Ana səhifə

QEYBƏT VƏ TƏHLÜKƏSİ


YazdırSend to friend

Müsəlmanlara ciddi mənfi təsir edən vasitələrdən birisə qeybətdir.

Qeybət onlar arasındakı münasibətləri ciddi şəkildə korlayır, araya kin kidurətin və düşmənçiliyin girməsinə səbəb olur. Buda öz növbəsində onların birliyini pozub, güclərini qırır.

Qiybətin zərərlərini üç babda mülahizə etmək mümkündür:

1. Qulla Rəbbi arasındakı münasibətə təsiri.

2. Qulla qul arasındakı münasibətə təsiri.

3. İctimai münasibətlərə təsiri.

Qeybət, alimlərimiz tərəfindən birinci və ikinci yönləriylə işlənmiş, ancaq ümumilikdə Cəmiyyət üzərindəki təsiri, onu parçalaması məsələsi üzərində durulmamışdır.

Qeybət adətən fərdi məsələ olaraq qalmır, aralarına düşmənlik girmiş iki şəxsin tərəfdarları və sevənləri arasında daha dərin çatların açılmasına yol açır ki, bu da nəticədə bizi hədəfə götürən ana vasitələrdən biri olan insan qaynaqlarımızı təsirsiz hala gətirir.

Qiybət etdiyimiz zaman bunun bizim şəxsi işimiz olmadığını, ümmətin işi olduğunu bilməliyik! Etdiyimiz hər qeybətlə hədəfə doğru irəliləyən İslam gəmisində bir dəlik açdığımızın fərqinə varmalıyıq!

İslam şəriəti bu "arxadan zərbənin" qarşısını almaq üçün qeybəti qəti şəkildə haram qılmış və bir çox hədis mövzuya cürbəcür yönlərilə toxunmuşdur.

Qeybətin mahiyyəti:

Buxari-Muslimin rəvayət etdiyi hədisdə Allah Rəsulu qiybəti belə tərif edir: "Qeybət - qardaşını onun xoşu gəlməyəcək şəkildə anmandır. Bir nəfər soruşdu: Əgər dediyim şey qardaşımda varsa necə? Rəsulullah buyurdu: Əgər dediyin şey onda varsa qeybət etmiş olarsan. Yox əgər yoxdursa böhtan atmış olarsan."

İmam Nəvəvi "Əl Əzkar" əsərində qiybəti belə tərif edir: "Qeybət - bir kimsəni xoşuna gəlməyəcək şəkildə anmaqdır. İstər mövzu onun dini, istər dünyası, istər əxlaqı, istər paltarı, istər bədən şəkli olsun. Qeybətin həyata keçirilmə şəklinə gəlincə istər sözlə, istər işarəylə olsun eynidir.

 

 

Qeybətin hökmü:

 

İmam Qurtubi müvafiq ayənin təfsirində deyir: "Qeybətin böyük günahlardan olduğu xüsusunda ixtilaf yoxdur!"

 

Qeybət, çirkinliyi Quranda ən bariz şəkildə ifadə edilmiş günahlardandır. Uca Allah Hucurat surəsinin on ikinci ayəsində buyurur:

 

وَلايَغْتَبْبَعْضُكُمْبَعْضاًأَيُحِبُّأَحَدُكُمْأَنْيَأْكُلَلَحْمَأَخِيهِمَيْتاًفَكَرِهْتُمُوهُوَاتَّقُوااللَّهَإِنَّاللَّهَتَوَّابٌرَحِيم

 

"Bir birinizin qeybətini etməyin! Sizdən biri ölü qardaşının ətini yeməkdən xoşlanarmı? Bundan diksindiniz! Allahdan qorxun! O tövbələri çox qəbul edən və rəhimdir."

 

İslam müsəlmanların canını, malını və irzini qoruyur. Can və malın qorunması insanın fiziki əmniyətini, irzin qorunması mənəvi əmniyətini təmin edir.

Səhih hədisdə buyurulur: "Müsəlmanın hər şeyi digər müsəlmana haramdır: canı, malı və irzi."

Müsəlmanın canına, malına və ya irzinə toxunmaq qadağan olma baxımından eynidir. Bir müsəlmanın malını oğurlamaqla onun irzinə dil uzatmaq arasında fərq yoxdur. Qeybətin haramlığına dəlalət edən hədislər olduqca çoxdur. Lakin, onların təfsilatlı zikrinin yeri tasavvuf kitablarıdır.

 

Qeybət dinləməyin hökmü və dinləyicinin davranışı:

 

Qeybət dinləyən kimsə qiybətçinin günahına ortaqdır. Biri sizin yanınızda qiybət edirsə, sanki sizi qolunuzdan tutub atəşə çəkir. Buda sizi sevmədiyinin əlamətidir. Qarşısındakına hörmət qoyan onun yanında qiybət etməz.

Qeybətə dinləyici olan - əgər zərərə məruz qalma qorxusu yoxdursa - qeybətçini nəhy edər və zülmə uğrayan qardaşını müdafiə edər. Başqa mövzuya girib bu şəkildə qeybəti kəsmə imkanı varsa bunu etməlidir, etməzsə günahkar olar. Əgər diliylə "sus" deyib, qəlbiylə davam etməsini istərsə yenədə günahkar olar.

Yox əgər qorxursa qəlbində buğz edərək bu məclisdən ayrılmalıdır. Ayrıla bilmirsə dili və qəlbiylə Allahı zikr edər və qeybəti dinləməz.

 

 

Yoxluğunda qardaşının qeybətinə əngəl olmağın fəziləti və susmağın cəzası:

 

Daha öncə qeyd etdik ki, qeybət etməyən kimsə sadəcə qulaq asmaqla belə günahkar olar. Bəs qiybətə əngəl olana nə vəd edilmişdir? İmam Əhmədin rəvayət etdiyi hədisdə deyilir:

"Kim qardaşının yoxluğunda onun qeybətinə mane olarsa, onu cəhənnəmdən qurtarmaq Allahın üzərinə bir haqqdır".

Qeybətə məruz qalan qardaşının müdafiəsi haqda isə hədisdə buyurulur: "Bir müsəlmanın irzi haqqında danışılarkən digər müsəlman onu müdafiə etməzsə Allahda onu yardıma ehtiyacı olduğu anda yardımsız qoyar".

İnsanın bu xüsusda öz müəllimini, üzərində haqqı olan kimsələri qoruması daha öncəliklidir.

 

 

Qeybəti edilən şəxsə görə günah dəyişərmi:

 

Elm əhlinin, müsəlmanların məsləhətiylə məşğul olan, stratejik nöqtələrdəki kimsələrin qeybətini etmək digərlərinə nisbətdə daha çox günahdır. Çünki bu daha böyük zərərlərə yol açır.

 

"Lazım olsa üzünə deyərəm" fikri:

 

Bəzi qeybət edənlər özlərini haqlı göstərmək üçün "lazım olsa üzünədə deyərəm" şəklində cavab verərlər. Qeybət sayılan şeyi üzə demək isə təhqirdir və qeybətdən daha böyük günahdır.

 

 

Qeybətin küfrə çevrilməsi:

 

Fəqih Əbul Leys belə demişdir: "Qeybət edənə "qeybət etmə!" deyildiyi zaman, "bu qeybət deyil, çünki mən olanı/həqiqəti deyirəm" şəklində cavab verərsə qəti dəlillərlə haram qılınmış bir şeyi (dolayısıyla) halal saymış olar. Bu isə küfrdür!"

 

Kafirin qiybəti:

 

Kafirlər bu xüsusda iki qismdir:

1. Zimmi. Zimmi qeybət mövzusunda müsəlman kimidir.

2. Hərbi. Əgər qeybət edilən mövzu onun fiziki yaradılışıdırsa bu yönüylə caiz deyildir. Bunun xaricindəki məsələlərdə qeybəti caizdir.

 

 

Hansı şeylər qeybət sayılmaz hətta bəzən vacib olar:

 

1. Günahı açıq şəkildə edənin məhz o günahı etməsi haqqında danışılması qeybət sayılmır. Məsələn birisi namaz qılmır və bunu açıqlamaqdan çəkinmirsə onu bu vəsfilə zikr etmək caizdir. Ancaq eyni adam həmçinin zina edir, lakin bunu gizlədirsə açıqlanması caiz deyildir.

2. Öz bidət görüşünü açıqdan yayanın insanlar uzaq dursun deyə o görüşlərini tənqid etmək.

3. Nigah, əmanət, səfər kimi hallarda maraqlanana onun vəsfini xəbər vermək. Məsələn əmanət buraxmaq istəyənə əmanətçinin güvənilir olmadığını demək, qadınla evlənmək istəyənə qadının əxlaqsız olduğunu söyləmək. Bu şeylər vacibdir.

4. Hakimə şikayət üçün zalımın günahını söyləmək.

5. Kimdənsə kömək istəmək üçün. Məsələn "filankəs mənim malımı alıb, kömək et geri alım" şəklində.

6. Şahidlik vəzifəsini yerinə yetirərkən.

7. Fətva almaq üçün sual verərkən günahı zikr etmək. Ancaq fətvanı "bir adam belə edərsə hökmü nədir" şəklində almaq mümkündürsə ad açıqlamağa lüzum yoxdur.

8. İnsanın məşhur olduğu və narahat olmadığı ləqəb.

9. Hədisçilərin cərh etməsi.

10. Məchul adam haqqında danışmaq. Məsələn "bir qardaş var qumar oynayır" demək kimi. Əgər dinləyicilər onun kimliyini hansısa vasitəylə anlamırlarsa bu qeybət sayılmaz.

Bu xüsuslarda ümumi qayda - yetərli miqdarla kifayətlənməkdir.

 

 

Müalicəsi:

 

Xəstəliklərin müalicəsi adətən onları ortaya çıxaran və yaşamasını təmin edən səbəblərin izaləsiylə həyata keçir.

Qeybət adətən qısqanclıq, həsəd, özünün məlumatlı olduğunu göstərmə, başqasını kiçildərək özünü qaldırma, insanları güldürmə, qeybəti ediləcək şəxsin düşmənlərinin rızasını qazanma, firqə təəssubü, qiybətin qurbanına qarşı kinli olmaq kimi səbəblərdən ortaya çıxır.

Qeybətin yaşamasını təmin edən ünsür isə toplumda ona qarşı göstərilən loyal/yumşaq münasibətdir.

Qeybətin müalicəsi üçün ən effektiv yol onun həm fərd, həm toplum səviyyəsində kompleks şəkildə müalicə edilməsidir.

 

Fərd olaraq qiybətə təşviq edən mənəvi səbəblər ortadan qaldırılar, əslində pislik etmək üçün qiybətini etdiyimiz şəxsə yaxşılıq etdiyimiz nəzərə alınar. Belə ki, biz qiybət etməklə savablarımızı ona verir, günahlarından alarıq. Ümumiyyətlə bu mövzuda qarşılaşacağı cəzalar düşünülər. Bu səbəblərin və onları müalicə üsullarının geniş zikr edildiyi yer tasavvuf kitablarıdır. Geniş məlumat üçün oraya müraciət edilə bilər.

 

Toplum olaraq qeybətlə mübarizəyə gəlincə məclislərdə qiybətə qarşı amansızlıq göstərilməsi, bunu edənlərə digər böyük günah sahibləriylə eyni münasibət göstərilməsi, qeybətçiyə sadəcə günahkar olaraq yox, həmçinin müsəlmanların birliyini parçalayan şəxs kimi baxılması, toplantı yerlərinə "burada qeybət etmək qadağandır" yazısı asmaq və bənzəri tədbirlərlə mübarizə aparılar.

Beləcə qiybəti ortaya çıxaran səbəblərlə mübarizə edə bilməyib, qeybət etmək istəyən şəxs toplumun bu xüsusdakı münasibətini nəzərə alaraq qeybətdən uzaq durar ki, bu da ictimai planda hədəflədiyimiz şeydir.

Qeybətdən tövbə və kəffarəsi:

İmam Qurtubi müvafiq ayənin təfsirində deyir: "Qeybət edənin Allaha - azzə və cəll - tövbə etməsinin vacibliyində ixtilaf yoxdur".

Qeybət edən öncəliklə Allahın haqqını ödəmək üçün tövbə etməlidir. Qula yönəlik olanlarda bəzi ixtilaflar vardır. Biz öz tərcih etdiklərimizi qeyd etməklə kifayətlənəcəyik:

A ) Əgər dedikləri məzlumun qulağına çatmayıbsa "Allahım bizi və onu bağışla" deyər. Halallıq almasına gərək yoxdur.

B ) Əgər dedikləri çatıbsa bu yetərli olmaz halallıq almalıdır. Halallığı "sənə filan filan sözləri dedim" şəklindəmi almalıdır, yoxsa "qeybətini etdim halal et" deməsi yetərlidirmi? Əgər dediyi şeyi təkrarladığı zaman daha böyük qırğınlıq olacaqsa ümumi şəkil alması yetərlidir.

C) Əgər məzlum vəfat edib və ya tapmaq mümkün deyilsə sadəcə istiğfar edər.

D ) Çatmadan tövbə edər, sonra çatarsa tövbəsi yetərlidir.

Bunun xaricində qeybətini etdiyimiz kimsəni tərifləmək, onun üçün dualar etmək qeybətə kəffarə olan işlərdəndir. —

Müəllif: 


27-05-2018 02:00:58