Ana səhifə

Səkkizinci Söz: Dünya və İnsan


YazdırSend to friend

بِسْمِ الَلّهِ الرّحْمنِ الرّحِيمِ

اَلَلّهُ لاَ اِلهَ اِلاَّ هُوَ اْلحَىُّ الْقَيُّومُ اِنَّ الدِينَ عِنْدَ اللّهِ اْلاِسْلاَمُ

Bu dünya və dünya içindəki insan ruhu, insanda dinin mahiyyət və qiymətlərini və əgər haqq din olmazsa, dünyanın bir zindan olduğunu, dinsiz insan isə ən bədbəxt məxluq olduğunu və bu aləmin tilsimini açan, bəşər ruhunu zülmətdən qurtaran يَآاَللّه və لآَاِلهَاِلاَّاللّهُ olduğunu anlamaq istəsən, bu ibrətli hekayəciyə bax, dinlə:

Qədim zamanda iki qardaş uzun bir səyahətə birlikdə gedirdilər. Getgedə ta yol ikiləşdi. O iki yolların başında ciddi bir adam görürlər.

Ondan soruşdular: "Hansı yol yaxşıdır?"

O adam onlara dedi: "Sağ yolda qanun və nizama tabe olma məcburiyyəti vardır. Fəqət, o məcburiyyət içində bir əmniyyət və səadət vardır. Sol yolda isə sərbəstlik və hürriyyət vardır. Fəqət o sərbəstlik içində bir təhlükə və bəla vardır. İndi seçmək ixtiyarı sizdədir".

Bunu dinlədikdən sonra gözəl xasiyyətli qardaş تَوَكَّلْتُعَلَىاللّهِ deyib sağ yolla getdi və nizam və intizama tabe olmağı qəbul etdi. Əxlaqsız və sərsəri olan digər qardaş isə sırf sərbəstlik üçün sol yolu seçdi. Zahirən xəfif, mənən ağır vəziyyətdə gedən bu adamı xəyalən təqib edək:

Bu adam dərədən-təpədən aşıb, get-gedə ta boş bir səhraya girdi. Birdən müdhiş bir səda eşitdi. Baxdı ki, dəhşətli bir aslan meşəlikdən çıxıb ona hücum edir. O da qaçdı. Altmış arşın dərinliyində susuz bir quyuya rast gəldi. Qorxusundan özünü quyuya atdı. Yarısına qədər düşüb əlləri bir ağaca yapışdı. Quyunun divarında göyərmiş ağacın iki kökü vardı. İki kəsəyən – biri ağ, biri qara həmin iki kökü kəsirdi. Yuxarıya baxdı, gördü ki, aslan növbətçi kimi quyunun başında gözləyir. Aşağıya baxdı, gördü ki, dəhşətli bir əjdaha var. Əjdaha başını qaldırıb onun otuz arşın yuxarıdakı ayağına yaxınlaşdırıb. Ağzı da quyu ağzı kimi genişdir. Quyunun divarına baxdı, gördü ki, sancan, zərərli həşərat ətrafını bürümüşdür. Ağacın başına baxdı, gördü ki, bir əncir ağacıdır. Fəqət xariqə olaraq, müxtəlif ağacların – cevizdən nara qədər – başında meyvələri var. Məhz bu adam mənfi düşüncəsindən, ağılsızlığından anlamır ki, bu, adi iş deyil.

Bu təsadüfi ola bilməz. Bu, qeyri-adi işlər içində qəribə sirlər var. Və çox böyük bir işlədicinin var olduğunu dərk etmədi. İndi bunun qəlbi, ruhu və ağlı bu ələmli vəziyyətdən gizli fəryadü-fəğan etdikləri halda, nəfsi, guya, heç nə olmayıbmış kimi cahillik edib, ruh və qəlbin ağlamasından qulağını qapayıb, öz-özünü aldadaraq, bir bağçadaymış kimi ağacın meyvələrindən yeməyə başladı. Halbuki o meyvələrin bir qismi zəhərli və zərərli idi.

