Ana səhifə

Möminlərin Əmiri Osman İbn Əffan (رضي الله عنه) Qohumlarını vəzifəyə təyin edibmi?


YazdırSend to friend
Sual Detayı: 
Möminlərin Əmiri Osman İbn Əffan (رضي الله عنه) Qohumlarını vəzifəyə təyin edibmi?
Cavab: 

    Osmanın vəzifəyə təyin etdiyi qohumları kimlərdir?

Osmanın vəzifəyə təyin etdiyi qohumları aşağıdakılardır:

   Birinci: Müaviyə;

   İkinci: Abdullah ibn Səd ibn Əbussərh;

  Üçüncü: əl-Valid ibn Uqbə;

  Dördüncü: Səid ibn əl-As;

  Beşinci: Abdullah ibn Amir.

   Adı çəkilən beş nəfəri Osman vəzifəyə təyin etmişdi. Onlar onun qohumları idilər. İki Valini Osman İbn Əffan digər üçü isə Ömər İbn Xəttabın zamanında təyin olunub və Osman İbn Əffan bu üç valini öz vəzifəsindən azad etməyərək saxlamışdı. Osmana qarşı olanların iddiasına görə, bu, onun mənfi cəhəti idi. Gəlin Osmanın (Allah ondan razı olsun)təyin etdiyi digər valilərə nəzər salaq:

  Əbu Musa əl-Əşari, əl-Qa`qa ibn Amr, Cabir əl-Muzəni, Həbib ibn Məsləmə, Əbdürrahmən ibn Xalid ibn əl-Valid, Əbul Əvar əs-Süləmi, Həkim ibn Səlamə, əl-Əşəs ibn Qeys, Cərir ibn Abdullah əl-Bəcəli, Uteybə ibn ən-Nəhhas, Malik ibn Həbib, ən-Nəsir əl-İcli, əs-Saib ibn əl-Əqra, Səid ibn Qeys, Salman ibn Rabiə, Xuneys ibn Xubeyş.

  Adı çəkilən şəxslər Osmanın (Allah ondan razı olsun) bölgələrdəki valiləridir. İlk baxışdan da görsənir ki, Osmanın vəzifədə olan qohumları qeyrilərindən sayca çox az idilər. Xüsusən də, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bənu Umeyyəni (əməviləri) başqalarından daha çox vəzifələrə təyin etdiyini nəzərə alsaq, Osmanın vaxtında onların çox az olduqlarını söyləyə bilərik. Beləki Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Ümeyyə oğullarından səkkiz vali təyin etmişdir.

   İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: "Qureyş qəbilələri arasında Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəzifəyə təyin etdiyi işçilərin əksəriyyəti Bənu Umeyyə qəbiləsindən (əməvilərdən) idi. Çünki onlar həm sayca çox, həm də şərəfli və bacarıqlı idilər" ("Minhacus sünnə" 6/1920).

   Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəzifəyə təyin etdiyi əməvilərdən aşağıdakıları qeyd etmək olar: İtab ibn Useyd, Əbu Sufyan ibn Hərb, Xalid ibn Səid, Osman ibn Səid və Əban ibn Səid. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəzifəyə təyin etdiyi bu beş nəfər, Osmanın vəzifəyə təyin etdiyi əməvilərin sayı ilə eynidir.

   Həmçinin bu valilər eyni vaxtda vəzifəyə təyin edilməmişdilər. Osman (Allah ondan razı olsun) Valid ibn Uqbəni vəzifəyə təyin etdikdən sonra, onu vəzifəsindən azad edərək əvəzinə Səid ibn əl-Ası təyin etmişdi. Onların beşi də eyni vaxtda vəzifəyə təyin edilməmişdi.

   Həmçinin Osman vəfatından öncə Səid ibn əl-Ası da vəzifəsindən azad etmişdi ("Tarixut Təbəri" 3/445).

  Osman vəfat edəndə Bənu Umeyyəli valilərdən yalnız üç nəfər – Müaviyə, Abdullah ibn Səd ibn Əbussərh və Abdullah ibn Amir ibn Kureyz vəzifədə qalmışdılar. Abdullah ibn Amir də Osmanın vəfatından əvvəl öz vəzifəsindən imtina etmişdi ("Tarixut Təbəri" 3/445)

   Burada diqqət ediləsi çox əhəmiyyətli məqam var. Osman (Allah ondan razı olsun) Valid ibn Uqbə və Səd ibn əl-Ası Kufə şəhərinin valiliyindən azad etmişdi. O Kufə ki, Ömər Səd ibn Əbu Vaqqası oranın valiliyindən azad etmişdi. Bu şəhər heç vaxt valilərdən razı qalmayıb.

   Demək Osmanın o valiləri vəzifədən azad etməsi heç də valilərin təqsirinə görə deyildi. Əksinə bu adamların işdən çıxarılması həmin vilayətə ləkədir. Sonra gəlin görək, bu valilər öz işlərini layiqincə icra edirdilər, yoxsa yox?

   Qarşıda elm adamlarının həmin valilər haqda söylədikləri müsbət rəylər qeyd olunacaq.

   Həmçinin bu yanaşma ilə onu da demək olar ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) öz qohumlarını vəzifəyə təyin etmişdi. (Abbasın Abdullah, Ubeydullah, Qəsəm və Təmam adlı övladlarını, o cümlədən atalıq etdiyi Məhəmməd ibn Əbu Bəkri vəzifəyə təyin etmişdir. "Tarix Xəlifə ibn əl-Xəyyat" səh 200, 201)

   Übeydullah ibn Abbası Yəmənə,Qasam ibn Abbas Məkkə və Taifə,Təmam İbn Abbası Mədinəyə, Abdullah ibn Abbası Bəsrəyə vali olaraq təyin etmişdir. Lakin heç kəs ona bu iradı tutmadı. Əlbəttə ki, biz də bunu nə Osmana, nə də Əliyə irad tutmuruq.

Bundan əlavə Hz.Peyğambərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özüdə Bənu  Ümeyyə oğullarından fərqli yerlərə valilər təyin etmişdir:

1. Utab ibn Said ibn Əbil-As - Məkkə valisi

2. Əbu Sufyan ibn Harb əl-Əməvi - Nəcran valisi

3. Xalid ibn Said əl-Əməvi Bəni Məzhəcin zəkat toplayıcısı

4. Aban ibn Said - Bəhreyn valisi

5. Amr ibn Said əl-Əməvi - Xeybər valisi

6. Hakəm ibn Said - Sevk valisi

7. Amr ibn el-As- Amman valisi

8. Osman ibn Said - Teymə valisi

  Hz. Əbubəkr (Allah ondan razı olsun) Yezid bin Süfyanı Suriyə valisi təyin etmişdir. O, vəfat edincə Hz.Ömər bin Xəttab (Allah ondan razı olsun) Muaviyyə ibn Əbu Süfyanı Suriyə valiliyinə gətirmişdir.

   Bir müsəlmanın digər müsəlman haqqında mütləq yaxşı zənn etməli olduğunu əsas götürərək Osman (Allah ondan razı olsun) kimi insanlar haqqında yaxşı fikirdə olmaq lazımdır.

   İndi isə Osmanın təyin etdiyi valilərin tarixçəsinə baxaq görək, onlar necə insanlar olublar və alimlər bu valilər haqda nə deyiblər:

    Birinci: Muaviyə ibn Əbu Sufyan;

    Müaviyənin ən yaxşı valilərdən olması haqda heç bir müsəlmanda şübhə yoxdur. Hətta Şam əhalisi də onu çox sevirdi. Allah ondan razı olsun! Bu vəzifəyə onu Ömər ibn əl-Xəttab təyin etmişdi. Osman da onu olduğu vəzifədə saxlamış və bir neçə bölgəni onun səlahiyyətinə vermişdi.

   Müaviyə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəhy yazan səhabələrindən idi. O, ən yaxşı valilərdən sayılırdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun)buyurmuşdur:

"Ən yaxşı rəhbərləriniz sizi sevən və siz tərəfdən sevilən, sizin üçün dua edən və sizdən xeyir-dua alan rəhbərlərdir" (Əbu Davud: kitab əl-hudud, Bab əl-Hukm fimən irtəddə, № 4359).

Müaviyə də belə rəhbərlərdən biri idi. Allah ondan razı olsun!

   İkinci: Abdullah ibn Səd ibn Əbussərh;

   O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrindən idi. Sonralar İslam dinindən üz çevirib Müseyləmətul Kəzzaba qoşulmuşdu. Çox keçmədən öz səhvini başa düşüb Allaha tövbə edərək yenidən Müsəlman oldu və Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət etmək üçün onun yanına gəldi. Osman dedi: "Ey Allahın Elçisi, onun beyətini qəbul et! Axı o, tövbə edərək qayıtmışdır". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun beyətini qəbul etmədi. O bunu iki-üç dəfə təkrar etdikdən sonra, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əlini uzadıb beyətini qəbul etdi. ("Siyər ələm ən-Nubələ" 3/445.) O, həqiqi tövbə edib əməllərindən əl çəkdi. Hətta ən layiqli valilərdən oldu. Məhz Afrikanın fəthini həyata keçirən Abdullah ibn Səd ibn Əbussərh olmuşdur.

   Zəhəbi onun haqqında belə demişdir: "O, işində həddini aşmamış, ittiham ediləcək bir iş tutmamışdır. Əksinə, o, ən ağıllı və cəsarətli insanlardan idi." ("Siyər ələm ən-Nubələ" 3/34.)

    Afrikada baş tutan çoxsaylı fəthlər onun əli ilə həyata keçmişdi. Allah ondan razı olsun!

   Üçüncü: Səid ibn əl-As;

 O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ən sadiq səhabələrindən idi. Zəhəbi onun haqqında bunları demişdir: "O, şərəfli, qoçaq, sevilən, mülayim, təmkinli, əzmkar, aqil və xəlifəliyə layiqli insan idi." ("Siyər ələm ən-Nubələ" 3/21)

   Dördüncü: Abdullah ibn Amir ibn Kureyz;

   O, Sasani əyalətlərini və Xorasanı fəth edən validir. Farsların hökmranlığı Osmanın vaxtında bu valinin əli ilə süquta uğradı. O, Sicistan, Kirman və digər əraziləri fəth etmişdir. Zəhəbi onun haqqında deyir: "O, ərəblərin əzəmətli, şücaətli və lütfkar hökmdarlarından biri idi." (Siyər ələm ən-Nubələ" 3/445)

    Beşinci: Valid ibn Uqbə;

   Şəbi adlı alimin yanında Həbib ibn Sələmə və onun cihadda göstərdiyi igidliyi, fəthləri haqda danışıldıqda dedi: "Kaş ki, siz Validi, onun döyüşünü və rəhbərliyini görəydiniz!"

   Valid ibn Uqbə Kufəyə beş il rəhbərlik etdi. Bu illər ərzində onun evinin qapısı olmadı. Kim istəyirdisə, maneə olmadan onun yanına gələrək istədiyini deyirdi. Camaat da onu sevirdi. Lakin necə deyərlər, "Bu camaat Kufə camaatıdır!" (Onlar daim narazılıq edərlər.).

   Valib ibn Uqbəyə iki məsələdə etiraz edilmişdir:

  Birinci: Deyirdilər ki, Quranın bu ayəsi onun haqqında nazil olmuşdur:

"Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" (əl-Hucurat, 6)

    Təfsir kitablarında deyilən mötəbər rəyə əsasən, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Valid ibn Uqbəni Bənulmüstəliq qəbiləsinin sədəqələrini yığmaq üçün göndərmişdi. Deyilən yerə çatdıqda qəbilə adamlarının onun qarşısına çıxdıqlarını gördü və qorxub geri qayıtdı. Valid gəlib Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "onlar məni öldürmək istəyirdilər"  – dedi. Bunu eşidən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəzəbləndi və Xalid ibn əl-Validi ora göndərdi. Lakin bu ayə nazil olanda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara məsələni dəqiqləşdirməyi əmr etdi. Məsələni dəqiqləşdirdikdə qəbilə adamları dedilər: "Biz onu öldürməyə gəlməmişdik. Biz sadəcə olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sədəqə xəbərinin gecikdiyini gördükdə, öz sədəqələrimizlə onun göndərdiyi adamın qarşısına gəldik."

    İkinci: Deyirdilər ki, o sübh namazını sərxoş halda qılırdı. Bir dəfə sübh namazını camaata dörd rükət qıldırdı. Namazını bitirdikdən sonra üzünü camaata çevirib dedi: "İstəyirsiniz yenə də artırım". Camaat dedi: "Bu gündən sonra sən özün artıqsan." Sonra Osmanın yanına gedib şikayətləndikdə Osman onu sərxoşluq cəzası ilə şallaqlatmışdı. Hətta "Səhih Muslimdə" Osmanın sərxoşluq cəzası ilə onu şallaqlaması haqda səhih rəvayət mövcuddur. (Müslim: Kitab əl-Hudud: № 38)

    Valid ibn Uqbəyə etiraz edilən əsas işlər bu ikisidir. Birinci etiraza gəldikdə, bu məsələ təfsir kitablarında xatırlanan məşhur hadisədir. İmam Əhmədin Müsnəd kitabında həsən isnadla rəvayət olunur ki, bu ayə Valid ibn Uqbə haqda nazil olmuşdur. (Əhməd: 4/279.) Lakin bu onun fasiq olduğu anlamına gəlməz. Çünki Allah təala hər bir xəbər gətirən haqda ümumi hökm vermişdir. Allah təala onu ayədə fasiq adlandırıbsa, bu o deməkdir ki, o, ömrü böyu fasiq qalmalıdır?

   Allah təala Qurani Kərimdə buyurur:

"İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin! Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir. Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!"  (Ən-Nur, 4-5)

   Elə fərz edək ki, bu ayə Valid ibn Uqbə haqda nazil olmuşdur. Məgər o, tövbə edə bilməz?!

    Onun sərxoşluq etməsinə gəldikdə, ilk olaraq doğrusunu Allah bilir. Bu sözümlə "Səhihi Muslim" kitabını təkzib etmirəm. Bəli, onu içki içdiyinə görə çubuqlamışdılar. Lakin həqiqətən o içki içmişdi, yoxsa yox?! Bu başqa məsələdir.

    Valid ibn Uqbə Kufəyə valilik etdiyi vaxtlarda iki nəfər kufəli Mədinə şəhərinə Osmanın yanına gedib dedilər: "Valid ibn Uqbəni bizə sərxoş halda Sübh namazı qıldırdığını görmüşük". Onlardan biri Validi sərxoş gördüyünü, digəri isə onun qusduğunu söyləmişdi.

Osman (Allah ondan razı olsun) dedi: "O, elə içdikdən sonra qusub."

    Bu söhbətdə Əli (Allah ondan razı olsun), Əli ibn Həsən və Abdullah ibn Cəfər də var idi. Allah onlardan razı olsun! Beləcə, Osman, Valid ibn Uqbəni çubuqlamağı əmr edərək onu Kufə rəhbərliyindən azad etdi. Lakin bir çox elm adamları çubuqlama hadisəsinin doğruluğunda deyil, bu iki şahidin şahidliyində şübhə etmişlər. Bəli, doğrudur "Səhih Muslim"də də deyildiyi kimi onu çubuqlamışlar. Lakin qalır o iki şahid doğru şahidlik etmişlər, yoxsa yox?

   Kim bu haqda daha geniş məlumata yiyələnmək istəyirsə, Muhibbiddin əl-Xətibin tədqiq etdiyi "əl-Əvasim Minəl Qəvasim" adlı kitaba müraciət etsin. Bu kitabda müəllif hadisədə deyilən iki şahidin şahidliyi haqda mənfi fikir söyləmiş və onların həqiqətən də etibarsız olduqlarını qeyd etmişdir. ("Əl-əvasim minəl qəvasim" səh 107-108)

   Tutaq ki, həmin hadisə öz təsdiqini tapır. Məgər bu, Osmanamı ləkə gətirir? Osman onun içki içdiyini eşidəndə, onu çubuqlayıb vəzifəsindən azad etdi. Məgər Osman səhv etmişdi?! Həqiqətdə o səhv etməmişdi. Əksinə, bu onun müsbət cəhətidir. Allah ondan razı olsun! O, öz yaxın qohumunu vəzifəsindən azad etmiş və çubuqlatmışdı. Həmçinin məgər Valid ibn Uqbə ömrü boyu xəta edə bilməz?! Biz artıq yazımızın əvvəlində qeyd etmişdik ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin günahsız (məsum) olmalarına əsla iddia etmirik. Ömər ibn Xəttabın vaxtında buna bənzər hadisə baş vermişdi. İbn Məz`un Allahın aşağıdakı ayəsini yozub, içki içdikdə Ömər ona həqiqəti başa salmış, sonra da onu vəzifəsindən azad etmişdi.(İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl)daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!) (əl-Maidə, 93.)

   Osmanın Valid ibn Uqbəni vəzifəsindən azad etməsi onun üçün müsbət amildir. Çünki Osman onun səhv etdiyini gördükdə vəzifəsindən azad edib cəzalandırmışdı.

Osmanın valiləri bu adamlardır. Osmana qarşı yeganə bəhanə yeri Valid ibn Uqbə ola bilər. Lakin bu heç də Osmana ləkə gətirən amil deyil. Burada yalnız Valid ibn Uqbənin özünə ləkə ola bilər.



10-01-2019 05:42:26

Düğüme özel