Ana səhifə

Ümmətin Əmin İnsanı: Əbu Ubeydə Bin Cərrah radiyallahu anh.


YazdırSend to friend

Vaxtilə Ömər İbn Xattab (Allah ondan razı olsun) Şamdakı İslam ordusunu yoxlamaq üçün yola çıxdı. Şam sərhədlərinə gəldikdə Şam ordusunun Komandanı Əbu Ubeydəyə aid bir çadırda yerləşdi. Əbu Ubeydə ilə görüşdü. Nahar vaxtı idi. Ömərə: "Sizə ordu yeməyindənmi, yoxsa komandir yeməyindənmi gətirək?" deyə soruşdular. Ömər ibn Xattab: "İkisindən də gətirin!" buyurdu. Ordu xörəyini gətirdilər ki; ət, şorba və tirit idi.
Ömər: "Ordunun yeməyi budurmu"? deyə soruşdu. "Bəli, ey möminlərin əmiri" dedilər. "Ordunun komandanının yeməyini gətirin görək!" dedi. Onu da gətirdilər. Quru çörək parçaları və bir az süd! Ömər İbn Xattab bu mənzərə qarşısında ağladı və:
"Sana Əmin adını verən, əlbəttə, doğru söyləmiş!" dedi.

Biz bir ümmət ikən dağlar kimiydik.

Hər bir mücadilə kamil insan istər. Bilikli, gözəl əxlaqlı, hazırlıqlı, əzmkar, cəsur, sözündən dönməyən və əmin bir insan...

Bütün dövrlərdə əmin insan aranmış. həyatın hər sahəsində ona ehtiyac duyulmuşdur. Tərbiyədə, təhsildə. təbliğdə... Bir işin yerinə yetiriliməsində. bir əmanətin yerinə çatdırılmasında...Işin irəli getməsində, verilən sözə əməl edilməsində, sirrin saxlanılmasında...

İnsanda axtarılan ilk əsas cəhət onun güvənilən, əmin bir insan olmasıdır. İslamın əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə keçməsi, ümmətin birliyinin təmin olunması o tip insanlarla gerçəkləşmişdir. Elə onun üçündür ki,səadət çağından bu günümüzə qədər həmişə bu cür insana ehtiyac olmuşdur.

Diqqət edin ki, Ömər ibn Xattab (r.a) də bir gün xəlifəliyi dövründə eyni həsrətlə bir evdə yoldaşlarına: “Bir şey istəyin, arzu edin"– dedi. Onlardan biri: "Allah yolunda infaq etmək, xərcləmək üçün bir ev dolusu qızılımın olmasını istəyirəm“– dedi.Ömər ibn Xattab dedi:
Yenə istəyin. "Bir başqası da: “Bir ev dolusu ləl–cəvahiratım olsun, mən də Allah yolunda xərcləyim." dedi. Ömər ibn Xattab "Yenə də istəyin.”- deyincə evdəkilər: “Bu sözlərlə əmirəl-mömininin nə demək istədiyini başa düşmədik”- dedilər. Onların cavabında Ömər İbn Xattab (r.a) dedi:

"Mən istəyirəm ki, bu ev Əbu Ubeydə bin Cərrah kimi bacarıqlı insanlarla dolu olsun."

Sevimli Peyğəmbərimiz onun haqqında:

Hər ümmətin əmini vardır. Bu ümmətin də əmini Əbu Ubeydədir.” buyurmuşdur. (Tirmizi, Mənaqib: 33.)

Biz də Ömər İbn Xattab (r.a) kimi “bacarıqlı insan” istəyək. Əmin və güvənilən insan, fərasət sahibi, dostun da düşmənin də qəbul etdiyi, həyatında bir dəfə də olsun yalan danışmamış, kimsənin haqqına girməmiş dürüst insan... Bəşəriyyət bu cür insanlara möhtac. .. Ümmət onu gözləməkdə. .. Müsəlman da, xristyan da, müşrik də, hər kəs belə insana ehtiyac hiss edir. Görün Məhəmməd bin Cəfər nə söyləyir:

Rəsulullah sallallahu aleyhi və səlləmin hüzuruna bir qrup xristian gələrək belə dedi: “Ey Əbül–Qasım! Biz mallarımızı bölüşdürərkən razılığa gələ bilmədik. Bu məsələdə bizə hakimlik edə biləcək bir adam göndər. Sizin göndərdiyiniz adama biz inanarıq.” Rəsuli-Əkrəm (s.ə.s) Əbu Ubeydəni (r.a) çağıraraq onlarla birlikdə getməsini və aralarındakı narazılığı ədalətlə həll edərək hökm verməsini tapşırdı.

Əbu Ubeydə (r.a) zöhd və təqva sahibi idi. Xalqa qarşı çox şəfqətli idi. O, Şamda vali olanda Əmirəl-möminin Ömər İbn Xattab (r.a) Şama gəldi. Onun evinə getdi. Evdə bir keçə və bir də su tuluğundan başqa əşya görmədi. Təəccüb içində əşyalarının harada olmasını və yeməyə bir şeyin olub-olmadığını soruşdu. O da zənbilini gətirib açdı, zənbildən bir neçə tikə çörək çıxdı. Bu mənzərə ilə qarşılaşan xəlifə sevinc göz yaşları axıdaraq dedi: “Qardaşım Əbu Ubeydə, dünya hər kəsi dəyişdirdi. Yalnız səni dəyişdirə bilmədi.“

Bir dəfə də hicrətin onuncu ilində Nəcran nəsranilərinin (xristian) cizyəsini alıb gətirmək üçün əmin bir adam istədiklərində Peyğəmbər (s.ə.s): “Bu ümmətin əmini budur.” -deyərək Əbu Ubeydəni göndərmişdi.

Sevimli Peyğəmbərimizin Dari-Bəqaya köçməsindən sonra müsəlmanların qarşılaşdıqları ən ağır vəziyyətlərdən biri də xəlifə seçmək idi. Bir tərəfdən Rəsuli-Əkrəm (s.ə.s)-dən ayrılan əshab bu itgiyə səbir etməyə, digər tərəfdən də birliyi qoruyub saxlamağa çalışırdı. Bəni Səidə çardağında toplanan ənsar Rəsulullaha yardım etmələrini, muhacirlərə sığınacaq vermələrini əsas tutaraq xəlifənin ənsardan seçilməsini istəyirdi.

Əbu Bəkr, Ömər və Əbu Ubeydə (r.anhum) üçü bir yerdə Bəni Səidə çardağına gəldilər. Bir-bir danışdılar. Əbu Ubeydə (r.a): “Ey Ənsar! Başlanğıcda bu dinə xidmət edən siz oldunuz. Ehtiyatlı olun ki, işi hamıdan əvvəl pozan siz olmayasınız” dedi və Əbu Bəkr (r.a) - ın əlini tutaraq ona biət etdi. Ardınca digər səhabələr də biət etdi və beləliklə böyük bir qarışıqlıq aradan qaldırıldı.

Əbu Ubeydə bin Cərrah (r.a) sağlığında cənnət ilə müjdələnmiş on kişidən -əşəreyi-mübəşşərədən olub səhabə arasındakı ünvanı “Əminul–Ümmə”dir.

Əbu Bəkr (r.a) vasitəsilə müsəlman oldu. İslamı qəbul edəndə 31 yaşı var idi. O gündən sonra bütün ömrünü İslama həsr etdi. Malı, canı ilə İslamiyyəti yaymağa çalışdı. Çox mütəvazi, həyalı, qarşısındakına inanan, xoş üzlü bir insandı. Zəif bədənli, uzun boylu, zərif sifətli idi. Ciddi məsələlərdə tez coşar, sanki aslana dönərdi.

Sevimli Peyğəmbərimizin yanından heç ayrılmadı. Bütün döyüşlərdə iştirak etdi. Əbu Ubeydə, Bədr Döyüşündə müşriklərin cərgəsində yer alan atasını fərq edincə, onunla qarşılaşmamağa olduqca diqqət göstərmiş, lakin atasının israrla onu təqib edib öldürmək istəməsi qarşısında, ağır vəziyyətdə qalaraq istəmədiyi halda onu öldürmüşdür.Bu hadisədən sonra Allah təala tərəfindən bu ayə nazil oldu:

“Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və onun Peyğəmbəri əleyhinə çıxanlara -öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə- dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və öz dərgahından onlara ruh (güc) vermişdir. Onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi –məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.” (Mücadələ, 22)

Ayənin bu vəsilə ilə nazil olduğu rəvayət edilir ki, bu da Əbu Ubeydənin xüsusi mənada Allah nəznindəki məqamını göstərir. Tarixçi Vaqidi, hər nə qədər bu rəvayəti qəbul etmirsə də, tarixçilərin böyük əksəriyyəti, onun bu etirazını qəbul etmir. Məsələyə, səhabə imanı və səhabə təslimiyyəti perspektivindən baxdıqda, bir insanın iman yolunda yeri gələndə, atasını belə öldürməkdən çəkinməməsi, əslində qəribsənəcək bir hadisə deyil. Ancaq bunu, hər şeyi materialist bir ölçüdə dəyərləndirən, qəlbləri daim o yöndə istiqamətləndirilən, iman, təslimiyyət və mənəviyyat iqlimindən olduqca uzaq yaşayan günümüz nəsillərinə danışmağın, daha doğrusu, idrak etdirməyin çətinliyini qəbul edirəm.

Zatus-Səlasil Qəzvəsində Amr b. As, Beliy və Üzrə qəbilələri üzərinə göndərilmişdi. Oraya gedən Amr b. As, vəziyyətin ürəkaçan olmadığını görüb, Rasulullahdan (aleyhissalam) dəstək istəyincə Allah Rasulu sallallahu aleyhi və səlləm Əbu Ubeydənin komandanlığı altında mühacirlərdən mütəşəkkil bir ordu göndərir və onu bütün orduların komandiri olaraq təyin edir. İki ordu görüşür və Rasulullahın (aleyhissalam) əmri Amr b. As təbliğ edilir. Bu arada bəziləri, bu hadisəni heç cürə qəbullana bilməz və anlaşmazlıq çıxar. Bunun üzərinə Əbu Ubeydə, "Allah Rəsulu (sas) mənə dedi ki: 'Amr ilə razılaşın. Əsla mübahisə etməyin. O sənə itaət etməzsə, sən ona itaət et." deyir və Amrın başçılıq etdiyi orduda yerini alır. Bu barədə Muğire b. Şöbənin israrları, onu qərarından döndərə bilməz. Bu arada ordunun maddi vəziyyəti xeyli çətindir. Əsasən Əbu Ubeydə komandasındakı ordu, yolda gündə bir xurma ilə kifayətlənmiş və bəzən də yollarda sələm ağacının yarpaqlarını yemək məcburiyyətində qalmışdılar.

Əbu Ubeydə (radiyallahu anh) Uhudda da böyük qəhrəmanlıqlar göstrədi. Peyğəmbərimiz ön sırada döyüşənləri Əbu Ubeydə ilə Sad bin Əbu Vəqqas (r.a)-ın tabeçiliyinə vermişdi. Canını Peyğəmbər yolunda fəda etməyə hazır olan Əshabi-kiram döyüşdə onun ətrafında pərvanə kimi dolanırdı. Vuruşa-vuruşa çoxu şəhid oldu. Müşriklər hücuma keçmişdilər. Bu arada Peyğəmbərimizin dəbilqəsinin halqası yanağına batmışdı. Əbu Ubeydə bunu görən kimi israrlı ricalarından sonra, dişləri ilə dəmir halqanı Peyğəmbərimzin yanağından çıxartdı. Bu vaxt iki qabaq dişləri sındı. Ancaq bu vəziyyət, (səhabənin, bütün qaynaqlarda yer alan ifadə və etirafları ilə) onun gözəlliyinə ayrı bir gözəllik qatmışdır.

Əbu Ubeydə (r.a) Xəndək və Xeybər qəzalarında da misli görülməyən qəhrəmanlıqlar nümayiş etdirdi. Əbu Bəkr (r.a) xəlifə seçilincə onu baş komandan təyin etdi. Şam və Fələstin bölgəsinin fəthində iştirak etdi. Bizanslılarla vuruşaraq Suriyanı, sülh yolu ilə Xumusu aldı.

Ağlınıza gələ bilər ki, döyüşlərdə iştirak etmək bir möminə niyə dəyər qazandırır ki. Bunun çox cavabları var. Amma biz bunu deyə bilərik ki, insan üçün ən dəyərli şey canıdır və döyüşlərdə insan canı ilə imtaha olunur. Ona görə də cihad ən fəzilətli ibadətlərdən biridir.

Şamda (Dəməşq) vəba epidemiyası vardı. Əbu Ubeydə (r.a) da bu xəstəliyə yoluxdu. Vəziyyəti ağırlaşınca yanındakılara belə vəsiyyət etdi:

Namazınızı qılın, orucunuzu tutun. Sədəqə verin və həccinizi edin. İnsanların ən ağıllısı Allahın əmrlərini yerinə yetirəndir. Hamınızı Allaha tapşırıram. Onun rəhmət və bərəkətini arzu edirəm. Haydı, ya Muaz, camaata namazı qıldır!”- deyərək gözlərini fani dünyaya yumdu.

O, yerinə Muaz bin Cəbəli (r. a) vəkil seçmişdi. Muaz namazı qıldırdıqdan sonra üzünü camaata çevirdi və dedi: “And içirəm ki, sizin bu gün itirdiyiniz şəxs dünyaya, dünya malına heç meyl etmədi. İnsanlara həmişə yaxşılıq etməyi, bir–birlərini sevməyi tövsiyə etdi. Haqqınızı halal edin!

Əbu Ubeydə hicri 18-ci ildə, 58 yaşında vəfat etdi. Mübarək qəbri İordaniyada, Şəria çayının qərbindəki Əmtən kəndindədir.

Allah təaladan bizə də Əbu Ubeydə (r.a) kimi əmin, güvənilən bir insan olmağı nəsib etməsini və şəfaətinə nail olmağı arzu edirik.

Amin!..

Müəllif: 


17-01-2018 06:26:26

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz