Ana səhifə

Üçüncü Söz: İbadətin Əhəmiyyəti


YazdırSend to friend

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
يَاۤ اَيُّهَا النَّاسُ اعْـبُدُوا

    İbadət – necə böyük bir ticarət və səadət; günah və səfahət – necə böyük bir xəsarət və həlakət olduğunu anlamaq istəsən, bu ibrətli hekayəciyə bax, dinlə...

    Bir zaman iki əsgər uzaq bir şəhərə getmək üçün əmr alarlar. Birlikdə gedərlər, ta yol ikiyə ayrılır. Orada bir adam qarşılarına çıxar, onlara deyər: "Bu sağdakı yol, heç zərəri olmamaqla yanaşı, onunla gedən yolçulardan ondan doqquzu böyük qazanc və rahatlıq görər. Soldakı yol isə mənfəəti olmamaqla bərabər, on yolçusundan doqquzu zərər görər. Həm ikisi qısa və uzunluqda birdirlər. Yalnız bir fərq vardır ki, intizamsız, qanunsuz olan sol yolun yolçusu çantasız, silahsız gedər. Zahiri bir xəfiflik, yalançı bir rahatlıq görər. Əsgərlik intizamı altındakı sağ yolun yolçusu isə, qidalı ərzaqlarla dolu dörd kiloluq bir çanta və hər düşməni məğlub edəcək iki kiloluq bir mükəmməl dövlət silahını daşımağa məcburdur.

    Həmin iki əsgər o arif adamın sözünü dinlədikdən sonra bəxtiyar nəfər sağa gedər. Bir batman ağırlığı çiyininə və belinə yükləyər. Lakin qəlbi və ruhu minlərlə batman minnətlərdən və qorxulardan xilas olur.

    O biri bədbəxt nəfər isə əsgərliyi tərk edər. Nizam-intizama tabe olmaq istəməz, sola gedər. Cismi bir batman ağırlıqdan qurtular, lakin qəlbi minlərlə batman minnətlər altında və ruhu hədsiz qorxular altında əzilir. Həm hər kəsə dilənçi, həm də hər şeydən, hər hadisədən titrəyər bir surətdə gedər. Ta gedəcəyi yerə yetişər. Orada asi və qaçaq cəzasını görər.

    Əsgərlik nizamını sevən, çanta və silahını mühafizə edən və sağa gedən nəfər isə kimsədən minnət almayaraq, kimsədən qorxmayaraq, qəlb və vicdan rahatılığı ilə gedər. Nəhayət, istədiyi şəhərə yetişər. Orada vəzifəsini gözəl yerinə yetirən şərəfli əsgərə münasib bir mükafat görər.

     Bəli, ey itaətsiz nəfs! Bil ki, o iki yolçu biri İlahi qanunlara müti, digəri də asi və nəfsə tabe insanlardır. O yol isə həyat yoludur ki, ruhlar aləmindən gəlib qəbirdən keçər, axirətə gedər. O çanta və silah isə ibadət və təqvadır. İbadətin zahiri bir ağırlığı var. Fəqət mənasında elə bir rahatlıq və xəfiflik var ki, təsəvvür edilməz. Çünki abid namazında deyir. اَشْهَدُ اَنْ لآَ اِلَهَ اِلاَّ اللّهُ Yəni "Xaliq və Rəzzaq, Ondan başqa yoxdur. Zərər və mənfəət Onun əlindədir. O həm Hakimdir – əbəs iş etməz, həm Rahimdir; ehsanı, mərhəməti çoxdur" – deyə etiqad etdiyindən hər şeydə bir rəhmət xəzinəsinin qapısını tapar, dua ilə döyər. Həm hər şeyi öz Rəbbisinin əmrinə tabe görür, Rəbbisinə sığınar. Təvəkkül ilə Ona istinad edib hər müsibətə qarşı qorunar. İmanı ona tam bir əmniyyət verər.

    Bəli, hər həqiqi yaxşılıq kimi cəsarətin də mənbəyi imandır, ibadətdir. Hər yamanlıq kimi qorxaqlığın da mənbəyi zəlalətdir. Bəli, yer kürəsi bomba olub partlasa, qəlbi imanla tam nurlanmış bir abidi, ehtimaldır ki qorxutmaz. Bəlkə xariqə Qudrət-i Səmadaniyəyi ləzzətli bir heyrət ilə seyr edəcək. Lakin məşhur, ağıllı sayılan, qəlbsiz, fasiq bir filosof isə göydə quyruqlu bir ulduzu görsə, yerdə titrəyər. "Görəsən, bu sərsəri ulduz planetimizə çarparmı?" – deyər, vahiməyə düşər. (Bir vaxt belə bir ulduzdan Amerika titrədi. Çoxları gecə vaxtı evlərini tərk etdilər.)

    Bəli, insan hədsiz şeylərə möhtac olduğu halda, sərmayəsi heç hökmündə... Həm hədsiz müsibətlərə məruz olduğu halda, iqtidarı heç hökmündə bir məxluq... Sanki sərmayə və iqtidarının dairəsi, əli hara yetişirsə, o qədərdir. Lakin əməlləri, arzuları, ələmləri və bəlaları isə dairəsi, gözü, xəyali hara yetişirsə və gedə biləcəksə, o qədər genişdir. Bu dərəcədə aciz və zəif, fəgir və möhtac olan bəşərin ruhuna ibadət, təvəkkül, tövhid, təslim nə qədər böyük bir qazanc, bir səadət, bir nemət olduğunu büsbütün kor olmayan görər, dərk edər.

    Məlumdur ki, zərərsiz yol zərərli yoldan (on ehtimaldan bir ehtimal ilə olsa) üstün tutulur. Halbuki, məsələmiz olan ibadət və din yolunda zərər olmamaqla bərabər, ondan doqquz ehtimal ilə əbədi bir səadət xəzinəsi vardır. Günah və səfahət yolu isə (hətta fasiqin etirafı ilə də) mənfəətsiz olduğu halda, ondan doqquz ehtimal ilə əbədi zəlillik həlakəti olduğu icma və təvatür dərəcəsində hədsiz ixtisas və müşahidə əhlinin şahidliyi ilə sabitdir. Və əhli-zövqün və kəşfin bildirdikləri ilə şübhəsizdir.

     Xülasə: Axirət kimi dünya səadəti də ibadətdə və Allaha əsgər olmaqdadır. Elə isə biz daima: اَلْحَمْدُِللّهِ عَلَى الطَّاعَةِ وَالتَّوْفِيقِ deməliyik və müsəlman olduğumuza şükür etməliyik.



09-05-2014 12:00:00