Ana səhifə

Allah`ın varlığının dəlilləri nələrdir? Allah`ın varlığını necə isbat edə bilərik?


Varın isbat və sübut hər zaman daha asandır.Bir alma növünün yer üzündə olduğunu, bir tək almanı göstərməklə sübut edə bilərik. Halbuki yoxluğunu iddia edən kimsə bütün yer üzünü, hətta kainatı gəzib, ancaq ondan sonra onun yoxluğunu isbat edə bilər. Bu isə, imkansızlıq səviyyəsində bir məşəqqət deməkdir. Elə isə deyə bilərik ki; yox, heç bir zaman isbat edilə bilməz ...

    Bir sarayın qapılarından 999-u açıq, biri bağlı olsa, o saraya girilə bilməyəcəyini kimsə iddia edə bilməz. Məhz inkarçı, davamlı olaraq bağlı olan o bir tək qapını nəzərə verib onu göstərmək istəyir. Əslində o qapı da, o inkarçı və onun kimi olanların gözlərinə çəkilmiş pərdə səbəbiylə onların ruh dünyalarına bağlıdır. Mömin üçün bağlı qapı yoxdur. Yetər ki, gözlərini yummasın! ... Onsuz da 999-u hər kəsə açıqdır. Həm də taybatay

    O qapı və dəlillərdən bir neçəsi:

   İmkan Dəlili: İmkan, bir şeyin olması ilə olmamasının bərabər ehtimala sahib olması deməkdir.Gündəlik danışıqlarımızda da "mümkün" deyərkən ola bilər də olmaya bilər də mənasını nəzərdə tuturuq. Yaradılmış olan hər varlıq bizə bu həqiqəti belə bildirir: Mənim olmağımla, olmamağım eyni idi. Bu an mən varamsa, var olmağımı yoxluqda qalmağıma tərcih edən biri var deməkdir. O isə ancaq Allah`dır.

   Hudus Dəlili: Hudus, sonradan olma deməkdir.Hudusun ən böyük dəlili dəyişmədir. Bir varlıqda dəyişmə varsa, bu hərəkətin bir ilk nöqtəsi də olacaqdır. Məhz o nöqtədən əvvəl o şey varlıq aləminə çıxmamışdı. Hələ yoxluqda ikən var olmağı öz başına iradə edə bilməyəcəyinə və buna gücü çatmayacağına görə, bu var olma Allahın yaratmasıyla baş vermişdir. Maddənin termodinamika qanununa görə davamlı yoxluğa doğru sürüklənməsi, kainatın durmadan genişlənməsi, günəşin sürətlə tükənməyə doğru yol alması kimi hadisələr, bu varlıq aləminin bir başlanğıcı olduğunu göstərir.

   Sənət: Atomdan insana, hüceyrədən qalaktikalara qədər bütün kainatda, incə və fövqaladə bir sənət gözə çarpır. Bəli, bu başdan o başa kainatdakı hər əsər bu xüsusiyyətlərə malikdir:

• Böyük sənətkarlıq dəyəri daşıyır.

• Çox qiymətlidir.

• Çox qısa zamanda və çox asan düzəldilir.

• Çox saydadır.

• Qarışıq və çeşid çeşiddir.

• Davamlıdır.

   Halbuki, qısa zamanda, çox sayda, asan və qarışıq edilən işlərdə sənət və dəyərin olmaması lazımdır. Ancaq edən Allah (c.c.) olarsa, o zaman hər şey dəyişər və ziddlər bir araya gələ bilər! ..

    Dövr etmə və Silsilənin Muhal (qeyri-mümkün) olması: Dövrənin mümkünsüz olduğu bu misalla açıqlanır. Bir yumurtanı toyuğun yaratdığını iddia edən adamdan soruşursunuz.Toyuğu kim yaratdı? Buna qarşılıq onun çıxdığı yumurtanı göstərir. Buna görə də toyuğu aradan götürsək yumurta yumurtanı yaratmış olur. Bu isə qeyri-mümkündür.Təsəlsül (silsilə) isə, bir şeyin silsilə halında ta ilk nöqtəsinə qədər gedib o ilk varlığı kimin yaratdığını soruşmaq surətiylə Allahın varlığını isbat etmə metodudur. Yəni bu meyvəni ağac yaratdı, o bir öncəki meyvədən oldu, o da bir öncəki ağacdan. Beləcə ilk ağaca yaxud ilk meyvəyə qədər çatır və soruşuruq: Bunu kim yaratdı? ..

   Qur`an yolu dövrə və silsilədən çox fərqlidir. "Yumurtanı kim yaratdı?" yaxud "Meyvəni kim yaratdı?" sualının cavabına, birbaşa, "Allah yaratdı." deyə cavab verir.

    Elm, iradə, şəfqət, mərhəmət anlayışlarından bir nəsibi olmayan, insanı tanımayan, hikmətdən, sənətdən anlamayan bu səbəblərin (toyuğun və ağacın) nəticənin yaradılmasında heç bir təsirlərinin olmadığı isbat edilir. Beləcə dövrə yaxud təsəlsül (silsilə) dəlilinə ehtiyac duyulmaz.

