Ana səhifə

İslam terror dini ola bilməz!!!


YazdırSend to friend
Sual Detayı: 
İslamın terror dini olmadığını, tam əksinə terror, anarxiya və fitnəni qadağan etdiyini Qur`andan dəlil gətirərək isbat edərsinizmi?
Cavab: 

  Qur`an terroru lənətləmiş, anarxiya çıxarmağı və fitnə-fəsad törətməyi ən dəhşətli hadisə adlandırmışdır. İslam hər bir terror, zülm və xəyanəti qadağan edir. Hər cür anarxist hərəkətə, pozuculuğa şiddətlə qarşı çıxır. İslamiyyət zərərə zərərlə qarşılıq verməz. İslam dini ədaləti bərqərar etmək, azğın nəfslərin zülm və istibdadını qırmaq, insan vicdanını orta yola gətirmək üçün Allah tərəfindən göndərilmişdir. Ona görə də İslam dini bu məsələyə çox həssas yanaşır. Belə ki, Qur`an haqsız yerə bir kəsin canına qıymağı, qan tökməyi bütün bəşəriyyətə qarşı işlənmiş ən dəhşətli bir cinayət kimi xarakterizə edir.

     Həqiqətən də, Allah-Təala:

     “... kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sankibütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar”,– buyurur. (“Maidə” surəsi, 5/32).

     Qur`an terrorla yanaşı, hər cür fitnə-fəsadı da lənətləmişdir. Qur`an-i Kərim fitnə çıxaran, cəmiyyətdə fitnəyə vəsilə olan və rəhbər vəzifələrə keçdikləri zaman fitnə toxumları əkənlərin fəsad və şərlərinə diqqət çəkmiş, toplumdakı pozuculuğun ən dəhşətini, fitnənin təhlükələrini açıq şəkildə ortaya qoymuşdur.

     “İş başına keçdimi, yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir”. (“Bəqərə” surəsi, 2/205).

      Qur`an fitnəni yasaqlamışdır. Bir ayədə Uca Allah belə buyurur:

     “Fitnə isə qətldən də böyük günahdır”. (“Bəqərə” surəsi, 2/217).

     Qur`anın bu kimi ayələrindən tam mənası ilə bəhrələnən bir müsəlmanın ruhunda düşmənçilik, kin, vəhşət yoxdur. Ən böyük düşməni ilə bir növ qardaşlığı vardır. Mömin “Yadadılanı Yaradana görə sevirik” həqiqətini mənimsəyib. Mömin bir məhəbbət fədaisidir. Düşənçiliyə vaxtı yoxdur. Allah-Təala müqəddəs Qur`an-i Kərimdə bir qisim insanların zərərlərinin qarşısının digər insanlar tərəfindən alınması nəticəsində məbədlərin zərərlərdən qorunduğunu bildirir və inananların diqqətini sözügedən zərərlərin qarşısının alınmasına yönəldir.

    “... Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir”. (“Həcc” surəsi, 22/40).

      Həzrət Muhamməd (sallallahu aleyhi və səlləm) rəhmət və şəfqət peyğəmbəridir. Qur`an-i Kərimdə Allah-Təala:

     “(Ya Rəsulum!) Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”,– buyurur (“Ənbiya” surəsi, 21/107).

     Həzrət Peyğəmbər də gözəl əxlaqı əməli surətdə hər cəhətdən həyatında ən gözəl şəkildə sərgiləmiş, həyatı boyunca səhabələrini fitnədən çəkindirmişdir. Olduqca yüksək ciddiyyət və həssaslıqla fitnədən uzaq durmağı əmr etmişdir.

    “Fitnədən çəkinin! Çünki o zaman dil qılınc zərbəsi kimidir”. (İbn Macə, “Fitən”, 24).

      “Burası yəqindir ki, bir fitnə bir ayrılıq və bir ixtilaf mənbəyidir. Belə hal yarandıqda qılıncını götürüb Uhuda get! Qırılana kimi onu daşa vur. Sonra da evində otur. Hətta sənə günahkar bir əl və ya ölüm gələnə kimi (evindən çıxma). (İbn Macə, “Fitən”, 24).

    “Qiyamət qopmamışdan az əvvəl qaranlıq gecələrin parçaları kimi fitnələr vardır. İnsan o fitnələr vaxtı mömin kimi sabaha çıxar, axşama kafir olar. Mömin kimi axşama yetişən, kafir kimi sabaha çıxar. O fitnə zamanı oturan ayaq üstə durandan daha xeyirlidir. Piyada gedən qaçandan xeyirlidir. Elə isə yaylarınızı qırın, kirişlərinizi parçalayın, qılınclarınızı da daşa vurun. Sizlərdən birinin evinə girsələr, Həzrət Adəmin iki oğlundan xeyirlisi olun (ölən olun, öldürən deyil). (Əbu Davud, “Fitən”, 2, Tirmizi, “Fitən”, 33).



29-12-2015 04:38:23

Düğüme özel