Bir hədis-i qüdsidə Cənab-ı Haqq buyurmuş:  اَنَاعِنْدَظَنِّعَبْدِىبِى

Yəni "Qulum məni necə tanısa, onunla elə rəftar edərəm".

Bu bədbəxt adam su-i zənn və ağılsızlığı ilə gördüyünü adi və həqiqət zənn etdi. Odur ki, elə də qarşılıq gördü, görür və görəcək də! Nə ölür ki, qurtulsun, nə də yaşayır, beləcə əzab çəkir. Biz də bu bədbəxti əzab içində buraxıb dönəcəyik. Ta ki o biri qardaşın halını anlayacağıq.

Bəli, bu mübarək ağıllı adam gedir. Lakin qardaşı kimi çətinlik çəkmir. Çünki gözəl əxlaqlı olduğundan gözəl şeyləri düşünər, gözəl xülyalar qurar. Öz-özünə ünsiyyət edər. Həm də qardaşı kimi zəhmət və məşəqqət çəkmir. Çünki nizamı bilir, tabe olur, asanlıq görür. Asayiş və əmniyyət içində sərbəst gedir. Bir bağçaya rast gəlir. İçində gözəl çiçək və meyvələr var. Baxımsız olduğu üçün murdar şeylər də var. Qardaşı da belə bir yerə rast gəlmişdi. Lakin murdar şeylərə diqqət yetirib məşğul olub, mədəsini bulandıraraq, heç istirahət etmədən çıxıb getmişdi. Bu şəxs isə "Hər şeyin yaxşı cəhətinə bax" deyiminə əməl edib murdar şeylərə heç baxmadı. Gözəl şeylərdən gözəl istifadə etdi. Yaxşica istirahət edərək çıxıb gedir.

Sonra get-gedə bu da əvvəlki qardaşı kimi bir böyük səhraya girdi. Birdən hücum edən bir aslanın səsini eşitdi. Qorxdu, lakin qardaşı qədər qorxmadı. Çünki gözəl niyyət və gözəl fikri ilə: "Bu səhranın bir hakimi var. Və bu aslanın o hakimin əmri altında bir xidmətkar olması ehtimalı var" – deyə düşünüb təsəlli tapdı. Fəqət yenə qaçdı. Ta altmış arşın dərinliyində bir susuz quyuya rast gəldi, özünü quyuya atdı. Qardaşı kimi ortasında bir ağacdan yapışdı, havada asılı qaldı. Baxdı ki, iki heyvan o ağacın köklərini kəsir. Yuxarıya baxdı, aslan, aşağıya baxdı, bir əjdaha gördü. Eynilə qardaşı kimi həmin vəziyyətə düşdü. Bu da qorxdu, fəqət qardaşının dəhşətindən min dəfə xəfif. Çünki gözəl əxlaqı ona gözəl fikir vermişdi və gözəl fikir isə ona hər şeyin gözəl cəhətini göstərirdi. Məhz bu səbəbdən belə düşündü ki, bu qeyri-adi işlər bir- biri ilə əlaqədardır. Həm bir əmrlə hərəkət edirlər, kimi görünür. Elə isə bu işlərdə bir tilsim vardır. Bəli, bunlar bir gizli hakimin əmri ilə baş verir. Elə isə mən yalnız deyiləm, o gizli hakim mənə baxır; məni sınayır, bir məqsəd üçün məni bir yerə sövq edib dəvət edir.

Bu şirin qorxu və gözəl fikirdən bir maraq hissi oyanır: "Görəsən, məni sınayıb özünü mənə tanıtdırmaq istəyən və bu qeyri-adi yolla bir məqsədə sövq edən kimdir?"

Sonra tanımaq marağından tilsim sahibinin məhəbbəti nəşət etdi və bu məhəbbətdən tilsimi açmaq arzusu nəşət etdi və o arzudan tilsim sahibini razı edəcək və xoşuna gələcək bir gözəl vəziyyət almaq iradəsi nəşət etdi.

Sonra ağacın başına baxdı, gördü ki, əncir ağacıdır. Fəqət başında minlərlə ağacın meyvələri vardır. O vaxt tamamilə qorxusu getdi. Çünki qəti anladı ki, bu əncir ağacı bir lövhədir, bir sərgidir. O gizli hakim bağ və bostanındakı meyvələrin nümunələrini bir tilsim və bir möcüzə ilə o ağaca taxmış və öz müsafirlərinə hazırladığı nemətlərə bir işarə surətində o ağacı zinətləndirmiş olmalı. Yoxsa bir ağac minlərlə ağacın meyvəsini verməz.

Sonra duaya başladı. Ta ki tilsimin açarı ona ilham oldu. Səsləndi ki: "Ey bu yerlərin hakimi! Sənin bəxtinə düşdüm. Sənə sığınıram, sənə xidmətkaram və sənin rizanı istəyirəm, səni arayıb-axtarıram". Və bu niyazdan sonra birdən quyunun divarı yarılıb şahanə, xoş və gözəl bir bağçaya qapı açıldı. Sanki, əjdaha ağzı o qapıya çevrildi, o aslan və əjdaha iki xidmətçi surətini aldılar, onu içəriyə dəvət etdilər. Hətta o aslan ona itəatkar bir at şəklinə girdi.

Ey tənbəl nəfsim! Və ey xəyali yoldaşım!

Gəlin, bu iki qardaşın vəziyyətini müqayisə edək. Baxaq yaxşılıq necə yaxşılıq gətirir və pislik necə pislik gətirir, görək, bilək.

Baxın, sol yolun bədbəxt yolçusu, hər vaxt əjdahanın ağzına girməyə müntəzirdir, titrəyir. Bu bəxtiyar isə meyvədar və gözəl bir bağçaya dəvət edilir. O bədbəxt, ələmli bir dəhşətdə və böyük bir qorxu içində qəlbi parçalanır. Bu bəxtiyar isə ləziz bir ibrət, şirin bir xof, məhbub bir mərifət içində qəribə şeyləri seyrü-tamaşa edir. Həm o bədbəxt, vəhşət, tənhalıq, məyusluq və kimsəsizlik içində əzab çəkir. Bu bəxtiyar isə ünsiyyət, ümid və şövq içində ləzzət alır. Həm o bədbəxt özünü vəhşi canavarların hücumuna məruz bir məhbus hökmündə görür. Və bu bəxtiyar isə bir əziz müsafirdir ki, mehmanı olduğu Mehmandar-ı Kərimin qeyri- adi xidmətkarları ilə ünsiyyət qurub əylənir. O bədbəxt zahirən ləziz, mənən zəhərli meyvələri yeməklə əzabını sürətləndirir. Çünki o meyvələr nümunələrdir. Dadmağa izin var, ta ki əsillərinə talib olub müştəri olsun. Yoxsa heyvan kimi yeməyə izin yoxdur. Bu bəxtiyar isə dadar, işi anlar. Yeməsini təxir edər və intizar ilə ləzzət alar. Həm o bədbəxt öz- özünə zülm etdi. Gündüz kimi aydın bir həqiqəti və parlaq bir vəziyyəti bəsirətsizliyi ilə özünə qaranlıq və zülmətlı bir vahimə, bir cəhənnəm şəklinə gətirdi. Nə şəfqətə layiqdir, nə də kimsədən şikayətə haqqı vardır.

Məsələn, bir adam gözəl bir bağçada, dost-tanışın arasında, yaz mövsümündə xoş bir ziyafətdəki kefə qənaət etməyib özünü pis içkilərlə sərxoş edib; özünü qışın ortasında, canavarlar içində ac, çılpaq zənn edib bağırmağa və ağlamağa başlasa, əlbəttə ki, şəfqətə layiq deyil, öz-özünə zülm edir. Dostlarını canavar görüb, təhqir edir. Məhz bu bədbəxt də elədir. Ancaq bu bəxtiyar isə həqiqəti görür. Həqiqət isə gözəldir. Həqiqətin hüsnünü dərk etməklə, həqiqət sahibinin kamalına hörmət edir. Rəhmətinə layiq olur. Bəli, "Yamanlığı özündən, yaxşılığı Allahdan bil" olan Quranın hökmünün sirri zahir olur. Daha bunlar kimi sair fərqləri müvazinə etsən, anlayacaqsan ki, əvvəlkinin nəfsi ona mənəvi cəhənnəm hazırlamışdı. O birinin təmiz niyyəti, gözəl zənni, gözəl xasiyyəti və gözəl fikri onu böyük bir ehsan və səadətə, parlaq bir fəzilətə və feyzə qovuşdurmuşdu.

Ey nəfsim və ey nəfsimlə birlikdə bu hekayəni dinləyən adam!

Əgər bədbəxt qardaş olmaq istəməsən və bəxtiyar qardaş olmaq istərsən, Quranı dinlə və hökmünə tabe ol. Ona yapış və hökmü ilə əməl et.

Bu ibrətli hekayədə olan həqiqətləri əgər fəhm etdinsə, dinin, dünyanın, insanın və imanın həqiqətini ona tətbiq edə bilərsən. Mühümlərini mən söyləyəcəyəm. İncələrini sən özün anla.

Bax! O iki qardaşın biri mömin ruhlu və saleh qəlbli, digəri kafir ruhlu və fasiq qəlblidir. O iki yoldan sağ tərəf Quran və iman yoludur. Sol tərəf isə üsyan və küfr yoludur. O yoldakı bağça isə bəşər cəmiyyəti və insan mədəniyyəti içindəki müvəqqəti ictimai həyatdır ki, xeyir və şər, yaxşı və pis, təmiz və çirkli şeylər orada bərabərdi.

Ağıllı odur ki, خُذْمَاصَفَادَعْمَاكَدَرْ qaydası ilə əməl edər, sağ-salamat gedər. O səhra isə yer kürəsi və dünya, o aslan isə ölüm və əcəldir. O quyu isə insan bədəni və həyat müddətidir, o altmış arşın dərinlik isə orta yaş və təxmini ömür olan altmış yaşa işarədir və o ağac isə ömür müddəti və həyatdır. O qara və ağ iki heyvan isə gecə və gündüzdür. Əjdaha isə ağzı qəbir olan bərzaxın yolu və axirətə açılan yerdir. Fəqət o ağız mömin üçün zindandan bir bağçaya açılan bir qapıdır. Və o zərərli həşəratlar isə dünyəvi müsibətlərdir. Fəqət möminə qəflət yuxusuna dalmamaq üçün şirin İlahi tənbehlər və Rahmani iltifatlar hökmündədir. Ağacdakı meyvələr isə dünyəvi nemətlərdir ki, Cənab-ı Kərim-i Mütləq onları axirət nemətlərinə bir sərgi, həm xatırladıdıcı, həm də Cənnət meyvələrinə müştəriləri dəvət edən nümunələr surətində yaratmışdır. Və o ağacın birliyi ilə bərabər müxtəlif meyvələr verməsi isə Qüdrət-i Samədaniyənin sikkəsinə və İlahi Rububiyyətinin möhrünə və Üluhiyyət səltənətinin damğasına işarədir.

Çünki "Bir şeydən hər şeyi yaratmaq" – yəni bir torpaqdan bütün nəbatat və meyvələri yaratmaq; bir sudan bütün heyvanları xəlq etmək; həm də bəsit bir yeməkdən heyvanların bütün üzvlərini icad etmək; bununla yanaşı "Hər şeydən bir şeyi yaratmaq" – yəni canlıların yediyi müxtəlif növ təamlardan o canlıların vücudlarını yaratmaq, sadə bir cild toxumaq kimi sənətlər Zat-i Əhad-i Saməd olan Sultan-ı Əzəl və Əbədin xüsusu sikkəsi, xüsusi möhrü, təqlid edilməz damğasıdır. Bəli, bir şeydən hər şeyi və hər şeydən bir şey yaratmaq hər şeyin Xaliqinə xas və Qadir-i Küll-i şeyə məxsus bir nişandır, bir ayədir. Və o tilsim isə iman sirri ilə açılan yaradılışın hikmət sirridir, o açar isə: يَا اَللّهُ لآَ اِلهَ اِلاَّ اللّهْ اَللّهُ لآَ اِلهَ اِلاَّ هُوَ اْلحَىُّ الْقَيُّومُ dur. Əjdaha ağzının bağça qapısına çevrilməsi isə ona işarədir ki, qəbir, zəlalət və küfr əhli üçün yalnızlıq və unudulmuşluq içində zindan kimi sıxıntılı, əjdaha bətni kimi dar bir məzara açılan qapı olduğu halda, Quran və iman əhli üçün dünya zindanından əbədiyyət bağçasına, imtahan meydanından Cənnət bağçalarına, həyat zəhmətindən Rahmanın rəhmətinə açılan bir qapıdır. Və o vəhşi aslanın da ünsiyətli bir xidmətkara çevrilməsi, itaətkar bir at olması buna işarədir ki, ölüm, zəlalət əhli üçün bütün sevdiklərindən ələmli, əbədi bir ayrılıqdır. Həm öz yalançı dünya cənnətindən çıxarılma və qovulma və vəhşət və yalnızlıq içində qəbir zindanına və həbsə girmə olduğu halda, hidayət və Quran əhli üçün o biri aləmə getmiş dost və sevdiklərinə qovuşmaq vəsiləsidir. Həm həqiqi vətənlərinə və əbədi səadət məkanlarına girməyə vasitədir. Dünya zindanından Cənnət bağçalarına bir dəvətdir. Həm də Rahman-i Rahimin ehsan və kərəmindən öz xidmətinə müqabil mükafat almaq üçün bir növbədir. Eyni zamanda həyat yükünün çətinliklərindən bir tərxisdir. Həm ibadət və imtahanın təlim və təlimatından bir sərbəstlikdir.

Xülasə, hər kim fani həyatı əsas məqsəd etsə, zahirən bir Cənnət içində olsa da, mənən cəhənnəmdədir və hər kim əbədi həyatı ciddi düşünsə, iki dünya səadətinə nail olacaqdır. Dünyası nə qədər ağır, çətin və sıxıntılı olsa da, dünyasını Cənnətin intizar salonu hökmündə gördüyü üçün xoş görər, dözər, səbir içində şükür edər...


اَللّهُمَّ اجْعَلْنَا مِنْ اَهْلِ السَّعَادَةِ وَ السَّلاَمَةِ وَ الْقُرْاَنِ وَ اْلاِيمَانِ آمِينْ اَللّهُمَّ صَلِّ وَ سَلِّمْ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَ عَلَى آلِهِ وَ صَحْبِهِ

بِعَدَدِ جَمِيعِ الْحُرُوفَاتِ الْمُتَشَكِّلَةِ فِى جَمِيعِ الْكَلِمَاتِ الْمُتَمَثِّلَةِ بِاِذْنِ الرَّحْمنِ فِى مَرَايَا تَمَوُّجَاتِ الْهَوَآءِ عِنْدَ قِرَآئَةِ كُلِّ كَلِمَةٍ مِنَ الْقُرْاَنِ مِنْ كُلِّ قَارِءٍ مِنْ اَوَّلِ النُّزُولِ اِلَى اَخِرِ الزَّمَانِ وَ ارْحَمْنَا وَ وَالِدَيْنَا وَارْحَمِ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِعَدَدِهَا بِرَحْمَتِكَ يَآ اَرْحَمَ الرَّاحِمِينَ آمِينَ وَالْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِينَ



10-05-2014 12:00:00