Ana səhifə

ORUC


İslamın şərtlərindən biri də orucdur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu:

" Allah Təala  buyurur ki: Hər yaxşılığa on misli qarşılıq verilər. Lakin oruc Mənə aiddir, onun qarşılığını Mən verərəm. " (Buxari: Oruc, 2; Müslim: Sıyam, 164, 165; Nəsayi Sıyam,41)

Uca Allah buyurur ki: "Qullarıma Mənim bu Sözümü de: "Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri (axirətdə) yaxşılıq (Cənnət) gözləyir. Allah`ın yaratdığı yer üzü genişdir (sizə bir sıxıntı üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda sıxıntılara) səbir edənlərə (axirətdə) mükafatları hesabsız veriləcəkdir". Zumər surəsi, Ayə: 10

Peyğəmbərimiz aleyhissalâtu vəssəlâm buyurur ki:

" Səbir imanın yarısıdır. Oruc da səbrin yarısıdır."

"Allah Təala yanında, oruc tutanın ağzının qoxusu, müşk qoxusundan daha gözəldir."  (Buxari: Oruc,2,9; Müslim: Sıyam, 161, 163, 165; Tirmizi:Oruc, 54)

Allah Təala buyurur: "Mənim qulum yeməkdən və içməkdən tək Mənim üçün əl çəkdi. (Oruc tutdu). Onun mükafatını ancaq Mən verərəm. " (Buxari: Oruc, 2; Müslim: Sıyam,164, 165)

Peyğəmbərimiz aleyhissalâtu vəssəlâm buyurur ki:

"Oruc tutanın yuxusu ibadətdir."  və yenə buyurdu:

"Ramazan ayı gəldiyində, cənnət qapıları açılar. Cəhənnəm qapıları bağlanar, şeytan bağlanar və bir səs davamlı olaraq belə deyər: Ey yaxşılıq etmək istəyən kimsə, sənin zamanındır, gəl. Ey pislik etmək istəyən kimsə sənə burada yer yoxdur." (Buxari: Oruc, 5; Müslim: Sıyam, 1, 2, 4, 5)

Oruc çox üstün bir ibadət olduğu üçündür ki, Allah Təala bu ibadətin mükafatını öz zatına məxsus edib: "Oruc mənim üçündür, qarşılığını da mən verərəm" buyurur. Hərçənd bütün ibadətlər Onun üçündür amma bu, bütün aləm Onun mülkü olduğu halda Kəbəyə "Mənim evim" (beytullah) deməsinə bənzəyir.

Orucda iki xüsusiyyət var və bu xüsusiyyətlərə görə Allah`a nisbət edilməyə haqq qazanmışdır.

Biri, Orucun həqiqəti olub yeməməkdir. Bu isə batinə aid bir şeydir, insanlar bunu görməz. Beləcə, riya da buna qarışmaz.

Digəri, Allah Təalanın düşməni şeytandır. Şeytanın ən təsirli əsgərləri isə arzu və istəklərdir. Orucda onun bu əsgərlərini yox edər. Çünki orucun həqiqəti arzuları tərk etməkdir. Onun üçün:

Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki:

"Şeytan insan vücudunda qan kimi dolaşar. Onun keçid yolunu aclıqla tıxayın." (Buxari: Etikaf)

Peyğəmbərimiz aleyhissalâtu vəssəlâm Həzrəti- Aişəyə (Allah ondan razı olsun) buyurdu:

"Cənnətin qapısını döyməyə davam et."

Hz. Aişə (Allah ondan razı olsun) "Nə ilə?"

Peyğəmbərimiz "Aclıqla" buyurdu.

Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur:

"Oruc qalxandır." (Buxari: Oruc, 2; Müslim: Sıyam, 161, 162)

 "Hər şeyin qapısı vardır.İbadətlərin qapısı orucdur." (İbni Macə: Zöhd)

Bu da bütün ibadətlərə şəhvətin mane olmasındandır. Şəhvət, yəni arzulara kömək etmək toxluqdan irəli gəlir. Aclıq isə arzuları qırar.



12-07-2014 12:00:00