Ana səhifə

Zinadan qaçmağın qeyri-mümkün olduğu bir şəraitdə Hz Yusuf aleyhisslamı onda qoruyan "Burhan" nə idi?


YazdırSend to friend

   

   Günaha son çağırışın yerini günaha sonsuz çağırışın aldığı bir zamanda yaşayırıq. Günahın demək olar hər yeri əhatə etdiyi bu şəraitdə, xüsusilə 'cinsəllik'lə əlaqədar günahlar hər tərəfdən hücum edir. Küçələr, meydanlar, avtomobillər, evlər, gəmilər, qəzetlər, jurnallar, TV-lər, CD-lər, afişalar, reklamlar, filmlər, internet, vitrinlər, toylar, dərnəklər, sərgilər, demək olar hər sahədə, cinsəllik kâinatın və insanın Xaliq-i Zülcəlâlinin icazə vermədiyi bir şəkildə aşkara çıxarılır.

    Necə ki, məsələn, 'geyim' deyilən şey artıq insanı istidən, soyuqdan və günahdan qorumaq üçün təqdim olunmuş bir nemət olaraq istifadə edilmir. Əksinə, dizaynerlərin ağılı 'daha az parça, daha çox təhrik' düsturuyla işləyir. Ətəklər qısalır, parçalar şəffaflaşır, paltarlar daralır. Dizaynlar, modalar bədən xəttlərini ya açıq-aşkar ortalıqda buraxacaq və ya örtülsə də bəlli edəcək şəkildə həyata keçirilir. Digər tərəfdən, "azad" və 'xüsusi' reklamçıların 'qadın'sız bir reklam düşünə bilmədiyi; bir şüşə butulka reklamının belə bir kənarına ədəbsiz bir qadın rəsmi ilişdirilmədən bacarılmadadığı müşahidə edilir. TV proqramları, filmlər, jurnallar, sərgilər, açılışlar da əlavə olunursa, yaşadığımız günlər, demək olar hər tərəfdən, ağılları və qəlbləri cinsiliyə indeksləyən min cürə təcavüz ünsürünü qurşanmış, təchiz olunmuş vəziyyətdə qarşımıza çıxır.

    Əsasən, ilk növbədə 'virtual' dünyalarda inşa edilən, sonra da Jean Baudrillard'ın bir müasir fakt olaraq israrla vurğuladığı simulyasiya (saxta bəmzəyiş) prosesi içində gerçək həyata kopiyalanan bir hal var qarşımızda. Öncə jurnal səhifələrində, TV ekranlarında, film kadrlarında sərgilənən bir mənzərə, addım-addım küçələrə, evlərə, iş yerlərinə, meydanlara daşınır. Beləcə, bütün bunları dünən yadırğayan bir çox insan belə, bu gün bu prosesə daxil olmuş görünür.

    Cinsəlliyin özünü bu qədər açıq şəkildə və bu qədər geniş bir zəmində ortaya qoyduğu müasir zaman mənzərəsi, axır zaman fitnəsində qadınların mühüm bir rol oynayacağına dair hədislərin mənasını da praktiki təsdiq edir. Yaşadığımız şərait, bir yanda qadını məta'laşdırıb (satılan mal, ticarət malı, əmtəə) sadəcə ət və dəridən ibarət bir məxluq halına endirərkən, digər yanda kişiləri nəfsləri qarşısında böyük ölçüdə qorunmasız buraxır. 

    TV ekranlarından küçələrdəki insan mənzərələrinə, qəzet səhifələrindən iş yeri mühitinə qədər uzanan bir çox sahədə davamlı cinsəlliyin ağla gətirildiyi bu ümumi mənzərə qarşısında mömin insanları isə əksərən bir bədbinlik halı bürüyür. Özünü bu qədər hədsiz şəkildə aşkara çıxaran günaha qarşı daxildə oyanan meyillər, göz sürüşmələri, haram baxışlar, möminləri Rəbbinə qarşı nisyan və ya üsyan halına düşməyin ağrısıyla qıvrandırarkən, şeytan 'vəziyyətin ümidsizliyi'ni fısıldayır dayanmadan. "Bu şəraitdə" deyir, "təsirlənməməyin qeyri-mümkündür. Sən bu vəziyyətdən qurtula bilməzsən ".

   Halbuki, belə çətin bir zamanın bu böyük fitnə və imtahanı qarşısında bezən, ümidsizliyə düşən, çıxılmaz vəziyyətdə qalan möminlər üçün, 'qissələrin ən gözəli' olan Yusuf (as) qissəsində həm bir ümid işığı, həm də bir çıxış yolu təqdim edilir. Yusuf qissəsi, şeytanın 'qeyri-mümkündür' dediyinin 'mümkün' ola bildiyini göstərir və bunu göstərməsiylə də, sarayda Yusuf'un yaşadığı imtahanın bir bənzərilə həmhal olaraq yaşayan axır zaman möminlərinə Qur'ân əczaxanasından bənzərsiz bir çarə və dərman təqdim edir.

    Qur`ani-Hakim`də Yusuf surəsində izah edildiyi üzrə, Yusuf Aleyhissəlamın həyatında, xeyirlə sonlanan, amma son dərəcə çətin imtahanlar, sınaqlar mövcuddur. Gördüyü bir sadiq yuxuya qarşılıq qısqanc qardaşları tərəfindən canına qəsd edilərək quyuya atılması və onu quyudan çıxaran adam tərəfindən kölə edilib Misirə aparılaraq satılması, bu ağır imtahanlardan biridir. Yusuf Aleyhissəlam, ikinci ağır imtahanını isə, özünü kölə olaraq satın alan, amma ondakı istedadın fərqinə vararaq ona yaxşı münasibət göstərən Misir əzizinin evində yaşayacaqdır. Bu, hələ uşaq yaşda quyuya atılan və kölə olaraq satılan Yusuf'un gənclik illərində üz-üzə gəldiyi bir imtahandır və imtahanın mərkəzində 'qadın' vardır.

    Rabb-i Rahim, insanları qadın və kişi olaraq yaratmışdır; və kişidə qadına, qadında kişiyə qarşı bir meyil və arzu buraxmışdır. Cəlal (böyüklük, əzəmət) və Camal (üz gözəlliyi.) aynasından baxıldığında, cəmali yönü ağır gələn, üsdün olan qadının cəlalə də müxatəb olaraq kəmala ərməsi, bir az daha kamilləşməsi, cəlali yönü ağır gələn kişinin isə camala də müxatəb olaraq kəmal qazanması kimi çox hikmətlər daşıyan bu meyil və arzu, digər tərəfdən, hədd qoyulmaması ilə qadınları kişilər, kişiləri qadınlar üçün bir imtahan mövzusu etməkdədir.

    Necə ki, "insanların ən gözəli' olaraq anılaraq gələn Yusuf Aleyhissəlam Misir əzizinin arvadı üçün bir imtahan mövzusu olduğu kimi, əzizin arvadı da Yusuf üçün bir imtahan mövzusu olmuşdur. Di gəl ki, əzizin arvadı bu imtahanı keçə bilməmiş; Yusuf isə, imtahanı keçməsiylə, insanın cinsəllik yönündəki meyil və arzularını cilovlamaq imkanının nəbəvi bir nümunəsini təqdim etmişdir

  1)  İmtahana mövzu olan və bir çox mənbədə Züleyxa olaraq keçən qadın yaşlı və ya çirkin biri olsaydı, Yusuf'un imtahanı hərhalda bu qədər çətin olmazdı. Eyni şəkildə, bu qədər yol göstərici bir nümunə xüsusiyyəti də qazanmazdı. Əzizin arvadının yaşca gənc, görünüşcə də çox gözəl olması, yaxud Yusuf'un hələ yeni bir gənc olması imtahanı əlbəttə şiddətləndirən ünsürlərdir; amma, bunlara rəğmən, Yusuf yaşadığı bəlkə də ən çətin imtahanı ayağı günaha sürüşmədən sovuşdurmuşdur

    2) Üstəlik, imtahanını şiddətləndirən başqa xüsuslar də vardır. Bunlardan biri, qadının soylu, həm də kralın vəziri məqamındakı birinin xanımı olmasıdır. Yusuf (as), hər nə qədər məmləkəti Fələstində Yaqub (as) kimi bir peyğəmbərin oğlu, İshaq və İbrahim Aleyhisselamların isə nəvəsi olaraq hörmət görsə də; Misirdəki mövqeyi 'köləlik'dir və ən yüksək təbəqədən biri tərəfindən ona gələn təklif və tələb bir kölə üçün dayanmağı və dirənməyi əlbəttə çətinləşdirməkdədir.

