Ana səhifə

Müsəlmanın, digər müsəlmanlar üzərindəki haqqları nələrdir?


YazdırSend to friend
Sual Detayı: 
Salam Aleykum...bir muselmanin diger muselmanin uzerinde olan haqqlari hansilardi?
Cavab: 

Və aleykumussalam

Şübhəsiz mömin könülləri ən sağlam, möhkəm və köklü bir şəkildə bağlayan bağ iman və təqva əsasından qaynaqlanan qardaşlıq bağıdır. Bu, Cənab-ı Allah`ın möminlərə bəxş etdiyi ən gözəl nemətlərdən biridir. Ayət-i kərimədə bu hal belə ifadə edilməkdədir:

"Hamınız Allah`ın ipindən bərk-bərk yapışın və parçalanmayın! Allah`ın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz." (Al-i İmran, 3/103).

 İslamda qardaşlıq inanc təməlinə yerləşdirildiyinə görə möminlərin arasını pozacaq hər cür süni ayrı-seçkiliklər və lovğalanmalar haram qəbul edilmişdir. İrq, soy, cins növündən cahil dəyərlər yerinə təqva meyarını gətirmək surətiylə ictimai qardaşlığın və ahəngin pozulmaması təmin edilmişdir. Bu mövzudakı ayət-i kərimə hər cür mübahisəni sona çatdırıcı xüsusiyyətdədir:

 "... Heç şübhəsiz, Allah qatında ən üstün olanınız, təqvaca ən irəlidə olanınızdır..." (əl-Hucurat, 49/13).

 Mömin kişilər ilə mömin qadınların, inanc və təqva təməlində bir-birləriylə köməkləşmələri qardaşlığın bir gərəyi olaraq zikr edilməkdədir. Bu yardımlaşma, fərdi və ictimai həyatda iman və təqva qanununun hakim olmasını təmin etmək üçün lazımlı görülmüşdür. Necə ki bu məqsədlə bir yerə gələn kəslərə Allah`ın rəhmət edəcəyi ifadə edilməkdədir:

"Mömin kişilər və mömin qadınlar bir-birlərinin vəliləridirlər. Yaxşılığı əmr edər, pislikdən çəkindirərlər, namazı dosdoğru qılarlar, zəkatı verərlər və Allah`a və Rəsuluna itaət edərlər. Allah`ın özlərinə rəhmət edəcəyi kəslər bunlardır..." (ət-Tövbə, 9/71).

 Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində belə buyurmaqdadır:

"Biriniz öz nəfsi üçün arzu etdiyini qardaşı üçün etmədikcə iman etmiş olmaz" (Buxârî, iman, 7).

 Hz. Əli (Allah ondan razı olsun) belə deməkdədir: "Sənin həqiqi qardaşın səninlə birlikdə olan, sənə mənfəət versin deyə, öz nəfsinə zərər verməyə razı olan, zamanın fəlakətləri qapını döydüyü vaxt, sənin dağınıq halını yığmaq üçün o, öz yığcam  vəziyyətini dağıdandır."

 Möminlər qardaşlıqda və dostluqda eynilə hissələri bir-birinə keçmiş mükəmməl və sapsağlam bir bina kimidirlər və ya bütün ünsürləri və zərrələriylə bir-birinə bağlı bir vücud kimidirlər. Bir bədənin hər hansı bir üzvü rahatsız olduğunda necə ki bütün bir vücud eyni rahatsızlığı, eyni ağrını hiss edirsə, bir tək möminin -dünyanın ta o biri ucunda belə olsa- çəkdiyi ağrını, hiss etdiyi iztirabı digər mömin qardaşları dərindən hiss edər. Möminlərin bu cür bir-birlərinə bağlı olduqlarını Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə ifadə etməkdədir.

"Möminin möminə bağlılığı, parçaları bir-birini tamamlayan bir bina kimidir." Hədisi rəvayət edən Əbu Musa əl-Əş'ari'nin bunu tərif etmək üçün barmaqlarını bir-birinə keçirdiyi zikr edilməkdədir: "Möminləri öz aralarındakı mərhəmətləşmələrində, yardımlaşmalarında bir vücud kimi görərsən. Əgər bədənin bir orqanı ağrıyarsa, vücudunun qalan qisimi yuxusuzluq və xumma (qızdırma) ilə o orqan üçün bir-birini çağırar." (bax. Buxârî, salat, 88, Məzalim, 5; Müslim, birr, 65; Tirmizî, birr, 18; Nəsəsi, zəkat, 67)

 Bir möminin, digər bir mömin qardaşına hər vəziyyətdə yardımcı olması lazımdır. Peyğəmbərimiz aleyhissalâtu vəssəlâm bir hədisində,

"zalım da olsa, məzlum da olsa mömin qardaşına kömək et!"

deyə buyurmaqdadır. Zülm mövzusunda necə kömək ediləcəyini isə bu təəccüblü sözlərlə dilə gətirməkdədir:

"Onu zülmdən əl çəkdirərsən. Ona edəcəyin kömək məhz budur." (Buxârî, Məzalim, 4; Müslim, birr, 62)

 Hz. Əli`dən (Allah ondan razı olsun.) rəvayət edildiyinə görə Rəsulullah aleyhissalâtu vəssəlâm belə buyurmuşdur:

"Müsəlmanın Müsəlman üzərindəki altı haqqı vardır.

 1.Qarşılaşdığında salam verər,

 2.Dəvətinə getmək,

 3.Asqırdığı zaman əlhəmdulillah desə yərhamukallah deyər,

4.Xəstələndiyində ziyarətinə gedər

5.Öldüyündə cənazəsinin ardından gedər,

 6.Özü üçün sevdiyini o qardaşı üçün də sevər." (Dârimî, İstizan: 5; İbn Mâcə, Cənaiz: 43)

Qeyd: Mövzuyla əlaqədar geniş məlumat üçün aşağıdakı şərhləri də oxumanızı tövsiyə edərik:

 

Mövzuyla əlaqədar bəzi ayələr və şərhləri:

1. "Kim Allah`ın hörmət edilməsini əmr etdiyi şeylərə hörmət edərsə bu, Rəbbi nezdində özü üçün mütləq xeyirlidir."  (Həcc surəsi, 22/30)

 Allah`ın hörmət edilməsini əmr etdiyi şeylər, Onun Qur’an’da bildirdiyi ehkamı, əmrləri və  qadağalarıdır. Özəlliklə bu ayətlə nəzərdə tutulan isə, həcc əsnasında riayət edilməsi lazım olan əsaslardır. Bunların hər biri fərz, vacib və sünnə növündən ola bilər. Bu əsasları bilib öyrənərək gərəyini yerinə yetirənlər və bu davranışlarını Allah`a hörmət olaraq edənlər, axirət həyatında bunun qarşılığını görərlər. Bu qarşılıq isə xeyrdən ibarətdir.

2. "Kim Allah`ın işarələrinə ( ayinlərinə) hörmət göstərsə, şübhəsiz bu qəlblərin təqvasındandır." (Həcc surəsi, 22/32)

 Allah`ın işarələrindən məqsəd, dininin əlamətləri, xüsusilə bu ayədə həccin fərzləri, həccdə kəsilən qurbanlar, həcc fərzində hörmət göstərilməsi lazım olan məkanlardır. Bunlar Allah`ın işarələri və hörmət göstərilməsini istədiyi əsaslardır. Bu hörmət isə, qəlblərin təqvası səbəbiylədir. Çünki təqva, Allah`a qarşı hörmət və ehtiram, öncəliklə qəlblə bağlı bir iş olub, təzahürləri yaşayışımıza əks edən tətbiqatdır. Hər cür yaxşılığın və pisliyin qaynağı öncəliklə qəlbdir.

3. "Möminlərə şəfqət və təvazö qanadını endir."  (Hicr surəsi, 15/88)

 Ayət-i kərimənin baş tərəfinin mənası belədir: "Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə " Dünya malı, bəzi insanlar üçün bir öyünmə və qürur vəsiləsidir. Halbuki bu son dərəcə səhv bir yönəlişdir. Çünki dünya malı müvəqqəti olub, insana bir şərəf və üstünlük qazandırmaz. Möminlərə qarşı şəfqətli və mərhəmətli olmaq, təvazökar davranmaq, Allah`ın Peyğəmbər Əfəndimiz aleyhissalâtu vəssəlâm`a təlimatıdır. Möminlərin də öz aralarında bir-birlərinə qarşı eyni şəkildə şəfqətli, mərhəmətli və təvazö sahibi olmaları istənilmişdir. Qur’an və Sünnə inananları davamlı olaraq buna təşviq edər.

4. "Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar.." (Maidə surəsi, 5/32)

 Haqsız yerə bir insanı öldürən kimsə, bir insanın ən müqəddəs haqqı olan həyat haqqını  tanımamış, qan tökmənin haramlığını, insanların can toxunulmazlığını qorumamış olar. Beləcə haqsız yerə qan tökülməsinə gətirib çıxarmış, pis bir cığır açmış və yeni qanlar tökülməsinə zəmin hazırlamış, başqalarına bu istiqamətdə cəsarət vermiş sayılar. Bundan dolayı, bir kimsəni haqsız yerə öldürən Allah`ın qəzəbinə və ən böyük cəzaya haqq qazanar; ona həyat haqqı tanınmaz və öldürülməsi vacib olar. Belə hərəkət edilmədiyi təqdirdə, cəmiyyətdə qan iddiaları yayılar, hər kəs öz haqqını alma arxasında qaçar. Bunun nəticəsində cəmiyyətlər böyük bir fitnəyə sürüklənər, öldürmələr və intiqam alma yolları yayılmış olar. Belə bir yolun açılması, cəmiyyətləri ardı arxası kəsilməyən qarışıqlıqlara, anarxiyaya sürükləyər.

 Kim bir insanı yaşadar, bağışlamaq və ya öldürülməsinə mane olmaq, ya da onu ölümdən qurtarmaq surətiylə həyatını davam etdirməsinə səbəb olsa, sanki bütün insanları yaşatmış kimi olar. Bunun üçündür ki, İslam dini insan həyatına çox böyük bir dəyər verər və bu istiqamətdə bütün çarələrə müraciət edər.

Mövzuyla əlaqədar bəzi Hədislər və qısa şərhləri:

1. "Möminin möminə qarşı vəziyyəti, bir parçası digər parçasını sıx birləşdirib tutan binalar kimidir." Peyğəmbər Əfəndimiz aleyhissalâtu vəssəlâm bunu açıqlamaq üçün, iki əlinin barmaqlarını bir-biri arasına keçirərək birləşdirdi. (Buxârî, Salat 88, Məzalim 5; Müslim, Birr  65)

 Bir çox hədisdə şahid olduğumuz kimi, Hz. Peyğəmbər, bəzi mövzuları izah edərkən təşbehlər, bənzətmələr edərdi. Bu hədisdə də, möminlərin bir-birlərinə yardımçı olmalarını, aralarında yardımlaşmalarını, bir binanın ünsürlərinin bir-birini sıx tutması, birləşməsi halına bənzətmişdir. Belə bir bina möhkəm və dayanıqlı olar. Əks halda ayaqda dayana bilməz, yıxılar. Əgər Müsəlmanlar bir-birlərinə köməkçi olmaz, birlik və bərabərlik içində olmaz, bir-birlərinə sıx birləşməzlərsə, güclərini və qüvvətlərini itirər, ayaqda dayana bilməz, yıxılarlar. Necə ki, İslam tarixi, bunun həm müsbət həm də mənfi təcrübələriylə doludur.

 Möminlər arasındakı yardımlaşma anlayışını, yalnız maddi cəhətiylə ələ almaq doğru olmaz. Maddi cəhət, köməkləşmənin ünsürlərindən yalnız biridir. Mənəvi istiqamətdəki qardaşlıq, dostluq və səmimiyyət, bir-birini sevmək, saymaq, haqq və hüquqa hörmət, nəticədə maddi köməkləşməyi də doğuran təməl ünsürlərdir. İslam dininin əmr və qadağaları, ibadətlər, fərzlər, bəzi  qadağalar və haramlar bu qardaşlığı və yardımlaşmağı təmin edən əsaslardır.

 Müsəlmanlar, xüsusiyyətlərindən bəhs etdiyimiz quruluşu həyata keçirmək üçün, gərəkli olan hər çarəyə baş vurmalı, yaşadıqları zamanın və məkanın tələb etdiyi təşkilatları qurmalı, möhkəm bir bina kimi olmalıdırlar. Əks təqdirdə tək başına İslâm'ı yaşaya bilməz və ayaqda qala bilməzlər.

2. "Yanında ox varkən məscidlərimizə və ya bazar-bazarımıza uğrayan kimsə, Müsəlmanlardan hər hansı birinə onlardan bir zərər gəlməməsi üçün, oxunun ucunun dəmirlərini əliylə tutsun." (Buxârî, Salat 66, Fiten 7; Müslim, Birr 120-124)

 Müxtəlif ifadələrlə eyni mahiyyətdə zikr edilən bu hədis, insanların toplu olaraq yığışdığı məscid, bazar və yol-küçə kimi yerlərdə riayət edilməsi lazım olan əxlaq və ədəb qaidələrindən birini öyrətməkdədir. Buna görə, Müsəlman, kimsəyə zərər verməmənin, başqalarından da zərər görməmənin tədbirini almalı və cəmiyyətin hüzurunu pozan davranışlardan çəkinməlidir. Bu şəkildəki bir davranış, Müsəlmanların haqqlarına hörmət göstərmənin, fitnə və fəsada vəsilə olmamanın gərəyidir.

 Ox, o günün əhəmiyyətli silahlarından biri idi. Bu günki tapançanın və ya ov tüfənglərinin yerini tuturdu. İndiki dövürdə bu silahları bəzi xüsusi yerlərdə daşımanın, üzərində saxlamanın qadağan olmasının səbəbi də ifadə edilən və ya bənzəri olan zərərlərindən dolayıdır.

3. "Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərini qorumaqda bir vücuda bənzəyərlər. Vücudun bir üzvü xəstə olduğu zaman, digər üzvlər də bu səbəblə yuxusuzluğa və qızdırmalı xəstəliyə tutularlar."  (Buxârî, Ədəb 27; Müslim, Birr 66)

 Bu hədis-i şərifdən, möminlərin, sevgi, mərhəmət və bir-birini əsirgəyib qoruma kimi son dərəcə üstün xüsusiyyətli işlərdə bir-birlərinə yar və köməkçi olmaları lazım olduğunu öyrənirik. Buna görə, möminlər bir-birlərini sevməli, bir-birlərinə mərhəmət etməli, üzülməli və bir-birlərinə şəfqət edib yardımçı olmalıdırlar. Çünki həm Müsəlmanların salahı (yaxşılığı) həm ümmətin fəlahı (qurtuluşu), könüllərini və başlarını bu əngin fəzilət hissləriylə doldurduğu və həyatlarına bu duyğuların istiqamət verdiyi heyətlərlə təmin edilə bilər. Bu gözəl duyğuların əleyhdarı olan sevgisizlik, mərhəmətsizlik, şəfqətsizlik və diqqətsizlik xəstəliklərindən xilas olmaq lazımdır. Möminlər, yalnız öz iç bünyələrində deyil, başqa din mənsubları və ya hər hansı bir dinə mənsub olmayanlara qarşı da tam bir insani yanaşma sərgiləməklə əmr olunmuşlar.

 Əfəndimiz sallallahu aleyhi və səlləm`in üstün xüsusiyyətli təşbehləriylə ifadə etdikləri kimi, yuxusuzluğun səbəbi, bədənin bir üzvündə hiss edilən ağrılardır. Hummâ yəni qızdırmalı xəstəliklər isə yuxusuzluq səbəbiylə daha da artar. Sevgisizlik, mərhəmət yoxsulluğu və şəfqətsizlik, ağrı verən və insanı atəşlər içində yandırıb qovuran bir xəstəlik kimidir. Hummâ təbiri dilimizdə, malyariya sözüylə ifadə edilər; eyni zamanda bütün qızdırmalı xəstəliklərin də ümumi adıdır. Malyariya, digər qızdırmalı xəstəliklər arasında ən ağır olanı və bütün bədəni sarsıdan bir xəstəlikdir. Bu səbəblə Peyğəmbərimiz aleyhissalâtu vəssəlâm`ın təşbehi çox diqqət çəkicidir. Birimizin barmaq ucundakı kiçik bir sızanaq necə bütün bədənimizin iztirab içində qalmasına və ağrı hiss etməmizə səbəb olursa, yer üzünün hər hansı bir yerindəki möminin ağrı və iztirabı bizi maraqlandırar və narahat edər.

4 "İnsanlara mərhəmət göstərməyən kimsəyə Allah da mərhəmət etməz." (Buxârî, Ədəb 18, Tövhid 2; Müslim, Fezail 66)

 Bu hədis, bütün insan cinsini içinə alır. Yəni, mömin olsun, kafir olsun bütün insanlara qarşı ədalətli olmaq və mərhəmət hissi içində davranmaq, dinimizin təməl prinsipləri arasında yer alır. Çünki insan, Allah Təâlânın ən mükəmməl və ən üstün yaratdığı varlıqdır. Allah`a iman etməklə ucalar, küfrdə qalmaqla qiymətini itirər. Amma yenə də insanca rəftar görməsi lazımdır. Məhz bu insanca münasibət, Müsəlmanda var olan mərhəmət və şəfqət duyğusuyla təmin edilər. Müsəlman, heç kimə qarşı kin, nifrət və düşmənlik duyğularıyla dolu olmaz. Hər kəsə qarşı ədalətlə rəftar edər və haqsızlıqdan uzaq dayanar. Onu bu davranışa sövq edən imanı və bu imanın ona qazandırdığı dəyərlərdir. İslam`ın ümumbəşəri  mesajını, insanlığa çatdırarkən ən başda gələn vəsfimiz  bu üstün dəyərlərə sahib olmağımızdır. Rəhmət və ya mərhəmət sözünün ifadə etdiyi məna, bütün canlıları əhatə edici bir xüsusiyyətə malikdir. Bunun gərəyini yerinə yetirməyərək, insanlara mərhəmətli davranmayanlara, Allah da qiyamət günündə, mərhəmətə ən çox ehtiyac duyulan gündə mərhəmət etməyəcək. O halda, bu hədis bizi ümumbəşəri bir mərhəmətə təşviq etməkdədir.

5. "Müsəlman, Müsəlmanın qardaşıdır. Ona zülm etməz, haqsızlıq etməz, onu düşmənə təslim etməz. Müsəlman qardaşının ehtiyacını aradan qaldıran kimsənin Allah da ehtiyacını aradan qaldırar. Kim bir Müsəlmandan bir çətinliyi aradan qaldırsa, Allah Təâlâ o kimsənin qiyamət günündəki çətinliklərindən birini aradan qaldırar. Kim bir Müsəlmanın ayıb və qüsurunu örtsə, Allah Təâlâ da o kimsənin ayıb və qüsurunu örtər." (Buxârî, Məzalim 3; Müslim, Birr 58)

Qur’an’i Kərim: "Şübhəsiz möminlər bir-biri ilə qardaşdırlar." (Hucurat surəsi, 49/10) buyurar. Müsəlmanların qardaşlığı din etibarıyladır. Din qardaşlığı, qan qardaşlığından daha öncəliklidir.

 Müsəlmanın, Müsəlman qardaşına zülm etməməsi bir xahiş deyil bir əmrdir. Çünki zülm haramdır. Hər haqsızlıq bir növ zülmdür. İslam dövlətinin təminatı altında yaşayan zimmilər və müxtəlif din mənsubları da eyni hökmə tabedir. Əsasən İslam dini, hər növ zülm və haqsızlığın, hər hansı bir insana edilməsini caiz görməz. Ancaq özlərinə və başqalarına zülm edənlərə qarşı alınan tədbirlər və verilən cəza, zülm ya da haqsızlıq olaraq tərif edilə bilməz. Şirk və küfr bir zülmdür. İslam, insanların şirkdə və küfrdə qalmalarına, şirki və küfrü qanuni göstərmələrinə, ya da yaymalarına tolerantlıq göstərib də icazə verməz. Belə davrananlara qarşı, Allah`ın əmr etdiyi və prinsiplərini iqamə  etdiyi ölçülər içində hərəkət edər. Bunu edərkən ədalət qaydaları xaricinə çıxmaz.

 Burada, xüsusilə anılan Müsəlmana zülm etməmək isə, onunla olan din qardaşlığı hüququna ən yaxşı şəkildə tabe olma və həm qanuni, həm də əxlaqi vəzifələrini əskiksiz yerinə yetirmə, hər hansı bir şəkildə haqsızlıq etməmə əmrindən ibarətdir.

 Müsəlman, din qardaşını düşmənə təslim etməz, onu tərk etməz, təhlükəyə atmaz. Hədis şarihi İbni Battal, məzluma kömək etmənin hər Müsəlmanın üzərinə fərz-i kifayə olduğunu, dövlət başçısına isə bunun fərz-i ayn olduğunu söyləyər. Müsəlman, güvən verən və ona güvən duyulan kimsədir. Şəxsî mənfəəti və ya nəfsani istək və arzuları üçün din qardaşını fəda etməsi, onun əleyhinə olacaq davranışlar içinə girməsi caiz olmaz. Çünki "Müsəlman, əlindən və dilindən digər Müsəlmanların zərər görmədiyi kimsədir."  (Buxârî, İman 4,5).

"Öz nəfsi üçün arzu etdiyi bir şeyi, din qardaşı üçün də arzu etməyən kimsə gerçək mömin ola bilməz" (Buxârî, İman 7).

 Müsəlmanlar, bir-birlərinin ehtiyaclarını aradan qaldırmada da qardaşlıqlarının gərəyini yerinə yetirərlər. Çünki insanlar bir-birinə möhtacdırlar. Bu ehtiyaclar, mütləq maddi sahədə olmaya bilər. Mənəvi yardımlaşma də ən az maddi olan qədər qiymətə malikdir.

 Bir Müsəlmanın ehtiyacını aradan qaldıran kimsənin ehtiyaclarını da Allah`ın aradan qaldıracağının vəd  edilməsi, bu davranışın nə qədər fəzilətli bir iş olduğunu anlamamıza yetərli dəlil təşkil edər. Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm), "Qul, qardaşının köməyində olduğu müddətcə, Allah da quluna kömək edər." (Müslim, Zikr 37-38) buyurarlar.

 İnsan, həyatında kiçik və ya böyük müxtəlif çətinliklərlə qarşılaşa bilər. İnsanı üzən, kədərləndirən hər şey bir çətinlikdir. Çətinlikləri aradan qaldırmada da Müsəlmanlar bir-birlərinin köməkçiləridirlər. Eynilə ehtiyacları aradan qaldırmada olduğu kimi, bu mövzuda da Allah`ın mükafatına nail olarlar. Bu mükafat, Allah`dan başqa heç bir dost və köməkçinin olmayacağı qiyamət günündə Onun köməyini haqq etmiş olmaqdır. İnanan insan üçün bundan böyük bir səadət düşünülə bilməz. Çünki o gündə hər kəsin Allah`ın sonsuz mərhəmətinə ehtiyacı olacaq. Dünyada xeyirli əməllər işləyənlər, qarşılığını qiyamət günündə mütləq görəcəklər.

 Bir Müsəlmanın ayıbını və qüsurunu örtmək, ehtiyac içində isə bədənini örtmək, yəni onu geydirmək, Allah qatında böyük savablardandır. Müsəlmanın bir günahını və ya səhvini ört-basdır etmək, ona üsuluna uyğun tərzdə, mümkün olduğunca gizlicə nəsihət etməyə, onu xəbərdar etməyə mane deyildir. Onsuz da bu hökm açıqdan və hər kəsin arasında günah işləməyənlərlə əlaqəlidir. Günahı və cinayəti aşkar şəkildə edənlər, fasiq və facirlər (haqdan sapan, günah işləyən) bu hökmün xaricində qalar. Çünki belələrinin cinayət və günahını söyləmək, haram olan qeybət növündən sayılmaz. İmam Nəvəvi, qüsurlarının ört-basdır edilməsi lazım olanların, pislikləriylə məşhur olmayan yaxşı hal sahibləri olduğunu söyləyər. Fasiq və facir olanların isə, pisliklərindən qorxulmazsa, ulu'l-əmrə, İslam dövlətinin idarəçilərinə şikayət edilməsinin müstəhəb olduğunu söyləyər. Belələrinin günahını ört-basdır etmək, onları daha çox cəsarətləndirər və pisliklərini artırmağa səbəb olar. Bu hökmlər, olub bitmiş bir günaha aiddir. İşlənməkdə olan bir günahı görən kimsənin, əgər gücü çatırsa ona mane olması vacibdir.

6. "Müsəlman Müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan danışmaz və köməyi tərk etməz. Hər Müsəlmanın, digər Müsəlmana isməti, malı və qanı haramdır. Təqva buradadır. Bir kimsəyə şər olaraq Müsəlman qardaşını xor və həqir görməsi yetər."  (Tirmizî, Birr 18)

Bu hədis, məzmun olaraq, bir əvvəlki hədisin bənzəridir. Ancaq burada, əvvəlki hədisdə xatırlanan qardaş olmanın tələb etdiyi xüsusiyyətlərə bəzi əlavələr vardır.

Xainlik, əminliyin ziddidir. Xəyanət, əmanətə zidd olan hər cür haqsızlığın və güvən hissi verməmənin adıdır. Halbuki müsəlman, əmanətə xəyanət etməyən kimsədir. Çünki əmanətə xəyanət, münafiqlik əlamətlərindəndir. Müsəlman, münafiqə aid bir xüsusiyyəti üzərində daşımamalı və bu səbəblə hörmətini itirməməlidir..

 Yalan, İslam dininin qətiyyən qadağan etdiyi pis xüsusiyyətlərdən biridir. Dinimiz, doğruluğa böyük bir əhəmiyyət verər və doğruları ucaldar. Yalan və yalançılıq, inanmayanların və münafiqlərin xüsusiyyətidir.

 Müsəlmanın Müsəlmanı tərk etməsi, ondan ayrılması və din qardaşına kömək etməməsi şiddətlə haram edilmişdir. Bir Müsəlman, məzluma köməyi, zalımın zülmünə əngəl olmağı tərk edə bilməz. Çünki bu davranışlar, hər Müsəlman üçün gücünün çatdığı qədəriylə yerinə yetirilməsi lazım olan bir öhdəlikdir. Allah Təâlâ

"Yaxşılıq və təqvada yardımlaşın, günah və düşmənlik üzərinə yardımlaşmayın." (Maidə surəsi, 5/2) buyurar.

Günah və düşmənçilik bir zülmdür. İnsan günah işləməklə özünə zülmətmiş olar, düşmənlik isə dostluğu ortadan qaldırar.

 İslam, insanların can və mal təhlükəsizliyini, ismət və namusunun qorunmasını zəmanət altına alar. Bu zəmanətlər əvvəlcə Müsəlmanların öz aralarında təmin edilər. Lakin nəticə etibarilə bütün insanlar üçün bu haqqların müqəddəsliyi qəbul edilir. İslâm, bunlara əlavə olaraq insanların inanc azadlığını və ağıllarını qorumağı da əsas götürər. Bu səbəblə, canı, malı, isməti və namusu, dini və ağılı qorumaq və bunlar uğrunda döyüşmək lazım ola bilər. Bunlar uğrunda ölənlər də şəhid sayılar. Çünki bunların hər biri fərdlər üçün imtina edilməz təməl hüquqlardır.

