram, görən gözü olaram, tutduğu əli olaram, gedən ayağı olaram. Əgər Məndən istəyərsə verərəm. Əgər Mənə sığınarsa ona sığınacaq verərəm.” (Sahih əl-Buxari)

   Bu hədis Allah dostları haqqındadır. Bəli, ibadətlərimiz bizi Allaha yaxınlaşdırır və bizim Allahın dostları zümrəsindən olmağımız üçün qapımız ibadətdir. Allahın dostları isə yaratdıqları içərisindən Allahın ən sevdiyi məxluqlardır. Allahın yaradılışdakı qayəsinin daha bir tərkib hissəsi də budur. Şəhvətlərini, əyləncələrini, ləzzətlərini tərk edib Allaha üstünlük verən Allah dostları bu yaradılışın ən əsas qayəsidir. Allah onları sevər və onlar da Allahı sevərlər. Allah onlara görə bu kainatı yaratdı. Bu Allah dostlarının başında Onun elçiləri gəlir, sonra siddiqlər, şəhidlər və salehlər gəlirlər. Ona görə də peyğəmbərdən – salləllahu aleyhi va səlləm – və bəzi səhabələrdən rəvayət olunan “Muhəmməd olmasaydı göyləri və yeri yaratmazdım, cənnəti və cəhənnəmi yaratmazdım” hədisinin sirrinin bu olduğunu deyə bilərik. Yəni yaradılışın ən son qayəsi peyğəmbərimiz Muhəmməddir, yeganə qayəsi o deyildir, lakin ən güclü qayə odur, onun kimi digər peyğəmbərlər də, salehlər də bu yaradılış qayəsinin ən önəmli tərkib hissələridirlər. Bəli, əgər Muhəmməd olmasaydı, peyğəmbərlər, övliyalar olmasaydı Allah bu kainatı, cənnəti və cəhənnəmi yaratmazdı.

   Elmə zirzəminin dar nəfəsliyindən baxan bəzi müsəlmanların etirazlarını qabaqlayaraq demək istəyirəm ki, bəli, “sən olmasaydın dünyanı yaratmazdım” hədisi tənqid olunub, eyni zamanda da səhih saymış alimlərimiz də olublar. Önəmli olan bu hissəsi deyildir, önəmli olan budur ki, bu hədisi Harun bin əl-Abbas, Muhəmməd bin Bişr bin Şureyk, əl-Xalləl, əl-Acurri, İbnul-Cəvzi, Əbu Talib əl-Məkki, İbn Dihyə əl-Kəlbi kimi alimlərimiz, imamlarımız rəvayət ediblər, mənasını təsdiq ediblər.

  İbn Teymiyyənin bu barədəki sözləri maraqlıdır:

  “Muhəmməd Adəm oğullarının ağasıdır, yaradılmışların ən əfzəlidir və Allahın ən sevdiyidir və “Allah onun üçün aləmi yaratdı” və ya “o olmasaydı Allah ərşi, kürsini, səmanı, yeri, günəşi və ayı yaratmazdı” sözünü deyən kəs buradan çıxış edərək deyib... və Muhəmməd bu növün insanıdır, bu dəyirmanın ortasıdır və bu cəmin hissələri sanki məxluqatlarda qayələrin qayəsidir. Ona görə də “hər şey onun üçün yaradılıb” və ya “o olmasaydı heç bir şey yaradılmazdı” deyənin sözünü inkar etmək olmaz. Bu və buna bənzər sözlər Kitab və sünnətin dəlalət etdiyi məna ilə təfsir olunarsa qəbul edilər.”

   Peyğəmbərimiz – aleyhissalətu vassələm – övliyaların seyididir, Allahın ən çox sevdiyi məxluqdur, lakin Allahın sevdiyi yeganə məxluq deyildir. O, qayələrin qayəsidir, yeganə qayə deyildir. Bu mənada Allah insanları və cinləri yaradıb ki, Ona ibadət edək, ibadətlərimizlə Ona yaxınlaşaq, Onun ən yaxın bəndələrindən olaq və Onun dostlarından olaq, Onunla ünsiyyətdə olaq. Yaradılışın qayəsi, hədəfi, məqsədi budur. Allah bizi o gözəl mənzilə çatanlardan etsin!

Müəllif: 


23-04-2019 08:56:58