Ana səhifə

Təmizlik və Dəstəmaz


YazdırSend to friend

Sular

Sular iki qismə bölünür:

a) Müləq sular: İçərisinə başqa bir şey qarışmamış sular: məsələn; yağış, qar, dolu, çay, quyu, dəniz, bulaq, göl suyu kimi. Bu sular həm təmiz, həm də təmizləyici hökmə malikdir.

b) Müqəyyəd sular: İçərisinə başqa şeylər qarışmış olan sulardır. Gül suyu, səbzə, meyvə və başqa maddə ilə qarışmış sulardır. Bu sularla dəstəmaz və qüsl alınmasa da nəcasət yuyula bilər.

Sular təmizlik yönündən beş qrupa bölünür:

1- Həm təmiz, həm də təmizləyici sular. Başqa sözlə, təbii keyfiyyətlərini qoruyub saxlamış, iyi, rəngi və dadı dəyişməmiş sulardır.

Bu cür sular içilməklə yanaşı, təmizlik, dəstəmaz və qüsldə də istifadə edilir.

2- Həm təmiz, həm təmizləyici, lakin məkruh (bəyənilməyən) olan su­lar:

Pişik, toyuq kimi ev heyvanlarının, şahin kimi yırtıcı quşların istifadə etdiyi sulardır. Başqa təmiz su olduğu halda, bu sularla dəstəmaz alıb qüsl etmək məkruhdur. Başqa su yoxdursa, bu sulardan istifadə etmək məkruh deyildir.

3- Özü təmiz olduğu halda, başqa şeyləri təmizləməyən sular:

Bu sulara dəstəmaz və qüsldə istifadə edilən sular daxildir. Bunlara “istifadə olunmuş” sular da deyilir.

4- Təmiz olmayan sular:

İçinə nəcasət qarışmış və axarı olmayan durğun su, təmiz olmayan su sayılır. İtin, donuzun və yırtıcı heyvanların artığı olan sular da təmiz dey­ildir.

5- Şübhəli sular:

Eşşək və qatırın artığı olan sulardır. Bü sularla nəcasət təmizlənir. Başqa təmiz su varkən, şübhəli su ilə dəstəmaz almaq olmaz. Başqa su yoxdursa, dəstəmaz və qüsl alınır, sonra da təyəmmüm edilir. Çünki belə suların təmiz olub-olmaması şübhəlidir.

Unutma:

Hər şeydən öncə qəlbin təmiz olmalıdır. Buna mənəvi təmizlik deyilir. 

Mənəvi təmizlik olmadan, maddi təmizlik heç bir əhəmiyyət kəsb etməz, çünki hədisi-şərifdə də buyurulduğu kimi, “Allah insanın zahirinə və var-dövlətinə deyil, qəlbinə və əməlinə baxar”. Bununla yanaşı, hər bir müsəlman aşağıdakı hallara da nəzarət yetirməlidir:

1. Saç-saqqal və bığın artığı kəsilməlidir.

2. Saçlara qulluq edilməli, daranmalı, xüsusən də gərək varsa, tez-tez yuyulmalıdır.

3. Qoltuqlar hər gün sabunlanmalı və təmiz saxlanılmalıdır.

4. Dırnaqlar vaxtlı-vaxtında tutulmalıdır.

5. Dişlər fırçalanıb təmizlənməlidir. Bunun üçün ya misvaqdan, ya da diş fırçasından istifadə olunmalıdır.

6. Qoltuq altı və qasıqda bitən tüklər təmizlənməlidir.

7. Corablar tez-tez dəyişilməli, başqasını narahat edəcək qədər iylənməsinə yol verilməməlidir. İmkan daxilində yatmazdan əvvəl ayaqlar yuyulmalı və ya yatmazdan qabaq dəstəmaz alınmalıdır.

8. Yeməkdən əvvəl əllər, yeməkdən sonra isə əllərlə yanaşı, ağız da mütləq yaxalanmalıdır.

9. Cünub (qüslü vacib edən hal) olmasan belə, yeddi gündən bir (ən çoxu 15 gün) çimmək lazımdır.

10. Qüsldən öncə dırnaqlar tutulmalı, qoltuq altında və qasıqda bitən tüklər təmizlənməlidir.

11. Çimdiyin və ya qüsl aldığın yerdən ayaq yolu kimi istifadə edilməməlidir.

12. Çimdikdən sonra dəstəmaz almaq da unudulmamalıdır.

13. Çiməndən sonra təmiz paltar geyilməlidir.

 

Ayaq yolu ədəbi

Ayaqyoluna girmədən öncə diqqət olunacaq bir sıra şərtlər vardır ki, bunlara əməl olunmalıdır. Bu şərtləri aşağıdakı şəkildə sıralamaq olar:

1. Üstündə Allah, Məhəmməd kimi ərəb hərfləri ilə yazılı üzük varsa barmaqdan çıxarmaq.

2. Şalvar balaqlarını bükmək.

3. Ayaqyoluna sol ayaqla girmək və sağ ayaqla çıxmaq.

4. İmkan daxilində ayaq yolunda üzü və arxanı qibləyə tərəf tut­mamaq.

5. Paltara bir şeyin sıçramamasına diqqət etmək.

6. Kişilər zərurət olmadıqca ayaq üstə kiçik bayıra çıxmamalı.

Qeyd: Ayaqyolunda danışmaq, salam vermək, salam almaq, zəruri olmadığı halda, tənasül orqanına baxmaq, azan oxunduğu zaman azan cümlələrini təkrarlamaq olmaz!

Ayaq yolunda kiçik və böyük ehtiyacı gördükdən sonra təmizlənmək zəruridir. Kiçik ehtiyacı gördükdən sonra bir az gözləmək lazımdır. Tələsmək lazım deyil. Sidik kanalının tam boşalması üçün öskürmək, yürümək yaxşı nəticə verir. Kanalın tam təmizləndiyinə əmin olduqdan sonra sidik çıxan yeri su ilə təmizləmək lazımdır. Kiçik ayaqyolundan sonra kanalda qalan sidik artıqlarının təmizlənməsinə “istibra” deyilir. Ayaq yol­unda təharət işləri sol əllə görülür. Böyük ehtiyacı gördükdən sonra da nəcasət yeri təmiz olana qədər su ilə yuyulmalı və imkan daxilində qurudulmalıdır.

Qeyd: İnsan hər yerdən ayaq yolu üçün istifadə edə bilməz! Xüsusən də yol və yol kənarlarından, quyu, bulaq və su kənarlarından, hər kəsin istifadə etdiyi və ya keçdiyi kölgəli yerlərdən ayaqyolu kimi istifadə etmək olmaz!

Bu fəsli Peyğəmbərimiz Məhəmməd (sav)-in hədisi ilə yekunlaşdırırıq:

“Sidiyin bədəninizə və paltarınıza dəyməsindən çəkinin. Çünki qəbir əzabının çoxu sidikdən (istibra qaydalarına əməl etməməkdən) irəli gəlir.

 

Qüsl

   Quru bir yer qalmadan bədənin başdan-ayağa yuyulmasına qüsl dey­ilir. Qüsl etməmiş insana isə cünub deyilir. Qüsl almaq fərz, üzrlü bir səbəb olmadan qüslü gecikdirmək isə günahdır.

   Cünub olan şəxs:

   Namaz qıla bilməz, məscidə girə bilməz, Quran oxuya bilməz və ona əl vura bilməz, Kəbəni təvaf edə bilməz. Bütün bu sayılanlar cünub olan insana haramdır.

   Hansı halda qüsl almaq lazımdır? 

1. Harada, nə zaman və necəliyindən asılı olmayaraq kişidən məni (sperma) xaric olarsa.

2. Cinsi əlaqədən sonra. Hətta sperma xaric olmasa belə.

3. Heyz (aybaşı) halı bitən qadınlara.

4. Nifas (zahılıq) halı bitən qadınlara.

   Qadınlar aybaşı və zahılıq günlərində namaz qılmamaqla yanaşı, oruc da tuta bilməzlər. Lakin bu hal bitdikdən sonra namazın deyil, yalnız tutmadıqları oruc günlərinin qəzasını tutmalıdırlar.

 

Qadınlarla bağlı məsələlər

   Heyz (aybaşı) qanı: Yetkinlik yaşına çatmış gənc qızlarda baş verən normal fizioloji hadisədir. 9-55 yaş arasındakı qadınlardan hər ayın müəyyən günlərində və müəyyən müddət ərzində gələn qana heyz qanı deyilir. Heyz qanının müddəti ən azı üç gün-üç gecə, ən çox müddəti isə on gün-on gecədir. (İmam Şafiyə görə ən çox müddət 15 gündür). İki aybaşı arasındakı ən az təmizlik müddəti 15 gündür. Bü adətən 26-28 gündən bir təkrarlanır.

   Heyz qanını zahılıq müddəti sayılan 40 gün ərzində gələn qanla qarışdırmaq olmaz. Həmçinin, uşaqlıqda olan xəstəliklər nəticəsində gələn qan da heyz qanı sayılmır.

   Qeyd: Heyz olan qadınlar hər gün ilıq su ilə və ya ilıq suya batırılmış bir bez ilə qasıq aralarını, qoltuq altlarını, əl-ayaqlarını yuyub təmizləməlidir. İmkan daxilində heyz olduğu günlər yaxalanmaları daha yaxşı olar. Heyz olan qadınlara bəzi şeylər qadağandır:

1. Namaz qılmaq: Qan göründüyü andan etibarən kəsiləcək anadək namaz qılmaq qadınlara haram sayılır. Bu namazların qəzası qılınmaz. 

2. Oruc tutmaq: Heyz olmuş qadın namazda olduğu kimi, oruc da tuta bilməz, amma orucun qəzası tutulmalıdır.

3. Cildi olmayan Qurani Kərimə əl vurmaq və Quran oxumaq da bu dövrdə haram sayılır.

4. Məscidə girə bilmək.

5. Əri ilə cinsi əlaqədə olmaq.

6. Kəbəni təvaf etmək.

   Bütün bunlar (heyz) aybaşı halında olan qadına haram sayılır. Lakin heyz olan qadına dua etmək, zikr edib qəbir ziyarətinə çıxmaq haram dey­ildir. 

   Unutma! Aybaşı bitdikdən sonra təxirə salmadan qüsl etmək lazımdır. Səbəbsiz olaraq qüslü təxirə salmaq günahdır.

 

Nifas (zahılıq)

   Doğuşdan sonra qadın rəhmindən gələn qana nifas (zahılıq) qanı deyilir. Nifas qanının ən az müddəti yoxdur. Ən çox müddəti 40 gündür. 40 gündən sonra qan gələrsə, bu uşaqlıqdakı xəstəliklərlə bağlı gələn qan sayılır.

   Nifas olan muddətdə qadın:

1. Namaz qılmamalı (qəzası da qılınmır)

2. Oruc tutmamalı (qəzası tutulur)

3. Cildi olmayan Qurana əl vurmaq, oxumaq olmaz.

4. Məscidə girməməli.

5. Kəbəni təvaf etməməli.

6. Əri ilə cinsi əlaqədə olmamalıdır.

   Bunlar hamısı zahılıq halında olan qadınlara haramdır. Lakin heyz olan qadınlar kimi, nifas halında olan qadın da dua, zikr edib qəbir ziyarətinə çıxa bilər. Nifas qanı kəsildikdən sonra üzürlü bir səbəb olmadan qüslü gecikdirmək olmaz. Heyz və nifas qanı xaricində qadının usaqlığından xəstəlik nəticəsində gələn qana istihazə qanı deyilir. Bu qan yalnız dəstəmazı pozar. İstihazə halında olan qadın sadəcə dəstəmazını təmizləməklə kifayətlənər. Namazına da, orucuna da normal şəkildə dav­am edə bilər.

   Diqqət:

1. 9 yaşından əvvəl gələn qan.

2. 55 yaşından sonra gələn qan.

3. Hamiləlik müddətində gələn qan.

4. Heyz günlərində: 3 gündən az, 10 gündən çox gələn qan.

5. Nifas zamanı, 40 gündən sonra gələn qan xəstəlik (istihazə) qanı sayılır.

   Qüslün şərtləri

* Qüsl almadan əvvəl ayaqyoluna getməli.

* Üzük, sırğa və bilərzik varsa, çıxarılmalı.

* Qüsl alınacaq yerə girərək beldən aşağı nahiyəni örtməli.

* Sünnət və məhrəm yerləri təmizləməli.

* Qoltuq altında və qasıqda tüklər varsa, təmizləməli.

   Bundan sonra isə aşağıdakı şəkildə qüslə başlamaq lazımdır:

Əuzu billəhi minəş-şeytanir-rəcim 

Bismilləhi-Rəhmanir-Rahim 

    Allah`ım sənin rizan üçün niyyət etdim qüsl almağa. (Allahümə tahhir qalbi va cismi minəl cənabəti val-kərahəti, yəni “Allahım, qəlbimi və cismi­mi cünubluq və pis şeylərdən təmizlə” deyərək dua edə bilərsən.)

    Əllərini biləklər də daxil olmaqla 3 dəfə yu. (Protez dişlər varsa, onlar çıxarılmalıdır). Daha sonra sağ ovcunu su ilə doldurub ağzına apar. Boğazını da isladaraq 3 dəfə qarqara et. Bu fərzdır. Oruc olduğun zaman suyu udmamaq üçün çox ehtiyatlı ol. Sağ ovcuna yenidən su doldurub burnuna çək. Buna istinşaf deyilir. Suyun burnunun dibinə qədər getməsinə çalış. Daha sonra sol əlinlə burnunu təmizlə. Bunu da eyni şəkildə 3 dəfə təkrarla. Fərzdır. Bunun ardınca sağ çiynindən aşağıya doğru su tök. Bədənini ovuşdura-ovuşdura yu. 3 dəfə eyni şeyi təkrar etdikdən sonra sol çiynindən aşağıya eyni qayda ilə su tök. Ən axırda isə ayaqlarını yu.

   Beləliklə, qüsl bitmiş sayılır. Qüsldən sonra kəlimeyi-şəhadət oxumaq sünnətdir. Səhihi Müslimin təharət bəhsində rəvayət olunan bir hədisdə Allah Rəsulu (sav) belə buyurur: “Sizdən biri nöqsansız dəstəmaz alıb “Əşhədu ən la ilahə illallah və əşhədu ənnə Muhəmmədən abduhu va rasuluh” – deyərsə, ona cənnətin səkkiz qapısı açılar, istədiyi qapıdan girsin.”

Diqqət:

   Qüsl alarkən saçların dibinədək islanmasına diqqət yetirmək lazımdır. Sırğa, bilərzik, üzük və s. bəzək əşyalarını çıxarmadan qüsl alan zaman, onların altını islatmaq vacibdir. Dırnaqların altındakı çirk təmizlənməli, xüsusən də qadınlar dırnaqlarına sürtdükləri dırnaq boyası və dodaqlarına sürtdükləri dodaq boyasını silməlidirlər. Çətin olduğunu nəzərə alaraq uzun hörüklü qadınlar hər dəfə qüsl aldıqları zaman hörüklərini islatmadan sadəcə başlarını yumaqla kifayətlənə bilərlər.

Qeyd :

* Qüsl alan zaman dişlərin arasında yemək qırıntıları qalmamalıdır. Qüsldən sonra dişlərin arasında yemək qırıntısı qaldığını bilsən, dərhal təmizlə və ağzını yaxala.

* Qüsl zamanı suyu israf etmə.

* İmkan daxilində çalış ki, arxa hissən qiblə istiqamətinə düşməsin.

* Qüsl aldığın yeri ayaqyolu kimi istifadə etmə.

* Əgər qüsl etdikdən sonra qeyri-ixtiyari məni (sperma) xaric olarsa, qüsl pozulmuş sayılır. Təkrar qüsl almaq lazımdır!

   Qüsl etmək üçün su yoxdursa, təyəmmüm edilir. Bütün bədəni suda islatmaq şərti ilə dənizə girib-çıxmaq da qüsl sayılır. Lakin bu zaman ağzına və burnuna su almağı unutma. 

Dəstəmaz

   Dəstəmaz müəyyən bədən üzvlərinin xüsusi qayda ilə yumaq və məsh etmək yolu ilə edilən təmizlikdir. Dəstəmaz, Qurani-Kərimin “Maidə” surəsinin 6-cı ayəsində Fərz qılınmışdır. Peyğəmbərimiz Hz. Məhəmməd (sav) dəstəmazla bağlı bir hədisdə belə buyurur: “Bir müsəlman dəstəmaz alarkən əllərini yuduqda, əlləri ilə etmiş günahları bağışlanır, üzünü yuduğu zaman gözləri işlədiyi günahl­ar, başını məsh edincə qulaqları ilə dinləyərək işlədiyi günahları, ayaqlarını yuduğu zaman isə gedərək işlədiyi günahları bağışlanır. (Ət-tərğib vat-təhrib-c.1-s/155)

   Dəstəmaz almağa başlamadan öncə ayaqyolu ehtiyacı varsa, görülməlidir. Daha sonra şalvarın balaqları və köynəyin qollarını qat­lamaq lazımdır. İmkan daxilində qibləyə doğru çevrilmək daha yaxşı olar. Dəstəmazdan öncə əlləri yumaq sünnətdir.

   Damağında qanaxma olanlar, dişlərini dəstəmazdan öncə misvaqlamalıdırlar.

Şəkil-1

 

* Misvaq sağ əllə tutularaq dişlərin ortasından öncə sağ tərəfə doğru, daha sonra isə sol tərəfə doğru gəzdirilir. Bu hərəkət 3 dəfə təkrarlanır.

 

 

* Misvaq yoxdursa: Sağ əlin baş və şəhadət barmağı ilə dişlərin sağ tərəfini, sonra isə sol əlin baş və şəhadət barmağı ilə sol tərəfini təmizləmək lazımdır. Bu da 3 dəfə təkrarlanır.

Diqqət: Gözlərə linza taxılıbsa, dəstəmazdan öncə çıxarılmalıdır.

Fərz və ya sünnət olma baxımından dəstəmazların hamısı eyni-aşağıda göstərilən qaydada alınır:

1. Öncə niyyət edilir: (Niyyət ürəkdə edilir, dil ilə demək isə sünnətdir və niyyəti daha sağlam edər.)

Əuzu billahi minəşşeytanir-rəcim.

Bismillahi-Rəhmanir-Rəhim.

Niyyət etdim, Allah rizası üçün dəstəmaz almağa. (şəkil-1)

2. Hər iki əl biləklər də daxil olmaq şərtilə yuyulur. Barmaqlarda üzük varsa, altına suyun keçməsi üçün oynadılmalıdır.

3. Sonra sağ ovucuna su alıb ağzına apar (şəkil-2). Boğazını isla­dacaq şəkildə qarqara edərək suyu astaca tüfür. Eyni hərəkəti 2 dəfə də təkrarla. Oruclu ikən suyu udmamaq üçün ehtiyatlı ol.

4. Sağ ovucuna su doldur və suyu burnuna çək (şəkil-3). Sonra sol əlinlə səs etmədən burnundakı suyu təmizlə. Bu hərəkət eyni qayda ilə təkrarlanır.

Diqqət: Oruclu ikən, suyu buruna asta çəkmək lazımdır ki, boğaza keçməsin.

Şəkil-2 Şəkil-3 Şəkil-4

5. Hər iki ovucu su ilə doldurur və üz yuyulur! (şəkil-4). Bu fərzdir. Üzü yuyarkən saçların bitdiyi yerdən çənə altına qədər olan hissə yuyulmalıdır. Qulaq məməciklərinin ətrafı da üzə daxildir və yuy­ulur. Bu üç dəfə təkrarlanır. 

Diqqət: Dəstəmaz alarkən üzü asta bir şəkildə yumaq lazımdır ki, su ətrafa sıçramasın və ətrafındakı insanları narahat etməsin. Saqqal və bığ varsa, onların dibləri də islanmalıdır. Yerdə qalan qismini isə sağ əli is­ladaraq daraq şəklində saqqalın içindən keçirmək lazımdır.

6. Sağ ovuca su alınır, daha sonra ovucu biləyə doğru çevirib suyu sağ qolun dirsəyinə tərəf axıdaraq dirsəyə çatdırmalı, dirsək də daxil olmaqla sol əllə sağ əli 3 dəfə yumalı (şəkil-5).

7. Sol ovuca su alınır, daha sonra ovucu biləyə doğru çevirib suyu sol qolun dirsəyinə tərəf axıdaraq dirsəyə çatdırmalı. Bu dəfə isə dirsək də daxil olmaqla sağ əl ilə sol əli yumalı. Bu fərzdir (3 dəfə). (şəkil-6)

Şəkil-5 Şəkil-6

8. Daha sonra isə sağ əl isladılaraq başın dörddə birinə çəkilir (şəkil-7). Buna məsh deyi­lir. Ən azı 3 barmaq olmaq şərtilə əlin içi başın ön tərəfindən (saçlarin bitdiyi yerdən) arxaya doğru çəkilməlidir. Bu da fərzdir. Başın hamısını məsh etmək isə sünnətdir.

9. Başla birlikdə hər iki əlin çeçələ barmaqları ilə qulaqların içi və baş barmaqlar ilə arxası da bir dəfə məsh edilir(şəkil-8).

 

Şəkil-7 Şəkil-8 Şəkil-9

10. Ardınca isə hər iki əlin baş və şəhadət barmağı çıxmaq şərti ilə yerdə qalan üç bar­maq birləşdirilərək barmaqların arxası ilə boy­una məsh çəkilir (şəkil-9). Müstəhəbdir.

11. Daha sonra sağ ayağın altı-üstü topu­qla birlikdə yuyulur (şəkil-10). Suyun barmaqların arasından keçməsinə diqqət etmək lazımdır. Ayaqları yumaq fərzdir. (3 dəfə)

 

Şəkil-10 Şəkil-11

12. Dəstəmazda ən son yuyulan bədən üzvü isə sol ayaqdır(şəkil-11). Sağ ayaq kimi topuqla birlikdə sol ayaq da altı və üstü 3 dəfə yuyulur .

Beləliklə, dəstəmaz tamamlanmış olur. Dəstəmaz aldıqdan sonra Kəlimeyi-Şəhadət gətirməyi unutmayın.

Diqqət:

1. Dəstəmazı azan oxunmadan almaq sünnətdir.

2. Dəstəmaz alarkən suyu ətrafa sıçratmaq olmaz.

3. Suyu israf etmək olmaz.

4. Məcbur olmadıqca, dəstəmaz alarkən başqalarından kömək istəmək bəyənilmir. 

5. Dəstəmaz alarkən tələsmək və danışmaq olmaz.

6. Dəstəməz alarkən “Görəsən üzümü və ya qolumu yudum, ya yox?” düşüncəsi ilə zənnə qapılsan, (şübhəyə düşsən) o üzvü yumaq lazımdır. Bu hal tez-tez baş verərsə, (vəsvəsə nəticəsində şübhəyə düşürsənsə) o zaman yumağa ehtiyac yoxdur. Bədən üzvlərini yuyarkən “2, yoxsa 3 dəfə yudum” şəklində şübhəyə düşsən, əhəmiyyət vermə və dəstəmaza qaldığın yerdən davam et.

7. Dəstəmaz alınan yer təmiz olmalıdır. Ancaq dəstəmaz alınacaq başqa bir yer yoxdursa, ayaqyolunda da dəstəmaz almaq olar. Lakin bu zaman dualar ürəyində oxunmalıdır.

8. Dəstəmaz aldıqdan sonra suyun təmiz olmadığını başa düşsən, yenidən dəstəmaz almaq lazımdır. Suyun təmiz olmadığını namaz qıldıqdan sonra başa düşsən, yenidən dəstəmaz alıb namaz qılmaq lazımdır.

Dəstəmaz ala bilməyəcək dərəcədə xəstə olan insana yaxınlarından biri dəstəmaz almağa kömək edər. 

 

Dəstəmazı pozan şərtlər

• Ayaqyoluna getmək (Böyük və kiçik ehtiyacı görmək) 

• Qaz çıxarmaq.

• Vücudun hər hansı bir yerindən qan, irin və buna bənzər şeylərin çıxması, axması.

• Ağız dolusu qusmaq.

• Ağızdan gələn tüfürcəyin qanlı olması.

• Məni (sperma) gəlməsi.

• Məzi (spermadan öncə gələn yapışqan su) gəlməsi.

• Vədi (bəzən sidikdən sonra gələn su) gəlməsi.

• Uzanaraq və ya bir yerə söykənərək yatmaq.

• Epilepsiya tutması.

• Dəli olmaq, havalanmaq.

• Sərxoş olmaq (haramdır)

• Namaz əsnasında başqalarının eşidəcəyi şəkildə gülmək. (Bu za­man həm namaz, həm də dəstəmaz pozulur) 

Üzr və üzrlü

Kişilərdə və qadınlarda öz iradəsindən asılı olmayaraq dəstəmazı davamlı olaraq və yaxud qəflətən pozan səbəblərə “üzr”, bu vəziyyətdə olan insanlara isə “üzrlü” və ya “üzr sahibi” deyilir. Üzrlü sayılmaq üçün, dəstəmazı (öz iradəsindən asılı olmadan) pozan səbəbin tam bir namaz vaxtı ərzində davam etməsi lazımdır.

Üzrlər - Özündən aslı olmadan davamlı olaraq:

• Sidiyi tuta bilməmək.

• Qaz çıxarmaq.

• Fasiləsiz sperma axıntısı.

• Sidik damcılaması.

• Qanayan yaralar.

• Daxili qanaxmalar.

Namaz vaxtı çıxdıqdan sonra üzr sahiblərinin dəstəmazı pozulmuş sayılır və növbəti namaz vaxtı başlarkən təzədən dəstəmaz almaları lazımdır. 

Sarğı üzərinə məsh etmək

Dəstəmaz üzvlərindən hər-hansı birində yara, çiban və ya yanıq varsa və bunlar sarğı ilə sarınıbsa, dəstəmaz alan zaman nə etmək lazımdır?

Hər şeydən əvvəl həkim rəyi soruşulmalıdır. Əgər həkim suyun yaraya mənfi təsir göstərəcəyini söyləyirsə, o zaman yara sarğısını açmaq lazım deyil. Sadəcə olaraq dəstəmaz alan zaman üstünə bir dəfə məsh çəkmək kifayətdir. Yara sağalanadək dəstəmaz bu şəkildə alına bilər. Digər dəstəmaz üzvləri isə normal qayda ilə yuyulur. 

 

Təyəmmüm (torpaqla təmizlik)

Qurani-Kərimin Maidə surəsinin 6-cı ayəsində “Əgər su tapmasanız, o zaman təmiz torpaqla təyəmmüm edin...” ayəti ilə Allah bizdən öncəki ümmətlərdən heç birinə vermədiyi bir rahatlığı bizə bəxş edir.

Peyğəmbər (sav)-dən rəvayət olunan bir hədisdə delə deyilir:

“Yer üzü mənə namazgah, torpağı isə təmiz qılındı. Namaz vaxtı girərsə, harada olduğumdan asılı olmayaraq təyəmmüm edər, namaz qılaram.”

Beləliklə də, dəstəmaz və ya qüsl almaq üçün təmiz su tapa bilməyən təyəmmüm etməlidir. Suyun 1 mil (1895 m) uzaqlıqda olması, su olduğu halda belə xəstəlik səbəbi ilə dəstəmaz və ya qüsl ala bilməyən şəxs də təyəmmüm edə bilər.

Qısaca olaraq, təyəmmüm: Su olmayan yerdə və ya olsa belə, istifadəsi mümkün olmayan hallarda namaz qılmaq, cünubluq halından təmizlənmək, yaxud Tilavət səcdəsi edə bilmək üçün təmiz torpağa, daşa, quma, mərmər, kərpic, kirəmit və sement kimi torpaq cinsindən olan bir şeyə niyyət edərək əlləri vurub üzü və qolları məsh etməyə deyilir. 

Təyəmmüm necə edilir?

1. Öncə təmiz torpaq və ya torpaq cinsindən bir şey tapmaq lazımdır. Daha sonra köynəyin qolları dirsəklərə qədər qatlanır. Barmaqda üzük varsa çıxarılır.

2. Barmaqlar bir-birindən aralı-açıq halda tutularaq torpağın üstünə qoyulur və belə deyilir:

“Əuzu billahi minəş-şeytanir-racim.Bismillahir-Rahmanir- Rahim.”

Niyyət etdim, Allah rizası üçün və namaz qılmaq üçün təyəmmüm etməyə.

Qeyd: Təyəmmüm, cünubluq halından təmizlənmək üçün alınırsa, o zaman “Namaz qılmaq üçün” ifadəsinin yerinə “cünubluqdan təmizlənmək üçün” - ifadəsi söylənilir.

3. Bundan sonra əllər torpaq üstündə önə və geriyə doğru hərəkət etdirilir və qaldırılır. Ovuclar aşağı vəziyyətdə, əllər baş barmaqlar tərəfindən bir-birinə yavaşca vurularaq silkələnir. Sonra üzün dəstəmaz zamanı yuyulan hissəsi ovucların içi ilə məsh edilir (fərzdir). 

4. Ovuclar eyni qayda ilə torpaq üzərinə qoyulur, əllər önə və geriyə doğru hərəkət etdirilir. Yenə də eyni qayda ilə əllər baş barmaqlar tərəfindən bir-birinə vurularaq silkələnir. Sonra, sol əlin baş və şəhadət barmaqları bir-birindən aralı vəziyyətdə, digər üç barmağı sağ əl barmaqlarının üstünə qoymaq lazımdır. Barmaq uclarından başlayaraq dirsəyə qədər (dirsək də daxil olmaqla) məsh çəkilir. Bundan sonra isə sağ qol çevrilir və qolun altı dirsəkdən biləyə qədər məsh edilir. Axırda isə sol əlin baş barmağı ilə sağ əlin baş barmağının üstünə məsh çəkilir (fərzdir).

5. Yenə də ovuclar torpaq üzərinə qoyulur, əllər irəli və geriyə hərəkət etdirilir. Eyni qayda ilə baş barmaqlar tərəfindən bir-birinə vurularaq silkələnir. Bu dəfə isə sağ əlin baş və şəhadət barmaqları bir-birindən aralı vəziyyətdə, digər üç barmağı sol əl barmaqlarının üstünə qoymaq lazımdır. Barmaq uclarından dirsəyə qədər (dirsək də daxil olmaqla) məsh edilir. Daha sonra isə qol çevrilir və qolun altı dirsəkdən biləyə qədər məsh edilir. Axırda isə sol əlin baş barmağının üstünə məsh çəkilir (fərzdir). Beləliklə də, təyəmmüm tamamlanmış olur.

Qeyd: Təyəmmüm edərkən üz, əl və qulaqlarda məsh edilməmiş yer qalmamalıdır. 

Təyəmmümü pozan şeylər

1. Dəstəmazı pozan şeylər təyəmmümü pozar.

2. Təyəmmüm etdikdən sonra su tapılarsa, təyəmmüm pozulur.

3. Təyəmmüm etdikdən sonra su ilə dəstəmaz və qüsl almağa mane olan səbəblər aradan qalxarsa, təyəmmüm pozulur. 

 

Məstlər üzərinə məsh etmək

Məst: Topuqlar da daxil olmaq şərtilə ayaqları örtən və 12000 normal addım (5685 m) məsafəni qət etməyə dözümlü olan, su buraxmayan, 3 kiçik barmaq ölçüsündə yırtığı olmayan və bağ olmadan ayaqda qala biləcək qədər qalın bir ayaqqabıdır. Dəridən və keçədən hazırlanır. 

Məst necə olmalıdır

1. Məstlər düz yerə qoyulduğu zaman dik duracaq qədər qalın olmalıdır.

2. Ayaqları isladacaq dərəcədə içəriyə su buraxmamalıdır.

3. 3 mil (5685 m) məsafəni dayanmadan qət edəcək dərəcədə möhkəm olmalıdır.

4. Ayaqları topuqlarla birlikdə örtməlidir.

5. Məstlərin topuqdan aşağı olan qismində üç kiçik barmaq miqdarından artıq yırtıq olmamalıdır.

Diqqət: Məstlər dəstəmaz aldıqdan sonra geyilir. Dəstəmaz alıb məst geydikdən sonra dəstəmaz pozularsa, 24 saat ərzində ayaqdan çıxarılmamaq şərtilə hər dəfə dəstəmaz alınanda ayaqlar yuyulmur, sadəcə olaraq məstlər üzərinə məsh çəkilir. Səfərdə olan müddətdə isə məstlərin üzərinə məsh etmə müddəti 72 saat olur. 

Məst üzərinə necə məsh olunur?

Əllər isladılır. Əvvəlcə sağ əlin içi (barmaqlar açıq halda) sağ məstin üstünə qoyulur. Barmaqların ucundan ayaq pəncəsi ilə topuqlar istiqamətində məsh edilir. Daha sonra eyni qayda ilə sol əl isladılaraq sol məstin üzərinə qoyulub məsh edilir. Məstlər üzərinə məsh edərkən ən azı üç barmaq enində və uzunluğunda yer islanmalıdır. Məstlərin altına məsh edilməz.

Məshi pozan şeylər

1. Dəstəmazı pozan hər bir şey məshi də pozar.

2. Məstin ayaqdan çıxması və ya çıxarılması.

3. Məstin su buraxması və ayaqları islatması.

4. Məstdə üç kiçik barmaq ölçüsündə yırtıq olması.

5. Məstin müddətinin bitməsi - 24 saat (səfərdə isə 72 saat). 



14-04-2010 12:00:00