Ana səhifə

Cihad ayələrində necə bir sıra vardır?


YazdırSend to friend
Sual Detayı: 
Cihad ayələrində necə bir sıra vardır?
Cavab: 


Müsəlmanların həm sayca az, həm də şiddətli təzyiqlə qarşı-qarşıya qaldıqları Məkkə dövründə, müharibə etmək əmr edilməmişdi. Gələn ayələr, əfvdən , namazı qılmaqdan, zəkatı verməkdən bəhs edir(1). Şübhəsiz bunun bəzi hikmətləri vardır. Məsələn:

1- Müsəlmanlar sayca az idilər. Döyüşə icazə verilsəydi, əleyhlərinə olardı. Cənabı Haqq, onların sayının artmasını dilədi.

2- Əgər döyüşə icazə verilsəydi, vətəndaş müharibəsi meydana gələrdi. Çünki, bir ailədə həm inananlar, həm də inanmayanlar vardı. Müharibə olsa, hər ailədə qan axacaqdı. Hicrətdən sonra isə, tərəflər ayrıldı, bu maneə ortadan qalxdı. (2)

Beləliklə, tərəflərin ayrıldığı bu dövrdə, əvvəlcə bu ayə ilə döyüş icazəsi gəlir(3):


"(Kafirlərin) vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir."

(Həcc surəsi, 39)


Bu icazəni, daha sonra, bu əmrlər izləyir:


"Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. "

(Bəqərə surəsi, 190)


"Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir."

(Tövbə surəsi, 36)


Qaynaqlar:

1- Məsələn, “(Müharibədən) əl çəkin, namaz qılın və zəkat verin!” (Nisa, 77) "Sən təmkinlə səbir et!" (Məaric, 5) "Səhər və axşam çağı Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar." (Kəhf, 28) kimi ayələr Məkkə dövrü ilə əlaqədardır.

2- Seyyid Kutub, Fî Zılalil-Quran, Daruş-Şuruk, 1980, I, 185-186; Sabunî, Revaîul-Beyan, I, 213-214

3- İbnu Kesîr, V, 436

* * *

Quranda cihad necə təşviq edilmişdir?

Müəllif: Şadi Eren (dos. Dr.)

Cihadı təşviq edən və əmr edən bəzi ayələr belədir:


1- "Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? (Bilin ki,) onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz. "

(Tövbə surəsi, 19)


Hacılara su paylamaq, dünyada ən müqəddəs məkan olan Kəbəni təmir etmək, gözəl və savablı işlər olmaqla birlikdə, heç bir zaman Allah yolunda cihad etmək səviyyəsinə yüksələ bilməzlər. Kəbə qonşuluğunda ibadət xoşdur, amma daha da xoş olan, Allah yolunda cihaddır. Çünki, biri fərdi ibadətdir, digəri isə Allahın dinini yaymaqdır. Risalət vəlayətdən nə dərəcə üstündürsə, risalətlə əlaqəli olan, Allahın dinini yaymaq uğrunda mübarizə də o dərəcə şəxsi kəmalatlardan, ibadətlərdən üstündür.

Bu nöqtə tam aydın olmadığından, həccə gedən bəzi müsəlmanlar, o mübarək məkanlarda ölmək arzusunda olurlar. Halbuki, oraya ölməyə deyil, dirilməyə getsələr və döndüklərində yeni bir həvəs və həyəcanla İslama xidmət etsələr, onlar üçün daha xeyirli olardı.


2- "Möminlərdən – üzrlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir. "

(Nisa surəsi, 95)


3-"(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. (Lakin) siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir. "

(Nisa surəsi, 104)


"Ölsəm, şəhidəm" deyən bir mömin, belə bir ümidi olmayan batil inanc sahibindən daha cəsur olmalıdır.


4- "(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir. "

(Tövbə surəsi, 41)


"(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də)..." ifadələri belə açıqlanmışdır:

-İstər sevərək, istər xoşlamayaraq,

-İstər ailə yükünüz yüngül, istər ağır olsa da,

-İstər yüngül silahlarla, istər ağır silahlarla,

-İstər piyada, istər miniklə,

-İstər gənc, istər qoca,

-İstər sağlam, istərsə də xəstə- istənilən halda döyüşə çıxın. (1)

"Malınız və canınızla" ifadəsi, cihadın iki növünə işarə edir. Bir qisim insanlar vardır ki, mallarını Allah yolunda sərf edərlər. Bir qismi də vardır ki, həyatlarını bu yolda fəda edərlər.

"Allah yolunda" deyilməsi isə, çox mühüm bir qeyddir. Allah yolunda olmayan mübarizə, "cihad" adına layiq deyil. Cihada ruh qazandıran xüsusiyyət məhz budur (2). Yoxsa, müsəlmanlardan başqaları da döyüşürlər, öz din və ideologiyalarını yaymağa çalışırlar. Hətta, bu uğurda həyatlarını verirlər. Lakin onların bu mübarizəsi, Allah qatında dəyəri olan bir mübarizə deyil.


5- "Allah yolunda lazımınca cihad edin."

(Həcc surəsi, 78)


Cihadın haqqını verərək səy göstərməklə, özünü mücahid zənn etmək fərqli şeylərdir. Birincisi haqqı ilə cihad, ikincisi isə, yalnız vaxt itirməkdir.


6- "Öz əllərinizlə özünüzü təhlükəyə atmayın."

(Bəqərə surəsi, 195)


Bu ayə ilə əlaqədar olaraq, bu rəvayət nəql edilir:

Hz. Müaviyə zamanında, İslam ordusu İstanbul yaxınlarına gəlir. Döyüş əsnasında, mühacirdən bir şəxs, düşmən tərəfinə soxulur. Bəziləri, bu hərəkəti "öz əllərinizlə özünüzü təhlükəyə atmayın" ayəsinə zidd görür. Bunun üzərinə, Hz. Peyğəmbərin bayraqdarı Əbu Eyyub əl-Ənsari belə deyir: "Biz bu ayəni daha yaxşı bilərik. Çünki bu ayə, bizim haqqımızda endi. Rəsulullah ilə birgə yaşadıq. Onunla birlikdə çox hallarla qarşılaşdıq. Ona köməkçi olduq. Nəticədə İslam qalib gəldi. Ənsar olaraq bir yerə toplandıq. “Allah bizə, Rəsuluna əshabə olmağı, Ona köməkçi olmağı nəsib etdi. Artıq İslam qalib gəldi, müsəlmanlar çoxaldı. Biz Onu, ailə və mal-mülkdən üstün tutduq. Artıq döyüş bitdiyinə görə, evlərimizə, uşaqlarımızın yanına dönək, onlarla yaşayaq,"-deyə düşünərkən bu ayə nazil oldu. (3)

Elə aydın olur ki, təhlükə irəli atılmaqda deyil, geridə durmaqdadır. Ayənin əvvəlində, "Allah yolunda infaq edin" deyilməsi, cihadın iqtisadi yönünə işarə edir. Maddi imkanları olanlar, bu imkanları Allahın dinini yayma uğrunda xərcləməsələr, özlərini öz əlləriylə təhlükəyə atmış olacaqlar.


7-"Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. "

(Saff surəsi, 4)


8- "Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. (Bu təqdirdə) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ. "

(Saff surəsi, 10-13)


Ayədə, Allah yolunda cihad, "ticarət" adlandırılmışdır. Ticarətdə əsas olan qazancdır. Bir şey verilər və qarşılığında qazanc əldə edilər. Elə də, möminlər Allah yolunda mallarını-canlarını verəcəklər, bunun müqabilində, çox şey qazanacaqlar. Bunlar, ayədə bu şəkildə sadalanmışdır:

a. Allahdan bağışlama,

b. Cənnət,

c. Zəfər,

d. Yaxın bir fəth.

Bunlardan bağışlama və Cənnət axirətlə, zəfər və fəth dünya ilə əlaqəlidir. Deməli, həm dünya, həm axirət səadəti, ancaq Allah yolunda cihadla mümkündür.


9- "Ey iman gətirənlər! Ya­­xınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müt­­­təqilərlədir."

(Tövbə surəsi, 123)


Bu ayə, dinə dəvət strategiyasını təyin edən "əvvəl yaxınlarını qorxut" (Şuəra surəsi, 214) ayəsinə bənzəyir. Yəni xəbərdar etməyə yaxınlardan başlamaq lazım olduğu kimi, döyüşdə də yaxın düşməndən başlamaq lazımdır. Necə ki Rəsulullah, əvvəl qövmü ilə, sonra digər Ərəblərlə, daha sonra Bizansla döyüşmüşdür. Şübhəsiz, bütün kafirlərlə birdən döyüşmək qeyri-mümkündür. Bu səbəbdən, uyğun olanı yaxından başlamaqdır. (4)

Böyük təfsirçi Fəxrəddin Razi, yuxarıdakı ayənin "Onlar sizdə bir sərtlik görsünlər" qismini belə şərh edir: "Ğılza" riqqətin əksidir. Cəzalandırmada sərtliyi bildirir. Şübhəsiz sərtlik, pis əməllərdən çəkindirmədə daha təsirlidir. Lakin hər zaman sərt olmaq düzgün deyil. Çünki vəziyyət bəzən yumşaqlığı, bəzən də sərtliyi tələb edir. Bu səbəblə, yalnız sərtlik göstərməyin uyğun olmadığına diqqət çəkərək "onlar sizdə sərtlik görsünlər" deyilmişdir. Daima sərt olmaq insanları bir-birindən uzaqlaşdırır. "Onlar sizdə sərtlik görsünlər" bu sərtliyin hər vaxt olmadığını göstərir. Sanki belə deyilmişdir: "Onlar, sizin əxlaq və təbiətinizi araşdırdıqda, sizdə sərtlik də tapsınlar". Belə bir kəlam isə, ancaq çox hallarda şəfqətli, mərhəmətli olmaqla birlikdə, bəzən sərtlik göstərənlər üçün doğrudur... Bu sərtliyin, alış-veriş, qarşılıqlı oturub danışmaq, yemək-içmək kimi xüsuslarda olması uyğun deyil. (5)


Qaynaqlar

1- Razi,XVI, 69-70; Beydavi, I, 406; Əbul-Berekat Nesefi, Medariku't-Tenzil, Daru'l-Fikir, II, 127

2- Qütb, 1, 187; Sabunu, Safvetu't-Tefasir, 1, 127; Qədr/qadiri, 1,50; Mevdudi, Jihad en Islam, s. ,7; Afif Abdülfettah Tabbera, Ruhu'd-Dini'l-İslami, Daru'l-İlm, Beyrut, s., 380-381, Əbdüləziz Natiq, Könüllərin Fəthində Cihad, Gənclik Yay. İst., 1994, s., 118-119; Zeydan, Usulu'd-Dave, s., 272

3- İbnu Kəsr, I, 331; Əbu Davud, Sünen, Cihad, 22; Tirmizi, Təfsir, 2/19

4- Razi, XVI, 228-229

5- Razi, XVI, 230

*  *  *  *  *


Döyüşlə əlaqədar ayələrin, səbr etməklə əlaqədar ayələri qüvvədən saldığı doğrudur?

Müəllif: Şadi Eren (dos. Dr.)

Tövbə surəsi, ən son nazil olan surələrdəndir. Bu surədə döyüşlə əlaqədar bir çox ayələr vardır. Məsələn:


"Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir. "

(Tövbə surəsi, 36)


"Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir. "

(Tövbə surəsi, 5)


Bu iki ayə, "qıtəl ayəsi" və ya "seyf ayəsi" kimi məşhurdur. Bir qisim təfsirlərdə və Quran tərcümələrində deyilir ki, Məkkə dövründə səbri, əfvi tövsiyə edən ayələrin izahında, "qıtəl ayələri ilə mənsuhdur", yəni, döyüşü əmr edən yuxarıdaki ayələr endikdən sonra, bu ayənin hökmü ləğv edilmiş, qüvvədən qaldırılmışdır. Halbuki, mənsuh olduğunu söylədikləri ayələr bir mərhələni, qıtəl ayələri isə, başqa mərhələni göstərir. Məsələ bundan ibarətdir:

Cənabı Haqq, müsəlmanlar zəif və az olduqları zaman səbri, qüvvətli olduqlarında isə, döyüşü əmr etmişdir. Bu ayələrdə, bir nəsihdən (köhnə hökmü ortadan qaldırmaq) söhbət gedə bilməz. Nəsih, artıq tətbiq olunması caiz olmayacaq şəkildə hökmün ortadan qaldırılmasıdır. Yoxsa, müəyyən bir səbəbə görə əmr edilən bir məsələdə, başqa bir səbəblə yeni bir hökmə keçmək, nəsih deyil. (1)

Müsəlmanların zəif olduqları hallarda, əziyyətə səbri, əfvi əmr edən ayələr yenə qüvvədədir. Bunu, belə bir örnəklə izah etmək olar:

Avtobusda səyahət edərkən, uşağımıza "qətiyyən sürücü ilə danışma!" desək, səyahətin sonunda də "artıq onunla danış" desək, ikinci sözümüz birincinin hökmünü nəsh etməz. Çünki, ortada iki fərqli vəziyyət var. Səyahət əsnasında sürücü ilə danışmaq, qəzaya səbəbiyyət verə biləcəyindən, onunla danışmamaq müvafiqdir. Səyahət bitdikdə isə, belə bir təhlükə olmadığına görə, rahatlıqla onunla danışmaq olar. Yeni bir səyahətə çıxanda isə, birinci sözümüz yenə eynilə etibarlıdır.


Qaynaqlar:

 1- Baxın. Süyuti, II, 703-704; Suad Yıldırım, Quran İlimlerine Giriş, Ensar Yay. İst., 1983, s., 103-104; Rıza, X, 199; Mahmud Şeltüt, El-Kur-an'u ve'l-Kıtal, Daru'l Feth, Beyrut, 1983, s., 85-88; Zeydan, Şeriatul-İslamiyye vel-Kanunud-Düveliyyil-Àmm, Müessesetü Risale, Beyrut, 1988, s., 60;

* * *


Qurani Kərimə görə döyüşdə qalib gəlməyin qaydaları nələrdir?

Yazar: Şadi Eren (dos. Dr.)

1- Adətullaha riayət etmək

Cənabı Haqqın insanlıq aləmi üçün qoyduğu qanunlar vardır. Məsələn, çalışan qazanar. Səbr edən bacarar… Haqq düşüncə sahibi olmaq, döyüşdə qalib olmaq üçün kifayət deyil. Necə ki, Allahın ən sevimli qulu, ən böyük insan Hz. Məhəmməd (s.ə.v.), Allaha təvəkküllə birlikdə, səbəblərə riayət etməkdən geri durmamışdı. Məsələn, Uhudda iki zireh geymiş(1), Xəndək Döyüşündə xəndək qazmış, sipərə girmişdi...

2. Sirr tutmağı bacarmaq

Hz. Peyğəmbər (s.ə.v.), Təbuk Səfərindən başqa heç bir döyüşdə hədəfin hara olduğunu əvvəldən ifadə etməmiş, kinayəli ifadələr istifadə etmişdi. (2)

"Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın" ayəsi, bu mövzuda bizə yol göstərir. (Ali İmran surəsi, 118)

3. Hər şeyi hər yerdə söyləməmək

Rəsulullah dövründə çox hərəkətli günlər yaşanmışdı. Müsəlmanlar Mədinəyə hicrət edincə, qismən təhlükəsizliyə qovuşmaqla birlikdə, tamamilə təhlükəsizlikdə deyildilər. Hər an Məkkəlilərin hücum etmə ehtimalı vardı. Xalq arasında bəzən "gəldilər, gəlirlər" şəklində dedi-qodular yayılırdı(3). Bu ayə belə vəziyyətlərdə nə etmək lazım olduğunu dərs verir:


"Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər."