    3) Və bunun qədər önəmlisi, Yusuf'un dəvət edən deyil, dəvət edilən mövqeyində olmasıdır.

     Çünki, bir kişinin həyatı boyunca yaşaya biləcəyi bəlkə ən ağır imtahan, gənclik, gözəllik, sərvət, soyluluq kimi hər cür cazibə ünsürünü üzərində daşıyan bir qadından gələn dəvətə və iltifata xeyr deyə bilməkdir. Kişilərin ən zəif cəhətlərindən biri, iltifat gördüyü anda, bunu edən adama qarşı qorunmasız hala gəlməsidir, yəni sanki bir əsarətə keçməsi. Göyərçindən insana, aslandan qoça bütün kişi tayfası, güc nümayişinə fitri bir meyil ilə yaradılmışdır; və bu duyğunun qarşılığı olaraq da üstün görülmək, heyran olunmaq, təqdir edilmək kimi bir nəticə gözləməkdədir. Bir başqa sözlə, 'təvəccöh-u nas' kişilərin ən qorunmasız olduqları hallardan biridir, və bu təvəccöh (rəğbət) kişilərin 'cazibə' ölçülərinə eynilə uyğun gələn bir qadından gələrsə qorunmasızlıq halı xeyli artmaqdadır

      Lakin, Yusuf`də bu belə olmamışdır

    Həm də, "heytə lək" ("Di gəlsənə!") deyə israrla çağıran Züleyxa'nın, sarayın bütün qapılarını möhkəmcə bağlamış olmasına rəğmən.

  4) Ki, bu son vəziyyət, insanda günaha qarşı həyâdan gələn müqavimətin qırılmasına şərait yaradan bir zəmin hökmündədir "Onsuzda kimsə görmür!" düşüncəsi, başqaları görür, bilir, yaxud biləcək olsa etməkdən qaçınacağı əməlləri etmək barəsində insana cürət qazandırmaqdadır. Necə ki, Rəsuli-Əkrəmin sallallahu aıeyhi və səlləm möminləri səfərə yalnız çıxmamaları barəsində xəbərdar etməsi bu sirdəndir. "Şeytan, tək başına olanla, iki adam birlikdə olana sıxıntı verər. Əgər üç adam olsalar onlara sıxıntı verə bilməz" buyuran Rəsûl-i Əkrəm, "İnsanlar təklikdəki zərəri mənim qədər bilsəydilər, heç bir atlı tək başına bir gecə də olsun yol getməzdi" də buyurmuşdur Çünki, kimsənin görmədiyi yaxud görənlərin də tanımadığı bir şəraitdə, həya duyğusunun istifadə sahəsi daralmaqda; dolayısilə, insan günaha daha açıq və uyğun, meyilli hala gəlməkdədir

    Məhz, Yusuf Aleyhissəlam, sarayda özü və Züleyxa'dan başqa heç kimin olmadığı və qapılar möhkəmcə bağlanıldığı üçün heç kimin girmə riskinin də olmadığı bir şəraitdə; yəni, nəfsdən gələ biləcək tələbə qarşı həya duyğusunun təsirsiz qalması ehtimal olunan bir şəraitdə bu imtahanı yaşamışdır

    Və, Allah'ın izni ilə, bacarmışdır da.