    Hikmət və Qayə Dəlili: Hər varlıqda özünəməxsus bir qayə, bir məqsəd, bir fayda təqib edildiyi nəzərə çarpır və heç bir şeydə qayəsizlik, mənasızlıq və israf sayıla biləcək hər hansı bir hal müşahidə edilmir. Halbuki, nə maddə aləmində nə bitki və heyvanlar dünyasında, nə də əşya və hadisələrdə şüur ​​və idrak mövcud deyildir ki, bu qayələr silsiləsi təqib edilə bilsin. Elə isə, kainatdakı bu şüurlu hərəkətləri və bu hikmət və qayələri ancaq Allaha isnad etməklə məqbul bir yol tutmuş ola bilərik.

    Yardımlaşma Dəlili: Yağışın torpağın imdadına, günəşin gözlərin köməyinə yetişmələrindən, ta havanın qanı təmizləməsinə qədər, bu aləm bir yardımlaşma hərəkətiylə sanki dolub daşmaqdadır. Bu yardım edən tərəflər bir-birlərini tanımır və bilmirlər. Elə isə bu mərhəmətli işləri səbəblərə vermək mümkün deyildir.

   Təmizlik: Kainatdakı paklıq və təmizlik, başlı başına bir dəlil olaraq, bizə Quddus ismiylə isimləndirilən bir Zatı (c.c.) anlatmaqdadır. Torpağı təmizləyən bakteriyalar, böcəklər, qarışqalar və necə necə yırtıcı quşlar; külək, yağış və qar; dənizlərdə buz kütlələri və balıqlar; planetimizdə atmosfer, kosmosda qara dəliklər; bədənimizdə qanımızı təmizləyən oksigen və ruhumuzu sıxıntılardan qurtaran mənəvi əsintilər, həmişə Quddus ismindən xəbər verməkdə və o adın həqiqətindəki Müqəddəs Zatı göstərir.

   Simalar: Hər hansı bir insanın siması, ən incə təfərrüatına qədər özündən əvvəl yaşamış milyardlarla insandan heç birinə eynilə bənzəmir. Bu qayda, özündən sonra gələnlərə də eynilə aiddir. Bir cəhətdə bir-birinin eynisi, digər cəhətdə bir-birindən ayrı milyardlarla şəkli kiçik bir sahədə çəkib, sonra da özləri kimi olması mümkün ola biləcək milyardlarla şəkildən ayırmaq və hər şeyi sonsuz ehtimal yolları içində bir yola və bir şəklə salmaq, əlbəttə və əlbəttə yaratdığı hər varlığı, həm də heç bir qapalı tərəfi qalmadan bilən və o varlığa istədiyi şəkli verməyə gücü və elmi yetən Cənabı Haqqı ən kar qulaqlara belə eşitdirəcək qüvvətdə bir elandır.

   Fitrət və Vicdan Dəlili: Allahı tanımağın sayıla bilməyəcək qədər çox dəlil və işarələri insanın yaradılışında, fitrətində mövcuddur. Bunlardan bir neçə nümunə: İnsan fitrəti və vicdanı hər nemətin mütləq şükür istədiyini bilir. Bir Peyğəmbərə qovuşmuş və hidayətə çatmışdırsa şükrünü Allaha edər. Əks halda batil məbudlara sitayiş edər. Bu sitayiş insan vicdanının insanı məcbur etməsiylə baş verir.

    Gözəlliyi təqdir etmə hissi də insan fitrətində mövcuddur. Sərgilər, nümayişlər bu his ilə həyata keçər. İnsan bu yaradılışının gərəyi olaraq, bu göy üzündə sərgilənən ulduzları, yer üzündəki çiçəkləri, ağacları, meşələri dolduran ceyranları, aslanları, dənizlərdə qaynaşan balıqları seyr etmək və onlardakı İlahi sənətin mükəmməlliyini təqdir etmək vəziyyətindədir.

    Tarix: Dinlər tarixi şahiddir ki, insanlıq heç bir dövrünü dinsiz keçirməyib.Batil, hətta gülünc olsa belə, demək olar hər dövrdə bir dinə inanmış və bir mənəvi sistemi təqib etmişdir. İnsan fitrətinə inanma duyğusunu Allah qoymuşdur və insan Ona (Allaha) inanmaqla mükəlləfdir.

    Qur`an: Qur`ani-Kərimin Kəlamullah (Allah kəlamı) olduğunu isbat edən bütün dəlillər, eyni zamanda Cənabı Haqqın varlığını da isbat edəcək mahiyətdədir. Quranın Allah kəlamı olduğuna dair yüzlərlə dəlil vardır. Bunlar, Quran ilə əlaqəli İslam qaynaqlarında ən incə təfərrüatına qədər mövcuddur. Bütün bu dəlillər, özlərinə məxsus dilləri ilə "Allah vardır."deyirlər.

   Peyğəmbərlər: Peyğəmbərlərin və xüsusilə Peyğəmbərlərin Əfəndisi İki Cahan Sərvərinin (ə.s.m-əleyhissalatu vəssəlam) peyğəmbərliyini isbat edən bütün dəlillər də yenə Cənabı Haqqı anladan dəlillərə daxil edilməlidir. Çünki peyğəmbərlərin varlıqlarının qayəsi, tövhid; yəni Allahın varlıq və birliyini elan etməkdir. Elə isə, hər peyğəmbərin öz peyğəmbərliyini isbat edən bütün dəlilləri, eyni zamanda, Cənabı Haqqın varlığına da dəlil olar. Bir peyğəmbərin haqq nəbi olduğunu ifadə edən bütün dəlillər, eyni qüvvətlə, hətta daha da böyük bir qüvvətlə"Allah vardır və birdir." deməkdədir ...

Müəllif: 


31-03-2017 05:13:33