Ana səhifə

Qüsursuz manevr qabiliyyətinə sahib olan əllər.


YazdırSend to friend

İnsanın bədəni qüsursuz sistemə malikdir. Bu sistem düşünən və öyüd alan insanlar üçün çox əhəmiyyətli dəlillərlə doludur. Bu dəlillərin yaradılış məqsədi isə insanı düşünməyə sövq etməkdir. Çünki hər bir insana yaşamaq üçün müəyyən vaxt verilmişdir.

 

Bu müddətin nə vaxt bitəcəyini və ölümün nə vaxt gələcəyini isə heç kəs bilmir. Allah tərəfindən təyin olunmuş bu qısa müddətdə bir çox təfərrüatla qarşılaşan insan Allahın xüsusi olaraq yaratdığı bu dəlilləri çox vaxt görmür. Halbuki insan ona verilmiş məhdud müddət ərzində gördüyü hər şeydən öyüd alıb düşünməlidir. Çünki ancaq bu yolla Allahın bənzərsiz yaradılışını görə bilər və Allahın göydən yerə qədər hər şey üzərindəki hakimiyyətini təqdir edə bilər. Allah insanın öz yaradılışı üzərində düşünməli olduğuna bir ayədə belə diqqət çəkir:

 

Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?  (Məryəm surəsi, 67)

 

İnsan gündəlik həyatında düşünmədən bir çox hərəkətlər edir. Məsələn, stəkanı götürmək üçün düşünmədən əlimizi uzadarıq və stəkanı tuturuq. Yemək yeyərkən çəngəli düşünmədən ağzımıza aparırıq. Kitab oxuyarkən mətni asanlıqla qavrayır və kağızı cırmadan çeviririk. Geyinərkən, avtomobil sürərkən də heç çətinlik çəkmirik. İş həyatımızda da çətinlik çəkmirik. Qısaca desək, həyatımızın hər anında əllərimizdən düşünmədən, istədiyimiz kimi istifadə edirik. Bunlar gündəlik həyatda etdiyimiz hərəkətlərdən yalnız bir neçəsidir. Bu hərəkələr zamanı  əlimizdə son dərəcə qüsursuz bir sistem işləyir. Bu elə qüsursuz sistemdir ki, işlədiyini hiss etmirik belə.

 

Bu zaman  "əllərimizə qüsursuz işləmə qabiliyyətini verən nədir?" sualı meydana gələcəkdir. Əlimizə üstün hərəkət qabiliyyətini verən əldə yerləşdirilmiş əzələlərdir.

 

Əlimizdən bir çox sahələrdə səmərəli şəkildə istifadə edə bilirik. Məsələn, əlimizlə hər hansı bir hədəfə güclü zərbə endirə bilərik. Əlimizdə belə gücün olmasına baxmayaraq, baş barmaq və işarə barmağımızla götürdüyümüz millimetrin onda biri incəliyində bir cismi, məsələn bir kağızı asanlıqla hiss edə bilərik.

 

Göründüyü kimi, bu iki əməliyyat bir-birindən tamamilə fərqlidir. Biri çox incə nizam tələb edərkən, digəri tam əksinə, böyük güc tələb edir. Biz hər iki əməliyyatı edərkən də bir an belə düşünmürük. Ağır cismə daha çox güc, yüngül cismə daha az güc sərf etmək lazım olduğu ağlımıza belə gətirmirik. Çünki əllərimiz bu əməliyyatları rahat şəkildə icra edir.

 

Bu mükəmməlliyin ən əhəmiyyətli dəlillərindən biri barmaqların uzunluğudur. Bütün barmaqlar funksiyalarına görə ən uyğun uzunluğa sahibdirlər. Bundan başqa, yerləşdikləri yerlər də ən uyğun yerlərdir. Barmaqların bir-birləri ilə olan uyğunluqları da son dərəcə əhəmiyyətlidir. Bu əhəmiyyəti belə bir nümunə ilə açıqlaya bilərik. Baş barmaq uzunluğuna görə digər barmaqların üzərinə asanlıqla əyilə bilir. Bu, baş barmağın digər barmaqları dəstəkləməsini və qolun gücünün artmasını təmin edir. Buna görə normal baş barmağa sahib bir əlin yumruğunun gücü normaldan qısa baş barmağı olan insanın yumruğunun gücündən daha çoxdur.