Hədisdə ismət, mal və candan bəhs edilməsinin səbəbi, bu üçünün əsas olması, digərlərinin bunlardan sonra gəlməsidir. Çünki ismət, mal və cana təcavüzün haramlığı Kitab, Sünnə  və icma ilə sabitdir.

 Başqalarını həqir görmək(qədir-qiyməti, hörməti, etibarı olmayan; alçaq), kiçik hesab etmək, Müsəlmana yaraşmayan pis xasiyyətlərdən biridir. Bunun səbəbi isə qürurdur. Qürur, dinimizdə böyük günahlardan sayılar. Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm)

"Qəlbində zərrə qədər təkəbbür (kibir) olan kimsə cənnətə girə bilməz." (Müslim, İman 149) buyurar. Çünki “Təkəbbür haqqı inkar və insanların ləyaqətini qırmaqdır " (Müslim, İman 147).

 İnsanları kiçik görən və ləyaqətini qıran bir kimsənin onlara çatdıra biləcəyi bir təbliğ və çağırış yoxdur. Çünki başqasını qiymətləndirməyən, kiçik görən  kimsə öz hörmətini itirər.. Dini təbliğ vəzifəsi edənlərin üstün insani xüsusiyyətlərə sahib olmaları lazımdır. Təbliğçi xüsusiyyəti olmayan, insanlarla münasibətləri nizamsız kəslərin çoxaldığı bir cəmiyyətdə qardaşlıq və dostluqlar azalar, yardımlaşma duyğusu zəifləyər, müqəddəs sayılan məfhumlar ortadan qalxmağa başlayar və təqva sahiblərinə rast gəlmək haradasa mümkün olmaz.

7. "Bir-birinizlə həsədləşməyin. Almayacağınız bir malın qiymətini müştəri qızışdırmaq üçün artırmayın. Bir-birinizə kin və nifrət bəsləməyin. Bir-birinizə kesüb üz çevirməyin. Birinizin satışı üzərinə başqa biriniz satış etməsin. Ey Allahın qulları, beləliklə qardaş olun. Müsəlman, Müsəlmanın qardaşıdır. Ona zülm və haqsızlıq etməz, köməksiz buraxmaz və onu həqir görməz. -Peyğəmbərimiz üç dəfə sinəsinə işarə edərək buyurdular ki- Təqva buradadır. Müsəlman qardaşını xor və həqir görməsi, bir kimsəyə şər olaraq yetər. Hər Müsəlmanın qanı, malı və isməti, başqa Müsəlmana haramdır." (Müslim, Birr 32; bk. Buxârî, Ədəb 57; Əbu Davud, Ədəb 47; Tirmizî, Birr 24)

 Əfəndimix aleyhissalâtu vəssəlâm, yaxşı Müsəlman olmağı, din qardaşlığını və dostluğu əngəlləyən  davranışlardan, pis xüsusiyyətlərdən bəzisini bu hədislərində açıqlamışdır. Bundan əvvəlki  hədislərdə də bunlardan bir qisimini görmüşdük.

 Həsəd, başqasının sahib olduğu bir nemətə, məqam və mövqeyə, üstün sayılan bir vəsfə paxıllıq edərək, onun din qardaşından alınmasını və yox olmasını istəməkdir. Biz, həsədi dilimizdə qısqanmaq və paxıllıq, gözü götürməmək deyə ifadə edərik. Həsəd, İslam əxlaq və ədəbində pis və çirkin xasiyyətlərin başında gəlir. Həsədin zidd idi və tərifə layiq olan davranış isə qibtə emək,imrənməkdir. Qibtə, insanın, bir başqasının sahib olduğu yaxşılıq və gözəlliklərə, nemət və fəzilətlərə özünün də sahib olmasını arzu etməsidir. Lakin bunda başqasında olanın yox olmasını və ya olmamasını istəmək söz mövzusu deyil.

 Həsədin haram edilməsi və pis qarşılanmasının səbəbi, həsədçinin etirazının və müxalifətinin əslində Allaha qarşı olmasındandır. Çünki insana hər cür neməti, məqam və mövqeyi, üstünlüyü və xeyiri verən Allah`dır. O halda bir kimsənin sahib olduğu nemətlərə qarşı həsəd etmək, qısqanclıq bəsləmək, Allah`ın iradəsinə müdaxilə mənasına gəlir.

Bunun zərəri də həsəd aparandan başqasına deyil. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm, imanla həsədin qulun qəlbində bir yerdə ola bilməyəcəyini söyləmişdir (Nəsəsi, Cihad 8). Buna görə həsəd, həqiqi möminlərin xüsusiyyəti, vəsfi ola bilməz. Qəlb belə bir mənəvi xəstəliklə, çirkliliklə şikəst olunca başqa yaxşılıqların və xeyirli əməllərin də qiyməti və savabı nöqsanlaşar və ya yox olar. Necə ki Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

"Şübhəsiz, atəşin odunu yandırıb bitirməsi kimi həsəd də yaxşılıqları yeyər bitirər." (Əbu Davud, Ədəb 44; İbni Macə, Zühd 22).

Alış-veriş və ticarət həyatı, hər birimizin az və ya çox içində olmaq məcburiyyətində olduğumuz bir müamilədir. Çünki insan tək başına bütün ehtiyaclarını özü isteyhsal edə bilməz. Bir insanın ehtiyac duyduğu əşya bir çox adam tərəfindən istehsal edilib satışa ərz edilir. Bunun nəticəsində bazarlar meydana gəlmişdir. İslâm dini, hər mövzuda olduğu kimi, alış-veriş və ticarət mövzusunda da insanların xeyirinə olan tənzimləmələr etmişdir. Peyğəmbər Əfəndimiz (s.ə.s.), müştəri qızışdırmaq, alınmayacaq bir malın qiymətini artırıb bazarı yüksəltməyi və insanlara beləcə zərər verilməsini qadağan etmişdir. Müştəri qızışdırmaq o malı alacağı və ya ehtiyacı olduğu üçün deyil, satıcı lehində və alıcı əleyhinə olmaq üzrə, bir malın qiymətini artırmaq cəhdidir. Bu isə bir hiyləgərlik və aldatmadır. Ticarətdə hiylə etmək və aldatmaq isə haram edilmişdir. Peyğəmbərimiz hiylə edənin cəhənnəmdə olduğunu söyləyər (Buxârî, Büyu '60). Bir başqa hədisində "Aldadan bizdən deyil." buyurar (Müslim, Îmân 164; Əbû Dâvûd, Buyu '50; Tirmizî, Büyu' 72). Bunlar, ticarətdə riayət edilməsi lazım olan təməl əxlaq qaydalarıdır.

Kin sözü, sevməmə, biri haqqında gizli və qəlblə düşmənlik hissi bəsləmə, kin və nifrət hiss etmə mənalarına gəlir. Müsəlmanlar arasında qardaşlıq və dostluğa mane olan, olması arzu edilməyən pis xislətlərdən biri də kindir. Fərdləri bir-birinə qarşı sevgisiz, düşmənlik hissi bəsləyən, kin və nifrət duyğuları ilə dolu olan bir cəmiyyət, iş nizamını itirəcəyi kimi, xaricə qarşı da güvən verə bilməz və nümunə bir rəftar sərgiləyə bilməz. Halbuki İslam dini, sağlam xarakterli və üstün əxlaq sahibi fərdlərdən ibarət olan nümunə bir cəmiyyət meydana gətirməyi hədəfləyər. Sevgisizlik, kin və nifrət, həm şəxsiyyət sahibi fərdlərin yetişməsini, həm də hədəflənən cəmiyyətə çatmağı əngəlləyən səbəblərin öndə gələnlərindəndir. Bundan dolayı Allah və Rəsulu tərəfindən pis görülmüş, qınanmış və qadağan edilmişdir.

Büğz, əgər Allah rizası üçün olursa bunda bir qorxu yoxdur və caizdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, Allah üçün sevən və Allah üçün büğz edənin imanını kamala çatdırmış olacağını söyləyər (Əbu Davud, Sünnə 15; Tirmizî, Qiyamət 60). Allah`ın məmnun olmadığı, haram və günah sayılan işlərə və bunları edənlərə qarşı sevgisiz davranmaq və bunlardan diksinmək də Allah sevgisinin gərəyidir. Bu halda, insana ehsan edilmiş olan hər hissi, hər duyğunu yaxşı ya da pis istiqamətdə istifadə etmə iradəsi insanın özünə buraxılmışdır. Məsul edilməmizin səbəbi də budur. İslâm, insanda mövcud olan hiss və duyğuları işə yaramaz etmək deyil, inkişaf etdirməyi və yerli yerində istifadə etməyi bizə öyrədir və mənsublarını bu yöndə tərbiyə edir.

 Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm`in bizləri çəkindirdiyi və uzaq durmamızı əmr etdiyi pis xasiyyətlərdən biri də, inananların bir-birindən üz çevirməsi, bir-birləriylə əlaqəni kəsmələridir. Dinimiz, gərək danışma, gərəksə yardımlaşma və maraqlanma baxımından, möminlərin bir-birlərindən qopmalarını, ayrılmalarını və bir-birlərinə uzaq durmalarını qadağan etmişdir. Bunun əksinə, hər qarşılaşıldığında  salamlaşmağı, müxtəlif vəsilələrlə tez-tez görüşməni, camaata davam etməyi, bir-birlərinin hallarıyla hallanmağı da ən üstün və qiymətli davranışlar olaraq daim tövsiyə etmişdir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm, dinlə bağlı etibarlı sayılan bir səbəb olmadan, üç gündən çox incik və küsülü qalmağı halal saymamışdır. Bütün bunların ortaya qoyduğu gerçək, təsadüfi səbəblərlə və etibarlılığı müdafiyə oluna bilinməyəcək bəhanələrlə möminlərin bir-birindən uzaq durmalarının caiz olmadığıdır.

Bir kimsənin satışı üzərinə, bir başqasının satış etməsi halal olmaz. Müştəri, bir satıcıdan hər hansı bir malı satın aldıqdan sonra, başqa bir satıcının o müştəriyə: "Sən bu alış verişdən imtina et, mən sənə eyni malı daha ucuz qiymətə verərəm" və ya "mən sənə bu maldan daha yaxşısını eyni qiymətə verərəm" kimi sözlər söyləməsi və alış -verişi pozdurması caiz deyil. Çünki belə davranışlar, insanlar arasında anlaşılmazlıqların, dedi-qoduların əmələ gəlməsinə, küskünlük və incikliklərin ortaya çıxmasına, kin və nifrət duyğularının meydana gəlməsinə səbəb olar.

8. "Sizdən biriniz özü üçün sevib arzu etdiyi şeyi, din qardaşı üçün də sevib arzu etmədikcə, həqiqi mənada iman etmiş olmaz." (Buxârî, Îmân 7; Müslim, Îmân 71-72; Tirmizî, Qiyamət 59; Nəsâî, Îmân 19, 33)

İman, sevginin, Allah sevgisinin məhsuludur. İnanmaq, özünə inanılanı sevmək deməkdir. Bir mömin üçün ən üstün sevgiyə layiq olan, ən uca olandır. Ən uca olan isə, bir olan Allah Təâlâdır. Mö'minlərin digər bütün sevgiləri, Allah sevgisinə bağlıdır. Birini sevən kimsə sevdiyinin arzu və istəklərini əskiksiz yerinə yetirər. Belə olmazsa, sevgisi səmimi və inandırıcı olmaz. Allah'ı sevən kimsə, Allah'ın əmr və qadağalarına əskiksiz tabe olar.

Bu hədis, həqiqi bir möminin eqoizmdən, dünyalıq toplama ehtirasından və yalnız özünü düşünməkdən nə cür uzaq, buna qarşılıq din qardaşları başda olmaq üzrə, başqa insanlara qarşı nə dərəcədə Altruist, fədakar, yardımsevər, şəfqət və mərhəmət hissləri ilə dolu olması gərəkdiyini ortaya qoyucu xüsusiyyətdədir . Bir insanın öz nəfsi üçün sevdiyi və istədiyi bir şeyi mömin qardaşları üçün də istəməsi, bir sevgi cəmiyyəti meydana gətirmənin təməl şərtidir. Bunun bir başqa şərti də möminlərin bir-birlərini sevmələridir.Necə ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm

"Bir-birinizi sevmədikcə həqiqi mənada iman etmiş sayılmazsınız." (Müslim, Îmân 93) buyuraraq bu həqiqəti pərçimləmiş, bərkitmişdir.

9. "Müsəlmanın müsəlman üzərindəki haqqı beşdir: Salamı almaq, xəstəni ziyarət etmək, cənazədə iştirak etmək, dəvəti qəbul etmək, asqırana "yərhamukəllah" demək." (Buxârî, Cənaiz 2; Müslim, Salâm 4; İbn Mâcə, Cənaiz 1)

Bir başqa rəvayət belədir: "Müsəlmanın müsəlman üzərindəki haqqı altıdır: qarşılaşdığı zaman salam ver, səni dəvət etsə get, səndən nəsihət istəsə nəsihət et, asqırınca Allah`a hamd edərsə yərhamukəllah də, xəstələndiyində onu ziyarət et, öldüyü zaman cənazəsinin arxasınca get." (Müslim , Salâm 5;)

Müsəlmanların bir-birlərinə qarşı yerinə yetirmələri lazım olan bir sıra haqq və vəzifələri vardır. Bu haqq və vəzifələr, maddi və mənəvi sahədə ola bilər. Axirət inancına və işlədiyi hər işin Allah tərəfindən bilindiyi, qarşılığının da hesab günündə veriləcəyi etiqadına sahib olan bir kimsə, harada olursa olsun pislik etməz, cinayət işləməz. Beləcə İslâm dini, onu qəbul edənlərdən, dünya həyatında etdikləri yaxşı və ya pis hər işin qarşılığını axirətdə görəcəkləri inancını güclü bir müeyyide olaraq öyrədir və bunu qəbul etməyənin mömin ola bilməyəcəyini bildirir.

 Burada ələ alınan haqqlar, ilk növbədə cəmiyyətin mənəvi dinamikləriylə əlaqədardır. Çünki bunların heç birinin, edilmədiyi halda dünyalıq bir cəzası, bir müeyyidesi yoxdur. Lakin İslam cəmiyyətinin maddi dinamikləri də mənəvi həssaslıqları üzərinə oturar. Burada sayılanların hər biri, yaxşı insan, yaxşı müsəlman olmanın, bəşəri münasibətləri ən üst səviyyədə tutmanın, qardaşlığın, dostluğun, yardımlaşmanın, sevinci və kədəri paylaşmanın, şəfqət və mərhəmət cəmiyyəti olmanın təməl ünsürləridir.

Salam, müsəlmanlar üçün sanki bir paroldur. Qarşılaşdıqları zaman aralarındakı ilk söz salamdır. "Əvvəl salam, sonra kəlam." atalar sözümüz bu prinsipi ifadə edər. Salam vermək sünnə, almaq isə fərzdir. Allah Təâlâ

"Sizə bir salam verildiyi zaman, ondan daha yaxşısıyla salam verin və ya eyniylə qarşılıq verin." (Nisa surəsi, 4/86) buyurar.

 Salamın ən azı, "essalamu əleykum" deməkdir. Bundan daha üstünü isə "essəlamu əleykum və rahmetullah" dır. Daha da uzadılıb "və berakatuh" əlavə edilə bilər. Lakin "salamun əleykum" demək belə kafidir.

 Özünə salam verilən kimsə "və aleykumussalam" deyərək cavab verər. Salam almanın ən qısası budur. Verərkən olduğu kimi alarkən də daha artırıla bilər. Bu təqdirdə "və aleykumussalam və rahmətullah və bərakatuh" deyilər. Lakin yalnız "aleykumsalam" deməklə də salama cavab verilmiş olar. Özünə salam verilən adam tək isə, salamı alması fərz-i ayndır. Camaata salam verildiyində, içlərindən birinin və ya bir qisiminin salamı alması isə fərz-i kifayədir. Beləcə digərlərinin üzərindən fərz düşmüş olar.

 Salam, möminlərin bir-birinə duası və yaxşılıq təmənnisidir. "Allah`ın qoruması altında olasınız." və ya "Salamatlıq, sağlamlıq sizin üzərinizə olsun və sizdən ayrılmasın." mənalarını verər.

 Xəstəlik və sağlamlıq biz insanlar üçündür. İnsanın hər anı eyni deyil. Dinimiz sağlamlığa böyük əhəmiyyət verər. Lakin hər şeyə baxmayaraq insan hər vaxt eyni səhhət üzrə olmaz, xəstələnə bilər. Peyğəmbərlər belə müxtəlif xəstəliklərə düçar olmuşlar. Bu səbəblə Müsəlmanlar, xəstəliyi Allah`ın bir imtahanı olaraq qəbul edərlər. Xəstəliklər növ növdür və hər xəstəliyin şiddəti fərqli dərəcədədir.

 Sağlığında özüylə birlikdə olanların, xəstəliyində də özünün yanında olduğunu görmək insanı sevindirər, əhvalını yüksəldər, tərk edilmədiyini və təhlükəli bir halı olmadığını anlayar, səhhətinə təkrar qovuşacağını düşünər. Ayrıca din qardaşlarının duasını alar və özü də onlara dua edər. Xəstə ziyarətində olanlar, gözəl xahişlər, təmənnilər edər, səbir tövsiyə edər və xəstənin əhvalını yüksəldən sözlər söyləyərlər. Xəstənin yanında uyğunsuz sözlər söyləmək və çox uzun müddət qalmaq doğru deyil.

Ölüm, hər insanın dünya həyatında qarşılaşacağı sondur. Ondan qaçmaq və xilas olmaq mümkün deyil. Möminlərin sağlığında bir-birlərinə qarşı vəzifələrinin sonuncusu da ölüm anında cənazədə iştirak etmək, namazını qılmaq və onu qəbirinə dəfn etməkdir. Bu, ölənə qarşı son vəzifə olduğu kimi, geridə qalan yaxınlarına qarşı da bir hakşinaslıqdır (haqqı tanımaq). Müsəlmanlar, sevincli anlarında olduğu kimi kədərli zamanlarında da bir-birlərinin yanında olmalıdırlar. Məhz cənazə, bu kədərli anların ən kədərli və ən ibrətlisidir. Ölüm hamımız üçün ən böyük nəsihət və dərsdir. Bu səbəblərdən dolayı, cənazəyə iştirak etmək vəzifələrimiz arasındadır. Cənazənin arxasından getmək vəzifəsi, onun namazını qılmaqla sona çatsa da qəbirə dəfn edənə qədər olmaq daha fəzilətlidir.

 Dəvətə razılıq vermək, dəvət edilən yerə getmək, Müsəlmanlar üçün əhəmiyyətli vəzifələrdən biridir. Toy dəvətlərinə mütləq qatılmaq lazım olduğu və bunun vacib olduğu barəsində İslam alimləri görüş birliyi içindədir. Bunun xaricindəki dəvətlərə qatılmaq sünnə ya da müstəhəbdir. Bu da var ki, haram və günahların işləndiyi dəvətlərə razılıq verilməsi dinimizdə caiz görülməmişdir.

 Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm, səhabə-i kiramın bütün dəvətlərinə razılıq vermişdir. Dəvət edənin cəmiyyət içindəki sosiyal məqamına, zənginlik və kasıblığına görə bir ayrım etməmişdir. Kasıbların çağırılmadığı dəvətləri xoş qarşılamadığı kimi yalnız zənginlərin çağırıldığı dəvətləri də qınamışdır. Çünki dəvətlər, zəngini və kasıbı, yaşlısı və gənciylə inananların birlikdə olduğu və aralarında ülfətin, söhbətin, şəfqət və mərhəmətin təzahürünün görüldüyü bir xeyr məclisi xüsusiyyəti daşıyar. Şəriət qaydaları çərçivəsində olan dəvətlərə qatılma zərurətinin səbəbi də bu olsa gərək.

Peyğəmbərimiz sallallahu aleyhi və səlləm: "Asqırmaq Allah`dan, əsnəmək şeytandandır." (Tirmizî, Ədəb 7) buyurar. Asqırmanın, sağlamlıq baxımından bədəni dincləşdirmə və zehnin oyanıqlığını təmin etmək baxımından müxtəlif faydaları vardır. Buna qarşılıq əsnəmənin keylik və miskinlik əlaməti olduğu qəbul edilir. O halda asqırmaq bir nemətdir. Hər nemət kimi, bu da Allah`dandır. Allah`ın bütün nemətlərinə həmd etmək, müsəlmanın qulluq vəzifələrindən biridir. Bu səbəblə, asqıran kimsə "əlhəmdülillah" deyər. Asqıranın həmd etdiyini eşidən Müsəlman, "yərhamukəllah" deyə cavab verər. Bunun mənası "Allah sənə rəhmətiylə rəftar etsin" deməkdir. Asqıran da özünə dua edən Müsəlman qardaşına "yəhdinə və yəhdikumullah = Allah bizə də sizə də hidayətini nəsib etsin" deyə cavab verər. Bütün bunlar, müsəlmanların ən kiçik detallarda belə bir-birlərinə qarşı bir sıra haqq və öhdəliklərinin olduğunu göstərməkdədir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm:

 "Allah asqırandan xoşlanar, əsnəyəndən xoşlanmaz. Sizdən biriniz asqırıb "əlhəmdülillah" dəyincə bunu eşidənin "yərhamukəllah" deməsi, üzərinə bir öhdəlikdir, vacibdir. Əsnəməyə gəlincə, sizdən biriniz əsnədiyi zaman, gücünün çatdığı qədəriylə onu etməməyə və ağızını açaraq "hah hah" deməməyə çalışsın. Çünki bu şeytandandır və şeytan bu halından ötəri o kimsəyə gülər." (Tirmizî, Ədəb 7) buyurmuşdur.

 Müslimin bir rəvayətində "Müsəlmanın müsəlman üzərindəki haqqı altıdır..." şəklində gəlməsi, rəvayətlər arasında bir ziddiyyət olmayıb, bu haqqların beş və ya altı ilə məhdud olmadığının dəlilidir. Çünki bunlardan başqa haqq və vəzifələrlə əlaqədar hədislər də vardır. Bu ikinci rəvayətdəki tək fərq, "Nəsihət istəyənə nəsihət vermək"  vəzifəsidir. Nəsihət, adamın xeyirinə və qurtuluşuna vəsilə olan söz və davranışların hamısını əhatə edən bir təbirdir.

 Başqa bir rəvayətdə "itirilən şeyi elan etmək" haqqı da vardır. Buna görə, tapılan itirilmiş malın insanların çox olduğu yerlərdə və hər kəsin eşidə biləcəyi şəkildə tərifinin edilməsi və sahibi tapıla bilməzsə əlaqədar təşkilatlara verilməsi lazımdır.

Ayə, Hədis və açıqlamalardan çıxan nəticələr:

 - Möminlər, maddi və mənəvi yöndən bir-birlərinə köməkçi olmalı, bir binanın bir-birinə sıx birləşmiş daşları və kərpicləri kimi bir birlik meydana gətirməlidirlər.

 - Fərd olaraq, tək başına İslamı yaşamaq və yaşatmaq mümkün olmaz. Fərdlər,kənardan gələn təzyiqlərə müqavimət edə bilməzlər. Təzyiq və şiddətə müqavimətin şərti birlik və bərabərlikdir.

- Müsəlmanların toplu olduğu yerlərə silah və bənzəri öldürücü, yaralayıcı alətlərlə gəlinilməməsi, gəlinilmişsə təhlükəsizlik tədbirini bunları daşıyan kəslərin alması lazımdır.

- Müsəlmanların salamatlığını təmin edici hal və hərəkətlərdə omaq, onlara şəfqət və mərhəmət göstərmək lazımdır.

- Müsəlmanları fitnəyə salacaq davranışlardan çəkinmək lazımdır.

 - İslam cəmiyyəti bir vücud kimidir; bir üzvün xəstəliyinin bütün bədəni narahat etməsi kimi, bir müsəlmanın başına gələn bəla və müsibətləri, bütün Müsəlmanlar özlərinə dərd etməlidir.

 - Dünyada, insanlara mərhəmətli davranmayanlara, Allah da qiyamət günündə mərhəmət etməyəcək.

 - Zülm, hər növ haqsızlıq haramdır.

- Müsəlman, müsəlman qardaşını düşmənə tərk etməmək, təhlükəyə atmamaqla məsuldur.

 - Müsəlmanların, bir-birlərinin ehtiyacını görməsi, çətinliklərini aradan qaldırması və qüsurlarını, ayıblarını örtməsi qardaşlıq vəzifəsidir. Belə edənlər, Allah qatında mükafatlandırılar.

- Müsəlmanın canı, malı və namusu başqa müsəlmana haramdır, bunlara təcavüz qadağan edilmişdir.

 - Müsəlmanı həqir görmək, kiçik hesab etmək böyük günahlardandır.

- Həsəd etmək haramdır. Başqasına həsəd edən, gerçəkdə Allah`a etiraz etmiş sayılar, çünki həsəd edilənə neməti verən Allah`dır.

 - Müştəri qızışdırmaq, almayacağı və ehtiyacı olmayan bir malın qiymətini artırmaq haram qılınedilmişdir. Bu davranışda bazarı yüksəltmə, aldatma və hiyləgərlik, insanlara zülm vardır.

- Allah rizası üçün olmayan buğz, kin, nifrət və incikliklər haramdır.

 - Müsəlmanların bir-birlərinə üz çevirməsi, köməyi və əlaqəni kəsməsi halal deyil.

- Bir satıcının, müştəriyə hər hansı bir malı satdıqdan sonra, başqa bir satıcının eyni malı daha ucuz verəcəyini və ya eyni qiymətə daha yaxşı mal verəcəyini söyləyərək alış-verişi pozdurması haramdır. 

 - Özü üçün arzu etdiyini mömin qardaşı üçün də istəməyən kimsə həqiqi mömin ola bilməz.

- Adamın din qardaşı üçün arzu etdiyi, yaxşı və xeyr sayılan şeylər növündən olmalıdır.

 - Hər haqq, bir mükəlləfiyyəti də özü ilə gətirər. Mükəlləfiyyətlərini yerinə yetirməyənlər məsuldurlar. Bu məsuliyyət dünyəvi və ya uxrəvi ola bilər.

- Salam vermək sünnə, almaq isə fərzdir.

 - Xəstə ziyarəti sünnədir. Ziyarətdə ədəbə riayət etmək lazımdır.

- Cənazəni uğurlamaq, namazını qılmaq və qəbirə dəfn etmək fərz-i kifaye (biri etsə digərləri bundan azad olar), bunun xaricindəki xidmətlər sünnə və müstəhəbdir.

 - Şəriət qaydalarının ölçülər içində edilən toy dəvətinə razılıq vacib, digər qanuni dəvətlərə qatılmaq isə sünnə ya da müstəhəbdir.

- Asqırıb "əlhəmdülillah" deyənə "yərhamukəllah" deyə qarşılıq vermək bir öhdəlikdir.

 - Nəsihət istəyənə və nəsihətə ehtiyacı olana nəsihət vermək, yol və istiqamət göstərmək, gücü çatanlar üzərinə dini bir vəzifədir.

Qaynaq: "Riyazü's-Salihin: Peyğəmbərimizdən Həyat Ölçüləri" Tərcümə və Şərhi`nin 2. Cildindən müxtəsər olunaraq hazırlanmışdır. Erkam Yayınları.

 



30-04-2014 06:07:34

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz