Ana səhifə

Qurani Kərimdə Allah (c. c.) niyə and içir?


YazdırSend to friend

And olsun əsrə ki... ( Əsr, 1)

 

Bu ayədə Cənabı Haqq, yaratdığı varlıqlardan biri üzərinə and içir. Bu nöqtədə düşünülməsi lazım olan iki xüsus vardır. Bunlardan birincisi, Allah nə üçün and içər?

 

And ümumiyyətlə deyilən bir sözə, ortaya atılan bir iddiaya həmsöhbətini inandıra bilmək üçün, hörmət edilən, iki tərəfdən də müqəddəs olaraq bilinən və adı xatırlandığında, deyilən sözün yalan və səhv olmayacağı qəbul edilən bir varlığın adını zikr etmək, beləcə qarşı tərəfə iddianın doğru olduğu mesajını verməkdir. Çox vaxt isə and üçün adı verilən varlıq, qüdrətli və aldadan kimsəni cəzalandırması gözlənilən bir varlıqdır. Müsəlmanların bu mənada Allahdan (c. c.) başqasının adına and içməsi haramdır.

 

Yaxşı Allah (c. c.) niyə and içir? Əlbəttə ki, Allahın (c.c.) belə bir şahid gətirməyə, sözünün doğruluğunu isbat etmək üçün bir başqa varlığa ehtiyacı yoxdur. Onun bu andından qəsd, and içdiyi varlıqla əlaqədar olaraq insanların səhv düşüncələrini düzəltmək və insanların diqqətini anddan sonra gələn ifadənin əhəmiyyətinə çəkməkdir. İnsanlar bəzən varlıqların dəyərlərini olduğundan daha aşağı göstərər və onlara uğursuzluq, pislik və çirkinlik sifətlərini yaraşdırarlar. Halbuki onlar Allahın (c. c.) yaratdığı digər varlıqlar kimi şərəflidir və bu pis sifətlərə sahib deyil. İnsanlar bəzən də bu varlıqlara, özlərində olmayan sifətlərlə nəzər salarlar və onlarda üluhiyyət axtararlar. Bu da doğru deyil. Onlar yalnız Allahın (c. c.) yaratdığı varlıqlardır. Allahı təala (c. c.) bu varlıqlara and içərək bunların nə insanların sui zənn etdiyi kimi uğursuz və dəyərsiz varlıqlar olduğunu, nə də insanların onlarda axtardığı kimi bir üluhiyyət xüsusiyyətlərinin olmadığını, bunların yalnız Allahın (c. c.) əsərlərindən olduğunu vurğulamaq üçün üzərlərinə and içmişdir.

 

Düşünülməsi lazım olan ikinci xüsus isə "Əsr" in mənası və Allahın (c.c.) niyə onun üzərinə and içdiyidir.

 

Bir görüşə görə(1) "Əsr" zaman (et-dehr) deməkdir. Zaman insanların həyatlarını, hərəkətlərini əhatə edən bir faktdır. Etdiyimiz yaxşı və ya pis bütün işlər, zaman içərisində reallaşar. Rahatlıq, çətinlik, xəstəlik, səhhət, zənginlik, kasıblıq həmişə zamanın içində meydana gəlir. Buna görə zaman, insanların diqqətini çəkən bir faktdır. Zamana and içməklə, insanların diqqətləri daha sonra deyiləcək sözlərə çəkilmişdir.

Ayrıca cahiliyyə Ərəbləri zərər və ziyanı, zamanın pisliklərinə bağlayrdılar. Bu gün belə insanlar başlarına bir iş gəldiyində günlərin və rəqəmlərin uğursuzluğundan bəhs edirlər. Beləcə Cənabı Haqq, əsrə yəni zamana and içərək, insanlara pisliyin zamanda deyil özlərində olduğunu ifadə etmişdir.

 

Digər bir görüşə görə (Əbu Müslim) "Əsr", ikindi vaxtı deməkdir. Allah (c. c.) quşluq vaxtına (Zuha) and içdiyi kimi, günün digər ucu olan ikindi vaxtına da and içmişdir. Ayrıca ikindi vaxtının əhəmiyyətini izah edən bir çox hədisi şərif vardır. İkindi, artıq günün sonunun yaxınlaşdığı, insanların işlərini bitirmək üçün məşğul olduğu, qazanc və ya itkin hesablarının edildiyi bir vaxtdır. Və bu xüsusiyyəti ilə qiyamətdən əvvəlki, və ya ölümdən əvvəlki son vaxtlara bənzəməkdədir. Artıq hüsranda olan və ya səadət içərisində olan insan, hesab verməyə hazırlanmaqdadır.

 

Ayrıca cahiliyyə Ərəblərinin bu vaxtda işlərini bitirərək, Kəbə ətrafına toplandığı, burada işsiz gücsüz insanların dedi-qodu və digər müxtəlif pis işlərə daldığı, bunun nəticəsində müxtəlif döyüş və çirkin nəticələrin hasil olduğu rəvayət edilmişdir. Bunun nəticəsində Ərəblər, ikindi vaxtının uğursuzluğuna hökm etmişlər və əslində özlərində olan pisliyi, ikindi vaxtına yükləmişlər. Allah (c. c.) bu vaxta and içərək, insanlara onun, Allahın (c. c.) yaratdığı şərəfli bir varlıq olduğunu ifadə etmişdir.

 

Üçüncü görüşə görə, "Əsr" ikindi namazı deməkdir. Buna dəlil olaraq Bəqərə Surəsinin 238-ci ayəsində keçən "və, ...orta namaza (ikindi namazına) da davam edin." əmri göstərilməkdədir. Hz. Hafza (r.ə.) Müqəddəs kitabında bu ayənin şərhi "ikindi namazına (salat el-Müasir)" şəklində keçməkdədir. Peyğəmbər Əfəndimiz(s. a. v) bir hədisində "İkindi namazını qılmayan kimsə, sanki ailəsini və malını-mülkünü itirmişdir." buyurmuşdur. (2) İkindi namazı, gündüz vaxtı qılınan ən son namaz olması etibarı ilə də çox qiymətli bir namazdır. Bundan ötəri Allah (c. c.) ona and içmişdir.

 

Dördüncü və son görüşə görə "Əsr", Peyğəmbər Əfəndimizin yaşadığı zaman dilimidir. Zaman, Hz. Adəmdən Hz. Musaya qədər ilk əsrlər, Hz. Musadan Hz. Peyğəmbərə qədər orta əsrlər, Hz. Peyğəmbərdən sonra isə son əsrlər (axır zaman) olaraq üçə ayrılmışdır. Hz. Peyğəmbərlə birlikdə İslam bütün insanlara və cinlərə, onları qaranlıqlardan işıqlıqlara çıxarmaq üçün göndərilmiş, vəhy son dəfə enmişdir. Və Allah (c. c.), "Siz insanlar üçün çıxarılmış ən xeyirli bir ümmət oldunuz." (Al İmran, 3/110) buyuraraq, Peyğəmbərimizin ümmətini tərifləmişdir. Buna görə, Allah (c.c.) Peyğəmbər əfəndimizin yaşadığı zamana and içmişdir.

 

Nəticə olaraq "Əsr" sözü, müxtəlif mənalara gələn müştərək bir sözdür. Və bunlardan birinə istiqamətli qəti bir ipucu yoxdur. O halda "Əsr" ə bu mənaların hamısı verilə bilər.

 

1 İbn Abbas

2 Buxari, Mevakit, 14; Müslim, Mesacid, 200, 201

 

Qaynaqlar:

Vəl-Əsr Təfsiri - Əhməd Həmdi Ağ isəyi

Təfsiri Kəbir - Fahruddin ər-Razi

Haqq Dini Quran Dili - Almalılı Həmdi Yazar.

Safvet üt tefasir - Məhəmməd Əli Essabuni



15-10-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz