Ana səhifə

Oruc haqda bəzi məlumatlar.


   Oruc ibadəti Mədineyi Münəvvərədə, hicrətin ikinci ilində fərz edilmişdir. Bilindiyi kimi oruc hər il Ramazan hilalı görünəndən, Şəvval hilalı görünənə qədər gündüzləri yemək, içmək, cinsi yaxınlıq kimi əməlləri tərk etməklə icra olunur. İlk əvvəllər isə bu belə deyildi. 

   Bərra ibn Azib rəvayət edir: “ Muhammədin (sallallahu aleyhi va səlləm) əshabından bir nəfər oruc tutar və iftar vaxtı iftar etməzdisə həmin gecə bir də səhəri gün axşam olub, gecə başlayana qədər yemək yeyə bilməzdi." 

   Qeys ibn Sirma oruc tutmuşdu. İftar vaxtı xanımından: “Yeməyə nə var,”- deyə soruşdu. Xanımı: “Yemək yoxdur, amma bu saat bir şey taparam,”- dedi. Qeys işləyib yorulmuşdu deyə gözləri üstün gəldi və mürgüləyib yatdı. Arvadı qayıdıb gördü ki, Qeys yatıb. “Evin yıxılsın, yatmısan?”- dedi. Səhəri gün günorta Qeys huşunu itirib yıxıldı. Əhvəlatı Peyğəmbərə (sallallahu aleyhi va səlləm) danışdılar və Bəqərə surəsinin  “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi...” məalında olan ayəsi nazil oldu. Müsəlmanlar buna çox sevinib şadlandılar. Hədisi-şərifi İmam Buxari, Əbu Davud və Nəsayi rəvayət edibdir.

   Başqa bir hədisdə isə belə deyilir:

“Peyğəmbərin (sallallahu aleyhi va səlləm) zamanında İşa namazı qılındıqdan sonra yemək, içmək, cinsi yaxınlıq haram idi və gecəni də oruc tuturdular. Bir nəfər nəfsinə xəyanət etdi və İşa namazını qıldıqdan sonra xanımı ilə yaxınlıq etdi. Bundan sonra Allah subhanəhu və təala qullarına daha asan, rüxsətli və münasib olanı iradə edərək “Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı...” məalındakı ayəni nazil etdi”. 

   Hər iki hədisdən başa düşürük ki, oruc yeni fərz edilən dövrdə hökm indikindən fərqli imiş. Belə ki, iftar vaxtı günəş batandan işa namazını qılana kimi davam edirmiş. Əgər o vaxt ərzində iftar edilməsə bir də növbəti gündəki iftar vaxtına qədər oruclu qalmaq tələb edilirdi. Şübhəsiz ki, bu da özünəməxsus bir tərbiyə üsuludur. Allah təala istədiyi şəkildə bir ibadət əmr edə bildiyini, amma müsəlmanlar üçün daha asan və faydalı şəklini seçdiyini təcrübə ilə bəyan etmişdir. Məlum məsələdir ki, Axşam və İşa namazları arasında iftar edib gecəni də oruclu keçirmək müəyyən çətinliklər meydana çıxarmalı idi. Elə də olmuş, müsəlmanların ibrət ala biləcəyi hallar meydana çıxmışdır. Bundan sonra Allah təala oruc tutan zaman nisbətən daha çətin olan və məşəqqət törədə bilən hökmləri ləğv edib qullarına yüngüllük əta etdi. Bu yüngüllük də məlum iki hədisdə rəvayət edilən hadisədən sonra verildi ki, ikinci hədisdə danışılanlar Həzrəti Ömərin başına gəlibdir. Rəsulullahın (sallallahu aleyhi va səlləm) söhbətindən evinə qayıdan Həzrəti Ömər öz xanımı ilə yaxınlıq etmək istəyir, amma xanımı iftardan sonra yatdığını bildirir. Yuxarıda da xatırlatdığımız kimi iftardan sonra bir adam yatar, sonra oyanardısa ona cinsi yaxınlıq qadağan edilirdi. Amma həzrəti Ömər xanımının sözünü qəbul etməyib yaxınlıq edir. Sonra isə peşmançılıq keçirib hadisəni Rəsulullaha (sallallahu aleyhi va səlləm) danışır və məlum ayə nazil olur.

   Hədisi-şərifdən aşağıdakı məsələləri konkretləşdirə bilirik.

   Oruc yeni fərz edilən vaxtlarda iftar müddəti axşam namazından İşa namazına kimi davam edirdi.

   İşa namazına kimi iftar etməyənə yemək, içmək, yatan adama isə cinsi yaxınlıq növbəti iftar vaxtına kimi qadağan edilirdi. 

   Sonra bu hökm ləğv edildi və günəş batandan dan yeri ağarana qədər yemək, içmək, cinsi yaxınlıq caiz oldu. 

   Bizlərin tutduğu indiki oruc asan bir orucdur ki, Allah istəsə idi onu elə o çətin şəklində də əmr edərdi. 

   Sələmə ibn Əkva` (Allah ondan razı olsun) rəvayət edir: “ Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər.”- məalındakı ayə nazil olanda istəyən kəs oruc tutmur, fidyə verməklə kifayətlənirdi. Bu, növbəti ayə nazil olana qədər davam etdi və “Sizdən hər kim o aya yetişsə (ramazan hilalını görsə) onu oruc tutsun, ”- məalındakı ayə nazil olaraq əvvəlkini nəsx etdi. 

    Sələmə ibn Əkva` əl-Əsləmi Bey`ətu-r-Ridvanda Rəsulullaha (sallallahu aleyhi va səlləm) ölümə və döyüşdən qaçmamağa iki dəfə bey`ət edən səhabələrdəndir. Rəsulullahla (sallallahu aleyhi va səlləm) yeddi qəzavatda iştirak etmişdir. Zu-Qırd qəzvəsində Rəsulullahı (sallallahu aleyhu va səlləm) düşmən zərbəsindən qoruyubdur. Osman ibn Əffanın xəlifəliyi dövründə Afrikanın fəthində iştirak etmiş, şücaətli, sərrast ox atan, gözəl əxlaqlı, alicənab səhabələrdən biridir. Rəsulullahdan (sallallahu aleyhi va səlləm) cəmisi yetmiş yeddi hədis rəvayət edibdir.

     Rəvayətlərindən biri olan yuxarıdakı hədisdə Allah subhanəhu və təalanın qullarını asta-asta, mərhələli şəkildə ibadətə alışdırmasından bəhs edilir. Oruc yeni əmr ediləndə müsəlmanlara iki şeydən birini seçməyə ixtiyar verilirdi. Yəni istəyən oruc tutur, istəyən də oruc tutmayıb bir yoxsulu doyuzdurmaq şəklində fidyə verirdi. Buradan da başa düşülür ki, bir yoxsulu doyuzdurmaq oruc tutmağa bərabər bir işdir. Müəyyən müddət keçdikdən, insanlar oruca alışdıqdan sonra məlum seçim ixtiyarı ləğv edildi və hər kəsin məcburi şəkildə oruc tutmasını əmr edən ayə nazil oldu. Amma uzun sürən, müalicə edilməyən xəstəliyə (məsələn, şəkər xəstəliyinə) görə oruc tuta bilməyən adamlara fidyə verə bilmək ixtiyarı saxlanmışdır.

   Bu hədisdən çıxarılan məsələlər isə bunlardır;

   Oruc yeni fərz olanda, oruc tutmaqla fidyə olaraq bir yoxsula yemək yedirmək eyni şey hesab ediliridi.

   Sonralar başqa bir ayə nazil olub bu hökmü ləğv etdi. Qadir olan və müsafir olmayan hər bir kəsin oruc tutmalı olduğu qəti şəkildə bəyan edildi. Bu şərtlərlə heç bir kəs oruc tutmaqdan azad deyildir.

       Adiy ibn Hatəm (Allah ondan razı olsun) rəvayət edir: “ Sizin üçun ağ sap qara sapdan fərqlənincəyə qədər yeyin-için,”- məalındakı ayə nazil olanda, ey Allahın Rəsulu, mən yastığımın altına biri ağ, digəri qara iki kəndir qoyuram ki, gecəylə gündüzü fərqləndirə bilim,- dedim. Digər bir rəvayətdə: ” Hər nə qədər baxsam da fərqləndirmək olmur,- dedim”,-deyə əlavə ifadə var. Onda Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu: ” Bu halda sənin yastığın çox genişdir. O, gecənin qaranlığıyla gündüzün işığıdır.”

       Adiy ibn Hatəm ibn Abdullah ibn Sə`d  ət-Tai səxavətiylə məşhur olan Hatəm Tainin oğludu. Rəsulullah (sallallahu aleyhi və səlləm) Tayy qəbiləsinə yürüş edəndə o, Şam diyarına qaçmışdır. Yürüş zamanı Tayy qəbiləsindən əsir düşənlər arasında kiçik bacısı Səffanə də var idi. Rasulullah (sallallahu aleyhi və səlləm) əsirlərin hamısına, xüsusən də Adiyyin bacısı Səffanəyə atalarının şöhrəti, qəbilələrinin ona olan sevgi və hörmətinə görə çox gözəl munasibət göstərdi. Səffanə dəridən olan xüsusi çadıra yerləşdirildi. Bütün ehtiyacları qarşılandı, istədiyi zaman ən yaxşı şərtlər daxilində geri öz ölkəsinə qayıtmağa icazə də verildi. Belə bir davranışdan məmnun qalan Səffanə islamı qəbul etdi. Sonra qardaşının yanına gedib onu Rəsulullahla (sallallahu aleyhi və səlləm) barışığa həvəsləndirdi. Adiyy ibn Hatəm özu bunu belə nəql edir: “ Mən Mədinəyə gələndə müsəlmanlar məni sevinclə qarşılayıb, “ Adiy gəldi! Adiy gəldi”- deyə şadyanalıq edirdilər. Amma mən hələ də nəsrani dinində idim”.

   Rəsulullah (sallallahu aleyhi va səlləm) də, Adiyyi xoş qarşıladı. Onu mübarək hücrəsinə gətirib evdəki yeganə dərini altına sərdi. Özu isə yerdə oturdu. Bütün bunlar Adiyyin qəlbində xoş təəssüratlar oyatdı. Rəsulullahla (sallalahu aleyhi və səlləm) birinci söhbəti nəsraniliyi tərk edib İslamı qəbul etməklə nəticələndi.

    Adiy ağıllı və səxavətli bir səhabə olub həm cahiliyyət, həm də İslam dövründə Tayy qəbiləsinin rəisi idi. Mürtədlərlə baş vermiş “ Riddə “ adlı döyüşdə xüsusi cəngavərlik göstərmişdir. Adiyi ibn Hatəm İraqın fəthində iştirak edib, sonralar Kufə şəhərində məskunlaşmışdır. Həzrət Əli (Allah ondan razı olsun) ilə birlikdə Cəməl, Siffin və Nəhrivan döyüşlərində iştirak edib, Siffin hərbində gözlərində yara çıxaraq zədələnmişdir.

   Rəsulullahdan (sallallahu aleyhi va səlləm) cəmisi altmış altı hədis rəvayət etmiş Adiyy ibn Hatəm 120 yaşında hicrətin 68-ci ilində Kufə şəhərində vəfat edibdir.

   Rəvayət etdiyi bu hədisdə oruclu şəxsin oruca başlama vaxtını təyin etmək üsulundan bəhs edir. Hədisdən də öyrəndiyimiz kimi,  Allah təala “Sizin üçun ağ sap qara sapdan fərqlənincəyə qədər yeyin-için, sonra gecəyə qədər orucunuzu tamamlayın, ”- məalındakı ayəti kərimə ilə oruca başlama və onu bitirmə vaxtlarını bəyan edir. Bu ayəti kərimə nazil olanda bir çoxları kimi Adiyy ibn Hatəm də həqiqi mənasını başa düşməmişdi. Ona görə də biri ağ, digəri qara iki kəndir götürüb onları bir birindən fərqləndirənə qədər yeyib içməyə davam edirmiş. Amma bu zaman ətrafın yetərincə işıqlaşdığını görüb məsələdəki naqisliyi duyaraq Rəsulullaha (sallallahu aleyhi va səlləm) müraciət etmişdir. Rəsulullah da ona ayədə nəzərdə tutulanın gecənin qaranlığı ilə gündüzün işığı olduğunu izah etmişdir. Beləliklə anlaşılır ki, oruc tutmaq istəyən adam dan yeri ağarana qədər yemək yeyə bilər. Dan yeri ağardıqdan sonra isə bunu saxlayıb oruca başlamaq vacib olur. Əks halda oruc səhih olmaz. 

   Həzrəti Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur: “Oruclunun iftar vaxtı günəş batıb, gecənin gəlişi gündüzün gedişi ilədir”. Hədisdən açıq şəkildə başa düşülür ki, iftar vaxtı günəşin batması ilə başlayır. 

Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir:

“ Peyğəmbərin (sallallahu aleyhi va səlləm) iki müəzzini var idi, Bilal və Abdullah ibn Umm Məktum. Rəsulullah (sallallahu aleyhi va səlləm): “Bilal əzanı gecə oxuyur, İbn Umm Məktum əzan oxuyana qədər yeyib-içə bilərsiniz,”- dedi. İkisinin əzan oxuması arasındakı müddət birinin enib, o birinin çıxması qədər idi”.

   Gecə yuxudan durub sübh namazına hazırlaşmaq bir qədər çətin olduğuna görə camaatı daha tez xəbərdar etmək üçün Rəsulullah (sallallahu aleyhi va səlləm) iki dəfə əzan oxudurdu. Birinci əzanı dan yeri ağarmamış Bilal, ikinci əzanı isə dan yeri ağarandan sonra Abdullah ibn Umm Məktum (Allah hər ikisindən razı olsun) oxuyurdu. Abdullahın gözləri görmürdü, ona görə də digər səhabələr onu xəbərdar edir, o da əzanı oxuyurdu. Təbii ki, o dövrlərdə saat filan yox idi deyə hər kəs özü iftar və imsaq vaxtını asanlıqla təyin edə bilmirdi. Ona görə də əzan oxunmasını gözləyirdilər. Əzan da iki dəfə oxunanda, hansı əzanda oruca başlamaq lazım gəldiyini bilmədilər deyə Rəsulullah  (sallallahu aleyhi va səlləm) Bilalın oxuduğu əzanın gecə olduğunu, ondan sonra yeməyə davam edə biləcəklərini bəyan etdi. İbn Umm Məktum əzanı dan yeri ağaranda, sübh namazı vaxtında oxuduğuna görə, onun əzanını oruca başlama vaxtı kimi təyin etdi. Beləliklə sübh namazının daxil olma vaxtının oruca başlamaq vaxtı olduğu da məlum olur.

İlahiyyat məscidi



08-07-2014 12:00:00