Ana səhifə

Risalət və vəlayət nədir?


YazdırSend to friend

Risalət, Allahdan təvzif (vəzifələndirmə), vəlayət isə Allaha yüksəlişdir. Yəni, Allah bəzi insanları, insanlara rəsul olaraq göndərmişdir. Bu bir vəzifələndirmədir.

 

"Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir." (Ənam Surəsi, 124)

 

 ayəsinin hökmünə görə, kim buna layiqdirsə, vəzifələndirilər. İlk insan Hz. Adəm, eyni zamanda ilk peyğəmbərdir.

 

"Hər ümmətin bir elçisi vardır." (Yunus Surəsi, 47)

 

ayəsinin ifadə etdiyi kimi, hər qövmə peyğəmbər göndərilmişdir. Hz. Məhəmməd (s.ə.v.), son peyğəmbərdir (Əhzab Surəsi, 40). Risaləti bütün insanlığa şamildir.

Risalət, Peyğəmbərimizlə nöqtələnmişdir. Lakin vəlayət davam etməkdədir. Risalət və vəlayət, bir-birinə qarışmayan iki dəniz kimidir. Heç bir vəli nəbi mərtəbəsinə çata bilməz.

Vəlayət, risalətin bir dəlilidir. Risalətin təbliğ etdiyi iman həqiqətlərini vəlayət bir növ qəlbi müşahidə və ruhani zövq ilə, aynəlyəqin dərəcəsində görür, təsdiq edir. (1)

Risalətə möcüzə verilmişdir, vəlayətə də kəramət. Kəramət, Allahın vəli qullarında meydana gələn xariqüladə hallardır. Məsələn, könüllərdən keçəni bilmək, bastı-zaman və tayyı-məkan kimi.

Vəlayət üçün mütləq kəramət şərt deyil. Bütün övliyalardan daha üst mərtəbədə olan əshabələrdə kəramətin çox görülməmiş olması, bunu isbat edir. Əsri-səadətdən danışan kitablarda zikr edilən kəramətlərin sayı, üç-beş dənədir. Bunlardan ən məşhuru, Hz. Ömərin xilafəti dövründə Mədinədə bir gün xütbədə ikən "Ya Sariyə! Dağa, dağa!" deyə qışqırmasıdır. Sariyə, Hz. Ömərin komandiridir. O əsnada İranda atəşpərəstlərə qarşı döyüşdə idi. Hz. Ömərin səsini eşidir. Ordunun kürəyini dağa yaslayır və qalib gəlir. (2)

Kəramətdən daha mühümü, istiqamətdir.

 

"Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğruçu olun!" (Hud Surəsi, 112)

 

 ayəsi, istiqaməti əmr edir. Təriqətdən məqsəd kəramət deyil, istiqamət olmalıdır. Çünki, "Bu dünya, darül- hikmətdir, darül-xidmətdir. Darül-ücrət və mükafat deyil." (3)

Allahın vəli qulları hər dövrdə olmuşlar və qiyamətə qədər də olmağa davam edəcəklər. Vəli, görüldüyündə Allah xatirə gələn kimsədir. (4) Belə insanlar,

 

 "Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. " (Yunus Surəsi, 62)

 

 ayəsinin məzhəridirlər. İç aləmləri çalxalanmaqdan uzaqdır. Hüzur və əminliyə çatmışlar. İç aləmlərindəki nuraniyyət, xariclərinə də əks etmişdir. Onları görmək, insana hüzur verir, müqəddəs şeyləri xatırladır.

Vəlilər rəhmətin cəlbinə, bəlaların uzaqlaşdırılmasına vəsilədirlər. Bir mənəvi cazibə sahəsinə sahibdirlər. Ordudakı zabitlərin rütbələri kimi, onların da rütbələri vardır. İndi-İlahidə məqbul insanlar olduqlarından, onlara düşmənlik edənlər, səmavi fəlakətlərə məruz qalarlar.

Qaynaqlar:

1. Nursi, Məktubat, s. 444

2. Cəlaləddin Süyuti, Tarihul-Hulefa,s.117, Sadeddin Taftezani, Şerhul Əqaid,s.78-79

3. Nursi, Məktubat, s. 451

4. İbnu Macə, Zühd, 4



26-04-2011 12:00:00

Düğüme özel