Ana səhifə

ALLAH YOLUNDA ŞƏHİD OLMAQ


YazdırSend to friend
Sual Detayı: 
kimlər şəhid sayılır
Cavab: 

ŞƏHİDLİK və ONUN FƏZİLƏTİ

     Şəhidlik ali dərəcədir. Allah yolunda canını fəda edən bir müsəlmana “şəhid” deyilir. Ona bu adın verilmə səbəbi cənnətlik olduğuna şahidlik edilməsi yaxud, şəhidin Allah dərgahında diri olması və ya ölüm əsnasında mələklərin şahid və hazır olmalarıdır.

     Hənəfilərə görə bunlar şəhid sayılır: Müharibədə düşmən tərəfindən öldürülən və ya quldurlar tərəfindən qətlə yetirilən, yaxud evinə girən oğrular tərəfindən öldürülən kəslər. Müharibədə yanıq, kəsik kimi müxtəlif yaralarla gözündən, qulağından qanlar axan vəziyyətdə olan və ya bir müsəlman tərəfindən iti alətlə haqsız yerə qəsdən qətlə yetirilən kəs də şəhiddir.

     Bununla birlikdə şəhidin müsəlman, ağlı başında və yetkinlik yaşına çatması, heyzli (aybaşı), nifaslı (zahı) və cünub olmaması, vurulduqdan dərhal sonra ölməsi də şərtdir. Bunlar həm dünya, həm də axirət baxımından şəhid sayılır və hər birinə “həqiqi şəhid” deyilir. Bunlar yuyulmaz, kəfənlənməz və paltarları ilə dəfn olunurlar. Cənazə namazları isə qılınır. (İbn Abidin, e.a.ə., l, 848; Şürunbüəli, e.a.ə., s. 103; Meydani, e.a.ə., l, 135-137; Şirbini, e.a.ə.,ı, 350.)

     Şəhidin insanlara olan maddi borcları istisna olmaqla bütün günahları bağışlanır. Ona cənnətdə yüksək dərəcə və mənsəblər bəxş olunacağı barədə ayə və hədislər vardır. Uca Allah belə buyurur:

 “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.” (Ali-İmran, 3/169-171.)

     Məsruq (r.a) Abdullaha bu ayədə qeyd olunan şəhidlər haqqında soruşmuş, o da belə cavab vermişdir: Biz də bunu Rəsulullahdan (s.ə.s) soruşmuşduq, belə cavab vermişdi:

Şəhidlərin ruhları yaşıl quşların qarnındadır. Onların ərşdən asılmış qəndilləri var. Cənnətdə istədikləri kimi gəzir, sonra o qəndillərə qayıdarlar. ” (Müslim, İmarə, 121; Əbu Davud, Cihad, 25; Tirmizi, Təfsiru Surə, 3/19; İbn Macə, Cənaiz, 4, Cihad 16)

     Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur:

Cənnətə daxil olan heç  kim dünyadakı hər şey ona verilsə də dünyaya qayıtmaq istəməz. Lakin şəhid bundan istisnadır. O, görəcəyi ikramdan ötrü təzədən dünyaya qaytarılıb on dəfə daha öldürülməyi təvəqqe edər.” (Buxari, Cihad, 6; Müslim, lmarə, 108, 109; Nəsai, Cihad, 33.)

"Muhammədin nəfsi qüdrət əlində olan Allaha and olsun ki, Allah yolunda savaşmaq və öldürülmək, sonra savaşmaq və yenə öldürülmək, sonra yenə savaşmaq və öldürülmək istərdim.” (Buxari, Iman, 26; Müslim, lmarə, 103, 107; Nəsai, Cihad, 18, 30.)

ŞƏHİDLƏRƏ DAİR HÖKMLƏR

     Şəhidlər yuma, kəfənləmə, cənazə namazı və dəfn baxımından digər cənazələrdən fərqlənir.

     Şəhid patlarları ilə kəfənlənir, qanı yuyulmaz, üstündəki kürk, palto, gödəkcə, silah, məst və buna oxşar şeylər çıxarılıb olduğu kimi dəfn olunur.

      Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

“Şəhidləri yumayın. Çünki hər yara və hər qan damlası qiyamət günü ətrafa müşk qoxusu saçar. ” (ə. ibn Hənbəl, ııı, 299.)

     Hz Peyğəmbərin əmri ilə Uhud şəhidləri yuyulmamış, qanlı patlarlarla dəfn olunmuş və onlara cənazə namazı da qılınmamışdır. (Ə. Ibn Hənbəl, 111, 299, V, 431; Nəsai, Cənaiz, 82, Cihad, 37.)

     Müharibə meydanında kafirlər tərəfindən öldürülən şəhidlər yuyulmaz, yalnız kəfənə uyğun bir patlarla kəfənlənir. Paltar əskik olduqda tamamlanır. Sünnə olan kəfəndən çoxu da çıxarılır. Qanları ilə dəfn olunur.

     Hənəfilərə görə, cənazə namazı qılınır.

    Cünub, heyz (aybaşı) və nifas (zahı) olanlara gəldikdə, onlar mü- haribə əsnasında şəhid olsalar Əbu Hənifəyə görə, uşaq və ruhi xəstələrdə olduğu kimi yuyulurlar. İstinad etdikləri dəlil Hənzələ (r.a) ilə əlaqədar hədisdir:

     “Hənzələ İbn Əbi Amir (r.a) Uhudda şəhid olduqda, Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: Yoldaşınız Hənzələni mələklər yuyur.Arvadından soruşdular, o da onun cünub ikən qüsl almağa vaxt tapmadan orduya qoşulduğunu xəbər verdikdə, Allahın Elçisi; "məhz bu səbəblə mələklər onu yuduıar"- buyurmuşdur.” (Şövkani, NeyIuI–övtar, IV, 29.)

     Əbu Yusif və İmam Muhəmmədə görə isə şəhid olan cünub, heyzli (aybaşı) və ya nifaslı (zahı) yaxud müsəlman uşağı da olsa yuyulmaz. Əgər yumaq fərz olsaydı, bütün Adəm övladlarına fərz olardı və mələklərin yuması kifayət olmazdı.

     Hənəfilərdən başqa əksər İslam alimlərinə görə, şəhid yuyulmaz, kəfənlənməz və cənazə namazı qılınmaz.Lakin qandan başqa hər hansı kirlilik varsa bunları yumaq kifayətdir. Çünki Cabir (r.a) hədisində belə buyurulmuşdur:

 “Hz. Peyğəmbər Uhud şəhidlərinin qanları ilə dəfn olunmalarını əmr etdi. Onları yumadı və cənazə namazlarını da qılmadı.” (Buxari, Cənaiz, 72, 75, 78; Məğazi, 26; Əbu Davud, Cənaiz, 62; Ibn Macə, Cənaiz, 28.)

     Qəlbində nifaq (münafiqliq) olmasına baxmayaraq, zahirən müharibədə müsəlmanların cərgələrində olarkən düşmən tərəfindən qətlə yetirilən yalnız dünya baxımından şəhid hesab olunur. Buna da “hökmi şəhid” deyilir. Bunlar da yuyulmaz, cənazə namazları qılınmaz və paltarları ilə dəfn olunarlar.

     Şafeilərə görə, sırf qənimət uğrunda və ya riyakarlıq üçün müharibədə iştirak edən, ya da qənimət mallarından oğurluq edən bir müsəlman da müharibə gedərkən öldürülərsə yalnız “dünya şəhidi” sayılır. Eyni zamanda “ilayi-kəlmətullah” (Allahın adını ucaltmaq) üçün savaşması hökmü dəyişdirməz. Lakin zahiri baxımdan şəhid hesab olunur.

     Bəzi şəhidlər də yalnız axirət hökmü baxımından şəhid sayılırlar.

     Məsələn, xəta ilə öldürülən və varislərinə diyət verilməli olan şəxs ilə müharibə və ya üsyankarlarla mübarizə apararkən yaralanıb müharibə qurtardıqdan sonra və bir az yeyib-içdikdən, danışdıqdan, yaxud yatdıqdan, ya da dərman qəbul etdikdən və ya ağlı başında olmaqla bir namaz vaxtı keçdikdən sonra vəfat edən müsəlman yalnız axirət baxımından şəhid sayılır. Bunlar digər ölülər kimi yuyulur, kəfənlənir və cənazə namazları qılındıqdan sonra dəfn olunurlar.

    Suda boğulan, odda yanan, qar uçqunu, torpaq və ya bina altında qalan; vəba, taun kimi yoluxucu xəstəlikdən; əqrəb sancmasından ölən, qərib ölkədə və ya elm uğrunda, yaxud cümə gecəsində vəfat edən müsəlman da eyni hökmdədir. Həmçinin doğum sancısından ölən də bunlar kimidir. Bunlara “həqiqi şəhid” də deyilir.

     Müharibədən başqa yerlərdə ölüb şəhid hökmündə olanların bəziləri hədisi-şəriflərdə qeyd olunur. Məsələn, vəba xəstəliyi, boğulma, üstünə bir şeyin düşməsi, yanğında ölmə, nifas (zahı) ikən ölmə, ağciyər xəstəliyindən ölmə bunlar arasında sayıla bilər. ( Bax. Buxari, Azan, 32, Cihad, 30; Müslim, İmarə, 164; Tirmizi, Cənaiz, 65, Fəzailul–Cihad, 14;Ə. İbn Hənbəl, ı, 22, 23, ıı, 325, 523.)

     Nəticə etibarilə şəhidlik böyük nemətdir. Bir müsəlmanın İslamı mənimsəyərək ona əməl edib, axırda şəhid olaraq vəfat etməsi onun üçün böyük xoşbəxtlik və səadətdir. Ancaq şəhidlik çox az insana qismət olduğu və ya bunun üçün çox az fürsət olduğu üçün möminin qəlbində bu şüurun olması da kifayətdir. Hz. Peyğəmbər belə buyurmuşdur:

     “Şəhid olmağı Uca Allahdan səmimi–qəlbdən diləyəni, Haqq-Təala rahat yatağında vefat etsə də şəhidlərin dərəcələrinə vasil edər.” (Müslim, İmarə, 156, 157; Əbu Davud, lstiğfar, Vitr, 26; Nəsai, Cihad, 36; lbn Macə, Cihad, 15)



04-07-2016 07:02:35