Ana səhifə

Təsəvvüf Bidətdirmi?


YazdırSend to friend

 

Təsəvvüf və təriqətdə bidətlər barədə danışmazdan əvvəl təsəvvüfün və eləcə də təriqətin nə olduğunu, islam dinində bunun yeri və ona münasibət haqqında müəyyən məlumatlarla tanış olmaq lazımdır ki, haqqında danışacağımız bidətlərin də nə dərəcədə bidət olduğu aydınlığı ilə bilinsin.

Təsəvvüf sözünün mənşəyi haqqında üç əsas rəy vardır. Bunlardan ən yayqını və daha məqbulu ərəb dilində yun demək olan "suf" sözündən törədiyini bildirən fikirdir. Bu rəydə olanlar bildirirlər ki, islamın ilk əsrlərində zahid insanlar yundan toxunmuş köynəklər geyinərdilər. Bu, həm nəfsani, həm də maddi baxımdan təvazökar və sadə bir hərəkət idi. Zaman keçdikcə bu tərzdə yaşayanlara yun köynəklilər, yuna bürünmüşlər mənası verən sufi, mutəsəvvüf adları isnad edildi və beləliklə də sufi, təsəvvüf sözləri formalaşdı.

Bu barədə Azərbaycanın qədim şəhərlərindən biri olan, məşhur filosof Şihabəddin Sührəvərdinin də vətəni Sührəvərddə anadan olmuş və 1234-cü ildə Bağdadda vəfat etmiş Arifbillah, Şeyxlər şeyxi ləqəbi ilə tanınan Əbu Hafs Ömər Sührəvərdi "Əvarifu-l-maarif" adlı kitabında geniş məlumat verir. Burada bir haşiyə çıxaraq demək lazımdır ki, çox təəssüflər olsun ki, bir çox azərbaycanlı elm xadimləri kimi, bu böyük alimin də əsərləri bir yana, heç özü Azərbaycan xalqına tanıdılmayıb. Adı çəkilən kitabında sənədini də yazaraq o deyir:

"Ənəs ibn Malik dedi: "Rəsulullah (sallallahu aleyhi və səlləmə) qulun da dəvətinə gedər, uzunqulağa minər, yun köynək geyərdi". Ona görə də bir çoxları sufilərin birbaşa paltarla əlaqədar belə adlandırıldıqlarını söylədilər. Çünki onlar daha sadə və Peyğəmbərlərin (aleyhumus- salam) paltarı olduğuna görə onu seçdilər". Səhabələrin yun paltar geyməsi barəsində Həsən Bəsri belə deyir: "Bədr döyüşü iştirakçılarından yetmişini gördüm, hamısı yun geyinərdi".

İkinci rəydə olanlara görə sufi və təsəvvüf sözlərinin mənasını təmizlənmək demək olan səfəvə felində axtarmaq lazımdır. Çünki sufilər mənəvi və fiziki həyatlarını təmizləyərək saflaşamqla məşğul olan insanlardır.

Üçüncü rəydə olanlar isə təsəvvüf sözü, çardaq demək olan suffa sözünün təhrif olunmuş şəklidir deyirlər. Çünki əsri-səadətdə sufi həyatı yaşayıb, zahidanə ömür sürənlər suffa əhli səhabələr idilər. Yaşayış tərzi baxımından bu sözdə həqiqət varsa da, dil və söz baxımından heç də qaneedici rəy deyildir. Bəli, əhli-suffanın paltarı əsasən yundan olardı. Onlar mənəvi və maddi həyatlarını daha çox kontrolda saxlayıb zahidanə ömür sürən insanlar idilər. Amma bu, heç də sufi sözünün suffa sözündən törədiyini bildirmir.

İstilah olaraq təsəvvüf sözünə müxtəlif təriflər vermişdirlər ki, bunların bir neçə ən məşhuru aşağıda xatırladılır. Yenə Əbu Hafs Ömər Sührəvərdi özünün "Əvarifu-l-maarif" adlı əsərində təsəvvüfün mahiyyəti haqda şeyxlərin mindən çox izahının olduğunu deyərək bunlardan ən yığcamlarını və ətraflılarını yazır. Onlardan böyük sufi alim, Allah dostu Cuneyd Bağdadi təsəvvüfü belə izah edir:

"Yaradılmışlarla əlaqəni kəsib, Allahla birgə olmaqdır".

Yəni Allahın razı qalacağı bir həyat yaşamaq üçün dünya və dünyadakılardan uzaqlaşmaqdır. Məruf əl-Kərxi təsəvvüf barəsində deyir:

"Hər şeyi həqiqəti ilə qəbul etmək, insanların əlində olana göz dikməməkdir".

Əbu Məhəmməd Cəriri də təsəvvüfün nə olduğunu özünəməxsus bir tərzdə aydınlaşdırır:

"Hər gözəl xasiyyəti mənimsəmək, hər pis xasiyyətdən qaçmaqdır".

Sührəvərdinin özü isə təsəvvüfə belə tərif verir:

"Təsəvvüf ədəblər külliyyatıdır. Hər vaxtın ədəbi var. Hər halın ədəbi var. Hər məqamın ədəbi var. Kim hər vaxtın öz ədəbinə riayət edərsə ərənlər mərtəbəsinə yüksələr. Kim də ədəbləri zay edərsə yaxınlıq umduğu yerdən uzaqdır. Qəbul umduğu yerdən də rədd edilmişdir".

İmam Sührəvərdi bunu daha yığcam belə bildirmişdir: "Zahiri ədəblərin gözəlliyi batini ədəblərin gözəlliyinin ünvanıdır".

Cüneyd Bağdadinin müəllimi Sərri Səqati isə təsəvvüfü belə izah edir: "Təsəvvüf, seçkin bir topluluqla birlikdə seçkin bir adamdan gözəl bir zamanda meydana çıxan gözəl əxlaqdır".

Diqqətlə baxılsa görünər ki, təsəvvüf hər necə tərif edilirsə edilsin son nəticə əxlaqın gözəlləşdirilməsi, ruhun təmizlədilməsi, mənəviyyatın zənginləşdirilməsidir. Bu zaman sual oluna bilər, əxlaqı Qur`an olan, Usvatu-l-həsənə Rəsulullah (sallallahu aleyhi və səlləm) varkən təsəvvüfə və təsəvvüf şeyxlərinə nə ehtiyac qalır? Cavab çox aydındır. Elə həmin Usvatu-l-həsənənin yaşayışını öz həyatına tətbiq edərək yaşamağı Onu görməyənlərə öyrədənlər təsəvvüf şeyxləridir. Yəni bir silsilə olaraq ötürülən təsəvvüf həyatı aşağıda da deyiləcəyi kimi, Rəsulullahdan başlayaraq kəsilmədən davam edən və Onun həyat tərzinə maksimum uyğun tutulan bir həyat tərzidir. Bu, həqiqi təsəvvüf, gerçək təsəvvüf şeyxləri barədə olan bir izahatdır. Yenə Cüneyd Bağdadinin sufilərə verdiyi tərif bunun ən dolğun nümunəsidir. Cüneyd deyir:

 "Sufi torpaq kimidir onu yaxşı da yaman da tapdalayır. O, bulud kimidir, hamını kölgələyir. O, yağış kimidir hamını suvarır". Yenə Cüneyd deyir: "Sufi topaq kimidir, üzərinə hər pislik atılsa da yenə ondan gözəl çıxır". Hər gün qapısına zibil atan yəhudini xəstəliyində ziyarət edib kefini soruşan Rəsulullah (sallallahu aleyhi və səlləm) yamanlığa qarşı yaxşılıq edən bir torpaq deyilmi? Həqiqi sufi şeyxləri də bax bu həyat tərzini insanlara öyrədən kəslərdir.

Günümüzdə rast gəlinən, bəzən insanları saflaşmağa, təmizlənməyə, mənəvi zənginləşməyə deyil, əksinə yönəldən, təsəvvüf adı altında ən müxtəlif kələkbazlıqlarla məşğul olanlar varsa da onların təsəvvüflə, həqiqi sufiliklə heç bir əlaqəsi yoxdur. Bu isə Rəsulullahın dövründə və ondan sonra özünü peyğəmbər elan etmiş yalançıların müasir təzahürüdür. Yəni haqq din islamla yanaşı batil dinlərin, haqq peyğəmbərlə yanaşı yalançı peyğəmbərlərin olması haqq dinin doğruluğuna bir zərrə xələl gətirmədiyi kimi, haqq təsəvvüfə də onunla yanaşı mövcud olan yalançı sufilərin, kələkbaz şeyxlərin varlığı xələl gətirməməlidir. Əgər bir cahil təsəvvüf adına ən müxtəlif bidətlər, ən xoşagəlməz davranışlar sahibidirsə və bunu insanlar arasında yayırsa bu, o demək deyildir ki, təsəvvüf bidətçilik mənbəyidir. Səhabədən tutmuş, azman islam alimlərinin demək olar ki, hamısı sufi şeyxlər idilər.

Tabiin nəslinin ən məşhur simalarından biri, həm təsəvvüf, həm də zahir elminin xəzinəsi Həsən Bəsri, döyülmək bahasına iki dəfə yüksək vəzifədən imtina edən Əbu Hənifə, gündə yüz kötək alsa da dünya sultanına uyub Qur`ana məxluq deməyən, təsəvvüf məsələlərindən danışan "Kitabu-z-Zühd" kitabının müəllifi Əhməd ibn Hənbəl, dövrün xəlifəsinin qadağan etməsinə baxmayaraq Rəsulullahın hədislərindən birini rəvayət etməkdən geri çəkilməyən, həyətində ilxısı varkən, "Rəsulullahın (sallallahu aleyhi və səlləm) uyuduğu şəhərdə ayaqlarımı sallaya-sallaya minəkdə gəzməkdən utanıram," - deyib, Mədinədə minəyə minməyən Malik ibn Ənəs və neçə-neçə belə alimlərin həyat tərzi, əxlaqı təsəvvüfün yuxarıda keçən tərifindən bir zərrə kənara çıxırmı? Bu insanlar sufilik edib bidətlərmi işləyirdilər? Öz ədaləti, təqvası, zöhdü ilə raşidi xəlifələr sırasında adının çəkilməsini təmin etmiş Ömər ibn Abduləziz (rəhmətullahi aleyh):

"Ev-eşiyini, övladlarını tərk edib çöllərə düşənləri bizim başımıza gələnlərdən başqası çöllərə salmayıb. Onlar şərin yayıldığını, xeyirin yox olduğunu, söz deyəndən sözün eşidilmədiyini gördülər. Fitnələri gördülər və onları həlak etməyəcəyinə, insanların üzərinə əzab enməyəcəyinə və ondan qoruna biləcəklərinə əmin olmadılar. Vəhşilərə yoldaş olub paxla yeməyi nemətlər içərisində olanlarla yanaşı olmaqdan üstün gördülər", - deyərkən bu sözləri ilə təsəvvüf əhlini nəzərdə tutub, onlara haqq qazandırmırmı?

Allah dostu Bişr Hafi hələ öz dövründə bu barədə belə deyir: "Vallahi, elmin insanların əlində dünyanı ovlamaq üçün tor olacağı zamana qədər yaşayacağımızı zənn etmirdik".

İmam Əhməd ibn Hənbəl rəhmətullahi aleyh isə belə deyir: "Alimin elmindəki ixlasının əlaməti, elmi çoxaldıqca dünyaya qarşı zöhdünün artıb ev əşyasının azalmasıdır".

İmam Nəvəvi ölüm xəstəliyi ilə doğma kəndi Nəvaya qayıdarkən yaşadığı evində əsa və su qabından başqa heç nə yox idi. Kitablarını və əsərlərini isə Dəməşq yoxsullarına paylamışdı. Beləcə, əli ilə qazandığından başqa, demək olar ki, heç kəsdən heç nə qəbul etməyən sufilərin əksinə, əgər hansısa müasir bir sufinin, yığdığı sədəqələr hesabına, biznesmen büdcəsi kimi büdcəsi varsa, əgər hansısa bir sufi ən müasir avtomobillərdə gəzirsə bu, o demək deyildir ki, təsəvvüf və sufilərin hamısı saxtakardır. Həqiqi sufilər elmsiz təsəvvüf olmaz deyərkən, "bizə elmli adam yox, itaətkar adam lazımdır", - deyə hansısa bir sufi insanları elm oxutmaq adına savadsızlığa və elmsizliyə çağırırsa, üstəlik də bunu özü etiraf edirsə təsəvvüf buna neyləsin? Hansısa bir həkimin savadsız və bacarıqsız olduğuna görə tibb elmi ittiham olunmadığı kimi, hansısa bir kələkbaza görə də təsəvvüfü ittiham etmək olmaz. Nə var ki, bu gün təmiz təsəvvüf, ixlaslı sufilər gündüz işıqla axtarılacaq qədər azdır.

Təriqətə gəlincə, bu, ərəb dilində yol deməkdir. Sufi istilahında isə müəyyən bir üsula, müəyyən bir şeyxin tərbiyə metoduna deyilir. Fiqh elmində məzhəb nə mahiyyətdədirsə, təsəvvüfdə də təriqət həmin mahiyyəti kəsb edir. Təsəvvüf elmində təriqət istilahı hicri III əsrin sonu IV əsrin əvvəllərində meydana çıxmışdır.

Təriqət bugünkü mənasında, yəni bir şeyxin ətrafında toplaşımış müridlərin təkkə şəraitində müxtəlif üsullarla yetişdirilməsi mənasında, böyük sufi alim, Qadiriyyə təriqətinin banisi, Allah dostu Abdulqadir Geylaninin yaşadığı hicri VI əsrdən sonra formalaşmışdır. İstənilən sufi təriqətinin əsası başlıca iki - cəhri və xəfi - təriqətə qayıdır. Xəfi təriqətin silsiləsi İmam Cəfər əs-Sadiq, Məhəmməd ibn Qasim, Salman Farisi, Həzrəti Əbu Bəkr (Allah hamısından razı osun) yoluyla Rəsulullaha (sallallahu aleyhi və səlləmə) çatır. Bu təriqətin zikr üsulu gizli, yəni qəlblə olduğuna görə belə adlandırılmışdır. Cəhri təriqətin silsiləsi Rəsulullah (sallallahu aleyhi və səlləmə) - Həzrət Əli (Allah ondan razı olsun) - yolu ilə gəlmiş üsuldur. Bu təriqətin zikr üsulu isə aşkar, yəni dillə olduğuna görə belə adlandırılmışdır. Geridə qalan bütün təriqətlər bu iki təriqətin şaxələridir.

Bundan sonra bilmək lazımdır ki, təsəvvüf sözü ümumi, təriqət sözü isə xüsusidir. Demək, təriqət nəfsi çirkin və rəzil istəklərdən, hallardan təmizləmək yoludur ki, təsəvvüfün əsas qayəsinə aparır.

Təriqətdə yaşanan əməllər haqqında ümumi qayda olaraq bunu demək mümkündür ki, hicri üçüncü əsrdən sonra, yəni tabiu-t-tabiin əsrindən sonra meydana çıxan hər bir yenilik şəriət dəlillərinə və qaydalarına tabe tutulur. Əgər ona müvafiq gəlməyən, ya da müxalif olan bir şey üzə çıxarsa o zaman onun izlənməsi tələb olunmur. Fəzilət sahibi, məşhur şeyxlərdən olsa belə, hər hansı birisi belə bir əməl edərsə, bu zaman bilmək lazımdır ki, heç bir alimin və abidin əməli şəriətə uyğun olmadıqca dəlil ola bilməz.

"Nazilmiş Haqq" -Mülkədar Hacıoğlu, 2009

Müəllif: 


20-10-2014 12:00:00