Ana səhifə

Sonsuzluq necə başa düşülə bilər?


YazdırSend to friend

Bir stəkana dənizin yerləşməsi mümkün olmadığı kimi, məhdud olan insan ağlının da sonsuzu qavraması mümkün deyil. Bu da var ki, insan sonsuzu anlamasa belə onun varlığını bilə bilər. Bilmək, inanmaq başqa, anlamaq başqa.

İnsanoğlu hər şeyiylə məhduddur. Həyatının bir başlanğıcı var. Hər başlanğıc bir sondan xəbər verdiyi üçün, bu həyatın bir də sonu olacaq. Belə, əvvəli və sonu olan bu qısa həyat içərisində, insan hər yönüylə məhdud işlər görə bilir. Gözü, mövcud şüaların ancaq %2.5 qədərini görə bilir. Qulağı yalnız müəyyən tezlikdəki səsləri eşidə bilir.

Maddə aləmində açıqca görünən bu həqiqət, ruh aləminə də aiddir. İnsan ağlı hər şeyi anlaya bilmir. Çünki, öyrənməyə başlamasının bir başlanğıcı var. Başlanğıcı olan elm sonsuz da ola bilmir; eynilə həyat kimi...

İnsan ağlının acizliyinin başlanğıc nöqtəsi, özünü anlaya bilməməsidir. Bu məhdud ağıl, hələ özünü anlamamışkən, necə olur ki sonsuzu anlamağa cəhd edə bilir?.. Üçün dörddən kiçik olduğunu bilən insan, yenə qətiliklə bilir ki, mən üçdən dördü çıxarmağa cəhd etsəm mənfi bir nəticə ilə qarşılaşaram. Bunu bildiyi halda, məhdud olan ağlına sonsuzluğu sığışdırmağa çalışırsa, nəticənin mənfi sonsuz, yəni sonsuz bir mənfi olacağını da başdan qəbul etmiş deməkdir.

İnsan sonsuzu anlaya bilməz, amma sonsuza inana bilər... Bu da insana böyük bir ilahi lütfdür. Yoxsa, bütün sifətləri sonsuz olan Rəbbinə necə iman edəcək?..

Bu sahədə insanoğluna müqayisə imkanı, fikirləşmə, mühakimə, dəlilə əsaslanaraq nəticə çıxarmaq gücü verilmişdir. O, bu güc sayəsində çox yaxşı bilir ki, bu aləmdə mənim bir başlanğıcım və sonum olduğu kimi, hər şeyin də yenə bir ilk və son nöqtəsi var.

Başlanğıcı olan hər şey, bizə bu iki həqiqəti birdən dərs verir: Məni yoxdan yaradan bir zat var və onun varlığı əzəlidir. Eyni şəkildə, hər son da bizə əbədi bir zatdan xəbər verər. Özümüzə bu sualı verək: Sənin anlaya bilmədiyin yalnız sonsuzluqdur? Yerin cazibə qüvvəsini anlaya bilirsənmi? Günəşin, planetlərini necə ətrafında hərəkət etdirdiyini qavraya bilirsənmi? Ruhun, ağılın, xəyalın, yaddaşın mahiyyətlərini bilə bilirsənmi? Alma ağacının içindəki o mənəvi fabriki izah edə bilmişsənmi? Yumurta necə olur ki, uçan bir quş olur? Nütfə doqquz ay sonra necə ağlayır, görür, eşidir? Bu aləmdə insanın görə bilmədikləri gördüklərindən, anlaya bilmədikləri anladıqlarından, bilmədikləri bildiklərindən qat-qat çoxdur.

İnsanın, bu fani əşyanı anlamış kimi, əbədiliyi anlamağa cəhd etməsi onu heç olmasa yorar. Heç olmasa deyirəm, çünki bu cür yersiz axtarışların insanı sərsəm etmə və yoldan çıxarma ehtimalı da vardır...

İnsanın sonsuzu anlama səyi iki ayrı sahədə cərəyan edir. Biri, ilahi sifətlərin sonsuzluğu, digəri də axirət həyatının sonsuzluğu... Bu ikisi arasında əhəmiyyətli bir fərq var. Axirətdəki sonsuzluqdan danışıldığında, zehinlərdə dərhal zaman və müddət anlayışları canlanar. Sonu gəlməyən, tükənməyən, fani olmayan, nasazlıq olmayan bir həyat... Burada verilən həyatın geri alınmaması, əbədi qılınması söhbət mövzusudur. Bunu ağılın qavramaması üçün bir səbəb olmasa gərək..

Allahın sifətlərinin sonsuzluğuna gəlincə: Onun qüdrəti sonsuzdur demək “nə qədər aləm yaratsa yaratsın qüdrətində bir nöqsanlıq olmaz” deməkdir. Elminin sonsuzluğu onun cahillikdən münəzzəh olduğu mənasındadır. Digər sifətlər də eyni şəkildə, eyni məntiq içərisində qiymətləndirilməlidir. “Əzəli olan əlbəttə əbədidir” həqiqəti, Cənabı Haqqın zatı üçün də etibarlıdır, sifətləri üçün də... Yəni, onun bütün sifətləri sonsuzdur, əbədidir. Çünki, heç biri sonradan var olmuş deyil; hamısı əzəlidir.



07-06-2011 12:00:00