 

Əlinizə baxın və dırnaqlarınızı nəzərdən keçirin. Bəzən lazımsız bir şey olduğu düşünülən dırnaqların son dərəcə əhəmiyyətli vəzifələri vardır. Yerə düşmüş kiçik bir cisimi dırnaqlarımız olmadan götürməyə çalışdığımızı düşünək. Bu cür vəziyyətlərdə barmaqlar qədər dırnaqlar da əhəmiyyətli bir vəzifəyə sahibdirlər. Barmaqlar cisimləri tutarkən son dərəcə həssas təzyiq tələb olunur. Dırnaqların vəzifəsi isə  bu təzyiqi nizamlamalarıdır. Bundan başqa, əlimizdəki barmaq izlərini meydana gətirən nahamarlıq və dırnaqlar da kiçik cisimləri rahat tutmağımızı təmin edir.

 

Bura qədər izah edilənlərdən göründüyü kimi, əllər son dərəcə dəqiq və qüsursuz  yaradılış nümunəsidir. Toxunmaq həssaslığı, manevr qabiliyyəti, müxtəlif işlər görmə qabiliyyəti kimi bir çox funksiya əllərimizdə mövcuddur. Bu mükəmməllik tibb və elm dünyasını insan əlini tədqiq etməyə və bir oxşarını düzəltməyə yönəltmişdir. Bu məqsədlə düzəldilən robot əllər güc baxımından insan əli ilə eyni qabiliyyətə sahibdir, ancaq insan əlində  olan və əlimizə qüsursuz xüsusiyyət qazandıran quruluşlar robot əllərdə mövcud deyil.

 

Bütün bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, insan əli xüsusi yaradılışla var edilmiş bir orqandır. Allah əlləri xüsusi olaraq yaratmışdır. Rəhman olan Allah yaratdığı hər şeyi ən gözəl şəkildə yaradandır. İnsan əlindəki qüsursuz yaradılış da bunun dəlillərindən yalnız biridir. Allah yaratma sənətindəki qüsursuzluğa bir ayədə belə diqqət çəkir.

 

 Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

 

Əldəki mükəmməl yaradılışla bağlı başqa əhəmiyyətli məsələ əlin gözlə birgə işləyən bir orqan olmasıdır. Bu əməliyyatlar ardıcıl şəkildə yerinə yetirilir. İnsan əli ilə robot əllər arasında müqayisə aparılarsa, insan əlinin yaradılışındakı üstünlük çox açıq  şəkildə görünəcək. Robot əllər ya görmə, ya da toxunma xüsusiyyəti ilə hərəkət edir. Robot əllərə hər əməliyyat üçün fərqli əmrlər vermək lazımdır. Bundan başqa, robot əllər müxtəlif funksiyaları yerinə yetirə  bilməzlər. Məsələn, piano çala bilən bir robot əl çəkic tuta bilməz. Çəkic tutan bir robot əl isə yumurtanı qırmadan tuta bilməz. Gərgin araşdırmalar nəticəsində yeni istehsal edilən  bəzi robot əllər yalnız 2-3 əməliyyatı  icra edə bilir, amma bu, insan əlinin qabiliyyətləri ilə müqayisədə son dərəcə sadə iş olaraq qalır.

 

Bundan başqa, insanın iki əllə eyni anda, mükəmməl uyğunluq içində işləyə bilməsini də bura əlavə etsək, əldəki yaradılışın qüsursuzluğu daha dəqiq ortaya çıxar.

 

Allah əli insanlar üçün xüsusi olaraq yaratmışdır və bu, Allahın yaratma sənətindəki qüsursuzluğu və bənzərsizliyi bizlərə göstərir.



10-02-2012 12:00:00