Ana səhifə

Şəhid kimə deyilir ?


YazdırSend to friend

Yüksək bir mərtəbə olan şəhidlik müsəlmanın ölümü ilə ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur.

Bildiyimiz kimi şəhidliyin əsas mənası müsəlmanın canını Allah yolunda fəda etməsidir. Şəhidlik İslami bir dəyərdir, kökü Allah`ın kitabı Qur`ana bağlıdır. Belə ki, bir ayədə Uca Allah buyurur:

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. (əl-Bəqərə, 154)

İslam hüquqçuları şəhidi üç növə ayırırlar:

1. Həm dünya, həm də axirət etibarı ilə şəhid olanlar

Bu qrupa aid olan şəhidlər o kimsələrdir ki, qeyri-müsəlmanlarla və ya quldurlarla döyüş nəticəsində öldürülən və ölüm zamanı ağıllı və həddi-buluğa çatmış müsəlmandır. Eyni zamanda malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən döyüş yerində dərhal öldürülmüş olan mükəlləf müsəlmanlar da bu şəhidlərdəndir. Bunlar kamil şəhiddirlər. Bu şəhidlər yuyulmaz, kəfənlənməz, qanlı paltarları ilə dəfn edilərlər.

2. Dünya baxımından şəhid olanlar

Zahirən müsəlman görünən, əslində isə nə olduğunu yalnız Allah bilən, ancaq müsəlmanların səfində vuruşaraq düşmən tərəfindən öldürülən hər hansı bir şəxs dünya hökmü ilə şəhiddir. Birinci qrupdakı şəhidlərə olan müamilə onlara da edilər. Yalnız bunlar axirət hökmü ilə şəhid sayılmazlar.

3. Axirət hökmünə görə şəhid olanlar

Bu qrupda olanlar birinci qrupdakı kamil şəhidlərdən bəzi şərtlər baxımından əksik olduqları üçün onlar yuyulub, kəfənləndikdən sonra dəfn edilərlər. Məsələn döyüşdə aldığı yaradan o an ölməyib, yeyib içdikdən, dərman qəbul etdikdən və üstündən bir namaz vaxtı keçdikdən sonra həyatını itirənlər bura daxildir. Buna misal olaraq Həzrət Öməri göstərmək olar. Abdullah ibn Ömər rəvayət edir ki;

“Ömər ibn Xəttab şəhid olduğu halda yuyuldu, kəfənləndi, üzərinə namaz qılındı”. (Muvatta.Cihad, 36, (2,463)

Eyni zamanda suda boğulan, odda yanan, vəba, taun, ishal, qızdırma kimi xəstəliklərdən ölənlər, qürbətdə elm öyrənərkən həyatını itirənlər, hamilə ikən və ya doğuş zamanı ölənlər, zülmə məruz qalaraq, canını, malını, namusunu, torpağını qoruyarkən öldürülənlər əgər dinlərinə bağlı insanlar olmuşlarsa bunlar da axirət şəhidi sayılırlar.

Şəhidlərin kimliyi haqqında Rəsulullah sallallahu aleyhi səlləm-dən xeyli rəvayətlər var.

Əbu Hüreyrə rəvayət edir ki, Rəsulullah (s.ə.s) soruşdu:

“İçinizdən kimə şəhid deyirsiniz?” Səhabələr cavab verdilər: “Ya Rəsulallah, Allah yolunda öldürülən şəhiddir” Rəsulullah (s.ə.s) buyurdu: Elə isə ümmətimin şəhidləri azdır”. Ya Rəsuləllah, bəs kimlər şəhiddir”, -deyə səhabələr soruşdular. Rəsulullah (s.ə.s) belə cavab verdi: Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, taun xəstəliyindən ölən şəhiddir, qarnı səbəbi ilə ölən şəhiddir. (Müslim, İmarət, 165. Tirmizi, Cənaiz, 65 (1063)

Bu hədisdə keçən qarnı səbəbi ilə ifadəsi alimlərə görə qarında mövcud olan bəzi xəstəliklər və eyni zamanda hamiləlik səbəbi ilə ölümlərə aiddir. Hədisdən göründüyü kimi Rəsulullah (s.ə.s) şəhidliyi Allah yolundan başqa ölümlərə də aid etmiş və şəhadətin çərçivəsini daha da genişləndirmişdir. İmam Malik və Tirmizinin nəql etdiyi bir rəvayətdə də “Bu beş adam şəhiddir, -deyərək, yuxarıda keçənləri zikr etdikdən sonra dağıntı altında qalan da şəhiddir -deyə əlavə etmişdir.

Cabirdən rəvayət edilən bir hədisdə də Rəsulullah (sallallahu aleyhi və səlləm)-in Qarnında uşağı olduğu halda ölən qadın da şəhiddir dediyi bildirilir.

Səid bin Zeyd (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (s.ə.s)-in belə dediyini eşitdim:

“Kim malını müdafiə etdiyi zaman öldürülərsə şəhiddir. Kim qanını müdafiə edərkən öldürülərsə şəhiddir. Kim dinini müdafiə etdiyi zaman öldürülərsə şəhiddir. Kim ailəsini müdafiə etdiyi zaman öldürülərsə o da şəhiddir”. (Tirmizi, Diyət 22, (1418, 1421) Əbu Davud, Sünnə 32, (4772)

Yuxarıdakı hədislərdə Allah yolunda deyil, fərqli istiqamətlərdə həyatlarını itirənlərin şəhidliyindən bəhs edilməkdədir. Bütün bunlarla yanaşı unutmamaq lazımdır ki, insanların bu məqamı qazanarkən müsəlman olması və dininə bağlı olması əsas şərtdir.

“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər. (Ali-İmran: 169)

Allah bizə şəhid olmağı nəsib etsin ! Amin !



21-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz