Ana səhifə

Sultan Muhamməd əl-Fatih və Konstantinopol haqqındakı hədis.


YazdırSend to friend

İmam Əhməd “əl-Musnəd” kitabında (31/287) deyir:

“Abdullah bin Muhəmməd bin Əbi Şeybə bizə rəvayət etdi; Zeyd bin əl-Hubəb bizə rəvayət etdi; dedi: əl-Valid bin əl-Muğira əl-Məafiri mənə rəvayət etdi; dedi: Abdullah bin Bişr əl-Xas’ami mənə atasından rəvayət etdi ki, o, peyğəmbəri – salləllahu aleyhi va səlləm – belə deyərkən eşidib: 

“Konstantinopol şübhəsiz ki, fəth olunacaq. Onun əmiri necə də gözəl əmirdir, o ordu necə gözəl ordudu!”

Müsəlmanların bir hissəsi bu hədisin müzakirəsini aparır. İndi siz müzakirənin məğzinə diqqət edin! Bu müsəlmanların dərdi budur ki, bu hədisin Sultan Muhamməd əl-Fatih’ə aid edilməsi onları çox rahatsız edir, onların qəlbinə sıxıntı salır. Nə üçün? Çünki bu hədisi qəbul etsələr Muhəmməd əl-Fateh’ə təzkiyyə vermiş olacaqlar; belə çıxır ki, bununla onun əqidəsini doğruya çıxarmış olurlar. Axı bunu necə etmək olar ki?! Muhamməd əl-Fateh sufi maturidi olub, yəni bu işdə həvəs göstərən tayfanın nəzərində böyük bir bidət əhli olub. Ona görə də xüsusi səylə hədisi batil çıxarmağa çalışırlar, bir digər qrup isə bu hədisin səhih olduğu təqdirdə belə Muhamməd əl-Fateh’ə aid ola bilməyəcəyini sübut etməyə çalışırlar. Həqiqətən də çox mənasız bir məşğuliyyətdir!

Məndən bu barədə izahat tələb edən qardaşlar üçün demək istəyirəm ki, bu hədisi keçmiş alimlərimizin, mühəddislərimizin əksəriyyəti səhih sayıblar. Müasirlərimizin əksəriyyəti isə - misal üçün əl-Albani, Şueyb Arnavut, Muqbil əl-Vadi’i, Saləhuddin əl-İdlibi və sair – bu hədisi zəif hesab edirlər. Keçmiş alimlərimizə gəldikdə bu hədisi əl-Hakim ən-Neysəburi “əl-Mustədrak” kitabında (8300) səhih hesab edir. əz-Zəhəbi “ət-Təlxis” kitabında onunla razılaşaraq səhih olduğunu deyir. əl-Hafiz İbn Abdilbərr “əl-İstiy’ab” kitabında (1/170) deyir: “İsnadı həsəndir, bunu ondan oğlu Ubeydullah bin Bişr’dən başqası rəvayət etməyib.” Nuruddin əl-Heysəmi “Məcməuz-Zəvaid” kitabında (6/219) deyir: “Bunu Əhməd, əl-Bəzzər və ət-Tabərani rəvayət edib və raviləri siqadır.” əl-Hafiz Şihəbuddin əl-Busiri “İthəful-Xiratil-Məhəra” kitabında (8/106) deyir: “Bunu Əbu Bəkr bin Əbi Şeybə və Əhməd bin Hənbəl rəvayət edir və raviləri siqadır.” əs-Suyuti “əl-Cami əs-Sağir” kitabında hədisin səhih olduğunu deyir. İmam Muhəmməd bin Yusuf əs-Salehi “Subulul-Hudə var-Raşəd” kitabında (10/129) ravilərinin siqa olduğunu deyir. Abdurrauf əl-Munəvi “ət-Təysir” adlı şərhində (2/290) hədisin isnadının səhih olduğunu deyir. Əli bin Əhməd əl-Azizi “əs-Sirac əl-Munir” kitabında (4/121) həsən olduğunu deyir.

İndi necə olur ki, keçmiş alimlərimiz bu hədisə səhih deyirlər, amma müasir alimlərimiz bunu zəif hesab edirlər? Bəli, bu hədis barəsində müasirlər ilə keçmişdəkilər arasındakı ixtilaf hədisin ravisi Abdullah bin Bişr ilə bağlıdır. Bəzi rəvayətlərdə o, əl-Ğanəvi olaraq zikr olunur, digərlərində isə əl-Xas’ami olaraq keçir. Müasir alimlərimiz hədisi zəif çıxardarkən Abdullah əl-Ğanəvi ilə Abdullah əl-Xas’ami’nin iki ayrı insan olduğunu deyirlər və əl-Xas’amini siqa olaraq qəbul etdikləri halda əl-Ğanəvi’nin məchul ravi olduğunu deyirlər. Amma görünür ki, keçmiş alimlərin əksəriyyəti bu ikisinin eyni insan olması rəyində olublar. Bu hədisi səhih sayanlar çox ehtimal ki, bu səbəbə görə səhih sayıblar.

İkincisi isə bu hədis nə üçün Muhəmməd əl-Fateh haqqında ola bilməz ki?! Hədisin kiminsə əqidəsini mədh etməkdən ötrü varid olması şərt deyildir, sadəcə olaraq ordu əmirinin bir əmir kimi gözəl biri olduğunu xəbər verir. Şübhəsiz ki, Muhamməd əl-Fateh İslam tarixinə düşmüş ən gözəl əmirlərdən biridir. Bidət əhli də olmayıb, əhlüs-sünnətin şanlı və şərəfli sultanlarından biri olub. Bizim bu günümüzə qədər yaşamış tarixçilərimiz onu yalnız xeyir ilə yad ediblər. Bəs bu günlərdə bu mövzunu qaldırıb bu tarixi şəxsiyyətin simasını qaralamağa nə ehtiyac var? Bunu etməyə vadar edən nədir? Çoxmu önəmli bir mövzudur?!

Bəli! Biz ümid edirik ki, bu hədis Muhəmməd əl-Fateh üçün bir müjdə olsun! Şübhə yoxdur ki, bu hədisin onun haqqında varid olduğundan əmin ola bilmərik, çünki ikinci ehtimal bunun gələcəkdə baş verməsidir, çünki hədislərdən anlaşılır ki, Konstantinopol Qiyamətə yaxın bir zamanda bir daha da fəth olunacaq. İstənilən halda biz ümid edirik ki, bu təriflənmiş əmir Muhəmməd əl-Fateh’dir və onun üçün dua edirik.

Samir Firdovsioglu
Müəllif: 


16-07-2018 06:17:06

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz