Ana səhifə

Zalım rəhbərliyə qarşı üsyan caizdir?


YazdırSend to friend

Əhli-Sünnət alimləri, dövlət rəislərini ədalətli, administrativ, siyasi və hərbi işləri yaxşı bilən iqtidar sahibi, müdrik kəslərdən seçmək lazım olduğu üzərində ittifaq etmişlər. Bu şəkildə seçilərək başa keçən dövlət rəhbərlərinə itaət, bütün alimlərin fikirlərinə görə vacibdir.

Ancaq, yenə Əhli-Sünnət alimləri, zorla və təzyiq edərək iqtidara gəlmiş olan dövlət rəislərinə də, layiq olub olmama vəziyyətinə baxmadan, itaəti lazımlı görmüşlər.

Çünki hakimiyyətə qarşı üsyan, böyük fitnə və şərə gətirib çıxarar. Məlumdur ki, üsyan ilə meydana gələn parçalanma, qarışıqlıq və anarxiyanın qapısını bağlamaq fövqəladə çətindir. Hətta bəzən bu qarışıqlıq, millətlərin və dövlətlərin həyatı bahasına başa gəlir.

Peyğəmbər Əfəndimiz (s.ə.v) möminlərin hüzur və sakitliyinə, birlik və bərabərliyinə böyük əhəmiyyət vermiş, ümumi asayişin pozulmaması üçün dövlət rəhbərliyindən gələ biləcək zülm və təzyiqlərə qarşı ümmətinə üsyan etməyib dözüm göstərmələrini tövsiyə etmişdir.

Hz. Huzeyfedən nəql edilən bu hədisi-şərif bu mövzuya açıqlıq gətirir:

“Məndən sonra mənim doğru yolumdan getməyən və mənim sünnətimlə əməl etməyən hökmdarlar olacaq.

- Mən buna yetişsəm nə edim, ya Rəsulullah? deyə soruşdum.

- Dinləyər və itaət edərsən. Kürəyin döyülsə və malın alınsa belə yenə dinlə və itaət et, deyə buyurdular”. (Tac, c. 3, s. 44-45)

 

ÜSYAN ETMƏMƏK ZÜLMƏ RAZI OLMAQ DEYİL

Rəsulullah Əfəndimizin ümmətinə, idarəçilərdən gələcək haqsızlıq və zərərlərə səbirlə qarşılıq tövsiyəsi, onları zülmə boyun əyməyə dəvət deyil; əksinə üsyan yoluyla, dövlət və millət bütünlüyünü zədələyəcək daha böyük zülm və zərərlərdən çəkindirmək hikmətinə əsaslanır.

Məlumdur ki, Quranı Azimüşşan, deyil zülm etməyi, zülmə ən kiçik bir meyl və riza göstərməyi belə şiddətlə qadağan etmişdir. Bu baxımdan Sevimli Peyğəmbərimizin, zalım idarəçilərə itaət əmrini, zülmə razı olmaq mənasında düşünmək əbəsdir. Bu əmr, zülmün dəf olunmasına mane kimi də dəyərləndirməməlidir. Çünki, itaət içində də zülmü aradan qaldıracaq müxtəlif imkan və fürsətlər, uyğun şərtlər, halal yollar ola bilər. Ancaq bütün səylərə baxmayaraq, zülmü aradan qaldırmağa itaət içində halal bir çarə tapıla bilməzsə, cüzi və şəxsi hüququnu ümuminin salamatlığına, ammənin mənfəətinə fəda etmək idrak sahibi, mühakiməli bir müsəlmandan gözlənilən kamil bir davranışdır.

ÜSYANIN ZƏRƏRLƏRİ

İbni Abbas (r.ə.)dan gələn başqa bir rəvayətə görə Nəbi (s.ə.v) belə buyurur:

“Hər kim Əmirin etmiş olduğu bir şeyi pis görsə səbr etsin (üsyanla hərəkət etməsin). Çünki hər kim sultana (itaətdən) bir ərşin ayrılsa cahiliyyət ölümü ilə ölər.” (Buxari, Kitabü'l-Fiten)

Hədis Professoru Kamil Miras Bəy bu hədisi belə açıqlayır:

“Vəhy ilə dəstəklənən Peyğəmbərimiz (s.ə.v) hər kəsin məsuliyyətini daşıyan bir qisim idarəçilərin haram hərəkətlər edəcəklərini, peyğəmbərlik nuruyla yəni Cənabı Allahın bildirməsiylə görür və bilirdi. Bu vəziyyət qarşısında müsəlmanlara səbir və sakitlik ilə hərəkət etmələrini və təxribatçılıqdan çəkinmələrini vəsiyyət edirdi. Və hər kim səbirsizlənərək, bilə-bilə ümumun məsuliyyətini daşıyan sultandan, yəni milli hakimiyyəti təmsil edən dövlət rəisindən və İslam ümmətindən bir qarış ayrılsa, cahiliyyət ölümü ilə ölər buyurur ki, bunun mənası “başsız və cəmiyyət nizamından məhrum cahil millətlərin üsyankar bir fərdi olaraq ölər” deməkdir. Yoxsa kafir olaraq ölər demək deyil.

Vətənin bütünlüyünün mühafizəsi, namus və iffətin qorunması, mal və canın təhlükəsizliyi həmişə dövlətin varlığı və davamı ilə bağlı olduğu üçün, Peyğəmbər Əfəndimiz (s.ə.v) itaət üzərində israrla dayanmışdır. Müsəlmanları hər cür üsyan və təxribatçılıqdan, bölücülük və ixtilaflardan şiddətlə çəkindirmişdir

İtaətdəki hikmət və məsləhəti qavramayan nə qədər millətlər, Cənabı Haqqın ən böyük lütfkarlıqlarından biri olan dövlət nemətini əllərindən qaçırmışlar; birlik və bütünlüklərini ,müstəqilliklərini mühafizə edə bilməmişlər. Bunun tarixdə çox misalları vardır.

DÖVLƏT RƏİSİ ALLAHA ÜSYANI ƏMR ETSƏ...

Rəsulullah (s.ə.v) bir hədisi-şəriflərində belə buyurur:

“Allaha üsyan olan şeydə qula itaət edilməz. İtaət ancaq marufdadır (yaxşılıq, qəbul olunan)

Bir başqa hədisi-şərifdə də Peyğəmbər Əfəndimiz (s.ə.v) belə buyurmaqdadır:

“Sizin başınıza elə kəslər imam (rəis) olacaq ki, bəzi hərəkətlərini gözəl görüb məmnun qalacaqsınız. Bəzi davranışlarını da çirkin görəcəksiniz. Kim o davranışların pis olduğunu o rəislərə söyləsə (yaltaqlıq və nifaqdan) özünü qoruyar. Kim də (dil ilə söyləməməklə birlikdə qəlbən) buğz (nifrət) etsə, İlahi məsuliyyətdən xilas olar. Kim də (bu pis işlərdən) məmnun qalar və onlara uyarsa həlaka gedər.”

(Səhihi Müslim).

Bütün müctəhidlər, mücəddidlər və digər İslam alimləri itaət etməməklə üsyan etməyi bir-birindən tamamilə ayrı mütaliə etmişlər. Onlar, Allahın əmrinə müxalif vəziyyətlərdə heç kimə itaət etməmişlər. Bununla birlikdə qətiyyən üsyana təşəbbüs yaxud təşviq də etməmişlər. Əksinə möminləri üsyandan çəkindirmək üçün səy və hümmətlərini əsirgəməmişlər və bütün müsəlmanlara, hallarıyla, nümunə olmuşlar.



04-05-2011 12:00:00