Ana səhifə

Şeytanın xarakteristik xüsusiyyətləri nələrdir?


YazdırSend to friend

Şeytanın insana düşmən olduğu, onu aldatmaq və səhv işlər etdirmək üçün and içdiyi və nəticədə özüylə birlikdə cəhənnəmə bir çox insanı da aparacağı bilinən bir xüsusdur. İnsanı aldatmaq üçün nələr edə biləcəyi, onları haralardan tutub vura biləcəyi də Quranda bildirilmişdir..

Şeytanın xarakteristik xüsusiyyətlərindən, yəni hiylə və desisələrindən, oyun və intriqalarından bəziləri bunlardır:

 

1 -Yalançı və and içəndir

Şeytanın ən böyük xüsusiyyətlərindən biri yalan danışmaqdır. Onsuz da başqa cür kimsəni aldada bilməzdi. Adəm ilə Həvvaya söylədiyi Qurani Kərimdə belə xəbər verilməkdədir:

“Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya (Cənnətdə) əbədi qalanlardan olmayasınız”.(Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”- deyə and içdi.” (Əraf, 7:20-24)

 

Şeytan bu ilk yalandan bu yana insanları həmişə aldatmağa çalışmışdır.

Bu vəziyyətdə insan, etdiyi işin doğruluğunu və ya səhvini dinin ölçülərinə görə qiymətləndirməli və yaxşıca araşdırdıqdan sonra etməlidir.

 

2- Məcburetmə gücü yoxdur

Ayəti -kərimələrdə açıqca xəbər verildiyi kimi şeytanın insan üzərində məcburedici sanksiya gücü yoxdur. Qurani Kərimdə:

 

“Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır.”(Hicr, 15:42)

 

deyilməsi də bu məqama açıq işarədir.

Ayədə ifadə edildiyi kimi, şeytanın insanları zorla sapdırması deyə bir şey yoxdur. Buna qarşılıq Allah insanlara daha yaxındır və köməkçidir. Necə ki, bu mövzuya təmas edən bir ayədə belə deyilir:

 

“Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (şeytana )belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.” (Səba, 34:21)

 

Bu ayədə şeytana tanınan müddətin hikmətinin, axirətə inananlarla inanmayanların bir-birindən tam olaraq ayrılması olduğu ifadə edilmiş olur.

 

3- Riyakardır

Riyakarlıq, heç şübhəsiz ki bir şeytan sifətidir. Özünü bəyənmə, bəyəndirmə, bir şeyi başqalarının razılığını qazanmaq üçün etmə, ibadətlərinə nümayiş və ya mənfəət üçün etmə şeytanın və ya şeytana uyanların sifəti ola bilər.

 

“Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o!” (Nisa, 4:38)

 

4- Haqqı batil, batili də haqq göstərər.

Quranı Kərimdə, insanları Haqq yoldan ayırıb, küfr və dəlalət kimi səhv yollara sürümək üçün sərf edilən bir qisim sözlərin və fəlsəfi şərhlərin şeytani olaraq xarakterizə edildiyini görürük. İnsanları aldatmaq üçün bəzəkli sözlər seçmək, yalanlarını ört-bas edə bilmək üçün cazibədar ifadələr istifadə etmək və fəlsəfi şərhlər etmək şeytani işlərdəndir.

Abdullah b. Əmr (r.a.)dan nəql edilən bir hədisi-şərifdə Rəsulullah (s.ə.v)ın belə buyurduğu rəvayət edilir:

“Allahın insanlardan ən nifrət etdiyi adam, mal-qaranın diliylə ağızını qarışdırdığı kimi, (səhvi doğru, doğrunu səhv göstərmək üçün) danışarkən dilini dolaşdırıb bəlağət edəcəyəm deyə (söz çatladan və sözü gəvələyib) duran kimsədir.” ( Əbu Davud, Ədəb, 67)

Bu mövzuda Qurani Kərimdə belə buyurulur:

 

“Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. (Bunlar) aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.”(6:112-113)

 

5- İnsanın düşmənidir

Şeytan insanın əbədi düşmənidir. Bu ifadə də Qurani Kərimdə, bir çox yerdə açıqca zikr edilir :

 

“şeytanın izi ilə getməyin” və ya “şeytana ibadət etməyin; o sizin açıq-aydın düşməninizdir”( Bəqərə, 2/168, 208-209; Yusuf, 12/5; Yasin, 36/60-64; Ənam, 6/142; İsra, 17:53; Fatır, 35/6; Zuxruf, 43/62)

 

 buyurularaq insan xəbərdar edilir.

Yenə ayələrdə, şeytanın hiyləgər ara vuran olduğu və buna möminlərin aldanmaması lazım olduğu vurğulanaraq, inanan insanların bir-birlərinə yaxşı davranmaları lazım olduğu, incidici olmamaları, gözəl söz söyləmələri və sözün ən gözəli olan Quranın ədəb və əxlaqına uyğun davranmaları tövsiyə edilmişdir.

 

6- Pis yoldaşdır

Quranı Kərimdə şeytanın, kafirlərin dostu olduğu da bildirilir.

 

“Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik. (Şeytanlar) öz qardaşlarında azğınlığı artırarlar. Sonra da onlardan əl çəkməzlər.” (Əraf, 7:27, 202)

 

7 -Qurandan uzaq olanların yaxın dostudur

 

“Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı )uzaqlıqqədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!” (Zuxruf, 43:36-38)

 

8- İnsanı hər yerdən görər və aldatmağa çalışar

Quranı Kərimdə, insanın şeytanı görmədiyi halda şeytanın onu gördüyündən və insana ümid etmədiyi yerlərdən yaxınlaşıb aldatdığından bəhs edilir. Bundan məqsəd, insanın özünə diqqət yetirməsi lazım olduğu və şeytana açıq qapı buraxmaması barəsində xəbərdar edilməsidir. Şeytan daha çox, bizim zəif olduğumuz nöqtələri yoxlayar və buralardan soxulub aldatmağı hədəf alar. Bu xüsus Qurani Kərimdə belə izah edilir:

 

“Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.” (Əraf, 7:27)



07-06-2011 12:00:00