Ana səhifə

Ana ata fasiq, günahkar isə onlara itaət necə olmalıdır? Ana və ataya itaətdə hədd nə olmalıdır?


  Əsma binti Əbu Bəkir (radiyallahu anha) rəvayət edir:

“Hələ ki müşrik olan anam yanıma gəldi. Onunla necə davranacağımla bağlı Həzrət Peyğəmbərə (sallallahu aleyhi və səlləm) belə bir sual verdim: “Anam yanıma gəlib. Mənimlə görüşmək istəyir. Anamla yaxşı davranımmı?”

 Allah Rəsulu: “Bəli, ona lazımi hörməti göstər”,– dedi. (Buxari, “Hibə”, 28; “Ədəb”, 8; Müslim, “Zəkat”, 50 (1003); Əbu Davud, “Zəkat”, 34 (1668)).

      Hədisdə haqqında danışılan Əsmanın anası ilə bağlı müəyyən mübahisələr mövcuddur. Bizim üçün hədisin ifadə etdiyi əhkam mühümdür. Buradan belə bir nəticə çıxır ki, ana və ata kafir belə olsalar, onlara qarşı insani vəzifələrimizi yerinə yetirməli, övladlıq borcumuzu unutmamalı, onlara hörmətlə yanaşmalıyıq. Bu hədisdən hətta kafir ana-atanın dolanışığını təmin etməyin vacibliyi haqda hökm də çıxarılmışdır.

      Yuxarıda qeyd etdiyimiz hədislə bağlı vəhy gəlmiş və kafir belə olsa, ana-ataya hörmətlə yanaşmaq və ehtiyaclarını təmin etmək məsələsinin əhəmiyyəti Qur`ani-Kərim`in ayəsi ilə hökmə bağlanmışdır:

“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (“Mumtəhənə” surəsi, 60/8).

        Hətta müşrik olmalarına baxmayaraq, ana və ataya hörmət edilməsinin vacibliyi bu ayədə daha aşkar surətdə bəyan edilmişdir:

“Əgər onlar (valideyn) bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get!..” (“Loğman” surəsi, 31/15).

       Bu açıqlamalara görə, müsəlman olan ana və ata nə qədər günahkar da olsalar, onlara lazımi hörmət və ehtiramı göstərmək vacibdir.

       İtaət etmək başqadır, üsyan etmək başqa. Allah-Təalaya üsyan etmədikləri təqdirdə ana-ataya itaət edilməsi əmr buyurulmuşdur. Elə isə Allahın əmrinə zidd olmayan istədikləri hər işi yerinə yetirmək lazımdır. Ancaq Uca Allahın əmrlərinə uyğun gəlməyən istəklərinə itaət edilməz, ancaq onlara üsyan da edilməz. Övlad valideynlərinin bu istədiklərini yerinə yetirməməli və onların üzünə ağ da olmamalıdır. Hörmət və sayğısını qorumalıdır.

       Qəlbləri çevirən Allah`dır. Ona yalvarmaq lazımdır. Övladların ana-atalarına göstərdikləri bu sevgi, sayğı və hörmət onların qəlblərinin yumşalmasına səbəb ola bilər. Hədəf və qayə onların islahına nail olmaqdır. Dinimiz xala və dayını ananın yerinə, bibi və əmini də atanın yerində qəbul etmişdir. Bu səbəbdən də onlara göstərilən hörmət və sayğı sanki ana-ataya edilmiş kimidir. Ancaq onların da haram olan istəklərinə itaət edilməz. Fəqət sayğı, hörmət gözlənilməli, onlara tez-tez baş çəkilməlidir.

       Digər qohumlara gəldikdə isə, silayi-rahimi (qohumları ziyarət) kəsmək doğru deyil. Günahkar da olsalar, əlaqəni kəsmək yerinə, islah olmalarına çalışmaq lazımdır.

        Yaxşı gündə yaxşı insanlarla hamı qardaşlıq edir. Əsas odur ki, ən çətin anlarda qardaşlıq davam elətdirilsin və insan qardaş bildiyi kəsi pislikləri və günahları içərisində qoymasın. Əsl vəfa, əsl dostluq və qardaşlıq da elə budur.

      Qohumlarımız var ki, inancında bəzi qüsurları, İslami yaşayış baxımdan müəyyən əskiklikləri mövcuddur. Əlimizdən gəldikcə bu əskikliklərini düzəltməyə çalışmaq, onları haqqa və həqiqətə çatdırmaq üçün çalışmaq öhdəmizə düşən vəzifəmizdir.

      Allah-Təalanın Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) aşkar tövsiyəsi var:

Əvvəlcə ən yaxın qohumlarına haqqı təbliğ et”. (“Şuəra” surəsi, 26/214).

        Bu İlahi tövsiyə bəyəm hamımıza aid deyil?



20-11-2016 04:24:47