Ana səhifə

Qiyamət niyə gizli tutulmuşdur?


YazdırSend to friend

Səmavi dinlərin mühüm bir əsası olan qiyamət haqqında Quran-ı Kərimdə və hədisi şəriflərdə geniş izahlar vardır. Bu izahlarda qiyamətin çox yaxın olduğu və o günün dəhşəti ifadə edilərək insanların hazırlıqlı olması təşviq edilir.

 

Ənəs bin Malikin rəvayət etdiyi bir hədisdə Peyğəmbər Əfəndimiz (s.ə.v.) bir gün, “Mən və qiyamət günü bu iki barmaq kimi yaradıldıq”-buyurmuş və işarə barmağı ilə orta barmağını bir-birinə bitdirmişdir. (1)

 

Peyğəmbərimiz bu sözləriylə qiyamətin çox yaxın bir zamanda meydana gələ biləcəyinə işarə edirdi. Quran-ı Kərimdə “Qiyamət yaxındır” buyurulması və Peyğəmbər Əfəndimizin qiyamətin çox yaxın zamanda qopacağını bəhs etməsi 1400 il keçdiyi halda baş verməmiş olması ağla bir şübhə gətirməməlidir. Çünki qiyamət dünyanın əcəli ilə əlaqədar bir məsələdir.

 

“Dünyanın ömrünə nisbətən min və ya iki min il, bir ilə nisbətlə bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Saatı-Qiyamət tək insaniyyətin əcəli deyil ki, onun ömrünə nisbət edilib baid (ağıldan uzaq) görülsün. “(2)

 

Ayə və hədislərdə Qiyamətin tam zamanı bildirilməməklə yanaşı, Peyğəmbərimiz (s.ə.v.) onun vaxtına yaxın zamanda meydana gələcək bəzi hadisələrdən və əlamətlərdən bəhs edərək, möminləri həmişə oyanıq olmağa və hazırlıqlı olmağa təşviq etmişdir.

Qiyamətin qopmasının gizli tutulmasının səbəb və hikmətlərinə gəlincə:

Bunun bir çox hikmətləri vardır. Necə ki, insana öləcəyi zaman bildirilmiş olsaydı, həyatının yarısını iman və İslam şüurundan məhrum olaraq tam bir qəflətlə yaşayacaq, yarıdan sonra isə addım-addım darağacına gedən edam məhkumu kimi ölümünü gözləyərək müdhiş iztirab duyacaq və əzab çəkəcək idi.

Müsibət və fəlakətlərin insanoğlu üçün gizli qalmasında da eyni hikmət vardır. Çünki vaxtı müəyyən olan bir fəlakəti gözləmək o müsibəti yaşamaqdan daha çox iztirab və işgəncə verəcək. Bunun kimi bir çox hikmətlər üçün qiyamətin vaxtı insanlar üçün gizli qılınmışdır.

Hər insan üçün əcəl nə isə, bütün bir insanlıq üçün də qiyamət odur. Şüalarda Bədiüzzaman bu mövzu ilə əlaqədar olaraq bu məaldə izahlara yer verir:

Dünyanın əcəli və ölümü olan qiyamətin vaxtı müəyyən olmuş olsaydı, ilk və orta çağda yaşayan insanlar axirət düşüncəsindən xəbərsiz bir şəkildə qəflət içində yaşamış olacaqdılar. Və son çağın insanları da Qiyamət vaxtını gözləmənin dəhşəti içində dünya həyatının hüzurunu və ləzzətini hiss edə bilməyəcəkdilər.

Əgər Qiyamət vaxtı müəyyən olmuş olsaydı, bir qisim iman həqiqətləri açıq-aşkar bir şəkildə ortaya çıxacaq, hər kəs istər istəməz təsdiq edəcək; nəticə olaraq da təklif, imtahan və iman sirri itəcəkdi. Bunun kimi bir çox məsləhətlər üçün, Qiyamətin vaxtı gizli qalmış və hər kəs, hər dəqiqədə həm əcəlini, həm də həyatının davamını düşünə bilmişdir. Beləcə nə dünya həyatı, nə də axirət tərk edilməmişdir. (3)

Qiyamət gününün gizli qalması, Qiyamətin qopmasına qədər davam edəcək. Nə vaxt ki, günəş şərq yerinə qərbdən doğacaq, artıq insanlar üçün imtahan meydanı və tövbə qapısı bağlanacaq, hər kəs Qiyamətin qopacağına yəqinən inanacaq. Ancaq o vaxtdan sonra peşmanlıq və edilən iman da fayda verməyəcək.

 

Qaynaqlar

1. Müslim, Fiten:135.

2. Sözlər, s. 318

3. Şüalar, s. 488.



07-06-2011 12:00:00