Ana səhifə

SƏRƏXSİNİN “MƏBSUT” ADLI ƏSƏRİNDƏ İBADƏTLƏRLƏ BAĞLI BƏZİ FİQHİ QAYDALAR


YazdırSend to friend

    Giriş

   İslam dininin əsas mənbəyi olan Quran və Sünnə dinin hər sahəsində olduğu kimi İslam hüququ və onun bütün sahələri ilə bağlı əsas qayda və ümumi prinsipləri ortaya qoymuşdur. İslam hüquqşünasları da İslam hüququnun təşəkkül tapdığı müxtəlif dövrlərdə sözügedən prinsipləri şərh edərək yaşadıqları dövrdəki problemlərin həlli üçün və onların aradan qaldırılması məqsədilə bir sıra nəzəriyyələr, külli və fiqhi qaydalar ortaya qoymuşlar. O cümlədən İslam hüququnun ibadətlər bölməsi və buradakı müxtəlif məsələlərlə bağlı ümumi prinsiplər, yəni fiqhi (dini-hüquqi) qaydalar da təsbit edərək külli mahiyyət daşıyan fiqhi qaydalar meydana gətirmişlər.

   İslam hüququnda bir termin kimi qayda İslam hüquqşünaslarının tədvin edilmiş fiqh ədəbiyyatında mövcud olan fiqhi məsələlərlə bağlı hökmləri cəmləşdirmə və onlara vahid hökm qoyma mövzusundakı fəaliyyətlərindən ibarətdir. Lakin erkən dövrdə yazılan fiqh əsərlərində qayda məfhumuna dair hər hansı tərif və ya izaha rast gəlmək mümkün deyildir. Hüquqi qaydalarla bağlı yazılmış ilk əsərlərdən hesab olunan Kərxi (ö. 340/952) və Dəbusinin (ö. 430/1039) kitablarında “qayda” termini əvəzinə “əsil” kəlməsindən istifadə edilmişdir. (Mustafa Baktır, “Kaide”, DA, stanbul 2001, XXIV, 205; Qeyd edilən slam hüquqünaslarının kitablarından geniməlumat əldə etmək üçün bax. Kərxi, “Üsul”, Beyrut tarixsiz; Dəbusi, “Təsisün- nəzər”, Beyrut tarixsiz. Qeyd edək ki, sözü gedən bu kitablar bir kitabda çap edilmidir.) 

   “Qəvaid/qaydalar” termini fərqli dövrlərdə yaşamış İslam hüquqşünasları tərəfindən müxtəlif cür tərif edilmişdir. Ələlxüsus qəvaidin “külli-əğləbi” olub- olmaması müzakirə obyekti olmuşdur. (Burnu Əbül-Haris Qəzzi, “Mövsuətül-qəvaidil-fiqhiyyə”, Beyrut 2003/1424, I, 20.)

  Müasir İslam hüquqşünası Mustafa Əhməd Zərqa (1907-1991) fiqhi qaydaları yığcam şəkildə belə tərif etmişdir: “Hər hansı bir mövzunun əhatə dairəsinə daxil olan hadisələrlə bağlı ümumi qanunvericilik prinsipləri xüsusiyyətini daşıyan qanunları ehtiva edən düstur şəklindəki yığcam ifadələrdən meydana gələn külli fiqhi qaydalardır”. (Mustafa Əhməd Zərqa, “əl-Mədxəlül-fiqhiyyül-amm”, Dəməşq 1967, II, 947.)

   Odur ki, fiqhi qaydalar (qəvaid/İslam hüququnun ümumi prinsipləri) ibadətlər də daxil olmaqla hüququn həm ümumi, həm də xüsusi sahələrini əhatə edən mövzularla bağlı hər zaman (külli) deyil, əksəriyyətlə (əğləbi) etibarlı olan hüququn əsas prinsipləri mahiyyətini daşıyan qanunlar toplusudur. (Ahmet Yaman, “Bir Kavram Olarak “Fıkıh Kaideleri” ya da slam Hukukunun Genel ilkeleri”, Marife Dergisi, yıl: 1, sayı: 1, Konya 2001, s. 51; “Qəvaid” məfhumunun müxtəlif tərifləri haqqında geniş məlumat üçün bax. Bahüseyn, əl-Qəvaidül-fiqhiyyətü, Riyad 1998/1418, s. 19-31.)

   Təbii ki, bu cür qaydalar yalnız İslam hüququna xas deyil. Belə ki, müasir hüquq anlayışında ümumi və xüsusi hüququn hər bir sahəsinə tətbiq edilə bilən və hüququn əsas prinsiplərini əks etdirən hüquqi qaydalara “hüququn ümumi prinsipləri” deyilir. Bu prinsiplər qanunvericiliyin əsasını təşkil edən, şüurlu və ya şüursuz hüquqi qərarlara təsir edən, hüquq düşüncəsindən əmələ gələn ali fikirlər və ümumi həqiqətlərdir. (Seyfullah Edis, “Medeni Hukuka Girive Balangıç Hükümleri”, Ankara 1993, s. 146)

  Hüquqi prinsiplər qanunların fövqündə, hüququn həyata keçirmək istədiyi ədalət düşüncəsinə uyğun və təbii hüquq fikrinin ortaq əsaslarıdır. (Müəyyən bir ölkədə, müəyyən bir dövrdə tətbiq edilən yox, tətbiq edilməli olan, yəni sosial ehtiyaclarıədalətə müvafiq şəkildə aradan qaldırılması fikri ilə həyata keçirilən hüquqa təbii hüquq deyilir. Bax. Necip Bilge, “Hukuk Balangıcı”, Ankara 2001, s. 27. brahim Kafi Dönmez, “Hz. Peygamber`in Tebliine Hakim Olan Balıca Hukuk Prensipleri”, Yeni Ümit, cilt: 3, sayı: 18 (1992), s. 24.)

