Ana səhifə

Qeybə iman nə deməkdir?


YazdırSend to friend

Qeyb, “ gizli olan, görünməyən” deməkdir. Qurani Kərim müttəqilərdən, yəni təqva sahibi möminlərdən bəhs edərkən onların ən böyük xüsusiyyəti olaraq “qeybə imanlarını” göstərir.

 

“O kəslər (müttəqilər) ki, qeybə iman gətirir”(Bəqərə Surəsi, 3)

 

Məalindəki ayəti- kəriməni təfsir edən alimlərimiz, qeybə imana iki şəkildə məna verirlər. Birincisi, “Onlar görmədikləri halda, əqli və nəqli dəlillərə əsaslanaraq iman edərlər.” Digəri isə, “Onlar qiyabən də iman edərlər.” Yəni münafiqlər kimi yalnız möminlər arasında deyil, qiyabən də Allaha və Rəsuluna (s.ə.v.) iman edərlər.

Qeyb iki ayrı mənaya gəlir: Birincisi, haqqında heç bir şey bilmədiyimiz, tək Allahın məlumu olan hallar, hadisələr, aləmlərdir ki, bunlar iman imanın rüknlərindən deyil. İman, bu qeyb üçün deyil, ancaq Quranın xəbər verdiyi və Peyğəmbər Əfəndimizin (s.ə.v.), haqqında şərhlər verdiyi qeyb üçündür.

“Bizə görə qeyb, görülə bilməyən deyil, görülməyən deməkdir. Biz dəlilsiz olan qeybə deyil, dəlili olan qeybi-məqbula iman edirik.” (Haqq Dini Quran Dili)

“Qeybə iman” deyilincə ağla ilk gələn, Allaha və digər iman rüknlərinə imandır. Bunlar hamısı qeybdir.

İnanmada ilk addım qəlbən təsdiqdir. Bu təsdiqin başlanğıcı da anlamaqdır. Beş duyğu anlamağa, anlamaq da inanmağa yardımçı olur. Yalnız beş duyğunun sərhədləri içində gəzən, onları aşa bilməyən insanlar, hökmən heyvanlıqdan xilas olmuş deyildirlər. Hiss ilə bilmə, heyvanların sahəsi; hissini ağla xidmət etdirib anlama, qavrama və nəhayət inanma isə insanın vəzifəsidir.

İnsan bir meyvə ağacına baxmaqda heyvanla müştərəkdir. O ağacın içində möcüzəvi bir fabrikin çalışdığını, yarpaqlarında fotosintez hadisəsinin cərəyan etdiyini, o meyvələrin bütün bir ağacdan, hətta kainatdan, süzülərək meydana gəldiyini isə ancaq o insan qavraya bilər.

Buna görə, mütləq mənada “insan” deyilincə, qeybə iman edən “mömin” xatirə gəlməlidir.

O qeybə inananlardır ki, nemətdə boğulmaz, münimi, yəni o neməti lütf edəni tanıyarlar. Əsərə batıb qalmaz, o əsəri yaradan Xaliqi tanıyar və bilərlər. Qeybə inanmayanlar isə, süfrənin qabları, kitabın yarpaqları, yaxud fabrikin bölmələri arasında gəzib duran bir böcək kimi, bu aləm və içindəkilərdən, həqiqi mənada, istifadə edə bilməz, həyatlarını məhv edər, boşuna xərcləyərlər.



07-06-2011 12:00:00