Ana səhifə

RAMAZAN AYININ MƏNA VƏ ÖNƏMİ


Ramazan sözünün mənası

“Ramazan” ərəb sözü olub doqquzuncu qəməri ayının adıdır. Ramazan sözünün mənası və bu mübarək aya Ramazan deyilməsinin hikmətini belə açıqlayırlar:

Ramazan kəlməsi yayın sonunda, payız fəslinin əvvəlində yağıb yer üzünü tozdan təmizləyən və yağmur mənasını daşıyan “ramda” sözündən törəmişdir. Bu yağış əsasən yer üzünü təmizləyir. Bunun kimi Ramazan ayında da möminlər günah kirlərindən təmizlənir, qəlblərini paklaşdırırlar.

Bir başqa versiyaya görə, günəşin hədsiz istiliyindən daşların çox qızması mənasını verən “ramad” kəlməsindən əmələ gəlmişdir. Belə bir yerdə gəzən adamın ayaqları istidən yanır, əziyyət və məşəqqət çəkir. Eynilə bu misaldakı kimi, çox oruc tutan insan da aclıq və susuzluğun hərarətinə qatlaşır, əziyyət və məşəqqət çəkir, ürəyi yanır. Yaxud qızmar yer ayaqları yandırdığı kimi Ramazan da möminlərin günahlarını yandırır, yox edir.

Həqiqətən də, Ənəs ibn Malikdən (radiyallahu anh) rəvayət edilən bir hədis-şərifdə Həzrət Peyğəmbər Aleyhissalatu Vasəlam: “Bu aya Ramazan adının verilməsinin səbəbi günahları yandırmasıdır”,– buyurmuşdur. Elə isə mübarək Ramazan ayında oruc tutan və ixlasla tövbə edən möminlərin günahları yanır və beləcə, günah kirlərindən arınır, təmizlənirlər.

Bədiüzzaman həzrətləri “Risaleyi-Nur”larda Ramazan ayının əhəmiyyəti və hikmətindən çox əhatəli şəkildə bəhs edir:

“Ramazani-Şərifdəki oruc İslamiyyətin beş əsasından biridir. Həm İslam adətlərinin ən böyüklərindəndir.

Ramazani-Şərifdəki orucun həm Cənabi-Haqqın rubiyyətinə, həm insanın cəmiyyət həyatına, həm şəxsi həyatına, həm nəfsin tərbiyəsinə, həm İlahi nemətlərin şükrünə aid bir çox hikmətləri vardır. 

İyirmi doqquzuncu məktub

Ramazan orucunun adət (İslam nişanəsi) olması

Bu əhatəli və eyni zamanda qısa tərifdən anlayırıq ki, Ramazan ayı və bu ayda tutulan oruc İslam aləminin mühüm əlamətlərindəndir və olduqca önəmli İslam adətidir. Hər hansı bir ölkəyə gedərkən ilk əvvəl oranın simvolu olan bayrağı ilə qarşılaşdığımız kimi, Ramazan ayı da sanki İslam dünyasının o dərəcədə önəmli və ecazkar bayrağı, bir simvoludur. Ramazan ayı İslam simvolları və adətləri içərisində ən məşhuru və möhtəşəm ibadətlərindən biridir. Ustad həzrətlərinin Ramazana dair risaləsinin lap əvvəlində mövzuya şiarla başlaması məsələnin önəminə dəlalət edir.

İndiki dövrün insanı, belə deyək, şəxsiyyət böhranı keçirir. Nəqliyyat vasitələrinin və müasir rabitə əlaqələrinin inkişafının nəticəsində dünya sanki kiçik bir kəndə çevrilib. Müasir terminlə desək, bəşəriyyət qloballaşma periodunu yaşayır. Qloballaşmanın nəticəsində hər bir mədəniyyət öz dəyərləri ilə birlikdə digər mədəniyyətlərlə qaynayıb-qarışır. Bu da istər-istəməz mədəniyyətlərin bir-birinə təsiri və dəyərlərin qarşılıqlı ötürülməsi ilə müşayiət olunur. Əgər hər hansı mədəniyyət yüksək və ecazkar dəyərlərə sahib olmasa, digərlərinin içərisində assimilyasiyaya uğrayıb tarix səhnəsindən silinər. Bu səbəbdən də İslam dini müsəlman mədəniyyətinin daşıdığı dəyərlərə və adətlərinə çox böyük önəm vermiş və bu baxımdan çox möhtəşəm dəyərlər, dini adət-ənənələr ortaya qoymuşdur. Azan, salam vermək, ay, təsəttür, oruc, namaz kimi həm ibadət olan, həm də dini simvolizə edən adətlər bu qloballaşma şəraitində həm İslamın əsilliyini qoruyub saxlayır, həm də başqa zəif mədəniyyətlərə təsir göstərərək onların mahiyyətini dəyişdirir. İslam dininin adətlərinin və onu birbaşa simvolizə edən ibadətlərin şəxsi fərzlərdən daha önəmli olmasının səbəbi məhz budur. Ramazan orucu da bu baxımdan olduqca güclü simvol və dəyərli adətdir. Ustad həzrətləri mövzunun davamında Ramazan orucunun hikmət və faydalarından bir neçə başlıq altında qısaca bəhs etdikdən sonra bunları geniş şəkildə risaləsində izah edir. Biz bu izahlardan bəzilərinin üzərində duracağıq:

Ramazan orucunun Allahın rububiyətini hiss etməyimizdə və anlamağımızdakı rolu

Kainat bütün nemətləri özündə saxlayan və bütün ləzzətləri varlığında daşıyan böyük bir süfrədir. Eyni zamanda insanın bütün maddi-mənəvi duyğu və cəhətlərinə xitab edən mükəmməl bir süfrədir. Həm süfrələr içərisində müxtəlif süfrələr açılmış böyük bir süfrədir. Hər bir canlı bu süfrədən pay, hissə sahibidir. Bu süfrədə kiçik qarışqadan tutmuş ta böyük filə qədər hər bir canlının ehtiyacı və ruzisi hazırlanmışdır.

Bu süfrənin əsas qonağı isə insandır. Digər canlılar az və məhdud qabiliyyətləri çərçivəsində bu süfrədən faydalanırlar, ancaq insan geniş və bir çox xüsusiyyətlərin onda mükəmməl surətdə yaradıldığı fitrəti sayəsində sanki süfrənin hər bir hissəsindən bəhrələnir.

Bütün bu süfrənin mükəmməl surətdə tənzim edilib nizama salınması Allahın rububiyət sifəti ilə gerçəkləşir. Yəni Onun tədbirtərbiyə vəsfi olan Rububiyət sifəti ən kiçik qarışqadan tutmuş ən böyük filə qədər hər canlının ruzisi və tərbiyəsi ilə əlaqədardır, onların ən adi ehtiyaclarını da təmin edir.

Bu kainat süfrəsində Allahın şəfqət və tərbiyəsini şiddətli bir şəkildə elan edib göstərdiyi halda, əfsuslar olsun ki, insanlar bir qisim fəlsəfi fikirlərin və qəflətin nəticəsində süfrənin və İlahi tərbiyənin fərqində deyillər.

Ramazan məhz bu qəfləti qırmaq və dağıtmaq üçün bütün müsəlmanları möhtəşəm bir ordu hökmünə gətirib hər gün istədiyi cür yediyi, içdiyi şeyləri onlara qadağan edir və bununla da yemək üçün dəvət əmrini gözlətdirir, süfrənin və süfrə üstündə parlayan İlahi tədbir və tərbiyə nişanələrini bir anda Adəm övladına göstərir.

Və hər şeyin tədbir və tərbiyəsinin Allahın əlində olduğunu anladır. Bu idrak və şüurun təsiri ilə insanın külli bir qulluq və şükür içərisində yaşamasına səbəb olur. Oruc bir növ bu böyük süfrənin carçısı hökmündədir, bu həqiqəti insana hiss etdirir.

Ramazan orucunun cəmiyyətə faydaları

Bəşəriyyətin ən böyük müsibətlərinə iqtisadi faktorlar səbəb olmuşdur. Birinci və ikinci dünya müharibələrinin kökündə sinfi mübarizə yatır. Yəni əmək və sərmayə uğrunda mübarizə birinci və ikinci dünya müharibləri ilə nəticələnmişdir. Sinfi mübarizənin təməlində isə bölüşüb paylaşmamağın cəmiyyətdəki sosial balansı pozması durur. Dünyanın maddi resursları bir qrup insanların əlində toplandığı bir vaxt bəşəriyyətin böyük bir hissəsi aclıq və səfalət girdabında yaşamışdır. Bu natarazlığı aradan qaldırmaq ya mübarizə yolu ilə olmalıdır ki, bunun da aqibəti çox ağır fəlakətlər deməkdir. Birinci və ikinci dünya müharibələri bunu isbat edir. Ya da bu məsələnin həlli zəngin və kasıb sinfin arasında adil və şəfqətli bir şəkildə körpü qurmaqla mümkündür. İslam dini iki sinfi bir-biri ilə vuruşdurmaqdansa, onların arasında körpü quraraq toplumdakı tarazlığı təmin edir. Yəni zəkat və yardımlaşma körpüləri ilə zəngin və kasıb sinifləri bir-biri ilə qaynayıb-qarışdırır. Zənginə halal yolla qazan, işçinin haqqını ver, zəkat ilə kasıb-kusuba əl tut deyərək bir növ onu nəzarətdə saxlayır, kasıba da zənginə itaət et və hörmət bəslə deməklə iki sinif arasında ehtiram və sayğıya əsaslanan sağlam bir münasibət formalaşdırır. Bu münasibətlərin hakim olduğu bir cəmiyyət həm siyasi, həm iqtisadi baxımdan mütərəqqi və sivil toplum olar. Çünki iqtisadiyyat məhz etibar və asayişin nəticəsində inkişaf edir. Etibar və asayişin olmadığı yerdə isə iqtisadiyyat yox, müstəmləkəçilik və haqsız qazanc hakim olar. Bu da haramla yaşayan varlıları bir az da zəngin edir, kasıb isə daha çox səfil günə düşür.

Buradakı məna Ramazan orucunun bu sosial münasibbətlərdəki rolu, iki sinif arasında bir-birinə qarşı xoş münasibət formalaşdırmasıdır. Yəni oruc elə bir ibadətdir ki, bütün sosial təbəqləri bir ay ərzində bərabərləşdirir, hamını eyni şərtlər altına gətirir ki, digər sosial təbəqələrin vəziyyəti tam anlaşılsın. Yəni varlı və rifah səviyyəsi yüksək olan insanlar ilin bir ayında oruc vasitəsi ilə kasıb və ac qalaraq sanki sosial təbəqələrini dəyişirlər. Yoxsa ki başqa cür yaxşı münasibətin qurulması mümkün deyil.

Ramazan ayı da məhz zəkat ibadətinin, başqa sözlə, sosial təbəqələr arasında sağlam bir münasibətin vasitəçisi olur. İnsanlar bir-birinin halından və çətinliklərindən xəbərdar olurlar. Xəbərdar olan zəngin möminlər kasıb-kusubun halına qarşı etinasız, biganə qala bilməyəcəklərindən, əlbəttə, aralarında sıx dostluq və qardaşlıq bağı yaranacaq. Bu bağ böyük müsibətlərin önünü sədd kimi alacaqdır. Yəni sərmayə və əmək uğrunda mübarizənin qalxmasına əngəl olacaq.

Ramazan və zəkatın cəmiyyət üçün bu böyük faydası bəşəriyyətin yeganə qurtuluş yolu və düzgün üslubudur. Yoxsa ki sinfi mübarizəni və insanlar arasındakı düşmənçiliyi körükləyən fəlsəfi doktrinalar bəşəriyyətə xoşbəxtlikdən çox əzab və çətinliklər gətirir. Həqiqətən də, bunun keçmişdəki acı təcrübələrini bəşəriyyət öz üzərində sınamışdır.

Sonda onu qeyd edək ki, oruc varlı ilə kasıb arasında möhkəm körpü və gözəl münasibət qurmaq vasitəsidir. Varlı orucdakı aclıqla kasıbın halına düşür və onunla eyni vəziyyəti paylaşır, onun dərdinə şərik olur, köməyinə tələsir. Belə bir ramazan başqa heç bir dində və ideologiyada yoxdur.

Ramazan orucunun nəfsin tərbiyəsindəki rolu

Cənabı-Haqqın isim və sifətləri mütləq və əzəlidir. Onları tam mənada dərk edib mənalarına vaqif olmaq mümkün deyildir. Ona görə də insana bir qisim zəruri hislər verilmişdir ki, Allahın mütləq və mücərrəd olan isim və sifətləri müəyyən dərəcədə anlaşılsın və digər xüsuslarla müqayisə edilərək mənası başa düşülsün. Yoxsa ki bu nisbi və cüzi olan duyğulara güvənib, onların təsiri ilə qəflətə dalıb Yaradana meydan oxumaq üçün verilməmişdir.

Buna bir misalla aydınlıq gətirək. Çox zəngin və ixtiyar sahibi olan bir nəfər öz böyüklüyü və şan-şöhrətini anlatmaq, sərvəti idarə etməyin çətinliyinin, işlərin çoxluğunun, zənginliyin bir qisim ləzzətlərinin nə demək olduğunu göstərmək üçün çoxsaylı müəssisələrindən və fabriklərindən ikisinin idarəsini və gəlirini əmanət olaraq, əmri altında çalışan iki işçiyə bir illik müddətə təslim edir. Lakin belə bir şərt də qoyur ki, fabrikin mülkü, içərisindəki ləvazimatlar əskiksiz geriyə təhvil verilməlidir. Həmçinin hər şey onun adı ilə işlətdirilməli və onun əxlaq prinsipləri əsasında idarə edilməlidirlər. Bütün bunları o iki nəfərə qabaqcadan bildirir.

İki işçidən birincisi fabrikin idarəsinə başlayır və eynilə O zatın təlimatına uyğun hərəkət edir və onun çox cəhətlərini özlüyündə müqayisələr aparmaqla anlayır. Məsələn, düşünür ki, mən bu kiçik müəssisəni idarə edirəm, o zat isə minlərcəsini idarə edir. Mən bu qədər adamla məşğulam, minlərlə insan isə onun əmri altındadır. Bu müəssisənin gəlirinin çoxluğu, onun bu mülkünün sərvəti insanın başını gicəlləndirır. Bu düşüncələrin nəticəsində o Zata olan sevgi və sayğısı artır, heç bir zaman da orada müvəqqəti qaldığını, sadəcə olaraq, əmanət edilənin keşiyində durduğunu unutmur.

Bu davranışı ilə o zatın rəğbətini qazanır. O zat da onu çox böyük bir hədiyyə ilə mükafatlandırır.

Digər işçi isə ayağı fabrikə dəyər-dəyməz vəzifəsini və əsl kimliyini unudur. Dərhal fabrikin kimə məxsus olduğunu bildirən lövhəni götürüb yerinə öz adını həkk edir. İdarəetmədə o zatın qaydalarına tabe olmur. Müəyyən işlər üçün nəzərdə tutulmuş dəzgahları satıb pula çevirir. Əslində, əmanətin keşikçisi olduğunu və burada müvəqqəti qaldığını yaddan çıxarır. Fabrikin əsl sahibini inkar edir və ona meydan oxuyur. Həddini aşaraq ona əmanət edilən şeylərə özü yiyələnmək istəyir. Yalnız nümunə olan, ona düşünüb ibrət alması üçün verilmiş bacarıqlarını, xüsusiyyətlərini həqiqətin özü kimi qəbul edir. Ayna olduğunu inkar edir. Əsl fabrik sahibi olan zat da onu layiqli şəkildə cəzalandırır.

Bu misalda olduğu kimi, insanın vücudu da bir fabrik kimidir. O zat isə Allah-Təaladır. O iki işçidən biri mömin və həddini bilən, mənlik, sahiblik davasına uymayan, mənliyini və hislərini Allahın isim və sifətlərini anlamaq üçün çalışdıran insanları təmsil edir. Digəri isə, yiyəlik iddiasına qalxan, həddini aşan, ona aid olmayan şeyləri öz malı sayan, firon təbiətli kafirləri təmsil edir. O zatın xəbərdarlıqları və təlimatları isə İslamın prinsipləridir və s.

Oruc məhz insanın bu hislərini və şəxsiyyətini hərtərəfli surətdə tərbiyə və islah etməkdə ən mühüm vasitədir. İnsanı fironlaşmağa qədər aparıb çıxaran təkəbbür və lovğalığını, acizlik və zəifliyini ən gözəl şəkildə insana göstərən şey orucdur. Bu səbəbdən təsəvvüf və işrak fəlsəfəsində nəfsin islahı və tərbiyəsi mövzusunda riyazət, yəni ağır pəhriz önəmli yer tutur. Bütün övliya və əsfiyalar (saflıq, təqva və ülvi mənəviyyat sahibləri) da orucun qardaşı hökmündə olan riyazəti nəfsin islahında və tərbiyəsində istifadə etmişlər.

Nəfsin bu təməllük (sahiblənmə) və mənlik iddiasında, ildə heç olmazda, bir ay oruc tutaraq onun islahı və tərbiyəsi üçün səy göstərməyimiz qulluğumuzun və müsəlmanlığımızın gərəyi olaraq fərz buyurulmuşdur.

Ustad həzrətlərinin oruc ilə nəfs arasındakı münasibətə işarə edən bu gözəl ifadələrini də təqdim etməklə yazımızı yekunlaşdıraq:

“Ramazani-Şərifin orucu bilavasitə nəfsin yalançı rububiyətini qırmaq və insana acizliyini göstərməklə ubudiyətini bildirmək baxımdan bir çox hikmətlərdən biri də budur ki, nəfs Rəbbini tanımaq istəmir. Fironcasına öz rububiyətini istəyir. Ona nə qədər əzab verilsə də, bu damarını qoruyub saxlayır. Lakin aclıqla o damarı qırılır. Ramazan-Şərifdəki oruc bilavasitə nəfsin fironluq cəbhəsinə zərbə vurur, onu qırır. Acizliyini, zəifliyini, miskinliyini göstərir, qul olduğunu bildirir.

Hədis rəvayətlərində vardır ki :

Allah-Təala nəfsə demişdir: “Mən kiməm, sən nəsən?

Nəfs cavab vermiş: “Mən mənəm, Sən sənsən”.

Əzab verib cəhənnəmə atdıqdan sonra eyni şeyi yenidən soruşmuşdur. Nəfs yenə cavab vermişdir: “Ənə ənə, əntə əntə”. Hansı əzabı vermişdirsə, təkəbbüründən əl çəkməmiş.

Sonra ona aclıqla əzab verir. Yəni ac saxlayır. Yenə soruşur: “Mən ənə və mə əntə?” Nəfs bu dəfə deyir: “Əntə Rabbiyər-Rahim. Və ənə abdukəl-aciz”. Yəni “Sən mənim Rəbbimsən. Mən də Sənin aciz bir qulunam”.  İyirmi doqquzuncu məktub



02-07-2015 12:00:00