 Lakin qeyd edək ki, İslam hüququnun müasir hüquq sistemlərindən fərqləndiyi ən mühüm cəhət ondan ibarətdir ki, İslam hüququnda Uca Allah ilə insan arasındakı münasibətlər də tənzimlənir və bununla bağlı məsələlər haqqında təfərrüatı ilə məlumat verilir. Yəni, İslam hüququnda digər hüquq sistemlərindən fərqli olaraq ibadətlər – namaz, zəkat, oruc, qurban, həcc və s. ilə bağlı məsələlər də tədqiq edilir.

   Qeyd edək ki, İslam hüquqşünasları ümumi prinsipləri ortaya qoyarkən ilkin mərhələdə nəslərdən (Quran və Sünnə) yararlanmışlar. Yəni, hüquqi prinsiplərin istinad nöqtəsini ilk növbədə ümumi prinsip mahiyyətində olan ayə və hədislər təşkil edir. Fiqhi qaydaların ilkin formaları Hz. Peyğəmbər (s.ə.s) dövrü ilə müctəhid imamlar dövrü arasında meydana gətirilmişdir. Əsasən, Qurani-Kərimin ümumi prinsip mahiyyətində olan ayələri hüququn ümumi prinsipləri üçün zəmin hazırlamışdır.

Hz. Peyğəmbərin (s.ə.s) “cəvamiül-kəlim” (az sözlə çox məna ifadə edən ədəbi cümlələr) xüsusiyyətinə malik olması (Buxari, Etisam, 1; Müslim, Məsacid, 5-8.) və çoxlu sayda hədislərin bu çərçivədə olması da hüquqi qaydalar üçün ilham mənbəyi olmuşdur. Məsələn, niyyətlə bağlı hədisin (Əməllər niyyətlərə görədir...bax. Buxari, Bədül-vəhy, 1; Müslim, marə, 155; Əbu Davud, Talaq, 11) dəlalətindən çıxarılan “bir işdən məqsəd nə isə, hökm də ona görədir qaydasını burada nümunə vermək mümkündür. Bundan başqa “zərər və zərərə zərərlə qarşılıq vermək yoxdur(Malik, “Müvəttə”, Mükatəb, 13), dəlil iddia qaldırana, and isə cavabdehə aiddir(Buxari, Rəhn, 6; Tirmizi, Əhkam,12; bn Macə, Əhkam, 7), müsəlmanlar şərtlərinə bağlıdırlar (şərtlərə mütləq şəkildə əməl etməlidirlər)(Əbu Davud, Əqdiyə, 12.) kimi hədislər İslam hüququnda bilavasitə külli qaydalar kimi istifadə olunmuşdur.

  Nəticə etibarilə, erkən dövrdən başlayaraq İslam hüquqşünasları Kitab və Sünnə mətnlərini tədqiq edərək oxşar hökmlər arasındakı ortaq illətləri və hökmlərin qoyulmasındakı əsas məqsədləri mühakimə prosesində ayrı-ayrı və xüsusi müddəalardan ümumi nəticələr çıxarmaqdır mənasına gələn induksiya metodu ilə müəyyən etmələri nəticəsində yığcam ifadə etmələri qaydaların ilkin nümunələrini təşkil etmişdir.(Ömer Nasuhi Bilmen, “Hukuku slamiyye ve Istılahatı Fıkhiyye Kamusu”, stanbul 1985I, 254.)

   Bundan əlavə üsul, dil və məntiq qaydalarından istifadə edərək çoxlu sayda hökmü bir yerdə cəmləşdirən fiqh qaydaları ortaya qoymuşlar. (Yaman, “Bir Kavram Olarak “Fıkıh Kaideleri” ya da slam Hukukunun Genel ilkeleri”, s. 52.)

  Beləliklə də, məzhəblərin öz sistemləri çərçivəsində ortaya qoyduqları nəzəriyyələr və digər ictihad təfəkkürünün məhsulları təkmilləşərək davam etmişdir.

   İslam hüququnun fiqhi qaydaları müxtəlif dövrlərdə ortaya çıxmış və tədricən inkişaf etmişdir. İslam hüququna dair ədəbiyyat ilkin mərhələdə hökm çıxarma metodlarından, yəni üsuli-fiqhdən bəhs edən əsərlər, eləcə də hüquqi/fəri hadisə və hökmləri, yəni fürui-fiqh sahəsinə məxsus kitablar qələmə alınmışdır. İlk dövrlərdə məsələci üslubla, yəni hər bir məsələnin hökmü ayrı-ayrılıqda tədqiq edilərək yazılan fiqh ədəbiyyatı, daha sonra doktrina mahiyyətini qazanmış və məzhəblərin kökləşməsinin ardından da ümumi anlayış və prinsipləri ehtiva edən mənbələr ortaya qoyulmuşdur. IV/X əsrdən etibarən həm say, həm də keyfiyyət baxımından qəvaid ədəbiyyatı müsəlman hüquqşünasların elmi həyatında öz yerini tutmuşdur. (Yaman, “Fıkıh Kaideleri”, s. 52) 

   Hənəfi fiqhinə məxsus ən mühüm şərhlərdən biri olan Sərəxsinin (483/1090) “Məbsut” adlı əsəri qəvaid, yəni fiqhi qaydalar ədəbiyyatı baxımından mühüm əhəmiyyət kəsb edən əsərlərdəndir. Məzhəbin ilk dövrdəki İslam hüquqşünaslarının tədqiq etdikləri mövzularda ortaya qoyduqları fikirlərin söykəndiyi külli qaydaları əhatə etməsi, qaydaların əsas mətnlərdə istifadə edildiyi sahələrə dair ümumi məlumat verməsi və bəzi qaydaların məzhəb mənbələrində ilkin istifadə formalarının yer alması bu əsəri qəvaid baxımından mühüm bir əsər edən xüsusiyyətlərin başında gəlir.

   Sərəxsidən əvvəl gələn İslam hüquqşünaslarının qayda formatından ziyadə hökm olaraq ifadə etdikləri çoxlu sayda məsələlərin isnad edildiyi ortaq nöqtələrin Sərəxsidə artıq bir qaydaya çevrildiyi nəzərə çarpır. Məhz bu baxımdan Sərəxsinin “Məbsut” adlı əsəri sonrakı dövrlərdə qələmə alınan fiqh kitabları ilə qəvaid əsərlərində yer alan çoxlu sayda qaydaların ilk nümunələrinin müşahidə olunduğu bir mənbədir. (Necmettin Kızılkaya, “Hanefi Mezhebi Bağlamında İslam Hukukunda Külli Kaideler”, İz yayıncılık, İstanbul 2013, s. 380.)

  Əlbəttə ki, Sərəxsinin “Məbsut” adlı əsərində fiqhi qaydalar olduqca çoxdur. Burada sadəcə olaraq ibadətlərə dair bəzi mühüm qaydalar qeyd ediləcəkdir. Həmçinin qaydalar kitabdakı ardıcıllığa müvafiq bir-bir qeyd edilib Sərəxsinin verdiyi misallarla izah ediləcəkdir. Onu da vurğulamaq lazımdır ki, Sərəxsi mövzu çərçivəsində qaydaları bildirərkən onların bir qayda olduğunu müəyyən etmir. Odur ki, burada qeyd edilən qaydalar üslubdan və şərh edilən mövzuların məzmunundan təsbit edilərək ortaya qoyulmağa cəhd edilmişdir. Aşağıda təsbit edilən qaydalar izahları ilə birlikdə ardıcıllıqla qeyd olunur:

    1. Bədənlə yerinə yetirilən ibadətlərdə nəss (dəlil) olana etibar olunur, illəti ilə məşğul olunmaz”.

   Sərəxsi “Allahu əkbər” ləfzindən başqa ləfzlərlə namaza başlamaq məsələsindəki ixtilafları qeyd etdikdən sonra sözü gedən qaydanı vurğulayaraq belə deyir: “Bu səbəbdən yanaq və çənə ilə səcdə etmək alın və burnu əvəz emir. Azan belə “Allahu əkbər” ləfzindən başqası ilə oxunmaz. Odur ki, namaza başlamaq üçün də təkbir “Allahu əkbər” ləfzindən başqası ilə qətiyyətlə olmaz”. (Sərəxsi, “Məbsut”, Darül-mərifə, Beyrut-Livan 1993/1414, I, 36.)

     2. Cansız varlıqlara ibadət hökmü verilməz.

   Sərəxsi hədisdə itin yalaması ilə qabın yuyulmasının əmr edilməsinin səbəbi ibadətmi, yoxsa qabın nəcis olmasımı məsələsini izah etdikdən və Hənəfilərin bu məsələ ilə bağlı fikirlərinin ibadət yox, nəcis olması səbəbilə olduğunu bildirdikdən sonra sözügedən qaydanı qeyd edir. Bundan əlavə, onun fikrincə, qabın dəfələrlə yuyulmasının və torpağa sürtülməsinin tələb edilməsi nəcisin ağır və şiddətli olduğuna dəlalət edir. (Hədisin tam mətni üçün bax. Darəqütni, “Sünən”, Qahirə 1966, I, 65-66. Sərəxsi, “Məbsut”, I, 48.)

    3. İbadətlərdə ehtiyat əsas alınır” 

  Sərəxsi təyəmmümün alınma qaydası, yəni dirsəklərə və yaxud biləklərə qədər olub-olmaması ilə bağlı müxtəlif fikirləri bildirdikdən sonra, biləklərə qədər olduğu fikrini irəli sürənlərin oğurluqla əlaqədar olan ayəni dəlil gətirdiklərini, ancaq Hənəfilərin bu ayədə cəza olduğunu və cəzalarda qətiyyətin əsas alındığını, təyəmmümün isə ibadət olduğunu və ibadətlərdə ehtiyatla hərəkət etməyin məqsədəuyğun olduğunu qeyd edir.(Sərəxsi, “Məbsut”, I, 107.)

     4. Başlamaq nəzir etmək kimi vacib edir” 

    Bir şəxs dörd rükət qılmaq niyyəti ilə nafilə namaza başladıqdan sonra danışsa, iki rükət qəza etməlidir. Çünki nafilənin hər iki rükəti də ayrı-ayrılıqda təkbaşına bir namazdır. Başlamadıqca və ya nəzir etmədikcə hər hansı bir şey vacib olmaz. Hətta bəzilərinə görə, yüz rükətə belə niyyət etsə, niyyət etdiyi qədər namazı qəza etməlidir. Çünki başlamaq nəzir etmək kimi vacib edir. (Sərəxsi, “Məbsut”, I, 159. Eyni və ya oxşar qaydalar üçün bax. I, 181, 208, 209, III, 70, 83, 97.)

    5. “Bir vaxtda iki fərz bir yerə gəlməz”.

   Bir şəxs cümə günü evində günorta namazını qıldıqdan sonra imamla birlikdə cümə namazını qılarsa, onun fərzi cümə namazıdır. Günorta namazı isə onun üçün nafilə olur. Çünki o, günorta namazını qılmaqla cümə namazına getmə əmrini yerinə yetirmiş olmur. Belə olan təqdirdə, cümə namazını qılmaqla fərzi qılmış olur. Çünki bir vaxtda iki fərz bir yerə gəlməz. Cümə namazının fərz olması əvvəlki namazın nafiləyə çevrilməsini vacib edir. (Sərəxsi, “Məbsut”, I, 176.)

    6. “İbadət qadağan edilmiş bir şeylə yerinə yetirilməz”.

    Bu qayda Bişr ibn Qiyas əl-Mərisiyə (ö. 218/833) aiddir. Onun fikrincə, bir şəxs qəsb edilmiş bir ərazidə və ya qəsb edilmiş bir paltarla namaz qılarsa, namazı caiz deyil. Çünki ibadət qadağan edilmiş bir şeylə yerinə yetirilməz. Hənəfilərə görə isə, qadağa namazla bağlı bir şeydən ötrü qoyulmamışsa, namazın caiz olmasına əngəl təşkil etməz. Bu məsələ ilə bağlı qadağanın dəlili də Əbu Hüreyrənin nəql etdiyi “Hz. Peyğəmbər yeddi yerdə namaz qılınmasını qadağan etmişdir: heyvanların kəsildiyi yer, zibillik, qəbiristanlıq, hamam, yolun ortası, dəvə ağılları və Kəbənin üstü” məzmunlu hədisidir. (Hədisin tam mətni üçün bax. Tirmizi, Səlat, 141./  Sərəxsi, “Məbsut”, I, 206. )

   Bişr ibn Qiyas əl-Mərisiyə Yaşadığı dövrdə Hənəfi fəqehlərin məşhurlarından biri olan Bişr fiqh elmini Əbu Yusifdən (ö. 182/798) əxz etmiş və onun fiqhi məsələlərdə çoxlu sayda fikirlərini nəql etmişdir. Həmçinin o, kəlam elmi ilə də məşğul olmuş və Cəhmiyyə ilə Mürciə cərəyanlarının fikirlərini mənimsəmişdir. (Əlavə məlumat üçün bax. Ahmet Saim Kılavuz, “Bişr b. Ğıyas el-Merisi, Hayatı, Görüşleri ve İslam Düşünce Tarihindeki Yeri”, T.C. Uludağ Üniversitesi İlahiyat Fakültesi Dergisi, Sayı: 2, Cilt: 2, Yıl: 2, 1987, s. 99-109; Kılavuz “Bişr b. Gıyas”, DİA, İstanbul 1992, VI, 220-221.)

    7.İbadətin nöqsansız yerinə yetirilməsi vacibdir

   Sərəxsi bu qaydanı səhv səcdəsinin vacib və ya sünnə olduğu mövuzusunu izah edərkən Kərxinin İmam MUhəmmədin (ö. 189/805) “imam səhvə yol verərsə, ona tabe olan camaatın səcdə etməsi vacib olar” sözünü dəlil gətirərək vacib olduğu fikrini qəbul etdiyini qeyd edir və belə davam edir: “Səhv səcdəsi ibadətdəki nöqsanlığı aradan qaldırmaqdır. Belə olan halda səhv səcdəsi həcdəki cəza qurbanı kimi vacibdir. Çünki ibadətin nöqsansız yerinə yetirilməsi vacibdir. Onun nöqsansız olması da yalnız nöqsanlığın aradan qaldırılması ilə mümkündür”. Digər Hənəfi fəqehlər isə, İmam Muhəmmədin “səhv səcdəsi etmək üçün qayıtmaq təşəhhüdü aradan qaldırmaz” sözünü dəlil gətirərək, bu səcdənin sünnə olduğunu bildirmişlər və “əgər vacib olsaydı, tilavət səcdəsində olduğu kimi təşəhhüdü aradan qaldırardı” fikrini irəli sürmüşlər. (Sərəxsi, “Məbsut”, I, 218-219.)

    8 . Qəza əda sifəti ilədir”.

   Sərəxsi bu qaydanı Bəlxinin (ö 199/814)29 görüşü kimi qeyd etmişdir. Belə ki, bir kəs iki rükətdə “Fatihə” surəsini oxuyub əlavə surə oxumağı yaddan çıxarsa, bu surəni son iki rükətdə qəza edə bilər. Bunun dəlili Hz. Ömərin axşam namazının rükətlərindən birindəki əlavə surəni oxumağı unudaraq tərk etdikdən sonra onu üçüncü rükətdə qəza etməsidir. İmam Muhamməd “əl-Əsl” adlı əsərində bərkdən oxumalı olduğunu söyləmiş, Bəlxi də bununla yalnız surəni nəzərdə tutduğunu bildirmişdir. Çünki qəza əda sifəti ilədir. Yəni, yerində və vaxtında əda necə edilirsə, qəza da eynilə yerinə yetirilməlidir. Bu rükətlərdəki “Fatihə” isə yerində və vaxtında oxunur. Buna görə də onu son iki rükətdə oxuyarkən yavaşdan oxumalıdır. (Sərəxsi, “Məbsut”, I, 221. Eyni qaydalar üçün bax. II, 124, IV, 119.)

(Mənbələrdə bildirildiyinə görə, Əbu Müti Bəlxi Əbu Hənifənin tələbəsi olmuş və ondan “əl-Fiqhül- əkbər” ilə “əl-Fiqhül-əbsət” adlı əsərləri nəql etmişdir. Geniş məlumat üçün bax. Mehmet Şener, “Ebu Muti el-Belhi”, DİA, İstanbul 1992, X, 194.)

    9. ”Cəvaz hökmü rüknlərinin ədasına bağlıdır“ 

   Sərəxsi vacibin tərk edilməsi ilə namazın təzədən qılınmasının lazım olmadığını, bunun kərahət və nöqsanlıq olmaqla yanaşı, namazı pozmadığını bildirdikdən sonra sözügedən qaydanı qeyd etmişdir. Çünki cəvaz hökmü rüknlərinin ədasına bağlıdır. (Sərəxsi, “Məbsut”, I, 223.) Yəni, namazın caiz və etibarlı olması, onun fərzlərinin yerinə yetirilməsinə bağlıdır.

   10. “Əməli olaraq başlanmamışsa, sadəcə olaraq niyyət etmək hər hansı bir şeyi vacib etməz”.

   Bir şəxs altı rükət namaz qılmağa niyyət edərək günorta namazına başlayar, sonra bundan vaz keçib dördüncü rükətin axırında salam verərsə, namazı tamamlanmış olar və hər hansı bir şey də lazım gəlməz. Çünki o, niyyət etdiyi məsələdə səhv hərəkət etmiş, sonra da buna peşman olmuşdur. Peşman olmaq da bir tövbədir. Əməli olaraq başlanmamışsa, sadəcə olaraq niyyət etmək hər hansı bir şeyi vacib etməz. (Sərəxsi, “Məbsut”, I, 232.)

   Bundan əlavə, Sərəxsi Kitabüs-səlat bölməsində buna oxşar bir qayda qeyd edərək belə demişdir: “Qayda budur ki, hərəkətdən təcrid edilən niyyət hər hansı bir nəticə meydana gətirməz. Belə ki, bir şəxs səfərə çıxmağa niyyət edərsə, əməli olaraq səfərə çıxmayınca, niyyət hərəkətdən təcrid edildiyi üçün həmin adam yolçu sayılmaz”. (Sərəxsi, “Məbsut”, I, 239) Odur ki, bu qaydalardan mücərrəd niyyətin kifayət etmədiyi, əməlin də meydana gəlməsinin şərt olduğu aydın olur.

    11 .İbadət olmayan bir şey ibadət yerinə keçməz”. 

    Hənəfilərə görə, zəkat olaraq verilən mal yoxsulun haqqı yox, sırf Allah haqqıdır. Lakin o, Allahın onlara vəd etdiyi ruzi müqabilində fağırın ehtiyaclarını aradan qaldırmaq üçün sərf olunur. Buna görə də, verilən zəkat onun ehtiyacını aradan qaldırmaq üçün münasib bir şey olmalıdır. Belə olan təqdirdə, qurbanın və hədyin əksinə zəkat dəyəri ilə də verilə bilər. Çünki qurban və hədydə qan axıtmaq əsasdır. Ona görə də, qurban olaraq kəsilən heyvan yoxsullara paylaşdırılmadan tələf olarsa, onun əvəzinə başqa bir qurbanlığın kəsilməsi vacib deyil. Əslində, qan axıtmaq nə dəyəri olan bir mal, nə də səbəbi əqli baxımdan izah edilə bilən bir şeydir. Yanaq və çənə üzərinə səcdə etmək də əsli baxımdan ibadət deyil. Odur ki, alın və burun üzərinə səcdədən aciz olduqda, yanaq və çənə üzərinə səcdə edilməz. İbadət olmayan bir şey ibadət yerinə keçməz. Bir malın dəyərini zəkat və ya sədəqə olaraq vermək isə ibadətdir. Onunla yoxsulun ehtiyacı aradan qaldırılır. Bu səbəbdən onu sədəqə olaraq verməklə güdülən məqsəd yerinə yetirilmiş olur. (Sərəxsi, “Məbsut”, II, 157.)

    12. İbadətlərdə sınaq məqsədi vardır”.

   Bir şəxs zəkat öhdəliyi daşıyanın göstərişi olmadan onun adına yoxsula mal versə, zəkat niyyəti olmadığı üçün fərz olan zəkat yerinə yetirilmiş sayılmaz. Çünki ibadətlərdə sınaq məqsədi vardır. Bu da, zəkat fərz olan şəxsin göstərişi olmadan başqasının verməsi ilə gerçəkləşməz. (Sərəxsi, “Məbsut”, III, 35.)

    13. Bir ibadətin davamı, onun rüknünün davamına bağlıdır”.

   Oruclu həcəmət üsulu ilə qan aldırsa, onun orucu pozulmaz. Çünki bədəndən qanın çıxması orucun rüknünü aradan qaldırmır. Bir ibadətin davamı, onun rüknünün davamına bağlıdır. (Sərəxsi, “Məbsut”, III, 57.)

    14. Rüknü olmadan ibadətin yerinə yetirilməsi təsəvvür edilməz”.

   Hənəfilərə görə, məzməzə və istinşaqda sünnəni tamamlayan mübaliğənin oruclu ikən qadağan edilməsi (Bax. İbn Macə, Təharət, 44; Tirmizi, Səvm, 69.) boğaza suyun getməsinin orucu pozduğuna dəlildir. Həmçinin orucun rüknü xəta üzrü ilə aradan qalxmışdır. Rüknü olmadan ibadətin yerinə yetirilməsi təsəvvür edilməz. Əslində, unudan üçün də qiyasın (ümumi prinsipin) gərəyi budur. Lakin bu qiyas sünnəyə görə tərk edilmişdir. Xəta etmə unutma kimi deyil. Çünki unutmaqdan çəkinmək mümkün deyil, lakin bu kimi xətalardan çəkinmək mümkündür. Həmçinin burada orucun rüknü, yəni imsak mənən də ortadan qalxmışdır. Əgər səhvən kiçik bir daş udaraq orucun rüknü, mənən olmasa da şəklən aradan qalxarsa, oruc pozulmuş olar. Belə olan təqdirdə, orucun rüknü mənən aradan qalxdıqda, onun pozulmasında heç bir şübhə yeri qalmır. Çünki ibadətlərdə mənaları gözləmək, şəkilləri gözləməkdən daha mühümdür. (Sərəxsi, “Məbsut”, III, 65-67. )

   15. İbadətlərin nə ilə yerinə yetiriləcəyi məsələsində qiyasla hökm verilə bilməz”.

   Sərəxsi bu qaydanı qeyd etməklə Həsən Bəsrinin (ö. 110/728) fikrini tənqid etmişdir. Belə ki, Həsən Bəsriyə görə, oruc kəffarəsində kölə azad etməkdən aciz olan bir dəvə və ya inək qurban kəsməlidir. O bunu, ehramlı ikən cinsi əlaqədə olana qiyas etmişdir. Hənəfilərə görə isə, kəffarənin nə ilə yerinə yetirilməli olduğuna qiyasla hökm vermək olmaz. Bu yalnız dəlillə bilinər. Oruc kəffarəsinin dəvə və ya inək qurban kəsilərək ödənməli olduğuna dair heç bir dəlil yoxdur. İbadətlərin nə ilə yerinə yetiriləcəyi məsələsində qiyasla hökm vermək qeyri-mümkün olmaqla yanaşı, ibadətlərdə işlənən günaha görə lazım olan şey məsələsində də qiyasla hökm verilə bilməz. (Sərəxsi, “Məbsut”, III, 72, 124)

    16. “Qəzanı vaxtından sonraya təxirə salmaq ədanı vaxtından sonraya təxirə salmaq kimi qəbul edilir”.

   Bu qayda İmam Şafeiyə (ö. 204/767) aiddir. Belə ki, onun fikrincə, orucu qəza etmək iki ramazan arasındakı vaxtla məhduddur. Qəzanı vaxtından sonraya təxirə salmaq, ədanı vaxtından sonraya təxirə salmaq kimi qəbul edilir. Ədanı vaxtından sonraya tərk etməyin bir cəzası olduğu kimi, qəzanı vaxtından sonraya tərk etməyin də eynilə bir cəzası olmalıdır. Bu səbəbdən ramazan orucu bir sonrakı ramazana qədər qəza edilməzsə, qəza ilə birlikdə hər gün üçün fidyə verilməlidir. Hənəfilərə görə isə, qəza ilə bağlı ayə açıq-aydındır və hər hansı bir vaxt müəyyən edilməmişdir. Odur ki, burada vaxt müəyyən etmək, ayəyə əlavə etməkdir. (Sərəxsi, “Məbsut”, III, 77.)

   17. İbadət üçün şərt olan bir şeyin ibadətin başından etibarən olması şərtdir”.

   Bu qayda İmam Şafeiyə aiddir. O bunu Hənəfilərin orucu vacib olan etikafın şərtlərindən qəbul etmələrinə qarşı qeyd etmişdir. Belə ki, onun fikrincə, oruc tutmaq burada (nəzir edilən etikafda) şərt deyil. Etikafa girməyi nəzir edən üçün etikaf günəşin batmasından etibarən başlayır. İbadət üçün şərt olan bir şeyin ibadətin başından etibarən olması şərtdir. Məsələn, namaz üçün təharət belədir. Həmçinin etikaf gecə və gündüz davam edər. Halbuki gecə oruc tutulmur. Bununla da orucun etikafın şərti və rüknü olmadığı ortaya çıxır. Çünki oruc dinin təməl ibadətlərindən birisidir. Etikaf isə fərzlərə əlavə olaraq edilən nafilə bir ibadətdir. Bu baxımdan qüvvətli olan zəif olana rükn ola bilməz. Hənəfilərin birinci dəlilləri budur ki, Hz. Peyğəmbər (s.ə.s) orucsuz etikafa girməmişdir. İkincisi isə, bir şeyin şərti istər söylənmiş, istərsə də söylənməmiş olsun o şeyə bağlı olur və onun sabit olması ilə sabit olur. Bu, eynilə dəstəmazlı namaz qılacağını şərt qoşana bənzəyir. (Sərəxsi, “Məbsut”, III, 116. )

    18. “İbadət əhliyyəti ibadət edənin onun savabına əhil olması ilə sabit olur”.

   Bir nəfər etikaf nəzir edər, sonra da dindən çıxar və daha sonra təkrar müsəlman olarsa, Allahın vacib etməsinə görə borclandığı şeylərə qiyasla ondan düşər. Çünki o, dindən çıxmaqla ibadətə əhil olmaqdan çıxmış olur. İbadət əhliyyəti ibadət edənin onun savabına əhil olması ilə sabit olur. (Sərəxsi, “Məbsut”, III, 125.)

    19. İbadətlərin miqdarı ictihadla yox, tövqif (vəhy) ilə bilinir”.

  Sərəxsi bu qaydanı Kəbəni sol tərəfə alaraq yeddi şəvt təvaf etmək haqqındakı hədisi qeyd etdikdən sonra söyləmişdir. (Müslim, Həcc, 150; Tirmizi, Həcc, 33; Nəsai, Mənasik, 149/ Sərəxsi, “Məbsut”, IV, 10.)

   20. Fərz üçün müəyyən bir vaxt qoyulur, nafilə üçün isə müəyyən bir vaxt qoyulmur”.

    Şafeinin fikrincə, ümrə həcc ibadəti kimi fərz olan bir ibadətdir. Dəlili “Həcci və ümrəni Allah üçün tamamlayın(Bakara, 2/196.) ayəsi və “Ümrə həccin fərzidir(Darəqütni, “Sünən”, II, 284.) hədisidir. Hənəfilərə görə isə, ümrə sünnədir. Dəlili də “Həcc cihaddır, ümrə isə nafilədir(İbn Macə, Mənasik, 44.) hədisi ilə ümrənin fərz olub-olmadığı sualına: “Xeyr! Lakin ümrə etmək sənin üçün daha yaxşıdır”, (İbn Hənbəl, “Müsnəd”, III, 316.) – cavabını verdiyi Hz. Peyğəmbərin digər bir hədisidir. Odur ki, ümrə ilin hər hansı bir vaxtı ilə məhdudlaşdırılmamışdır. Nafilə ilə fərz yalnız bununla fərqlənir. Çünki fərz üçün müəyyən bir vaxt qoyulur, nafilə üçün isə müəyyən bir vaxt qoyulmur. Həmçinin nafilə başqa bir niyyətlə də yerinə yetirilə bilər. (Sərəxsi, “Məbsut”, IV, 58.)

    21. İbadətdə tədaxül cərəyan etməz”.

    Bir şəxs ehramlı ikən dırnaqlarını fərqli yerlərdə kəsərsə, hər birinə ayrı-ayrı cəza lazım gələr. Çünki sözügedən hərəkət müxtəlif yerlərdə edilmişdir. Bunlardan hər biri tam bir günah olub hər biri bir cəza qurbanını vacib edir. Bu məsələ bir yerdə saç kəsib başqa bir yerdə dırnaqları kəsmək kimidir. Çünki ehram cəzalarında ümumiyyətlə ibadət mənası əsasdır. İbadətdə isə tədaxül cərəyan etməz. (Sərəxsi, “Məbsut”, IV, 78.)

    22. Bədənlə edilən ibadətlərin yerinə yetirilməsində vəkalət yoxdur”.

   İmam Muhammədə görə, adına həcc ibadəti yerinə yetirilən şəxs həclə bağlı verdiyi xərclərin yalnız savabını qazanar. Həcc isə, sadəcə, onu yerinə yetirən üçün etibarlı olur. Çünki həcc bədənlə edilən bir ibadətdir. Bədənlə edilən ibadətlərin yerinə yetirilməsində isə vəkalət yoxdur. Çünki ona fərz olan, həcc yolunda malını sərf etməsi və həcc ibadətini yerinə yetirməsidir. Həcc etməkdən aciz olduğuna görə onun öhdəsində yalnız gücünün çatdığı borc, yəni həcc yolunda malın xərclənməsi məsuliyyəti qalır. Odur ki, vəkil olana həcc yolunda xərcləməsi üçün lazımi pulu verməlidir. (Sərəxsi, “Məbsut”, IV, 148.)

   23. Bədənlə edilən ibadətlərdə imkan nəzərə alınar, müvəqqəti acizlik nəzərə alınmaz”.

   Çünki həcc ibadətini yerinə yetirmək ömürdə bir dəfə fərzdir. Bu səbəbdən həcci fiziki baxımdan yerinə yetirmə ilə bağlı bir ümidsizlik meydana gələrsə, ömrün geri qalan hissəsində daim acizlik məsələsi nəzərə alınar. Məsələn, acizlik yatalaq xəstəliyi kimi sağalmayan bir xəsətəlikdən irəli gəldiyi təqdirdə, vəkil göndərilərək həccin yerinə yetirilməsi caizdir. Ancaq həcc fərz olan şəxsin xəstə və həbsxanada olması ucbatından sona çatması gözlənilən müvəqqəti bir vəziyyətdirsə və bu həcc vəkil vasitəsilə yerinə yetirilərsə, baxılar, əgər bu üzr ölənə qədər davam edərsə, həcci fiziki baxımdan yerinə yetirməkdən ümid kəsilər və yerinə yetirilən bu həcc caiz olar. Əks təqdirdə, fərz olan həcc yerinə yetirilməli və edilən həcc də nafilə həcc olmuş olar. (Sərəxsi, “Məbsut”, IV, 152, 153.)

    24Kafir tərəfindən yerinə yetirilməsi caiz olmayan ibadətlərdə pulla adam tutmaq caiz deyil”. 

    Bu qaydaya əsasən Hənəfilərə görə, bir şəxsin öz adına həcc etməsi üçün başqasını pulla tutması caiz deyil. Şafeiyə görə isə, caizdir. Onun fikrinə görə, bir şəxsin yerinə yetirməyə borclu olmadığı hər bir işdə vəkil təyin edilməsi etibarlı olduğuna görə, pulla adam tutmaq da caizdir. Onun bu məsələdəki dəlili bir səhabənin ilan sancan bir adama “Fatihə” surəsini oxuyub, bunun müqabilində bir qoyun sürüsü mükafat alması və Hz. Peyğəmbərin (s.ə.s) buna: “Kim oxuyub üfürməyə görə veriləni yeyərsə, bu batildir. Sən isə yerində və düzgün oxuma müqabilində veriləni yedin”, (İbn Hənbəl, “Müsnəd”, V, 210.) – deyə buyurmasıdır. Hənəfilərin bu məsələ ilə bağlı dəlilləri isə “...Allahın Kitabını oxumaq müqabilində şərt qoşmaqdan çəkin!”  hədisidir. (Şövkani, “əl-Fəvaidül-məcmuətü fil- əhadisil-mövduəti”, Beyrut-Livan 1995/1416, s. 277./ Sərəxsi, “Məbsut”, IV, 158.) 

   25. Niyyət ibadətlərdə rükn dərəcəsindədir”.

  Bir vəkildən iki nəfər öz adlarına həcc etməsini istəsələr, vəkil də birisi adına həcc niyyəti ilə təlbiyə deyər və ikisindən biri adına niyyət etməzsə, Əbu Hənifə və Məhəmmədə görə, vəkilin bu iki nəfərdən istədiyinə niyyətini çevirmə haqqı vardır. Əbu Yusifə görə isə, bu ehram vəkilin öz adına sayılar. Odur ki, vəkil hər ikisinin verdiyi pulu geri verməlidir. Onun bu mövzudakı dəlili belədir ki, vəkilə bu ikisindən hər biri üçün xüsusi niyyət etmə göstərişi verilmişdir. O, bunu etməməklə təlimata zidd hərəkət etmişdir. Həmçinin onların hər ikisi adına niyyət etdiyi təqdirdə də nəticə eynidir. Ancaq ana-ata adına vəkil olan isə bundan fərqlidir. Çünki bu vəkilə ana-atası tərəfindən göstəriş verilməmişdir. Onun ana-atası adına niyyəti etibarlıdır. Belə olan təqdirdə, onlardan hər hansı birini müəyyən etmədən ana-atadan biri adına deyərək niyyət etməsi də eyni şəkildədir. Çünki niyyət ibadətlərdə rükn dərəcəsindədir. Çünki bir işin dəyəri niyyətlə olur. (Sərəxsi, “Məbsut”, IV, 159. Həmçinin oxşar bir qayda üçün bax. XII, 213.)

    26. Vaxt girmədən əvvəl əda təsəvvür edilməz

   Züfərə görə, bir xristian müsəlman olsa və ya uşaq həddi-büluğa çatsa, sonra da həcc ziyarəti üçün Məkkədə başqa yerlərdən gələn zəvvarların ehrama girmələri üçün müəyyən edilmiş xüsusi yerlər sayılan miqata çatmadan əvvəl ölsə və hər biri öz adına həcc edilməsini vəsiyyət etsə, onların vəsiyyəti batildir. Çünki miqata çatmadan əvvəl bu ikisinə də həcc fərz deyil. Vaxt girmədən əvvəl əda təsəvvür edilməz. Odur ki, onların etdikləri vəsiyyət etibarsızdır. Əbu Yusifə görə isə, etibarlıdır. Çünki vacip olma səbəbi onlar barəsində dəqiqləşmişdir. Miqatı yerinə yetirmək isə şərtidir. Yerinə yetirmə şərtinin olmaması vacib olma səbəbinin gerçəkləşməsinə əngəl deyil. (Sərəxsi, “Məbsut”, IV, 173.)

     27. İbadətlərdə başqasını vəkil etmək yoxdur”.

   Hənəfilərə görə, heç bir məcburiyyət olmadığı halda Hz. Peyğəmbər dəfələrlə and içmişdir. Uca Allahın

Andlarınıza görə Allahın adını, yaxılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmaınıza dair bir maneəyə çevirməyin. Allah eidəndir, biləndir(Bəqərə, 2/224.)

ayəsi andına tabe olmağa və ya pozmağa riayət etmədən necə gəldi and içməklə əlaqədardır. Bu da, bir şey üçün and içənin, andını pozmasını daha məqsədəuyğun hesab etməsi halında, pozmasının caiz olduğuna dəlil təşkil edir. Hz. Ömər bir qrupa bir şey verməyə and içib, sonra andını pozduğu və bir nəfəri təyin edərək on yoxsulu doyuzdurması ilə bağlı nəql edilən rəvayət kəffarə ödəyərkən birisini vəkil təyin etməyin caiz olduğuna dəlildir. Bəzi alimlər də Hz. Ömərin bir topluluğa bir şey verməyə and içib, sonra andını pozduğu və birisini təyin edərək on yoxsulu doyurması ilə bağlı rəvayət edilən xəbər, kəffarə ödəyərkən, birisini vəkil təyin etməyin caizliyinə dəlil olduğunu bildirmişlər. Bəzi alimlər isə “nsana ancaq öz zəhməti (səyi, çalıması, əməli) qalar(Nəcm, 53/39.) ayəsinin mənasına baxaraq ibadətlərdə başqasını vəkil təyin etməyin caiz olmadığını bildirirlər. (Sərəxsi, “Məbsut”, VIII, 149-150. .)

    28. İbadətlər qiyasla deyil, dəlilə söykənməklə sabit olur”.

Qurban ibadətinin vacib olduğunu nəqli dəlillərlə isbat etdikdən sonra Sərəxsi belə deyir: “Bu mövzuda qiyas yolu ilə bir fikir bildirmək mümkün deyil. Çünki ibadətlər qiyasla deyil, dəlilə söykənməklə sabit olur”.(Sərəxsi, “Məbsut”, XII, 9.)

   29. Bir ibadət, ibadət olmayan bir şeylə yerinə yetirilməz”.

 Qurbanlarda və digər vaciblərdə vəhşi inəyi, yabani uzunqulağı və ceyranı kəsmək caiz deyil. Çünki qurbanın ibadət olması din tərəfindən bildirilmişdir. Din ev hayvanlarından qoyun, keçi, inək və dəvənin qurban edilə bildiyini bildirmişdir. Digər tərəfdən yabani bir heyvanın qanını axıtmaq ibadət deyil. Bir ibadət, ibadət olmayan bir şeylə yerinə yetirilməz. (Sərəxsi, “Məbsut”, XII, 17.)

   30 . İbadət üçün istifadə olunan əşyaların girov verilməsi caiz deyil”.

Bu qayda Şiələrə aiddir. Belə ki, Sərəxsi burada hədisləri qeyd etdikdən sonra belə deyir: “Bu hədislər dəyəri olan bütün malların girov qoyula bildiyini göstərir. Girov verilən malın ibadət və ya başqa bir məqsəd üçün istifadə edilə bilən olması nəticəni dəyişdirmir. Çünki Hz. Peyğəmbərin zirehi cihad üçün istifadə olunurdu. Belə olan tədriqdə, bu, müshəfin belə girov olaraq verilə bildiyinə dəlalət edir. Ancaq Şiələr ibadət üçün istifadə edilən əşyaların girov verilə bilmədiyi fikrini irəli sürürlər. Çünki bu kimi hallarda girov verilən əşya ibadətdən əngəllənmiş olur”. (Sərəxsi, “Məbsut”, XXI, 64.)

   31. Fərqli rəvayətlər ucbatından vacibi düşürmək tərk etmək caiz deyil”.

   Dəvələrin zəkatı ilə bağlı Hənəfilərə görə, yüz iyirmi dəvədə iki hiqqə (üç yaşı tamam olub dördüncü yaşa keçən dəvə) verilməlidir. Bu, rəvayətlərin və ümmətin icması ilə sabitdir. Bu hökm, sadəcə, özü qədər güclü bir dəlillə aradan qaldırıla bilər. Yüz iyirmidən sonrasında fərqli rəvayətlər olmasına baxmayaraq vacibi düşürmək caiz deyil. (Sərəxsi, “Məbsut”, II, 153.)

    32. Fərzlər səbəblərinə nisbət edilir”.

Hənəfilərə görə kəffarə yemək, içmək və cinsi əlaqədən ötrü olur. Çünki buradakı əsas günah harama məhəl qoyulmamasıdır. Çünki hədisdə sual soruşan bədəvi cinsi əlaqədə olduğunu söyləmiş və onun günah olmadığını bildirmişdir. Çünki cinsi əlaqə onun malik olduğu öz xanımında işlənmiş bir feildir. Günah isə oruc pozma günahıdır. Demək ki, kəffarəni vacib edən səbəb orucu pozma günahıdır. Kəffarə oruc pozmağa söykənir. Bir qayda olaraq fərzlər səbəblərinə nisbət edilir. Bunun da dəlili oruc pozma olmadığı üçün unudaraq yeyib içənə kəffarənin lazım olmadığıdır. Tam bir günah olan oruc pozma cinsi əlaqə ilə meydana gəldiyi kimi, yeməklə də meydana gəlir. Belə ki, cinsi əlaqə oruc pozmaq üçün bir vasitədir. Hökm isə, vasitəyə yox, səbəbə bağlanır. (Sərəxsi, “Məbsut”, III, 73, 131, IV, 2. )

 

Anar Qurbanov

Mərmərə Universiteti Sosial Elmlər İnstitutu İslam hüququ kafedrasının doktorantı 

Müəllif: 


22-04-2019 12:16:10

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz