Ana səhifə

Xəlifə Ömər məşhur İskəndəriyyə kitabxanasındakı kitabları yandırıbmı?


YazdırSend to friend

Burada xəlifə Ömər və onun valiləri ilə bağlı bir iddiaya düzəliş etməyimiz lazımdır. Bizim tarix kitablarımızda xəlifə Ömərin məşhur İskəndəriyyə kitabxanasındakı kitabları yandırmasına dair məlumatlar keçir. Bu hekayənin – tarixçilər nəzərində - ən qədim qaynağı Abdullətif əl-Bağdadi’nin (1162-1231) “əl-İfədə val-İtibər” kitabıdır. Abdullətif İskəndəriyyədəki kitabxananı vəsf edərkən “İskəndərin, şəhəri qurarkən bina etdiyi elm ocağıdır” deyir və əlavə edir:

  “Amr bin əl-As’ın Ömərin – radiyallahu anhu – izni ilə yandırdığı kitab xəzinəsi də burada yerləşirdi.”

  Ondan sonra Ibnul-Qifti bu hadisəyə “Tarixul-Hukəmə” kitabında daha geniş bir şəkildə yer verir. Sonrakı tarixçilərdən bunu alıb kitablarına qeyd edənlər İbnul-Qifti’yə dayanırlar. Çox qəribədir ki, İbn Xaldun kitabların məhv edilməsi ilə bağlı Ömərdən başqa bir versiya qeyd edir. O, tarix kitabında buyurur:

  “Fars torpaqları fəth edildikdə orada çox sayda kitab tapırlar və Sad bin Əbi Vaqqas onlar haqqında və onların müsəlmanların ərazilərinə köçürülməsi üçün Ömər bin əl-Xattab’a yazaraq ondan izn istəyir. Ömər ona yazaraq onların suya atılmasını əmr etdi.

  Maraqlıdır ki, İbn Xaldun’un qeyd etdiyi ilə Abdullətif’in yazdıqları az qala identikdir. Aradakı əsas fərq ölkələrdədir. Bu hekayəni bu gün bəzi müxaliflər – xüsusilə ərəb liberalları və xristianlar – tez-tez sitat gətirib müsəlmanların elmə mənfi münasibət bəslədiyini isbat etməyə çalışırlar.

   Müasir müsəlman tarixçilər bu hekayənin doğruluğunu şübhə altına alırlar və bunun bir çox səbəbdən yalan olduğunu deyirlər. Biz burada müsəlman tarixçilərin sözünə deyil, qərbli alimlərin və mütəxəssislərin fikrinə yer verəcəyik. Müsəlman tarixçilərin sözlərinə yer verdiyimiz təqdirdə kimsə bunun qərəzli bir yanaşma olduğunu düşünə bilər, buna görə də burada yalnız avropalı və qeyri-müsəlman tarixçilərin rəylərini yazacağıq. Üstəlik etiraf etməliyik ki, bizim tarixi qaynaqlarımızda keçən bu hadisənin yalan və əfsanə olduğunu təsbit edən ilk tarixçilər də avropalılar olublar.

   Görkəmli ingilis tarixçi Edward Gibbon (1737-1794) ilə başlayaq. O, bu iddianı və onun qaynaqlarını, məzmununu zikr etdikdən sonra öz peşəkar rəyini belə ifadə edir:

  “Mənə gəldikdə mən (bu hekayədəki) həm faktı, həm də nəticələri inkar etməyə güclü bir şəkildə meyl edirəm.”

  Daha sonra bunun yalan olmasını göstərmək üçün iki səbəb gətirir:

  “Altı yüzüncü ilin sonunda bir əcnəbi’nin (yəni Abdullətif’in) Media’nın sərhədlərində yazdığı yeganə xəbər, daha erkən bir zamanda yaşamış iki səlnaməçinin qarşısında aciz qalır; hər ikisi də xristian və yerli misirli tarixçilərdir və onların içində ən qədimi olan patriarx Eutychius İskəndəriyyənin fəthini çox təfsilatlı şəkildə vəsf edib.”

  Abdullətif özü misirli deyildir və hicri altıncı əsrdə yaşayıb; necə olur ki, daha əvvəlki müsəlman və xristian tarixçilər Misirin müsəlmanlar tərəfindən ələ keçirilməsini bu qədər təfsilatlı şəkildə təsvir etdikləri halda onlardan heç biri bu hadisəni qeyd etmir, amma 5-6 əsr sonra gələn tarixçi bunu qeyd edir?! Biz hətta burada əlavə edə bilərik ki, bu hadisə erkən müsəlman tarixçilərin kitablarında da öz əksini tapmır. İbn Abdilhəkəm’in (öl. 871) “Futuhu Misra val-Məğrib” və əl-Bələzuri’nin (öl. 892) “Futuhul-Buldən” kitabında müsəlmanlar tərəfindən ələ keçirilmiş torpaqların və hadisələrin təfsilatları qeyd edilir, xüsusilə İbn Abdilhəkəm kitabını Şimali Afrika ölkələri haqqında yazıb, amma bu kitablarda belə bir məlumatla rastlaşmırıq. Həmçinin misirli tarixçi İbn Yunus (894-958) tarix kitabında belə bir məlumata yer vermir. Edward Gibbon’un qeyd etdiyi ikinci səbəb isə budur ki, ilk müsəlmanlarda kitablara qarşı çox böyük hörmət olub və onlarda kitab yandırmaq adəti olmayıb. Yəni belə bir iddia müsəlmanlar haqqında bilinənlərə tam ziddir.

  Tarixçi Philip Hitti (1886-1978) bu tarixi hekayənin “yaxşı uydurma, amma pis tarix sayıla biləcək hekayələrdən” olduğunu deyir və əlavə edir: “Bu, iddia olunan hadisədən ilk dəfə altı əsr sonra xəbər verilib və saxtakarlığın damğasını özündə daşıyır.” Bernard Lewis də bunun bir əfsanə olduğunu, uydurma olduğunu sübut etmək üçün ayrıca bir araşdırma dərc edib. Bu araşdırmasını bu sözləri ilə başlayır: “Ərəblərin, şəhəri 642-ci ildə fəth etdikdən sonra İskəndəriyyənin böyük kitabxanasını xəlifə Ömərin əmri ilə necə dağıtmaqları haqqındakı hekayəyə bəzi yazıçılar - bunun əksini göstərən bol sübutlara rağmən – hələ də inanmağa və bunu təkrarlamağa davam edirlər.” Bernard bu hekayəni “tarixi əfsanə” adlandırır. Bu məqaləsində təqdim etdiyi məlumatlar arasında hələ 1713-cü ildə görkəmli fransız oriyentalist Eusèbe Renaudot’un bu hekayəyə şəkk etdiyini qeyd edir. 1902-ci ildə Alfred J. Butler, 1911-ci ildə Victor Chauvin, 1923-cü ildə Paul Casanova və Eugenio Griffini ayrı-ayrı çalışmalarında bu xəbərin yalan olduğunu sübut ediblər. Will Durant da İslam mədəniyyəti haqqında yazarkən bu hekayəyə toxunur və bunun həqiqət ola bilməyəcəyini göstərmək üçün bir çox arqument gətirir. Kitabxananın böyük bir hissəsinin hələ 392-ci ildə xristian patriarx Theophilus’un təşəbbüsü ilə məhv edildiyini və Amr bin əl-As’ın zamanına qədər kitabların çoxunun artıq yox olduğunu deyir. O zaman necə ola bilər ki, qərblilərdə Gregory Bar-Hebraeus adı ilə tanınan yəhudi tarixçi Əbul-Fərac Qriqoryus İbn əl-İbəri’nin (1226-1286) verdiyi məlumatlar, yəni bu kitabların hamamları qızdırmaq üçün altı ay müddətində dörd min sobada yandırıldığı doğru olsun?! Durant sözünü yekunlaşdırır: “Bu hekayə indi ümumilikdə bir nağıl hesab olunaraq rədd olunur.” Bu sözlərdən aydın olur ki, əksər tarixçilərin nəzərində xəlifə Ömər və onun canişini Amr bin əl-As haqqında yazılmış bu xəbərlər yalandır.

 

"ATALARIN KÖLGƏSİNDƏ" kitabından.

 
Müəllif: 


10-03-2020 12:32:57

Düğüme özel