Ana səhifə

Ticarət əxlaqı nədir?


YazdırSend to friend

Ticarətin ruhu düzgünlük, etibarlılıq, yaşanan dövrü idrak, müştəriyə qarşı nəzakətli və tərbiyəli davranmaqdır. Bunlardan birində qüsur edən, ticarətin ruhunu zədələmiş, bu səbəbdən də öz qazanc yollarını bağlamış olar.

Ticarətin əsası alış-verişə, təşəbbüskarlığa və sərmayə istifadəsinə əsaslanır. Allah Təala belə buyurur:

 

“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. “ (Nisa Surəsi, 4/29)

 

 “Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir.”  (Bəqərə Surəsi, 2/275)

 

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.” (Cümə surəsi, 62/9-10)

 

Allah elçisinin, ticarət edənlərə aid öyüdlərindən bəziləri də belədir: “Sözü və rəftarı doğru tacir, qiyamət günündə ərşin kölgəsi altındadır.” (İbn Macə, Ticarat 1) “Bir kimsə, qida maddələrini yığıb günün cari mübadilə qiyməti ilə satsa sanki onu yoxsullara və ehtiyac sahiblərinə ödənişsiz paylamış kimi əcr alar.” (İbn Macə, Ruhun 16) “Ey tacirlər! Heç şübhəsiz, alış-verişə boş söz və yalan yerə and çox qarışar. Buna görə, bu əskikliyi sədəqələrinizlə kompensasiya edin!” (Əbu Davud, Büyu 1) “Dürüst, sözünə və işinə güvənilən tacir, nəbilər, sıddıqlar və şəhidlərlə bərabərdir.” (Tirmizi, Büyu 4; İbn Macə, Ticarat 1)

Allah Elçisi (sallallahu əleyhi və səlləm)-in ticarətdə şəriklərlə əlaqədar olaraq müxtəlif tövsiyələri olmuşdur. Bu mövzuda Quranda ümumi etik ölçülər verilməklə kifayətlənilir.

 

“Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!(Sad Surəsi, 38/24)

 

 Başqa bir ayədə, miras malında ortaqlıqdan belə danışılır:

 

Əgər (vəfat etmiş) kişinin və ya qadının (eyni anadan) bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə (mirasın) altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. (Nisa Surəsi, 4/12)

 

 Əbu Hüreyrənin nəql etdiyi qüdsi bir hədisdə belə buyurulur: “İki ortaq bir-birinə xəyanət etmədiyi müddətcə, üçüncüsü mənəm. Əgər onlar bir-birinə xəyanət etsələr, mən aralarından çəkilərəm.” (Əbu Davud, Büyu 26) Yenə hədislərdə belə buyurulmuşdur: “Allahın qüdrət əli, ortaqlar bir-birinə xəyanət etmədiyi müddətcə, onların üzərindədir.” (Əbu Davud, Büyu 26), “Qazancın paylaşılması, ortaqların sərbəstcə təyin etdiyi şərtlərə görə olar. Zərərə görə məsuliyyət daşımaq isə sərmayə nisbətlərinə görədir.” (İbn Macə, Ticarat 63)

 

Hz. Peyğəmbər (s.ə.v)-in ticarət və iqtisadi həyatla əlaqədar bir çox söz, hərəkət və bəyanları vardır. Necə ki, Allahın Elçisinə ən üstün qazancın hansı olduğu soruşulunca belə cavab vermişdir: “Adamın əlinin əməyi və məbrur (doğru, məqbul) alış-verişdir.” (Əhməd b. Hənbəl, Müsned, 3/466) Bu da, yalan yerə and və aldatma qarışmayan alış-verişi ifadə edir.

 

Hz. Peyğəmbər (sallallahu əleyhi və səlləm) şəxsən özü də alış-veriş etmiş, borclanmış, girov vermiş, ortaqlıq qurmuşdur. O, insanlar müxtəlif ticarət əməliyyatları həyata keçirərkən peyğəmbər olmuş və onları ticarətdən çəkindirməmiş, əksinə ruzinin onda doqquzunun ticarətdə olduğunu bildirmişdir. (Münavi, Feyzül-kadir, 3/220) Ancaq ticarət həyatında haqsız qazanca yol aça bilən faiz, möhtəkirlik, yalan, hiylə, gabin (1) və garar (2) kimi şeylər qadağan edilmiş, haqq sahibinin haqqını ala bildiyi və haqsızlıq etmək istəyənin xaric edildiyi bir iqtisadi sistem hədəflənmişdir. Sağlam ticarət üçün, biznesmen və tacirin öz sahəsi ilə əlaqədar məlumatları əldə etməsi və ya yaxınında hər vaxt məsləhətləşəcəyi bir mütəxəssis saxlaması lazımdır. Necə ki, Hz. Ömərin xəlifə olunca belə məlumatlanma səfərbərliyi başlatdığı görülür. Onun bütün idarəçilərə nəşr etdiyi ilk ticarət sirkulyar məktubu belədir: “İslama görə, öz ticarətiylə əlaqədar hökmləri bilməyən kimsə, bizim bazarlarımızda alış-veriş etməsin. Çünki bilməmə ucbatından faizə düşə bilər.”

 

“Qazanc miqdarı üçün bir sərhəd var?”

Ayə və hədislərdə ticarət və qazancdan ümumi olaraq danışılmış və iqtisadi həyatın müəyyən prinsiplərə görə, öz təbii qaydaları ilə davam etməsi istənmişdir. Bazarın öz qaydaları və İslami ölçülərə görə edilən ticarət fəaliyyətlərində meydana gələcək qazanc halal sayılmışdır. Ancaq, cəmiyyəti həddindən artıq qazancla istismar etmək istəyən acgöz kəslərə qarşı da lazımlı tədbirlər alınmışdır. Bu tədbirlərlə sərbəst rəqabət əsasının qorunması və insanların təməl ehtiyaclarının istismarının önlənməsi məqsəd qoyulmuşdur. Faizin, möhtəkirliyin, yalan və hiylənin qadağan edilməsi, qarşılıqsız qazanc yollarının bağlanılması və lazım olduğunda narha (3) müraciət edilməsi bunlar arasında sayıla bilər. Buna görə İslamın, alış-verişlərdə müxtəlif mallara, faiz hesabıyla bir qazanc həddi təyin etmədiyi görülür. Ümumiyyətlə, təklif və tələb qanunlarına bağlı, sərbəst rəqabət əsasları içində meydana gələcək qiymətlər ölçü alınmışdır. Allah elçisinin, bazar qiymətlərinə müdaxilə etməsi və qazanc sərhədlərini təyin etməsi üçün edilən müraciətlərə verdiyi bu cavab bəşəri iqtisadiyyat üçün də mənalıdır: “Şübhəsiz, qiyməti təyin edən, darlıq və bolluq verən, ruzini verən Allahdır. Mən, sizdən birinizin mal və can mövzusundakı bir haqsızlıqdan ötəri, haqqını məndən istəyir olduğu halda Rəbbimə qovuşmaq istəmərəm.” (Əbu Davud, Büyu 49; Tirmizi, Büyu 73; İbn Macə, Ticarat 27) Ancaq bunu dərhal ifadə edək ki, satış razılaşmasında faiz hesabıyla müəyyən bir qazanc sərhədinin qoyulmaması, satıcının dilədiyi qiymətə satış edə biləcəyi mənasını verməz. Yalan yerə and, malın ayıbını gizləmə, malda olmayan xüsusiyyətlərlə malı tərifləmə, xərci yüksək göstərmə, mal darlığından faydalanma kimi yollarla müştəriyə təsir edərək bazar qiymətindən baha satışlarda “hədsiz qiymət” söhbət mövzusu olar. Burada haqqı olmayan əlavə qazanc satıcıya halal olmaz.

 

“Hədsiz qazanc nədir? Qazanc miqdarı yüzdə neçədir?”

İslamda aldatma, “gabn” termini ilə ifadə edilir. “Hədsiz gabn” və “yesir gabn” olmaq üzrə ikiyə ayrılır. Çox aldatma və az aldatma deməkdir. Az aldatma satış razılaşmasına zərər verməz. Çünki bundan qaçmaq çətindir. Digər tərəfdən, insanlar kiçik qiymət fərqlərinə razılaşarlar. Lakin bazar qiymətindən çox baha satılsa müştəri, aldadıldığını düşünər və əlavə qazancı satıcıya halal etməz. Buna görə də “hədsiz qiymət” məsələsi ortaya çıxar. “Hədsiz qiymət” miqdarları ictihadla təyin olunmuşdur. Hənəfilərə görə mütəxəssislərin qiymətləndirmə sahəsi xaricində qalan çox yüksək və ya çox aşağı qiymətlərdə “gabn (aldanma)” olar. Belh fakihlərindən Nusayr ibn Yəhya (v. 268/881), satış razılaşmasında olan malların, bazardakı dövriyyə sürətini və insanların bu mala olan ehtiyaclarını diqqətə alaraq “hədsiz gabn”i daşınmaz əmlakda %20, heyvanlarda %10 və digər daşınan mallarda isə %5 olaraq məhdudlaşdırmış və bazar qiymətindən baha və ya ucuz bu nisbətlər aşılaraq ediləcək satışların “hədsiz gabn” dərəcəsində olacağını ifadə etmişdir. Bu nisbətə çatmayan əlavələr da “yesir gabn” əhatəsinə girər. Ancaq “hədsiz gabn”in, satış razılaşmasının ləğv səbəbi ola bilməsi üçün, aldatma ilə birlikdə olması lazımdır. Əks halda yalan və hiylə olmasa, bir kimsənin müştəriyə verəcəyi doğru məlumatlarla malını dilədiyi qiymətə satmasına da İslami bir maneə yoxdur. Malikilərə görə, malın dəyərinin üçdə birindən daha çox bazar qiymətindən baha və ya aşağı qiymət “hədsiz qiymətdir”. Hz. Əbu Bəkir (r.ə)ın tətbiqi də bu şəkildə olmuşdur.

Qənaətimizə görə , İslamın həddindən artıq sayılan qazancın miqdarı mövzusunda qəti bir sərhəd qoymaması, nisbətlərin təsbitini ölkə və diyarların ənənələrinə buraxmaq üçündür. Məzhəblərin bu mövzuda fərqli ölçülər gətirməsi də bunu göstərir. Digər tərəfdən nağd satışlarla, nisyə satışları ayrı-ayrı dəyərləndirmək lazımdır. Çünki kreditlə satışda qazanc nisbətinin yüksək tutulduğu bilinir.

Nəticə olaraq, yalan və aldatma qarışdıraraq bazar qiymətindən baha satan kimsə üçün, bu əlavə qazanc təmiz qazanc olmaz. Haqq sahiblərinin halallaşması lazımdır. Bu mümkün olmazsa bu kimi əskikliklər üçün yoxsullara sədəqə verilməlidir. Hədisdə belə buyurulur: “Ey tacirlər! Alış-verişə boş söz və yalan yerə and çox qarışar. Bu əskiklikləri sədəqələrinizlə kompensasiya edin.” (Əbu Davud, Büyu 1;Tirmizi, Büyu 4;Nəsəi, Eyman 7)

 

Möhtəkirlik nədir?”

İnsanların ehtiyacı olan bir malı, sırf bahalaşmasını gözləyərək yığmaq və satışa təqdim etməməkdir. İslamda ticarət həyatının sərbəst buraxılaraq qiymətlərin sərbəst rəqabət nəticəsi meydana gəlməsi əsasdır. Bəzi mallar möhtəkirlik üçün saxlanınca, bazarda mal darlığı olar və tələb çoxluğu səbəbiylə qiymətlər süni olaraq yüksəlməyə başlayar. Möhtəkirin məqsədi də budur. Hz. Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: Möhtəkir nə pis quldur! Qiymətlərin düşdüyünü öyrənincə kədərlənər, yüksəldiyini eşitsə sevinər.” (Kamil Miras, Təcridi Sarih, 6/549) “Bir qida maddəsini 40 gecə yığıb (ehtiyac varkən) saxlayan Allahdan uzaqlaşmış, Allah da onu özündən uzaqlaşdırmışdır.” (Əhməd b. Hənbəl, Müsned, 2/33) Möhtəkirliyin meydana gəlməsi üçün bu şərtlər lazımlıdır:

1) Yığılan malın satın alınmış bir mal olması,

2) Qida maddəsi olması,

3) İnsanların yığılan malı almada çətinlik və ehtiyac içində olması.

Əbu Yusufa görə, qida maddələri xaricində, bazara çıxarılmaması cəmiyyətə zərər verən hər növ malda da möhtəkirlik olar. Malı saxlama müddəti normal hallarda qırx gündür, ancaq cəmiyyətin çətinliyə düşmə vəziyyətinə görə bu müddət qısala bilər. Necə ki, indiki vaxtda maye yanacaq və qaz balonları kimi ehtiyac maddələri iki-üç gün kimi qısa bir müddət bazardan çəkilsə cəmiyyət böyük çətinliyə düşər, əks halda, xüsusilə zəruri maddələrin qiymətlərinə narh tətbiqinə də bir maneə yoxdur.

 

“Qəbzdən əvvəl satış qadağası nədir? Ticarət həyatında nə cür təsirləri olar?”

Satın alınan bir malın felən təslim alınmasına “qəbz” deyilir. Malın təslim alınmazdan əvvəl, müştəri tərəfindən üçüncü bir adama satılması halında, ilk satıcı və alıcı arasında təslimlə əlaqədar olaraq çıxa biləcək bir anlaşılmazlıq, ikinci satışı da təsir edəcək. Malın ilk satıcıdan təslim alına bilməməsi; onun sözündə durmaması, malın tələf olması və ya qüsurlu çıxması kimi səbəblərdən qaynaqlana bilər. Belə bir vəziyyətdə, əvvəlki problem həll edilmədikcə, ikinci satıcı təəhhüdünü yerinə gətirə bilməyəcək. Hz. Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: “Kim bir qida maddəsini satın alsa onu qəbz etmədikcə başqasına satmasın.” (Buxari, Büyu 54, 55; Müslim, Büyu 29-32; Əbu Davud, Büyu 65) Bu hədisdə zikr edilən yemək maddəsi nümunə üçün olub, hədis bütün daşınan əşyanın alış-verişini əhatəsinə alar. Qəbzdən əvvəl başqasına satış etibarlı olsa bu vəziyyət, mal heç yer dəyişdirmədən, hətta hələ mal istehsal olunmadan qiymətinin yüksəlməsinə səbəb olar. Bir sıra vasitəçilər, malı heç görmədən kağız üzərində qazanc əldə etmiş olarlar. Əbu Hənifə və Əbu Yusufa görə, daşınmaz əmlak üzərində qəbzdən əvvəl mal üzərində sərəncam hüququ caizdir. Əsaslandıqları dəlil, “istehsan” prinsipidir. Çünki daşınmaz əmlakın qəbzdən əvvəl tələf olması və ya dəyişikliyə uğraması çox seyrək görülən bir vəziyyətdir. Seyrək olan bir şeyə isə etibar edilməz. İmam Məhəmməd, Züfər və Şafiiyə görə daşınmaz əmlakın da daşınanlar kimi, qəbzdən əvvəl satışı caiz deyil.

 

İslamda borclu və borc verənin sahib olduğu haqq və vəzifələr nədir?

Hər mövzuda olduğu kimi, ticarət həyatında da verilən sözlərin tutulması əhəmiyyətlidir. Adamın özünün və sözünün bir olması, sözünün sənəd sayılması, ya göründüyün kimi ol ya da olduğun kimi görün kimi deyimlər, cəmiyyətin vicdanında yerləşmişdir. Böyük ölçüdə qul haqlarının söhbət mövzusu olduğu ticarət həyatında sözündə durmaq, ticari təəhhüdləri vaxtında yerinə yetirmək əhəmiyyətlidir. Əks halda qul haqları pozuntuları ortaya çıxar və halallaşma olmadıqca məsələ axirətdəki hesablaşmağa qalar. Qurani Kərimdə, qarşılıqlı borclanmalarda bunun yazıyla təsbiti ilə yanaşı, verilən sözlərə və edilən andlaşmalara uyulması istənmişdir. Ayələrdə belə buyurulur:

 

 “Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin.” (Maidə Surəsi, 5/1)

 

 “Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır.” (İsra Surəsi, 17/34)

 

 Hz. Peyğəmbərin aşağıdakı hədisi də yuxarıdakı ayələri təfsir edir. “Müsəlmanlar öz aralarında təyin etdikləri şərtlərə uyarlar. Ancaq haramı halal, halalı haram edən şərt bunun xaricindədir.” (Buxari, İcarəyə 14; Tirmizi, Ehkam 17) Digər tərəfdən ödəmə çətinliyi içində olan borcluya asanlığın göstərilməsi lazımdır. Ayədə belə buyurulur:

 

“Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir.(Bəqərə Surəsi, 2/280)

 

Ancaq ödəmə imkanı olduğu halda, borcunu vədəsində ödəməyən kimsə borc verənə zülm etmiş olar. Hədisdə belə buyurulur: “Borcunu ödəmə imkanı olan bir kimsənin borcunu təxirə salması bir zülmdür.” (Buxari, Həvalə 1,2; Müslim, Musakat 33; Əbu Davud, Büyu 10; Tirmizi, Büyu 68) Borc verən belə varlı kimsədən alacağı borcunu məhkəmə yoluyla zorla ala bilər. Bir kimsə gərək ehtiyac üzündən, gərəksə sərmayələrini böyütmək, daha çox mal alaraq gəlirini artırmaq kimi məqsədlərlə də borclana bilər. Ödəmə gücünü aşmayacaq şəkildəki borclanmalarda bir zərər olmaz. Necə ki Hz. Peyğəmbər də vaxtaşırı ehtiyac ucbatından borclanmışdır. Məsələn, bir Yəhudidən nisyə yemək satın almış və zirehini girov olaraq qoymuşdur. (Buxari, Cihad 89)

Ödəmək niyyətiylə borclanan kimsəyə Cənabı Haqq yardım edər. Əbu Hüreyrə (r. ə.)ın nəql etdiyi bir hədisdə belə buyurulur: “Kim ödəmək niyyətiylə borclansa, Allah onu bu borcu ödəməyə müvəffəq edər. Kim də başqasının malını tələf etmək niyyətiylə götürsə, Allah onu tələf etdirər, ödəməyə müvəffəq ola bilməz.” (Buxari, İstikraz 2) Borclanmada niyyətin əhəmiyyəti Əbu Ümamə (r.ə)ın nəql etdiyi bu hədisdə daha açıqdır: “Bir kimsə ödəmək niyyətiylə borclanar, lakin borcunu ödəyə bilmədən ölsə, Allah onun borcundan imtina edər və istədiyi əvəzi verərək, borc verənini razı edər. Buna qarşılıq ödəmə niyyəti olmadan borclanan kimsə, borcunu ödəmədən ölsə Uca Allah ondan borc verənlərin haqqını alar.” (Kamil Miras, Təcridi Sarih, 7/273) Ancaq bu dua və çəkindirmələr, İslamda borclanmanın caiz olmadığı mənasına gəlməz.

Borclanmaqla əlaqəli İslamın tövsiyəsi həddin aşılmaması və ödəmə imkanını aşacaq borc yükü altına girilməməsidir.

Cənabı Haqdan haramdan təmizlənmiş, bərəkətli halal ruzi nəsib etməsini diləyirik.

 

Haşiyələr:

1. Alış-verişdə aldatmaq, əskik vermək, gizlətmək, mahiyyətini dərk etməmək kimi mənalara gələn “gabn”, Hənəfilərə görə ikiyə ayrılır və hər ikisinin də özünə görə hökmləri vardır. “Hədsiz gabn”; hər hansı bir malı o malın qiyməti haqqında mütəxəssislərin təyin edəcəyi qiymətdən olduqca çox baha qiymətlə satmaq və ya bu ölçüdə aşağı bir qiymətlə satın almaqdır. “Yesir gabn” isə bu dərəcə yüksək və ya aşağı olmayan, insanların aldanma saymaqla birlikdə dözümlə qarşıladıqları bir əvəzlə satmaqdır.

2. Qarar; ticarətdə aldanma riski və naməlumluq mənasını verir. İslam meyvə, tərəvəz və əkinlərin çiçəyində ikən və ya hələ yetişmədən əvvəl satışını qadağan etmişdir. Çünki belə bir məhsulda garar, yəni tələf olma və ya meydana gəlməmə riski söhbət mövzusudur.

3. Narh, əşya qiymətlərinin dövlət, bələdiyyə və ya başqa səlahiyyətlilər tərəfindən təyin olunması və biznesmen və tacirin bu qiymətlərin xaricinə çıxmasının qadağan edilməsidir.



07-06-2011 12:00:00