   5) Həm, onun imtahanını daha da şiddətləndirən bir ünsür daha vardır. Yusuf surəsində izah edildiyi üzrə, Yusuf, qadının ona hücumu qarşısında ondan qurtarmaq üçün qapıya qaçmış, qapı açıldığında isə Əziz ilə qarşılaşmışdır. Danışdığı bir dostunun göstərdiyi istiqamətdə istintaq aparan Əziz, köynəyinin arxadan cırıldığına əsasən, Yusuf'un təcavüz edən deyil, dəvət edilən və dəvət edildiyi şeydən çəkinən şəxs olduğunu anlamışdır. Əziz Yusuf`dan hadisəni kimsəyə bildirməməsini xahiş etdi amma, Yusuf heç sözünü etməmiş də olsa, soylu qadınlar arasında Züleyxa'nın işi yayıldı. Bunun üzərinə o günün kübar qadınlarını evinə çağıran Züleyxa bu qadınlar qatında özünü üzrlü göstərən hiylə ilə Yusuf`u yaxşıca çətin vəziyyətdə buraxacaqdır.

    Züleyxa cürəbəcür yeməklər və meyvələrlə bəzədilmiş bir süfrə hazırlayıb hər bir qadının əlinə bir bıçaq vermiş, Yusuf'a da "Onların yanına çıx" deyə əmr etmişdir Yusuf`u gördükdə qadınlar onun gözəlliyi qarşısında özlərindən keçərək meyvə yerinə əllərini kəsmiş olacaq, lakin bunun ağrısını hiss etməyəcəkdilər. Züleyxa'ya

   "Məhz, məni qınamanıza səbəb olan kimsə budur. And içirəm, mən ondan muradımı almaq istədim də, o iffətini qorudu"

deyərək özünü müdafiə etmə imkanı tanıyan bir vəziyyətdir bu. Qadınların onu üzrlü görəcək bir hala gəlmələrindən istifadə etməklə, Züleyxa əlavə etmişdir:

"Ona əmr etdiyimi etməzsə, şübhəsiz ki, zindana atılacaq və şübhəsiz zəlillərdən olacaqdır"

    Beləcə, Yusuf'un qarşısına, onu əldə etmək üçün hər şeyi gözə almış cazibədar bir qadınla yanaşı, belə davranacağı təqdirdə o qadını başqa qadınların haqlı və üzrlü görəcək olması kimi daha bir imtahan ünsürü çıxmışdır. Günaha gedən yolda "İnsanlar nə deyər?" sualı, ətraf mühitin ayıblaması narahatlığı, yəni ictimai təzyiq insanı saxlayan ünsürlərdən biridir; bu ictimai basqının boşaldığı, azaldığı yaxud yox olduğu şəraitdə insanlar etmədikləri bəzi şeyləri belə edəcək hala gəlməkdədir. Lakin, Yusuf belə etməmişdir. Bu çətinliyə əks halda həbs edilmə və alçaldılmaq təhdidi də əlavə olunduğu halda, "Ey Rəbbim! Onların məni dəvət etdiyi şeydən, zindan mənə daha sevimlidir" demiş, "Əgər onların hiyləsini məndən uzaqdırmazsan, mən onlara meyl edər və cahillərdən olaram" deyərək bu cazibədar mühitə bədəl zindanı istəmişdir

    Ki, zindana atılmaq, Yusuf`un həyatı boyunca yaşadığı böyük imtahanlardan ikincisinin son nöqtəsi, üçüncü böyük imtahanının isə başlanğıcı olacaqdır.

   6) Dərhal ifadə edək ki: Yusuf kişilik duyğularından məhrum biri, yaxud bu duyğuları kütləşmiş və ya törpülənmiş bir qoca olsaydı, imtahanı nə bu qədər çətin, nə də bu dərəcə yol göstərici olardı. Halbuki, vəziyyət belə deyildi. Əksinə, "Həqiqətən, qadın ona niyyəti qurmuşdu. Rəbbinin bürhanını görməsəydi, o da (Yusuf da) ona niyyətlənib gedəcəkdi." (Yusuf Surəsi, 12/24) ayəsinin işarə etdiyi üzrə, Yusuf (as) fitrətən bir kişinin daşıdığı bütün duyğuları daşıdığı halda bu çətinliyi bacarmışdır. Onun bu halını möcüzə edən budur. Bu halın Qur`ani-Hakim`də bütün zamanlar üçün bir nümunə davranış olaraq zikr edilməsinin bir səbəbi də budur.

    Bir kişinin daşıdığı bütün duyğuları üzərində daşımış olması, üstəlik imtahan üsdünə imtahan deyilə biləcək qat-qat sınanmaların bir yerdə dünyasına hücum etdiyi halda, Yusuf Aleyhissəlam, Qur`ani-Hakim`də bildirildiyi kimi, 'Rəbbinin bürhanını görməsiylə' özünü günahdan qorumuşdur

    Yaxşı, gördüyü bu 'bürhan' nədir? Həmçınin, digər insanların yenə cinsəlliklə əlaqədar bundan daha asan imtahanları keçə bilmədiyi halda, çox çətin bir imtahanı sovuşdurmasını mümkün edən bu bürhan nə üçün xüsusilə Yusuf'a göstərilmişdir?

   Yusuf surəsinə və bu surənin təfsirlərinə bu sualların müşayiəti ilə nəzər etdiyimizdə, sadəcə Yusuf (as) üçün deyil, hamımız üçün də istifadə edilə biləcək düsturlar çıxar qarşımıza. Müzakirə mövzusu 'Burhan'ın nə olduğu mövzusunda âlimlərimiz fərqli görüşlər bəyan etmişdirlər. Çünki, əlbəttə çox hikmətlərə əsasən, Rabb-ı Rahîm Kəlâm-ı Əzəlî'də bu 'Burhan'ı zikr etməklə birlikdə onun nə olduğunu bildirməmişdir. Demək ki, özlüyündə Burhanın nə olduğundan daha önəmlisi, Burhanın nə üçün Yusuf'a göstərilməsidir. Və, Yusuf surəsi, xüsusilə də 23-cü ayə, bunun cavabını bizə təqdim edərək, hamımız üçün istifadə edilə biləcək bir resept verməkdədir

    1) Bu ayədən aydın olur ki, qapıları yaxşıca bağlayan qadın bütün şəhvətini və cazibəsini qurşanaraq "Heytə lək!" (Di gəlsənə!) deyə israrla Yusuf`u yatağa çağırarkən, Yusuf'un ağzından ilk çıxan, "Maazallah" dır "Maazallah;" yəni, "Allah'a sığınıram"

    Nəfsin qəlbə, şəhvətin ağla, hissin iradəyə qələbəsinin bu dərəcədə asanlaşdığı bir vəziyyətdə bu sözü deyə bilməsi, Yusuf'un dərûnundakı (iç aləmindəki) imanın dərəcəsini göstərir. Əsasında Aləmlərin Rəbbi bir Zâtın varlığına və hər daim O'nun hüzurunda olduğumuza elə dərin bir iman ki, Yusuf'a ən çətin zamanında belə Allah'ı xatırlatmış və Yusuf (as) yaşadığı fitnədən Allah`a sığınmışdır  

    Yusuf'dakı bu imanın dərəcəsi və dərinliyi isə, zindandakı iki gəncdən birinin gördüyü yuxunun yozumunu istəməsi üzərinə onlara dediklərindən oxunur:

"Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Çünki mən Allah'a inanmayan və axirəti inkar edən bir camaatın batil dinlərinə əsla iltifat (hörmət) etmədim

Mən atalarım İbrahim, İshaq və Yə'qub`un dininə tabe oldum. Bizim, nəyisə Allah'a şərik qoşmağımız mümkün deyildir. Bu, biz peyğəmbərlərə və insanlara Allah'ın bir ehsanıdır; Lakin insanların çoxu bilməzlər

Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı ilahlarmı daha yaxşıdır, yoxsa bir olan və qüdrəti hər şeyə çatan Allah mı?

