Ana səhifə

Qəbrə Yazı Yazmaq Haqqında Hənəfi Məzhəb Alimlərinin Görüşləri:


YazdırSend to friend

   Hənəfi məzhəbi qəbirlərin üzərinə adların yazılmasında heç bir problem görmürlər. Bu barədə məşhur hənəfi fəqihi Alləmə Həsən bin Ammar əş-Şurunbulali   ( حمة الله ضد) deyir:

“[Qəbrin izinin itməməsi üçün] – ki, bununla qəbir sahibi tanınaraq ehtiram olunacaq – və [təhqirə məruz qalmaması üçün] qəbrin qorunulması məqsədilə qoyulmuş daşın üzərinə [yazı yazmaqda da] həmçinin [bir bəis yoxdur]. Əbu Yusuf’dan   (رحمة الله ضد) gələn rəvayətə görə o, qəbrin üzərinə yazı yazılmasını məkruh görmüşdür.” (əş-Şurunbulali, “Məraqi əl-Fələh bi İmdədil-Fəttah”, səh: 222; Darul-Kutubil-İlmiyyə, Beyrut, ikinci nəşr: 1424/2004)

    “Məraqi əl-Fələh” kitabına haşiyə yazmış məşhur hənəfi alimi Əhməd bin Muhamməd bin İsmayıl ət-Tahtavi   ( رحمة الله ضد ) deyir:

   “Onun [yazı yazmaqda da həmçinin bir bəis yoxdur] sözləri: “əl-Bəhr” kitabında deyilir: “Daha əvvəl təqdim olunmuş hədis yazı yazmağı qadağan edir, beləliklə o, əsas götürülməlidir”, lakin “əl-Muhit” kitabında təfsil edərək deyir: “İzinin itməməsi üçün və hörmətsizliyə məruz qalmaması üçün yazı yazmağa ehtiyac duyularsa bunda heç bir bəis olmaz, lakin üzrsüz yazmağa gəldikdə isə xeyr!“ (“Haşiyətut-Tahtavi”, səh: 611-612; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1418/1998)

    Bədrud-Din əl-Ayni adı ilə tanınan Alləmə Əbu Muhamməd Mahmud bin Əhməd əl-Hənəfi   (رحمة الله ضد) xülasə olaraq bəzi hənəfi mətnlərindəki görüşləri qeyd edərək deyir:

   “Əbu Yusuf (رحمة الله ضد) qəbrin üzərinə yazı yazılmasını məkruh görmüşdür. Qadi Xan’ın (رحمة الله ضد) (fətvalarında) isə deyilir ki, əlamət olması üçün bir şeyin yazılmasında və ya daşın qoyulmasında bir bəis yoxdur. “əl-Muhit” kitabında isə üzr olduğu halda yazı yazmaqda bir bəisin olmadığı deyilir.” (əl-Ayni, “əl-Bənayətu fi Şərhil-Hidayə”, 3/303; Darul-Fikr, Beyrut, ikinci nəşr: 1411/1990)

  Alləmə İbn Abidin   (رحمة الله ضد) deyir:

   “[Yazmaqda heç bir bəis yoxdur], çünki bu barədə gəlmiş qadağa səhih olsa da, bununla əməl etməkdə əməli icma vardır. (Yəni, qadağa haqqında gəlmiş hədislər səhih olsa da, alimlər qəbirlərin üzərinə yazmağa əməl etdikləri üçün bu barədə əməli icma hasil olmuşdur)

   əl-Hakim (رحمة الله ضد) bunun qadağan olmasını bir çox yolla rəvayət etmiş  və sonra demişdir: “Bu isnadlar səhihdir, lakin əməl bu hədislər üzərində qurulmamışdır, çünki şərqdən tutmuş qərbə qədər müsəlman imamların qəbirlərində yazılar yazılmışdır və bu xələfin sələfdən götürdüyü bir əməldir.” Bu rəy üstəlik Əbu Davud’un “ceyyid” isnad ilə rəvayət etdiyi hədislə güclənmiş olur, beləki rəvayətə görə “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – daş gətirdi və onu Osman bin Mazun’un başı tərəfinə yerləşdirdi və dedi: “Bununla qardaşımın qəbrini tanıyacam və ailəmdən ölənləri ona yaxın basdıracam.” Üstəlik yazı yazmaq qəbri tanımaq üçün bir vasitədir. Bəli, görünür ki, bu işdə rüxsətin olması üzərində yaranmış əməli icmanın yeri yalnız belə bir əmələ ümumən ehtiyac olması halına aiddir, necəki  “əl-Muhit” kitabının müəllifi bu sözləri ilə buna işarə etmişdir: “İzinin itməməsi üçün və hörmətsizliyə məruz qalmaması üçün yazı yazmağa ehtiyac duyularsa bunda heç bir bəis olmaz, lakin üzrsüz yazmağa gəldikdə isə xeyr.” Hətta qəbrin üzərində Qurandan bir şeyin və ya şerin və ya ölüyə mədh etmə və buna bənzər şeylərin yazılması məkruhdur.” ( “Raddul-Muhtar alə Durril-Muxtar Şərhi Tənviril-Əbsar”, 3/144; Daru Aləmil-Kutub, ər-Riyad, xüsusi nəşr, 1423/2003)

   İbn Abidin’in (رحمة الله ضد) – sözlərindən anlaşılır ki, əl-Hakimin işarə etdiyi “əməli icma” yalnız yazıya ehtiyac duyulduğu hala aiddir, yəni əgər belə bir ehtiyac varsa ehtiyac qədəri ilə ölünün adını yazmaq kimi bir əməl hədisdəki qadağanın hökmünə daxil deyildir. Başqa cür desək hədisin ümumi mənası “əməli icma” ilə xüsusiləşmişdir. Üstəlik burada hənəfi aliminin əl-Hakim ən-Neysəburi’nin   ( رحمة الله ضد ) sözləri ilə razılaşdığını görürük. İbn Abidin’in sözlərindən anladığımız budur. Aydın olur ki, hənəfi məzhəbinə görə qəbirlərə ehtiyac olduğu halda yazı yazmaq caizdir.

Müəllif: 


21-01-2019 03:20:59

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz