Ana səhifə

Müsəlmanlar digər dövlətləri, torpaqları işğal ediblərmi?


YazdırSend to friend
Sual Detayı: 
İslamın ölkələr ələ keçirməsi fəth sayılır , yoxsa işğal? İşğalın əlamətləri nədir?
Cavab: 

    Əvvəla, Ərəbistan yarımadasında, Məkkə-Mədinədə yaşayan insan, kimi və nəyi istismar edəcək? Harada görülüb ki, insan öz qövmünü, qəbiləsini işğal və zəbt, sonra da istismar etsin. Gəl gör ki, işğal olunduğu iddia edilən ərazi o dovrün bərəkətsiz Hicaz torpaqları, “istismar” edilən insan da yoxsul və kasıb Hicaz xalqı...

     Qaldı ki, İslamın səsini dünyaya yaymaq üçün təhlükələrə sinə gərən, inandığı dəyərlər uğrunda şəhidliyi ən böyük payə sayan və ömrünü sayca on beş-iyirmi qat çox ordularla əlbəyaxa çarpışmalarda, döyüşlərdə keçirən o ali ruhlu ideal insanları “müstəmləkəçi, imperialist, istismarçı” adlandırmaq gülüncdür. Deyin görüm, bu insanlar bu qədər əzab-əziyyət, bu qədər məhrumiyyət və bu qədər fədakarlıq əvəzində nə qazandı, nə istismar elədi, nə qəsb elədi?

     Əslində illərlə yurd-yuvadan, ailəsindən uzaqda Allahın adını yaymaqdan başqa heç nə düşünməyən, ölümü və şəhadəti ən böyük ideal sayan və hər döyüşdən sonra “ölüb dostlara qovuşa bilmədim” deyə qəm çəkən bu insanlara istismarçı deyənlər əslində heç özləri də buna inanmırlar...

    Yer üzündə işğalçılığı, ən iyrənc imperializmi İskəndərdən Napoleona, Romalılardan Germanlara, Monqollardan müasir davamçılarına qədər bəzi "istismarçı" sistemlər törətdilər. Ayaq basdıqları yerləri xarabazara çevirdilər. Əxlaqı pozub milləti bir-birinə qırdırdılar; “xarab əllər, yıxılmış xanümanlar, kimsəsiz çöllər, əməksiz günlər, fikri-fərdə bilməz axşamlar və qandan, irindən seylablar”[1] qoyub getdilər.

   İndi də iyrənc işlərin və utancverici hərəkətlərin “müəlliflər”i durub öz əməllərini ört-basdır eləmək üçün İslamiyyəti və onun şanlı Peyğəmbərini (sallallahu əleyhi və səlləm), Peyğəmbərin mümtaz xəlifələrini və şanlı Osmanlı Dövlətini, dövlət idarəçilərini müstəmləkəçilik və istismarçılıqla qaralamaq istəyir.

    Müsəlmanlar tarixdə heç vaxt, heç yerdə nə dövlət, nə də fərd olaraq kimsəni istismar etməmiş, əksinə hakim olduqları ərazilərdə istismar və işğalçılığa imkan verməmişlər.

     Bəli, aramsız fütüvvət zəfərləri çalan İslam dövlətinin başındakı xəlifə belə bir dövrdə: "Mənə ən kasıb müsəlman kimi yaşamaq yaraşar”[2] deyərək gününü bir neçə zeytunla keçirirdi. Belə bir insan nəyi istismar edir, kimi istismar edir?

     Təkbətək döyüşdə öldürdüyü düşmənin qəniməti uzadılanda əlini boğazına basıb: "Mən bax buradan bir ox yarası alıb şəhid olmaq üçün vuruşdum, qənimət üçün deyil!" deyən, gözü-könlü axirətdə olan bir insan nəyi istismar edə bilərdi?

     Başqa bir döyüşdə müsəlmanlara böyük tələfat verən kafiri öldürüb yoluna davam edən müsəlman döyüşçü ona and verib çağıran ordu başçısının yanına gəlməyə məcbur olur. Ordu başçısı üzü örtülü döyüşçüyə:

- Allah üçün de, bunu sən öldürdün?

- Bəli.

- Elə isə götür bu min dinarı.

- Mən bunu Allah üçün elədim.

- Sənin adın nədir?

- Adımı neyləyirsən? Yoxsa aləmə car çəkib savabımı hədər etmək istəyirsən?

    Rica edirəm, bu insanlar bəşəriyyəti istismar edərmi, yer üzündə müstəmləkələr qurarmı? Düzü, kin və ədavət müəyyən bir səviyyəyə çatanda insanın nə gözü görür, nə qulağı eşidir, nə də ağlı işləyir...

     İndi isə keçək əsas məsələyə: istismarçı və imperialist kimdir?

    İmperializm, başqa sözlə, müstəmləkəçilik bir xalqın başqa bir xalqa və ya bir dövlətin başqa bir dövlətə hökm etməsi, onu istismar etməsi və ondan faydalanmasıdır. Ancaq işğalçılıq, hakimiyyət və istismarçılıq həmişə eyni formada olmamışdır. Bunu hazırkı formalarını da nəzərə alaraq belə sıralaya bilərik:

    Mütləq işğal və hakimiyyət: Bir ölkəni əsl sahiblərinin əlindən alıb orada məskunlaşmaqdır. Tarix boyu qərbin ən ucqar nöqtəsindən ta şərqin künc-bucağına qədər dünyanın müxtəlif ərazilərində bir çox millət yerli xalqın məzarları üzərində saraylar tikmiş və onu sürgün edib öz ölkəsindən qovmuşdur.

     Hərbi işğal: Ölkədə hərbi hakimiyyət qurub yerli xalqın hər işinə müdaxilə etməkdir. Məsələn, bəzi ölkələr Hindistanı işğal etdikdən sonra uzun müddət bu torpaqlardan çıxmamışlar. İşğalçı dövlətin əsgərləri illərlə yerli xalqla belə rəftar etmişdir.

    Müdaxiləçilik: Ölkənin xarici, daxili, müdafiə və iqtisadi işlərinə gizli-aşkar müdaxilə etməkdir. Şərq və Qərb kasıb, iqtidarsız və geri qalmış ölkələrə qarşı məhz bu cür münasibət göstərmişdir.

     İntellekt transferi sistemi: Hazırda ən geniş yayılmış və ən təhlükəli imperializm formasıdır. Bu sistemdə istismarı hədəf tutulan ölkənin qabiliyyətli, istedadlı, təşəbbüskar övladlarını seçir, onlara ölkə daxilində, xaricdə xüsusi təhsil verir, xüsusi lojalarda qeydə alır və ölkənin taleyinə hökm etdirirlər. Daha sonra isə bu intellektləri sistemli şəkildə ölkənin ən əhəmiyyətli məqamlarına yerləşdirərək qalanı içəridən fəth edirlər.

    Son əsrlərdə Qərb müstəmləkəçilərinin tətbiq etdiyi bu sistem səmərə vermiş və bu üsulla qarşı tərəfdə ədavət hisləri oyatmadan, nifrəti duyğusu körüklənmədən, asta-asta məqsədlərinə nail olmuşlar. Hazırda İslam dünyasını bu kimi istismara məruz qaldığını deyə bilərik.

    Hansı formada olur-olsun, imperializmin işğalına məruz qalan ölkələrdə:

    Yerli xalqı assimilyasiya etmiş, tarixini silmiş və kimliyini unutdurmağa çalışmışlar.

    Milli şüuru yox etmiş, əraziləri səmərəsizləşdirmiş, sənayesini özündən asılı hala salmış, elmin kökünə balta vurmuş və araşdırmanın əvəzinə şablonçuluğu mənimsətmişlər.

    “Nə öldür, nə yaşat” siyasəti ilə ölkə xalqını nə tamamilə yox etmiş, nə də onun yaşamasına imkan vermiş. Yerli xalq başqalarına möhtac etmiş və onu ömrü boyu müasirlik, Avropaçılıq, sivilizasiya kimi qeyri-müəyyən mənalı sözlərlə ovutmuş və  yatırmışlar.

     Xaricdən dəstək və yardımlarla ölkələri mühasirəyə almış, idxalat və ixracata gizli-açıq məhdudiyyət qoymuş, inkişafı inhisarçılıqla tamamən imkansızlaşdırmışlar.

      Bir tərəfdən xalqları yoxsullaşdırmaq üçün əllərindən gələni etmiş, digər tərəfdən də milləti dəbdəbəli həyata, israfa sürükləmiş və millətin ruhuna tətminsizlik hissi saçaraq savaşa qədər gedib çıxan məmnuniyyətsizlik aşılamışlar.

    Elmi, texniki tədqiqat ruhunu söndürmüş, maarif yuvalarını təqlidçiliyə, fabrikləri montajçılığa alışdırmış, hərbi hissələri də imperialist güclərin tör-töküntü silahlarının sərgisinə çevirmişlər.

      İndi, görəsən, İslamı və İslam fütuhatını bu qədər şərə, zülmə səbəb olan imperialist və işğalçı sistemlərə bənzətmək nə qədər doğrudur?..

     Əvvəla İslam heç kəsin yurd-yuvasını qəsb etmədiyi kimi, heç kəsin əl-ayağına zəncir vurub fəaliyyətinə də mane olmamışdır. İslamiyyət fəth etdiyi ölkələrin xalqına din, söz azadlığı vermiş və hər mövzuda dindaşı, vətəndaşı kimi himayə etmişdir. Müsəlman fatehlər qədəm basdığı hər ölkəyə hüzur, dinclik və əmin-amanlıq gətirmiş, yerli xalq tərəfindən qəbul edilmiş, sevilmiş və alqışlanmışlar. Belə olmasa idi, suriyalı xristianlar ölkəni Roma imperatoru istila etməsin deyə kilsələrə doluşub müsəlmanlara zəfər duaları edərdimi?[3] Belə olmasa idi, bu başından o başına altı aylıq məsafəli geniş bir ölkədə əsrlərlə əmin-amanlıq və asayiş necə təmin oluna bilərdi? Müasir komunikasiya imkanları, son model hərbi silah və təchizata baxmayaraq, bir ovuc yerdə təhlükəsizlik və asayiş təmin edə bilmədiyimizi gördükcə onların bu məsələdə istifadə etdiyi dinamizmlərə (əsaslara) heyran qalmamaq mümkünmü? Zənnimizcə, artıq bir çox münəvvər insan da bu həqiqəti anladığına görə, şanlı tariximizə məxsus əsasları yenidən gözdən keçirmə zərurətini izhar etməyə başlamışlar.

    Müsəlman fatehlərə nəinki ölkələrin fəth etdikləri qapıları, hətta qəlblərin qapıları da açıldı, fəth etdikləri ölkə xalqının ehtiramını, etimadını və etibarını qazandılar.

    Ayaq basdıqları ölkələrin elmini və sənətini dəyərləndirib, alim və sənətkarlara şərait hazırladılar. 

     Müsəlman fatehlər heç vaxt müstəmləkəçi dövlətlərin işğal etdiyi ölkələrə rəva gördüyü zülmə əl atmadı. Zülüm bir tərəfə, fəth etdikləri ölkə xalqına öz dindaşı, öz soydaşı kimi baxdı, onlarla öz vətəndaşı kimi rəftar etdi.

     Həzrəti Ömər xəlifəliyi dövründə Məkkəli zadəgan bir qibtiyə yumruq vurur. Hz. Ömər bu qibtiyə: "Dön, sən də ona bir yumruq vur," deyir. Amr ibn Asın Misirin yerli sakinlərindən birini təhqir etdiyini eşidəndə isə: "İnsan anadan azad doğulur. Nə vaxtdan onlardan qul-kölə kimi istifadə edirsiniz?" deyə məzəmmət edir. Məscidi-Əqsa qapılarının açarlarını götürmək üçün Fələstinə gəlir. Kilsələrin birində olanda namazın vaxtı girir. Keşiş kilsədə namaz qılsın deyə israr etsə də, o: "Xeyr! Xəlifə Ömər burada namaz qıldı deyə sizi incidə bilərlər"[4] deyib çöldə torpaq üstündə namaz qılır və onlara qarşı İslamın insani, olduqca yumşaq və hələ də o əlçatmaz əxlaqını nümayiş etdirirdi.

     Rica edirəm, siz deyin, bunlar başqalarını istismar edə bilərmi? Belə insanlar başqalarını istismar edə bilərmi? Və bu yüksək ruha malik insanların təmsil etdiyi Quran sisteminə imperialist nizam demək mümkündürmü?

 
[1] Mehmet Akifin bir şeirindən
 
[2] es-Suyûtî, Târîhu'l-hulefâ, s. 132.
 
[3] Şiblî Nu'manî, Bütün Yönleriyle Hz Ömer ve Devlet İdaresi, 1/212-214.
 
[4] T.W., Arnold, İntişar-ı İslâm Tarihi, s. 99-100.


17-04-2017 06:08:56