O'ndan başqa ibadət etdiyiniz şeylər, sizin və atalarınızın qoyduqları bəzi adlardan başqa bir şey deyildir. Halbuki Allah bunun üçün heç bir dəlil endirməmişdir. Hökm ancaq Allah`ındır; O isə, Özündən başqasına ibadət etməmənizi əmr etmişdir. Doğru din məhz budur; Lakin insanların çoxu bilməzlər "(baxın Yusuf, 12 / 37-40)

   2) Yusuf Aleyhissəlam xâliqiyyət-məxlûqiyyət (yaradan-yaradılan), rububiyyət-ubudiyyət tənliyinini doğru və tam qurduğu, özünü və Rəbbini doğru və tam bildiyi üçündür ki, günahın ən gözəl və ən cazibədar surətdə özünə çağırdığı və Allah'dan başqa heç kimin də görmədiyi bir şəraitdə 'Rəbbinin bürhanı'nı görmüş ; sapmamış, büdrəməmişdir. Bir məxluq və bir qul olaraq büdrəmək və sapmağa əlverişli halda olduğunu dərk edərək, büdrəməyin və sapmağın ən əhəmiyyətli səbəblərindən biri olan "Mənə toxunmaz" eyforiyasına qapılmamış; əksinə, 'toxunma' ehtimalına görə Rəbbinə sığınmışdır. "Maazallah" ilə gələn sığınmaq tələbinə özünə sığınılanların ən xeyirlisi olan Zât-ı Zülcəlalın verəcəyi cavab da, əlbəttə sığınan qulunu yardımsız buraxmayıb qorumaq və qurtarmaqdır. Sığınmaq, qurtulmaqdır

   Hamımızın müxtəlif sahələrdə dəfələrlə təcrübə etdiyi kimi, insan ən çox "Mənə toxunmaz" ruh halını daşıyarkən günaha düşər. İnsana übudiyyət Miracının pillələrini öyrədən İsrâ surəsində yer alan "Zinaya yaxınlaşmayın" ilahî xəbərdarlığı ilə də diqqət çəkildiyi kimi, günaha sürüşməkdə bir astana nöqtəsi vardır. Bu astana keçildi mi, insan günahın maqnetik cazibəsinə qapılmaqda; ruh, qəlb və ağıla rəğmən, bilə-bilə günaha girməkdədir. Təqva və saleh əməl, insanı bu maqnetik sahənin astanasından,kəndarından uzaqda tutan bir qala divarı olduğu kimi, istiazə xaricdən gələn təziqlərlə bu astanaya yaxınlaşıldığı vəziyyətlərdə insanı qoruyan bir zirehdir. Yusuf Aleyhissəlam da, görüldüyü kimi, tamamilə xaricdən gələn bir təzyiqlə günaha sürüşməyin tam astanasına gəlindiyi halda, istiâzəsi ilə qurtarılmışdır. Maazallah, Yusuf istiazə etməyib özünə güvənsəydi, özünün də ifadə etdiyi üzrə 'onlara meyl edər və cahillərdən olar'dı

    Lâkin, olmamışdır; çünki o, özünü və Rəbbini bilən və O'na dönən ixlasa nail edilmiş bir quldur. 'Muxləsîn'dəndir. Müdhiş bir günah çağırışına qarşı möcüzəvi bir şəkildə özünü tutan bir qul olaraq, yenə də "Mən nəfsimi təmizə çıxarmıram. Nəfs daim pisliyi əmr edər, ancaq Rəbbim rəhmət edərsə o başqa. Şübhəsiz ki, Rəbbim Ğafur, Rahim`dir" deyə biləndir

   3) Yusuf'un 'Rəbbinin bir bürhanını görməsi'nə vəsilə olan bir xüsusiyyəti də, hər halda, Yusuf surəsinin yenə 23-cü ayəsində dilə gətirilən ehsankârlığıdır. Bu ayədə, "Maazallah" ın ardından gələn "İnnəhu rabbî əhsənə məsvâyə" ifadəsindəki rab sözündən qəsd olunanın Rabb-ı Rahîm mi, yoxsa 'əfəndi' mənasında Misir əzizi mi olduğu mövzusunda təfsirçilər ixtilaf halındadır

   Ancaq, hansı mənada oxunursa oxunsun, bu ifadənin hâkim ünsürü olan ehsankârlıq özünü mühafizə etməkdədir. Səbəblər dairəsindən ifadəyə baxıb burada nəzərdə tutulanın Yusuf`u qul bazarından alıb yaxşı bir münasibət göstərən Misir əzizi olduğunu; etiqad dairəsindən baxıb, Misir azizini vəsilə edərək kölə bazarından hörmət və sevgi gördüyü bir saraya onu qoyan Rabb-ı Rahîm olduğu deyilə bilər. Hər iki halda da, Yusuf, özünə edilən ehsanı dilə gətirməkdə; "O mənim əfəndim olduğu halda və mənə gözəl bir yer verib gözəlcə baxmışkən, mən necə xəyanət edərəm?" deməkdədir

   Demək ki, həyatımız boyunca Rəbbimizin müxtəlif səbəbləri vəsilə edərək bizə olan ehsanlarını, yadımızda saxladığımız dərəcədə, Rəbbimizin əmrinə üsyan etməyimiz çətinləşməkdədir. Çünki, "Bir fincan qəhvənin qırx il xətri vardır" zərbə məsəlinin də diqqət çəkdiyi kimi; insan, fitrətən, ehsan edənə pərəstiş edir. Ehsana üsyanla qarşılıq vermək insana fitrətən ağır gəlməkdədir; və bu baxımdan, Rəbbimizin üzərindəki nemət və ehsanını daima yadda saxlamaq, günah və üsyandan uzaq qalmağımızın əlverişli bir vəsiləsidir.

    Yusuf'un, üzərindəki ehsanı zikr etdikdən sonra "Şübhəsiz ki, zalımlar fəlah tapmaz" deməsi isə, insanın ehsana üsyanla qarşılıq verəcəyi halda uğrayacağı ilahî cəza və itaba diqqət çəkməkdədir.

   4) Zindanla təhdid edilməsinə müqabil, Yusuf'un fitnənin davam etdiyi və günahın dayanmadan özünə çağırdığı mühit yerinə zindanı seçməsi və Rəbbindən bu vəziyyətdəki sarayın əvəzinə zindanı istəməsi isə, bizə üçüncü bir ipucu verməkdədir. Demək ki, fitnə, içində qalındığı müddətcə, insanı sürüşdürə bilər və sapdıra bilər. Bir fitnə mühitində zərər və ziyandan qorunmuş olaraq qalmağın ilk şərti, fitnə mühitində daimi qalıcı olmamaq; mümkün qədər, bu fitnədən uzaq qalmağın yollarını tapmaqdır. Axır zamana dair, evdə olanın küçədə olandan, oturanın ayaq üstə durandan, yatanın sayıq durandan daha xeyirli olacağını bildirən hədis də, hər halda bu məqama diqqət çəkməkdədir.

   İstənilən halda, bu dəhşətli axır zaman mühitində xüsusilə hər tərəfdən hücum edən cinsəllik günahlarına qarşı, Yusuf qissəsində və Yusuf Aleyhissəlam timsalında, hamımız üçün tətbiq oluna biləcək dərslər, çarələr və ölçülər vardır. Şərtlər nə qədər faciəvi görünürsə görünsün, Yusuf Aleyhissəlamın məruz qaldığı şərtlər qədər faciəvi deyildir. O halda, çox daha dəhşətli bir şəraitdə Yusuf`u yanılmaqdan və yanmaqdan qoruyan Rabb-ı Rahim, qövlən və felən (sözlə və işlə) səmimi bir yönəlişlə O`ndan istəsək, əlbəttə bizi də yanılmaqdan və yanmaqdan xilas edəcəkdir.

   Yusuf Aleyhissəlam bir qadının daşıya biləcəyi bütün cazibə ünsürlərini üzərində ehtiva edən Züleyxa'nın fitnəsindən təmiz çıxa bildiyinə görə, cazibələrinin Züleyxa ilə ölçülməsi yenə də də qeyri-mümkün olan axır zaman züleyxâlarına qarşı imandakı dərəcəmiz nisbətində çox yaxşı bir Yusuf oluna bilər

   Necə ki, Yusuf`u bir nümunə olaraq dərs verən Rabb-ı Rahim, bu imkana diqqət çəkərək, bizi 'mümkün' olanı həyata keçirməyə,tətbiq etməyə dəvət etməkdədir.

Mətn Karabaşoğlu'nun: "Yusuf'un Bürhani Nə idi?"
 
Müəllif: 


19-04-2017 07:10:22