Ana səhifə

RAMAZAN FÜRSƏTİ


Dünya və axirət həyatı üçün əhəmiyyətli fürsətlər vardır. Bəzən ömür boyu çalışıldığı halda əldə edilə bilməyən qazanclar bir anda əldə edilə bilər. Buna şans, taleh deyilir. 

Qaçırılan fürsət nə qədər böyük olarsa, kədəri də o nisbətdə çox olar. Ticarət həyatında fürsətlər olduğu kimi, mənəvi ticarətdə də böyük imkanlar vardır. Bu fürsətlərin ən böyüyü Ramazan ayıdır. Çünki onda min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Allah Rəsulunun-sallalahu aleyhi və səlləm-ifadə etdiyi kimi, Ramazan ayında nafilə ibadət edən, digər aylarda fərzi yerinə yetirən kimi əcr qazanar. Ramazanda bir fərzi yerinə yetirən Ramazan xaricində yetmiş fərzi əda etmiş kimi savab qazanar. Orucun savabını Allah`dan başqa heç kim bilə bilməz, çünki hesabsızdır. Ramazanın ilk günündən etibarən rəhmət qapıları açılar, son günə qədər bağlanmaz. Ramazan gecəsində namaz qılan bir mömin üçün Allah-subhanəhu təala-hər bir rükət namaza qarşılıq min beş yüz (1500) həsənə yazar. Cənnətdə onun üçün qırmızı yaqutdan bir ev tikər ki, bu evin min qapısı vardır. Hər qapıda qırmızı yaqutla bəzənmiş qızıldan bir köşk vardır. Bir qul Ramazanın ilk günü orucunu tutduğunda, keçmiş Ramazandan bu yana işləmiş olduğu günahları bağışlanar. Səhər namazından günəş batmasına qədər hər gün yetmiş min mələk onun üçün bağışlanma diləyər. Ramazandakı hər səcdəsinə qarşılıq kölgəsi bir minəklinin beş yüz ildə qət edə biləcəyi böyüklükdə bir ağac lütf edilər. (Münzir, ət-Tərğib, 2/94) 

Bununla yanaşı, bir orucluya iftar verənin günahları bağışlanar, (bununla) özünü cəhənnəmdən xilas edər. Ziyafət verərək iftar verməsə belə, bir xurma və ya bir qurtum su ilə iftar versə belə eyni qazancı əldə edər.

Ramazaınn başı rəhmət, ortası bağışlanma, sonu isə cəhənnəmdən qurtuluşdur. Ramazanda cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular. Çünki savablar çoxalar, günahlar azalar. Məzlumun, ədalətli idarəçinin və iftar vaxtında oruclunun duası geri çevrilməz. Oruc cəhənnəmə qarşı bir qalxandır. Oruc və Quran qiyamət günü qula şəfaətçi olarlar. Oruc deyər ki: Ya Rəbbi! Onu yeməkdən və şəhvətdən uzaqlaşdırdım, məni oruclu üçün şəfaətçi et. Quran da: Ya Rəbbi! Onu yuxudan uzaqlaşdırdım, məni onun haqqında şəfaətçi et, deyər. Allah da onları şəfaətçi edər. (Tərğib, 2/84)

Göründüyü kimi Ramazan tamamilə mərhəmətdir, tamamilə fürsətdir. Hələ səksən üç illik bir ömrü əvəz edən min aydan daha xeyirli olan "Qədr Gecəsi"ni qiymətləndirmək tapılmaz bir fürsətdir. Üç qəpiklik endirim üçün mağaza-mağaza, market-market gəzənlər, endirim mövsümünü dörd gözlə gözləyənlər əbədi qazanc mövsümlərini nə üçün səbəb bilməzlər, bənzərsiz gəlirə necə biganə qala bilərlər?

Həqiqi qazancın axirət, həqiqi həyatın axirət olduğunu bilməyənlər nə yazıq insanlardır. Əsas olan fani qazancları baqi gəlirə çevirə bilməkdir.

Allah Rəsulunun-sallalahu aleyhi və səlləm-bildirdiyinə görə üç əhəmiyyətli fürsəti qaçıranlar Cəbrayıl tərəfindən belə bəd duaya məruz qalmışlar. Səhabədən Kab bin Ucrənin nəql etdiyinə görə Peyğəmbərimiz-sallalahu aleyhi və səlləm-belə buyurur:

"Minbər qarşısında yığılın. Ravi deyir ki: Biz də bundan sonra dərhal minbərin qarşısında toplandıq. Rəsulullah -sallalahu aleyhi və səlləm-birinci pilləyə çıxanda amin dedi. İkinci pilləyə çıxdığında da amin dedi. Üçüncü pilləyə çıxdığında yenə amin dedi. Minbərdən enincə biz Ona: Ya Rasulullah! Səndən bu günə qədər eşitmədiyimiz bir söz eşitdik, deyincə Allah Rəsulu-sallalahu aleyhi və səlləm-belə cavab verdi:

"Cəbrayıl mənə göründü və: Ramazan ayına çatıb, lakin bağışlanmayan şəxs Allah`ın rəhmətindən uzaq olsun, dedi. Mən də amin dedim. Minbərin ikinci pilləsinə çıxdıqda isə: Yanında adım xatırlandığı zaman salavat gətirməyən Allah`ın rəhmətindən uzaq olsun, dedi. Mən də amin dedim. Minbərin üçüncü pilləsinə çıxdıqda: Ana-atası və ya bunlardan biri yanında qocaldığı halda bunlar sayəsində cənnətə girə bilməyən şəxsə təəssüflər olsun, ilahi rəhmətdən uzaq olsun dedi. Mən də amin dedim." (Ət-Tərğib, 2/92)

Demək ki ilahi rəhməti qazanmağa ən çox vəsilə olan əməllərdən biri də Ramazan ayını fürsət bilib, onu layiqincə qiymətləndirməkdir. Onsuz da bayram etmək günahlardan təmizlənib cəhənnəmdən azad olmanın sevincini yaşamaqdır. Ən böyük qazanc ilahi əzab və qəzəbdən xilas olmaq, Allah`ın rızasına nail olmaqdır.

Allah Rəsulu-sallalahu aleyhi və səlləm-Ramazan ayını haqqıyla keçirənlərin bayram səhərindəki xoşbəxt hallarını belə ifadə edir:

"Ramazan bayramının səhərində mələklər yol ağızlarında dayanıb belə deyəcəklər: Ey müsəlmanlar birliyi! Səhər tezdəndən comərd olan Rəbbinizin lütfkarlığına tələsin. O ikram edər, sonra bol savab verər. Sizə əmr olunan gecə namazını (təravih) qıldınız, sizə əmr olunan gündüz orucunu tutdunuz. Beləcə Rəbbinizə itaət etdiniz. Buyurun qazancınızı alın. Möminlər bayram namazını qıldıqları zaman mələklərdən bir münadi (nida edən/səslənən) belə səslənər: Xəbəriniz olsun Rəbbiniz sizi bağışladı. Salamatlıq içində işlərinizə qayıdın. Bu gün mükafat günüdür. " (Ət-Tərğib, 2/153)

Ramazan ayındakı fürsətlər yalnız oruc tutmaq, təravih namazı qılmaqdan ibarət deyildir. Bununla birlikdə çoxlu Qur`an oxumaq, Qur`anı xətm etmək, fitr sədəqəsi vermək, etikafa girmək də böyük mənəvi qazanclar əldə etmə vəsiləsidir. Hədis Hafizi Beyhəqinin rəvayətinə görə, Ramazanın on gününü etikafla keçirən iki həcc və iki ümrə savabına nail olar. (Ət-Tərğib, 2/149) Digər bir hədisi-şərifə görə isə, bir gün etikafa girən şəxslə cəhənnəm arasına üç xəndək açılar, hər bir xəndəyin genişliyi yerlə göy arası qədərdir.

İldə bir dəfə gələn on bir ayın sultanı Ramazan, qulluqdakı çatşmazlıqların kompensəsi üçün tam bir fürsətdir. Ramazan mənəvi xəstəliklərin müalicə edildiyi mənəvi bir şəfa ocağıdır. Günahların təmizləndiyi mükəmməl bir hamamdır. Bir qulluq məktəbidir. Yardımlaşma, qaynaşma, həmrəylik, qardaşlıq və sevgi mövsümüdür. Ruhlar təmizlənər, bədənlər yüngülləşər, maddi-mənəvi sağlamlığa qovuşular. Çirklərdən təmizlənmək, qulluq məktəbini müvəffəqiyyətlə bitirmək, "könüllərin cərəyanla təmin edilməsi" yeni bir həyata eşqlə, şövqlə yeni və təzə bir güc və həyəcanla başlama vəsiləsidir. Hər Ramazan yeni bir həyatın başlanğıcı deməkdir.

Bütün bu qazanclar Ramazanı yaşamaqla əldə edilər. Onsuz da Ramazani izah etmək mümkün deyil, o yaşanar, yaşanmayan şeylərin təsviri yalnız xəyalları bəzəyər. Dadına baxılmayan yeməyin dadı bilinməz. Doymaq üçün yemək, susuzluğu yatırmaq üçün içmək lazımdır. Yemək və suyun təsvir edilməsi ilə doymaq və sərinləmək mümkün deyildir. Orucu yaşamaq, təravihi yaşamaq, sahuru, iftarı yaşamaq... Əməl həyatdır, hərəkətsizlik ölümdür, əməlsizlik də bir növ mənəvi ölümdür. Biz Qur`anla, Ramazanla, namazla, orucla canlıyıq. İbadətlər ürək atışıdır, dirilik işarəsidir. Dini həyatın canlılığı başqa nə ilə ifadə edilə bilər ki?

Yeni bir Ramazan, yeni bir fürsət, yeni bir həyat ... İbadətsiz, Qur`nsız, qiyamsız (namazsız) bir həyat boyattır. Boyatlayan şeylər iy verər, çürüyər. İbadətlərlə hər an təzələnmək, hər an yenilənmək lazımdır, həyatın davamı yenilənməklə mümkündür. İmanın belə yenilənməyə ehtiyacı vardır. Çünki Allah Rəsulu-sallalahu aleyhi və səlləm-belə buyurur:

"İmanınızı yeniləyin. Bəs imanımızı necə yeniləyəcəyik ey Allahın Rasulu deyildiyində, Allah Rəsulu (buyurdu): 

Kəlmeyi-i tövhidi çox söyləyərək."(Kəşful-Hafa, 1/332)

Nəticə olaraq deyə bilərik ki, Ramazan, həm imanın həm də tamamilə dini və ictimai həyatın yenilənməsi üçün ən böyük fürsətdir. Bu fürsəti əldən verməyənlər nə xoşbəxtdir!

Müəllif: Əli Rza



12-07-2014 12:00:00