(Nisa surəsi, 83)


Rəsulullahın ifadəsi ilə, "adamın hər eşitdiyini söyləməsi, ona yalan olaraq yetər"(4). Hər eşidilənin doğru olması mümkün olmadığı kimi, hər eşidiləni, dərhal hər yerdə söyləmək də uyğun deyil.

Bədiüzzaman, bunu belə ifadə edir: "Hər söylədiyin haqq olsun. Lakin hər haqqı söyləməyə sənin haqqın yoxdur. Hər dediyin doğru olmalı. Lakin hər doğrunu demək doğru deyil." (5)

Yuxarıda zikr etdiyimiz ayədə, jurnalistlərə də təmas edən bir xəbərdarlıq vardır. (6) Dövlət sirri ola biləcək bir xəbəri, xəbər olaraq yazmaq, jurnalistika baxımından cazibədar ola bilər. Amma, bu xəbəri yaymaq, düşmənlərin işinə yarayacaqsa, nəşr edilməməsi uyğundur. Ayrıca, hələ doğruluğu dəqiq olmayan bir xəbəri, dəqiqləşmiş kimi yaymaq, insan haqlarını pozmaq olduğu kimi, bir qisim qarışıqlıqlara da səbəb ola bilər. Bu ayəyə qulaq asaq:


"Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz." (Hucurat surəsi, 6)


4. Döyüşün qaydalarını yaxşı bilmək

Rəsulullah (s.ə.v), "döyüş bir hiylədir" buyurur. (7) Rəsulullahın bu sözü, bəziləri tərəfindən döyüşdə hər cür yalan, böhtan kimi şeylərin mübah olduğu şəklində başa düşülmüşdü. Halbuki, tarixən sabit olan odur ki, Rəsulullah, əsla yalana tənəzzül etməmişdi(8). Amma düşməni aldada biləcək hərb oyunlarını tətbiq etmişdi. Başqa yerə səfər təşkil edirmiş kimi görünüb, əsl hədəfinə birdən yönəlməsi, Məkkənin fəthinin əvvəlində, gecə on min yerdə alov yandırtması kimi vəziyyətlər buna nümunə olaraq verilə bilər(9). Yenə, döyüşlərdə tətbiq olunan, təxribata düşmüş kimi edib, düşməni mühasirəyə almaq, soba borularını top kimi qala divarlarına düzmək və s. halların hamısı "döyüş bir hiylədir" sözünün nümunələridir. Döyüşdə yalanın caiz sayılmasını da bu məqamda zikr edə bilərik. (10)

5. İnsanları düzgün yetişdirmək

Döyüşlərdə qalib gəlməyin ən etibarlı yolu, insanları düzgün yetişdirməkdir. Qəlbi imanla dolu, ürəyi cəsarət yüklü, fikri uca idealların təqibçisi, əli sənətində mahir bir toplum, dünyanın ən qüvvətli birliyidir. Belə bir toplum, sayca az da olsa, bir çox topluluqlara qalib gələr.


 "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" (Bəqərə surəsi, 249)


ayəsi bu həqiqəti dilə gətirir. Bu gün Amerikanı güclü edən, yaxşı yetişdirilmiş bir azlıqdır.

Rəsulullahın (s.ə.v.) 40 adamla dünyaya meydan oxuması və nəticədə qalib gəlməsi, insanları yaxşı yetişdirməyin əhəmiyyətini göstərir.


Qaynaqlar:

1-Tirmizi, Cihad, 17; Ebu Davud, Cihad, 68; İbnu Mace, Cihad, 18

2-İbnu Hişam, IV, 159

3-Bkz. Beydavi, I, 227

4-Acluni, II, 113

5-Nursi, Məktubat, s., 265

6-Yazır, II, 1403

7-Müslim, Cihad, 17; Tirmizi, Cihad, 5

8-Hamidullah, İslam Peyğəmbəri, II, 1039; Ahmet Çelebi, İslam Düşüncəsində Cihad ve Savaş Siyasəti, Ter.Abdullah Kahraman, İz Yay., İst.,1994, s.98; Zuhayli, s.,57-60

9-Azzam, s., 196

10-İbnu Hanbel, VI, 454



14-03-2011 08:29:29