Ana səhifə

ORİYENTALİSTLƏR VƏ HƏDİS ƏDƏBİYYATI


YazdırSend to friend

Ignaz Goldziher1 1889-cu ildə alman dilində “Muhammedanische Studien” (Müsəlman Elmləri) adlı kitabını nəşr etdikdə Qərbin şərqşünaslığı çizgisində yeni bir nişan ağacı əkmiş oldu. Azərbaycan dilində şərqşünas, avropalıların dilində isə oriyentalist kimi tanınan alimlər Edward Said’ə görə “Xüsusi və ya ümumi baxış acısından Şərqi öyrədən, yazıya tökən yaxud da araşdıran kimsədir və gördüyü iş də şərqşünaslıqdır.” (Edward Said, ”Orientalizm”, səh: 2) Burada onun haqda qısa məlumat verək. Ignaz Goldziher (1850-1921) əsl adı Yitzhaq Yehuda olan yəhudi əslli macar şərqşünasdır. Alman Theodor Nöldeke və holland Christiaan Snouck Hurgronje ilə birlikdə Goldziher Avropada müasir islamşünaslığın banisi sayılır. Goldziher bütün ömrü boyu öz yəhudi dininə sadiq bir kəs olaraq qalmasına baxmayaraq İslam dininə xüsusi bir maraq bəsləyərdi. İslam dinini öyrənmək üçün Macarıstan hökumətinin dəstəyi ilə Suriya, Fələstin və Misirə səyahətlər edib və Qahirədə əl-Əzhar məscidində müsəlman şeyxlərindən islam elmlərini öyrənib. Goldziher İslam dinini bütün əsasları ilə ən məntiqli və şüurlu din hesab edirdi və bu barədə gündəliyində yazır: “O həftələrdə mən İslamın ruhuna o qədər dərin dalmışdım ki, mən daxilən özümün də müsəlman olduğuma əmin olmuşdum və hakimanə bir tərzdə kəşf etmişdim ki, bu – hətta öz etiqadı və rəsmi formulasına baxmayaraq – fəlsəfi düşüncələri tətmin edəcək yeganə dindir. Mənim idealım yəhudiliyi də İslam qədər rasional/şüurlu səviyyəyə qaldırmaq idi. Təcrübəmin mənə öyrətdiyinə görə İslam yeganə dindir ki, mövhumatçı və bütpərəst komponentlər rasional düşüncə tərəfindən yox, elə ənənəvi doktrin/inanc tərəfindən rədd edilir.” (“Tagebuch”, səh: 59;) Goldziher məsləkinin ilk dövründə xristian akademiklər tərəfindən qəbul edilmirdi, lakin daha sonra akademik dairələr onun dərin biliklərini təqdir etməyə məcbur olurlar. Goldziher’in İslam sevgisinə aldanmadan deməliyik ki, İslam dinində bəyənmədiyi və tənqid etdiyi tərəflər də olub. Hətta məsciddə müsəlmanlar ilə birlikdə namaz qıldığını bilsək belə günün sonunda onun bir yəhudi olduğunu nəzərə almalıyıq.

Özündən əvvəlki araşdırmalardan fərqli olaraq Goldziher təqdim etdiyi kitabında çox geniş və təfsilatlı biliklər sərgiləyirdi və şübhəsiz ki, belə bir yenilik şəqrşünaslar mühitini təsirsiz buraxa bilməzdi. O, bu kitabında İslam qaynaqlarındakı hədislərin əksəriyyətinin siyasi dairələr tərəfindən öz maraqlarına xidmət etmək üçün uydurulduğunu iddia edir. İddiasına görə İslam fiqhi öz üstünlüyünü hədislərə yox, lakin qaydalarını əcnəbi mədəniyyətlərdən götürərək İslam mədəniyyətə daxil etmiş və onları dəstəkləmək üçün hədis uydurmuş siyasi dairələrə borcludur. Kitab daha sonra gəlmiş çox sayda şərqşünas üçün ana qaynaq rolunu oynadı və hədisləri tənqid edən qərbli şəqrşünaslar ondan əvəzsiz ilham alıblar.

Bu iddiasında Goldziher bir ilk deyildi. Ondan öncə şotlandiyalı Sir William Muir (1819-1905) və avstriyalı Aloys Sprenger (1813-1893) kimi şərqşünaslar hədis ədəbiyyatının xeyli hissəsinin uydurma olduğunu iddia edirdilər, lakin onlardan heç biri bunu sübut etməyə çalışmaq üçün Goldziher qədər əziyyətə qatlanmamışdı. Buna baxmayaraq Goldziher bütün hədisləri rədd etmirdi, onların içində səhih və etibarlı hədislərin olduğunu qəbul edirdi. Bu işi daha da ötəyə götürən alman əslli Joseph Franz Schacht (1902-1969) oldu. 1950-ci ildə çap etdirdiyi “The Origins of Muhammadan Jurisprudence” (İslami Hüququn Qaynaqları) adlı kitabında (Bu kitabında istifadə etdiyi qaynaqlardan biri də azərbaycanlı şərqşünas Mirzə Kazım Bəy’in “Journal Asiatique” adlı dərgidə çap etdirdiyi məqalələridir.) hədislərin nəinki siyasətçilər tərəfindən uydurulduğunu iddia etmiş, hətta daha da irəli gedərək İslamın böyük fəqihlərini yalanda ittiham etmişdir. Onun iddiasına görə isnadı qırıq və zəif olan hədislər ən qədim hədislərdir, çünki ilk dövrlərdə isnad olmayıb, ona görə də natamam isnadlar mütləq ən qədim hədislərə aid olmalıdır, isnadı ən yaxşı olan hədislər isə gərək ki, sonrakı dövrdə uydurulmuş, saxtalaşdırılmış sözlər olmalıdır. Misal üçün holland şərqşünas Gautier Juynboll (1935-2010) “Nafi, the Mawla of Ibn Umar and His Position in Muslim Hadith Tradition” adlı kitabında Schacht’ın uzantısı olaraq İbn Ömərin azadlı qulu Nafi’nin tarixi bir şəxsiyyət olduğunu inkar etmiş, onun uydurulmuş biri olduğunu demişdir. Onun sözündən belə çıxır ki, aradakı boş linki doldurmaq üçün Malik və onun zamanında yaşayanlar Nafi kimi bir nəfəri uydurublar.

Schacht özündən əvvəlki şərqşünaslardan fərqlənirdi. Aloys Sprenger 1861 və 1865-ci illər arasında çap etdirdiyi “Das Leben und Die Lehre Des Mohammad” (Muhəmmədin Həyatı və Təlimi) adlı üç cildlik kitabında hədis ədəbiyyatında uydurma hədislərin çox olduğunu söyləsə də səhih, doğru olan hədislərin də bir o qədər, bəlkə daha çox olmasını möhtəməl görürdü. Hətta Muir belə hədislərin ümumilikdə tarixi faktlar kimi qəbul edilməsini doğru hesab edirdi. Bu şərqşünasların heç biri Schacht kimi hədisləri tamamilə uydurma hesab etmirdilər. Fransız əslli hollandiyalı şərqşünas Reinhart Pieter Dozy (1820-1883) “Het İslamisme” adlı kitabında3 “Sahih əl-Buxari” kitabındakı hədislərin yarısının uydurma olduğunu iddia edərkən heç olmasa digər yarısına etimad ediləcəyini qəbul edirdi.

Fransız dilində “Essai sur l’histoire del’islamisme” adı ilə yayılmış bu kitab Osmanlı zamanında Abdullah Cevdet tərəfindən “Tarih-i İslamiyyet” adı ilə türk dilinə çevrilib. Bu kitab akademik dairələrdə düşüncə azadlığı vəd edən ikinci məşruiyyət dövründə, daha dəqiq 1908-ci ildə çap edilmiş ilk islam əleyhdarı sayılacaq kitab idi.Osmanlının müsəlman ziyalı təbəqəsi bu kitaba cavab keyfiyyətini daşıyacaq məqalələr və kitablar yazıblar. Bu kitabların içində ən məşhurları Manastırlı İsmail Hakkı’nın “Hakk ve Hakikat” kitabı və İsmail Fenni Ertuğrul’un “İzale-i Şukuk” kitablarıdır.

Goldziher, Brockelmann, Margoliouth və onlardan sonra gələn Schacht kimi orientalistlər hədislərin ilk iki əsrdə bir kitab halında yazılmağını da inkar ediblər. Onların dünyasında ilk hədis kitabları əl-Buxari və Muslim’in “əs-Sahih” kitablarıdır. Daha dəqiq desək ilk dəfə hicri üçüncü əsrdə hədis kitablarının yazıldığını iddia edirlər.

Orientalistlər arasındakı bu küləklər keçən əsrin sonlarına qədər əsməyə davam etdi. Schacht və onun müdafiəçiləri şərqşünaslar arasında çox güclü avtoritetə və təsirə sahib idilər. Şübhəsiz ki, Schacht qazandığı bu nüfuzu hər kəsdən öncə Goldziher’ə borclu idi, çünki – Gregor Schoeler’in sözü ilə ifadə etsək – Goldziher “özündən sonra gələn şərqşünaslara aşkarcasına xeyli təsir göstərmişdi.“ (“The Oral and The Written in Early Islam”, səh: 175)

Doktor Kevin Reinhart qeyd edir ki, “hətta Schacht’ın zamanında –Schacht’ın istehzalı kobud cavabları ilə qismən susdurulmaqlarına baxmayaraq – onunla razılaşmayan bəzi alimlər var idi.” (“Journal of the American Oriental Society”, 130.3 (2010), səh: 417; Juynbolliana, Gradualism, the Big Bang and Hadith Study in the Twenty-First Century)

 

Bu alimlər say etibarı ilə çox olmasalar da Schacht’ın qərəzli yanaşmasını ifşa ediblər. Bunların arasında Almaniyadan Johann Wilhelm Fück (1894-1974) xüsusilə seçilir. O, hədislərin ümumən səhih və etibarlı qaynaqlar olduğunu müdafiə edib və hədislərin dövrünün siyasətçiləri və müsəlman alimlər tərəfindən uydurulduğunu iddia edən şərqşünaslara etiraz edərkən önəmli bir nöqtəyə toxunmuşdur. Fück hədis rəvayətlərinin daha çox Abdullah bin Ömər, Abdullah bin Abbas, Ənəs bin Malik kimi kiçik səhabələrdən rəvayət edildiyini xatırladaraq bunun hədis uydurmaqla uyğun gəlmədiyinə diqqət çəkir, çünki hədisi uyduranlarin təbii olaraq onu güclü göstərmək məqsədi ilə daha böyük səhabələrə nisbət etməkləri gözlənildiyi halda hədislərin çoxu kiçik səhabələr vasitəsi ilə rəvayət edilmişdir.

Hədislərin qədimliyini və mötəbərliyini müdafiə etməkdə xüsusilə seçilən digər şərqşünas Chicago universitetinin professoru şərqşünas Nabia Abbott (1897-1981) idi. Üç cilddə çap etdirdiyi “Studies In Arabic Literary Papyri” (Ərəb Ədəbi Papirusları Üzərinə Araşdırma) əsərində 19-cu əsrdən başlayaraq üzə çıxarılmış qədim papirus parçalarını araşdırması nəticəsində tarixi qaynaqların doğruluğu qənaətinə varır və bununla bağlı kitabın müqəddiməsində buyurur: “Sənədlərdəki xəbərlərin rəvayət zəncirlərini və tərkiblərini və bu xəbərlərin standart toplulardakı mövcud paralellərini analiz etmək, üstəlik Rəvayət elmləri – “ulumul-hədis” – ilə bağlı qaynaqları geniş şəkildə araşdırmaq məni bu nəticəyə gətirib çıxardı ki, şifahi və yazılı rəvayət yolları elə təqribən ilk başdan bir-birinə paralel olaraq formalaşmışdır və səhabələrinin və ona tabe olanların rəvayət etdikləri kimi Muhəmməddən gələn xəbərlər bir qayda olaraq rəvayət yolunun hər bir addımında incəliklə yoxlanılmışdır və xəbərlərin ikinci-üçüncü əsrlərdə “fenomenal artımı” Muhəmmədin hədisi və səhabələrinin hədisinə gəldikdə heç də ilk növbədə onların möhtəvasının artımı deyildi, lakin sadəcə onların paralellərinin və rəvayətin çox saylı zəncirlərinin proqressiv artımını əks etdirir.” (“Studies in Arabic Literary Papyri, 2, Quranic Commentary and Tradition”, səh: 2)

 

Zamanımızın şərqşünas akademikləri artıq Schacht dönəminin tarixdə qaldığını etiraf edirlər. Hədislərin səhihliyini və originallığını müdafiə edən müasir akademiklərdən alman şərqşünas Gregor Schoeler “The Oral and The Written in Early Islam” (Erkən İslamda Şifahi Olan və Yazılı Olan) adı altında çap olunmuş məqalələrində yazılı rəvayətləri şifahi rəvayətlərin qarşısına qoymağı xətalı yanaşma hesab edir. O, misallar və müqayisələrin vasitəsi ilə yazılı rəvayətlərin şifahi  rəvayətlərin əsası və dəstəyi olduğunu uğurla müdafiə edir. Schoeler çox maraqlı bir müqayisə edir və ilk əsrdə yazılmış hədisləri müasir zamanımızdakı universitet professorların mühazirələrində aparılan qeydlərə bənzədir.

 

1944-cü ildə Almaniyada doğulmuş Gregor Schoeler 2009-cu ildən Basel universitetində islamşünaslıq kafedrasının sədridir. Bundan öncə 1982-ci ildən başlayaraq Parisdə Sarbon universitetində professor kimi çalışmışdı. Onun “The Oral and The Written in Early Islam” adlı kitabının əslini alman dilində dərc etdiyi altı məqalə təşkil edir. İlkini 1981-ci ildə, sonrakı məqalələri isə 1985, 1989, 1992 və 2000-ci illərdə nəşr etmişdir.

 

Əlavə edək ki, son əsrdə Qərb universitetlərində qərbli akademiklər ilə birlikdə islamşünaslıq sahəsində araşdırmalar aparanların sırasına əslən müsəlman olanlar da qatıldıqları üçün tamamilə yeni küləklərin əsdiyini görə bilirik. Goldziher və Schacht kimilərinin düşüncələri hələ də qərbli islamşünaslar arasında hakim olsa da artıq o düşüncələrin ciddi tənqidə məruz qaldığı da qəbul olunan bir hala gəlib. Xüsusilə Muhəmməd Mustafa Azami, Vail Hallaq kimi bilim adamlarının verdikləri cavablar keçmiş təsəvvürlərin xətalı olduğunu izhar edir. O, “Studies In Early Hadith Literature” (Erkən Hədis Ədəbiyyatı Haqqında Araşdırmalar) adlı kitabı ilə 1967-ci ildə Cambridge universitetində “fəlsəfə doktoru” statusunu qazanır. Azami bu kitabında birinci və ikinci əsrlərdə yazılmış kiçik hədis kitablarını işıq üzərinə çıxararaq şərqşünaslıq çizgisində yeni bir nişan ağacı əkmişdir. Həmçinin Muhəmməd Həmidullah’ın bu yöndə əməyi heç də Azami’nin əməyindən geri qalmır. Həmçinin Professor Doktor Fuad Sezgin “Buhari’nin Kaynakları” adlı kitabı ilə qərbli akademiklərin düşdükləri yalnışlığa bir daha işıq salmışdır.

Bu kitabımızda oxucu – inşallah - hədisin ilk əvvəldən yazıldığının danılmaz sübutları ilə tanış olacaq. Bu və digər sübutları işıq üzünə çıxaraq Muhəmməd Mustafa Azami kimi müsəlman akademiklər şərqşünasların səmimiyyətsizliyini ifşa etməyi bacarıblar.

 

Sünnət karvanı / Samir Firdovsioğlu

Müəllif: 


06-09-2018 07:15:53

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz