Ana səhifə

Quranda cihad necə təşviq edilmişdir?


YazdırSend to friend

Cihadı təşviq edən və əmr edən bəzi ayələr belədir:

1- "Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib, Allah yolunda cihad edənlərlə eyni tutursunuz? (Bilin ki,) onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz. " (Tövbə surəsi, 19)

Hacılara su paylamaq, yer üzündə ən müqəddəs məkan olan Kəbəni təmir etmək gözəl və savablı işlər olmaqla yanaşı, heç bir zaman Allah yolunda cihad etmək səviyyəsinə yüksələ bilməzlər. Kəbə qonşuluğunda ibadət xoşdur, amma daha da xoş olan, Allah yolunda cihaddır. Çünki biri fərdi ibadətdir, digəri isə Allah`ın dinini yaymaqdır. Risalət (vəzifələndirmə) vəlayətdən ( yüksəliş) dərəcə üstündürsə, risalətlə əlaqəli olan Allah`ın dinini yaymaq uğrunda mübarizə də o dərəcə şəxsi kəmalətlərdən, ibadətlərdən üstündür.

Bu nöqtə tam aydın olmadığından həccə gedən bəzi müsəlmanlar o mübarək məkanlarda ölmək arzusunda olurlar. Halbuki, oraya ölməyə deyil, dirilməyə getsələr və döndüklərində yeni bir həvəs və həyəcanla İslama xidmət etsələr onlar üçün daha xeyirli olardı.

2- "Möminlərdən – üzrlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir. " (Nisa surəsi, 95)

3-"(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. (Lakin) siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir. " (Nisa surəsi, 104)

"Ölsəm, şəhidəm" deyən bir mömin belə bir ümidi olmayan batil inanc sahibindən daha cəsur olmalıdır.

4- "(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir." (Tövbə surəsi, 41)

"(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də)..." ifadələri belə açıqlanmışdır:

- İstər sevərək, istər xoşlamayaraq;

- İstər ailə yükünüz yüngül, istər ağır olsa da;

- İstər yüngül silahlarla, istər ağır silahlarla;

- İstər piyada, istər miniklə;

- İstər gənc, istər qoca;

- İstər sağlam, istərsə də xəstə. İstənilən halda döyüşə çıxın. (Razi, XVI, 69-70; Beydavi, I, 406; Əbu'l-Bərəkat Nəsəfi, Mədariku't-Tənzil, Daru'l-Fikir, II, 127)

"Malınız və canınızla" ifadəsi - cihadın iki növünə işarə edir. Bir qisim insanlar vardır ki, mallarını Allah yolunda sərf edərlər. Bir qismi də vardır ki, həyatlarını bu yolda fəda edərlər.

"Allah yolunda" deyilməsi isə çox mühüm bir qeyddir. Allah yolunda olmayan mübarizə, "cihad" adına layiq deyil. Cihada ruh qazandıran xüsus məhz budur (1). Yoxsa müsəlmanlardan başqaları da döyüşürlər, öz din və ideologiyalarını yaymağa çalışırlar. Hətta bu yolda həyatlarını da verirlər. Lakin onların bu mübarizəsi Allah qatında dəyəri olan bir mübarizə deyil.

5- "Allah yolunda haqqıya (lazımınca) cihad edin." (Həcc surəsi, 78)

Cihadın haqqını verərək səy göstərməklə, özünü mücahid zənn etmək başqa-başqa şeylərdir. Birincisi haqqı ilə cihad, ikincisi isə yalnız vaxt itirməkdir.

6- "Öz əllərinizlə özünüzü təhlükəyə atmayın." (Bəqərə surəsi, 195)

Bu ayə ilə əlaqədar olaraq, bu rəvayət nəql edilir:

Hz. Maviyənin zamanında İslam ordusu İstanbul yaxınlarına gəlir. Döyüş əsnasında mühacirdən bir şəxs düşmən tərəfinə soxulur. Bəziləri, bu hərəkəti "öz əllərinizlə özünüzü təhlükəyə atmayın" ayəsinə zidd görür. Bunun üzərinə Hz. Peyğəmbər aleyhissalatu vəssalam`ın bayraqdarı Əbu Eyyub əl-Ənsari (Allah ondan razı olsun) belə deyir: "Biz bu ayəni daha yaxşı bilərik. Çünki bu ayə bizim haqqımızda endi. Rəsulullah ilə birgə yaşadıq. Onunla birlikdə çox hallarla qarşılaşdıq. Ona köməkçi olduq. Nəticədə İslam qalib gəldi. Ənsar olaraq bir yerə toplandıq. “Allah bizə Rəsuluna əshabə olmağı, ona köməkçi olmağı nəsib etdi. Artıq İslam qalib gəldi, müsəlmanlar çoxaldı. Biz onu ailə və mal-mülkdən üstün tutduq. Artıq döyüş bitdiyinə görə evlərimizə, uşaqlarımızın yanına dönək, onlarla yaşayaq,"- deyə danışdıq. Məhz bizlər belə bir halda ikən, bu ayə nazil oldu. (İbnu Kəsir, I, 331; Əbu Davud, Sünən, Cihad, 22; Tirmizi, Təfsir, 2/19)

Elə aydın olur ki, təhlükə irəli atılmaqda deyil, geridə qalmaqdadır. Ayənin əvvəlində "Allah yolunda infaq edin" deyilməsi cihadın iqtisadi yönünə işarə edir. Maddi imkanları olanlar bu imkanları Allahın dinini yaymaq uğrunda xərcləməsələr, özlərini öz əlləriylə təhlükəyə atmış olacaqlar.

7-"Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb, Onun yolunda vuruşanları sevir. "(Saff surəsi, 4)

8- "Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. (Bu təqdirdə) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ. " (Saff surəsi, 10-13)

Ayədə, Allah yolunda cihad, "ticarət" olaraq adlandırılmışdır. Ticarətdə əsas olan qazancdır. Bir şey verilər və qarşılığında qazanc əldə edilər. Məhz, Möminlər Allah yolunda mallarını-canlarını verəcəklər, bunun müqabilində çox şey qazanacaqlar. Bunlar ayədə bu şəkildə sadalanmışdır:

a. Allahdan bağışlama;

b. Cənnət;

c. Zəfər;

d. Yaxın bir fəth.

Bunlardan bağışlama və Cənnət axirətlə, zəfər və fəth dünya ilə əlaqəlidir. Deməli, həm dünya, həm axirət səadəti ancaq Allah yolunda cihadla mümkündür.

9- "Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir." (Tövbə surəsi, 123)

Bu ayə dinə dəvət strategiyasını təyin edən "əvvəl yaxınlarını qorxut" (Şuəra surəsi, 214) ayəsinə bənzəyir. Yəni xəbərdar etməyə yaxınlardan başlamaq lazım olduğu kimi, döyüşdə də yaxın düşməndən başlamaq lazımdır. Necə ki Rəsulullah sallallahu aleyhi və səlləm əvvəl qövmü ilə sonra digər ərəblərlə, daha sonra Bizansla döyüşmüşdür. Şübhəsiz, bütün kafirlərlə birdən döyüşmək qeyri-mümkündür. Bu səbəbdən uyğun olanı yaxından başlamaqdır. (Razi, XVI, 228-229)

Böyük təfsirçi Fəxrəddin Razi yuxarıdakı ayənin "Onlar sizdə bir sərtlik görsünlər" qismini belə şərh edir: "Ğılza" riqqətin əksidir. Cəzalandırmada sərtliyi bildirir. Şübhəsiz sərtlik pis əməllərdən çəkindirmədə daha təsirlidir. Lakin hər zaman sərt olmaq düzgün deyil. Çünki vəziyyət bəzən yumşaqlığı, bəzən də sərtliyi tələb edir. Bu səbəblə yalnız sərtlik göstərməyin uyğun olmadığına diqqət çəkərək "onlar sizdə sərtlik görsünlər" deyilmişdir. Daima sərt olmaq insanları bir-birindən uzaqlaşdırır. "Onlar sizdə sərtlik görsünlər" bu sərtliyin hər vaxt olmadığını göstərir. Sanki belə deyilmişdir: "Onlar sizin əxlaq və təbiətinizi araşdırdıqda sizdə bir sərtlik də tapmaları uyğundur". Belə bir kəlam isə, ancaq əksər halında şəfqət, mərhəmət olmaqla birlikdə, bir növ sərtlik də özündə olanlar üçün doğrudur ... Bu sərtliyin, alış-veriş, qarşılıqlı oturub danışmaq, yemək-içmək kimi xüsuslarda olması uyğun deyil. (Razi, XVI, 230)

1- Kutub, 1, 187; Sabuni, Safvətüt-Təfasir, 1, 127; Qadiri, 1,50; Məvdudi, Jihad in Islam, s., 7; Afif Abdülfəttah Tabbəra, Ruhu'd-Dini'l-İslamî, Daru'l-İlm, Beyrut, s., 380-381, Abdulaziz Natiq, Könüllərin Fəthində Cihad, Gənclik Yay. İst., 1994, s., 118-119; Zeydan, Üsulü'd-Dave, s., 272

*  *  *  *  *

Döyüşlə əlaqədar ayələrin, səbr etməklə əlaqədar ayələri qüvvədən saldığı doğrudurmu?

Müəllif: Şadi Eren (dos. Dr.), 04-2-2006

Tövbə surəsi ən son nazil olan surələrdəndir. Bu surədə döyüşlə əlaqədar bir çox ayələr vardır. Məsələn:

"Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir. " (Tövbə surəsi, 36)

"Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir. " (Tövbə surəsi, 5)

Bu iki ayə "qıtəl ayəsi" və ya "seyf ayəsi" kimi məşhurdur. Bir qisim təfsirlərdə və Qur`an tərcümələrində deyilir ki, Məkkə dövründə səbri, əfvi tövsiyə edən ayələrin izahında "qıtəl ayələri ilə mənsuhdur", yəni, döyüşü əmr edən yuxarıdakı ayələr endikdən sonra bu ayənin hökmü ləğv edilmiş, qüvvədən qaldırılmışdır. Halbuki mənsuh olduğunu söylədikləri ayələr bir mərhələni, qıtəl ayələri isə başqa mərhələni göstərir. Məsələ bundan ibarətdir:

Cənab-ı Haqq müsəlmanlar zəif və az olduqları zaman səbri, qüvvətli olduqlarında isə döyüşü əmr etmişdir. Bu ayələrdə bir nəsihdən (əvvəlki hökmü ortadan qaldırmaq) söhbət gedə bilməz. Nəsih artıq tətbiq olunması caiz olmayacaq şəkildə hökmün ortadan qaldırılmasıdır. Yoxsa müəyyən bir səbəbə görə əmr edilən bir məsələdə başqa bir səbəblə yeni bir hökmə keçilməsi nəsih deyil. (1)

Müsəlmanların zəif olduqları hallarda əziyyətə səbri, əfvi əmr edən ayələr yenə qüvvədədir. Bunu belə bir örnəklə izah etmək olar:

Avtobusda səyahət edərkən uşağımıza "qətiyyən sürücü ilə danışma!" desək, səyahətin sonunda isə "artıq onunla danış" desək, ikinci sözümüz birincinin hökmünü nəsh etməz. Çünki, ortada iki fərqli vəziyyət var. Səyahət əsnasında sürücü ilə danışmaq qəzaya səbəb ola biləcəyindən onunla danışmamaq müvafiqdir. Səyahət bitdiyi zaman belə bir təhlükə olmadığına görə, rahatlıqla onunla danışmaq olar. Yeni bir səyahətə çıxdığımız zaman yenə də birinci sözümüz etibarlıdır.

Qaynaqlar:

 1- Baxın. Süyuti, II, 703-704; Suad Yıldırım, Qur-an Elimlərinə Giriş, Ənsar Yay. İst., 1983, s., 103-104; Rıza, X, 199; Mahmud Şeltüt, əl-Qur-an'u və'l-Kıtal, Daru'l Fəth, Beyrut, 1983, s., 85-88; Zeydan, Şəriatu‘l-İslamiyyə və'l-Qanunu'd-Düvəliyyi'l-Àmm, Müəssəsətü Risalə, Beyrut, 1988, s., 60;

* * *

Qurani Kərimə görə döyüşdə qalib gəlməyin qaydaları nələrdir?

Yazar: Şadi Eren (dos. Dr.), 04-2-2006

1- Adətullaha riayət etmək

Cənab-ı Haqqın insanlıq aləmi üçün qoyduğu qanunlar vardır. Məsələn, çalışan qazanar. Səbr edən bacarar… Haqq düşüncə sahibi olmaq, döyüşdə qalib olmaq üçün kifayət deyil. Necə ki, Allahın ən sevimli qulu, ən böyük insan Hz. Məhəmməd (s.ə.v.), Allaha təvəkküllə birlikdə səbəblərə riayət etməkdən geri durmamışdı. Məsələn, Uhudda iki zireh geymiş (Tirmizi, Cihad, 17; Ebu Davud, Cihad, 68; İbnu Mace, Cihad, 18), Xəndək Döyüşündə xəndək qazmış, sipərə girmişdi...

2. Sirr tutmağı bacarmaq

Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm, Təbuk Səfərindən başqa heç bir döyüşdə hədəfin hara olduğunu əvvəldən ifadə etməmiş, kinayəli ifadələr istifadə etmişdi. (İbnu Hişam, IV, 159)

"Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın" ayəsi bu mövzuda bizə yol göstərir. (Ali İmran surəsi, 118)

3. Hər şeyi hər yerdə söyləməmək.

Rəsulullahın  dövründə çox hərəkətli günlər yaşanmışdı. Müsəlmanlar Mədinəyə hicrət edincə qismən təhlükəsizliyə qovuşmaqla birlikdə, tamamilə təhlükəsizlikdə deyildilər. Hər an Məkkəlilərin hücum etmə ehtimalı vardı. Xalq arasında bəzən "gəldilər, gəlirlər" şəklində dedi-qodular yayılırdı (Bax. Beydavi, I, 227). Bu ayə belə vəziyyətlərdə nə etmək lazım olduğunu dərs verir:

"Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər." (Nisa surəsi, 83)

Rəsulullahın ifadəsi ilə "insanın hər eşitdiyini söyləməsi ona yalan olaraq yetər"(Acluni, II, 113). Hər eşidilənin doğru olması mümkün olmadığı kimi, hər eşidiləni dərhal hər yerdə söyləmək də uyğun deyil.

Bədiüzzaman bunu belə ifadə edir: "Hər söylədiyin haqq olsun. Lakin hər haqqı söyləməyə sənin haqqın yoxdur. Hər dediyin doğru olmalı. Lakin hər doğrunu demək doğru deyil." (Nursi, Məktubat, s., 265)

Yuxarıda zikr etdiyimiz ayədə jurnalistlərə də təmas edən bir xəbərdarlıq vardır. (Hamdi Yazır, II, 1403) Dövlət sirri ola biləcək bir xəbəri xəbər olaraq yazmaq, jurnalistika baxımından cazibədar ola bilər. Amma bu xəbəri yaymaq düşmənlərin işinə yarayacaqsa, nəşr edilməməsi uyğundur. Ayrıca hələ doğruluğu dəqiq olmayan bir xəbəri dəqiqləşmiş kimi yaymaq, insan haqlarını pozmaq olduğu kimi, bir qisim qarışıqlıqlara da səbəb ola bilər. Bu ayəyə qulaq asaq:

"Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz." (Hucurat surəsi, 6)

4. Döyüşün qaydalarını yaxşı bilmək.

Rəsulullah sallallahu aleyhi və səlləm "döyüş bir hiylədir" buyurur. (Müslim, Cihad, 17; Tirmizi, Cihad, 5) Rəsulullahın bu sözü bəziləri tərəfindən döyüşdə hər cür yalan, böhtan kimi şeylərin mübah olduğu şəklində başa düşülmüşdü. Halbuki, tarixən sabit olan odur ki, Rəsulullah əsla yalana tənəzzül etməmişdi (Hamidullah, İslam Peyğəmbəri, II, 1039; Ahmet Çelebi, İslam Düşüncəsində Cihad ve Savaş Siyasəti, Ter.Abdullah Kahraman, İz Yay., İst.,1994, s.98; Zuhayli, s.,57-60). Amma düşməni aldada biləcək hərb oyunlarını tətbiq etmişdi. Başqa yerə səfər təşkil edirmiş kimi görünüb, əsl hədəfinə birdən yönəlməsi Məkkənin fəthinin əvvəlində gecə on min yerdə atəş yandırtması kimi vəziyyətlər buna nümunə olaraq verilə bilər (Azzam, s., 196 ). Yenə döyüşlərdə tətbiq olunan təxribata uğramış kimi edib, düşməni mühasirəyə almaq, soba borularını top kimi qala divarlarına düzmək və s. halların hamısı "döyüş bir hiylədir" sözünün nümunələridir. Döyüşdə yalanın caiz sayılmasını da bu məqamda zikr edə bilərik. (İbnu Hanbel, VI, 454)

5. İnsanları düzgün yetişdirmək.

Döyüşlərdə qalib gəlməyin ən etibarlı yolu insanları düzgün yetişdirməkdir. Qəlbi imanla dolu, ürəyi cəsarət yüklü, fikri uca idealların təqibçisi əli sənətində mahir bir toplum, dünyanın ən qüvvətli birliyidir. Belə bir toplum sayca az da olsa, bir çox topluluqlara qalib gələr.

 "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" (Bəqərə surəsi, 249)

ayəsi bu həqiqəti dilə gətirir. Bu gün Amerikanı güclü edən yaxşı yetişdirilmiş bir azlıqdır.

Rəsulullahın sallallahu aleyhi və səlləm 40 adamla dünyaya meydan oxuması və nəticədə qalib gəlməsi, insanları yaxşı yetişdirməyin əhəmiyyətini göstərir



17-01-2012 12:00:00