Ana səhifə

Müşrik ərəblər və əhli-kitab Allah Rəsulunu (s.ə.s) niyə qəbul etmədilər?


YazdırSend to friend
Sual Detayı: 
Müşrik ərəblər və əhli-kitab Allah Rəsulunu (s.ə.s) niyə qəbul etmədilər?
Cavab: 

Allah Rəsulunu (s.ə.s) niyə qəbul etmədilər?

Əslində, Yəhudi və Xristianların bəziləri Allah Rəsulunu çox yaxşı tanıyırdılar. Amma kin və həsədləri iman gətirmələrinə mane olurdu. Özü də Onu qəti və dəqiq tanıyırdılar ki, inanmaq üçün bircə dəfə Allah Rəsuluna baxmaq kifayət edərdi. Çünki onlar Allah Rəsulunun bütün xüsusiyyətlərini bilirdilər. Qurani-Kərim bu həqiqətə belə işarə edir:

اَلَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ وَإِنَّ فَرِيقاً مِنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ

“Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir”. ([Bəqərə surəsi, 2/146)

Ayədə Allah Rəsulunun adı çəkilmədən “Onu” deyilməsi göstərir ki, bütün Əhli-Kitabda son peyğəmbər nəzərdə tutularaq “O” deyiləndə həmişə Tövrat və İncildə adı çəkilən şəxs başa düşülürdü. O da, heç şübhəsiz ki, Həzrət Muhamməd (s.ə.s) idi və Onu öz övladlarından daha yaxşı tanıyırdılar.

Həzrət Ömər (r.a.) Abdullah b. Salamdan (r.a) soruşur:

– Allah Rəsulunu öz övladın kimi tanıyırdınmı?

– Öz övladımdan daha yaxşı tanıyırdım.

Həzrət Ömər ikinci dəfə “Necə?” deyə soruşur. Abdullah İbn Salamın bu cavabı verir:

Övladım haqqında şübhə edə bilərəm. Xanımım məni aldatmış ola bilər. Lakin Allah Rəsulunun son peyğəmbər olduğuna zərrə qədər şübhə etmirəm.

Bu cavab Həzrət Öməri elə sevindirir ki, qalxıb Abdullah b. Salamın başından öpür. (İbn Kəsir, Təfsirül-Quranil-azim, 1/195; Suyuti, əd-Dürrül-mənsur, 1/357; Əbus-Suud Əfəndi, İrşadı-əqlis-səlim, 1/176.)

Qısqanclıq və həsəd

Bəli, onlar Allah Rəsulunu çox yaxşı tanıyırdılar. Lakin iman başqa, tanımaq tamam başqadır. Tanıyır, amma iman edə bilmirdilər. Qısqanclıqları və həsədləri iman etmələrinə mane olurdu.

وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللّٰهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ فَلَعْنَةُ اللّٰهِ عَلَى الْكَافِرِينَ

“Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəllər kafirlərə qələbə çalmaq üçün (“Tövratda adı çəkilən axırzaman peyğəmbər gəlib bizə yardım edəydi!” – deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəl­dikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lənət eləsin!” (Bəqərə surəsi, 2/89)

Allah-Təala bu ayə ilə onların Rəsulunu qəbul etməməsinin əsl səbəbini bəyan edirdi. Əsas məsələ son nəbinin Yəhudi olmaması idi. Əgər Allah Rəsulu Yəhudilərin içindən çıxmış olsaydı, şübhəsiz ki, Onu başqa cür qarşılayardılar.

Necə ki Abdullah b. Salam (r.a.) Allah Rəsulunun hüzuruna gələrək: “Ya Rəsulullah, məni bir yerdə gizlədin və Mədinədə nə qədər Yəhudi alimi varsa, hamısını çağırın. Sonra da onlardan məni və atamı necə tanıdıqlarını soruşun. Şübhəsiz cavabları müsbət olacaq. Sonra da mən gizləndiyim yerdən çıxıb müsəlman olduğumu elan edim”, – deyə təklif etmişdi. Allah Rəsulu də bu təklifi qəbul buyurmuşdu. Abdullah b. Salam evin bir yerində gizləndi. Gələn Yəhudi alimləri yerlərinə keçdilər. Peyğəmbərimiz soruşdu:

“Siz Abdullah b. Salamı və atasını necə tanıyırsınız?” Cavab verdilər: “O və atası bizim aramızda ən bilikli və ən şərəfli insanlardandır”. Allah Rəsulu:

“O, məni təsdiq etsə, siz nə deyərsiniz?” – deyəndə isə:

– Mümkün deyil, ola bilməz – dedilər. Elə bu əsnada da Abdullah b. Salam (r.a.) gizləndiyi yerdən çıxdı. Şəhadət gətirib Allah Rəsulunun peyğəmbərliyini təsdiq etdi.

Çaşıb qaldılar və bir az əvvəlki sözləri inkar edib: “O, bizim aramızda ən şərli insandır və ən şərli adamın oğludur”, – dedilər. Peyğəmbərimiz (s.a.s.) bu ikiüzlülərin hüzurunda daha çox qalmasına izin vermədi. (Buxari, Ənbiya, 1; Mənaqibül-ənsar, 45)

Bu hadisə də açıq-aşkar isbat edir ki, Yəhudilər Allah Rəsulunu tanıyırdılar. Ancaq qərəz və ifrat mühafizəkarlıq onları iman et­mə­yə qoymurdu.

Salmani-Farisi (r.a.) də bu mövzuda öz-özlüyündə bir dəlildir. Əvvəllər atəşpərəst idi, amma haqq dini tapmaq arzusu ilə alışıb-yanırdı. Sonra Xristianlığı gördü, kilsəyə qapandı. Kilsənin rahibi vəfat edəndə ondan yanına getmək üçün bir rahib məsləhət görməyi xahiş etdi, o da onu tanıdığı bir rahibin yanına göndərdi. Beləcə bir çox ruhanilərin yanında qaldı. Nəhayət, son anlarını yaşayan bəxtiyar bir rahibdən də eyni şeyi istədi. Xristian alim də Salman Farisiyə Rəsulullahı nişan verdi:

“Övladım, indi artıq elə bir adam qalmayıb ki, sənə tövsiyə edə bilim. Ancaq son nəbinin zamanı çox yaxınlaşdı. O, İbrahimin hənif dinindən olacaq, İbrahimin hicrət etdiyi yerdə zühur edəcək, ancaq başqa bir yerə hicrət edib orada məskunlaşacaq. Onun nəbi olduğuna dair açıq-aşkar dəlillər vardır. Gedə bilsən, oraya get. O, sədəqə yeməz. Hədiyyə qəbul edər və iki çiyni arasında peyğəmbərliyinə dəlil olan bir möhür vardır”.

Ardını özündən dinləyək:

“Rahibin dediyi yerə getmək üçün bir karvan axtarıb tapdım və məni də özləri ilə aparsınlar deyə yol haqqı təklif etdim. Razı oldular. Ancaq Vadil-Quraya gəlincə zülm edib məni kölə kimi bir yəhudiyə satdılar. Həmin yerdə xurma bağçalarını görüncə: “Hər halda bura rahibin mənə xəbər verdiyi yerdir”, – dedim. Bir gün Bəni-Qüreyzə yəhudilərindən biri gəlib məni bu adamdan satın aldı və Mədinəyə apardı. Orada xurma bağçalarında işləyirdim. Allah Rəsulundan heç bir xəbər ala bilməmişdim. Yenə bir gün ağaca çıxıb xurma yığırdım, yəhudi sahibim də ağacın altında oturmuşdu. Az sonra onun bir əmisi uşağı gəldi. Hirslə: “Allah qəhr etsin, bütün camaat Qubaya gedir. Məkkədən gələn bir adam peyğəmbərliyini elan edib və onlar da Onu peyğəmbər sanırlar!” – dedi. Həyəcandan titrəməyə başladım. Az qala ağacdan sahibimin üstünə yıxılacaqdım. Cəld ağacdan düşüb: “Nə deyirsən? Nə deyirsən? Bu, nə xəbərdir?” – deməyə başladım. Sahibim mənim bu həyəcanımı görüncə əlinin arxası ilə mənə bərkdən vuraraq: “Sənə nə? Öz işinlə məşğul ol!” – dedi. Mən də: “Heç, sadəcə nə olduğunu öyrənmək istədim”, – dedim. Təkrar ağaca çıxdım. Axşam olanda nəyim varsa, yığıb Qubaya yollandım. Allah Rəsulu səhabələri ilə birlikdə oturmuşdu. “Siz kasıb adamlarsınız, mən də sədəqə verəcək yer axtarırdım. Bunları sizə sədəqə gətirdim, buyurun yeyin”, – dedim. Allah Rəsulu yanındakılara; “Siz yeyin”, – dedi. Özü isə heç toxunmadı. Ürəyimdə: “Rahibin dediyi birinci əlamət budur”, – dedim. Ertəsi gün yenə getdim və: “Bu, sədəqə deyil, hədiyyədir, buyurun yeyin”, – dedim. Allah Rəsulu səhabələrinə təklif etdi, özü də yedi. “İkinci əlamət də düz çıxdı”, – dedim.

Səhabələrdən biri vəfat etmişdi. Allah Rəsulu da dəfnlə əla­qədar Baqiül-Qarqada (Mədinə qəbiristanlığı) gəlmişdi. Yanına çatıb salam verdim. Sonra da arxa tərəfinə keçdim və kürəyindəki peyğəmbərlik möhürünü görməyə çalışdım. Niyyətimi anladı. Onsuz da, çiyinləri açıq idi və peyğəmbərlik möhürünü gördüm. Üçüncü əlamət də rahibin illərlə əvvəl dediyi kimi idi. Özümü saxlaya bilmədim, dərhal sarılıb çiynindəki möhürü öpməyə başladım. Allah Rəsulu (s.a.s.): “Bir dayan görək!”, – dedi, çəkildim. Qarşısında oturub başıma gələnləri bir-bir danışdım. Çox sevindi. Ona danışdığım şeyləri səhabələrin də eşitməsini istədi…” (İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/41-47.)

İnad və həsədi buraxıb Ona yönələnlər Onu tapdı və Ona məftun oldu. Dünənlə bu gün arasında keyfiyyət baxımından zərrə qədər fərq yoxdur. Bu gün də minlərlə, yüz minlərlə insan Onun haqq olduğunu görüb təsdiq edir və son rəsul olduğunu bütün dünyaya hayqırır. Ancaq dünənlə bu gün arasında bir məsələdə də fərq yoxdur: bu gün də inadkarlıqdan əl çəkməyənlər Onun risalətini bilə-bilə qəbul edə bilmirlər.

Rəqabət hissi

Muğirə b. Şubə (r.a.) nəql edir: “Əbu Cəhillə birlikdə oturmuşduq. Allah Rəsulu gəldi və bəzi şeylər izah edərək təbliğ etməyə başladı. Əbu Cəhil həyasızca: “Ya Muhamməd! Əgər bunları o biri tərəfdə təbliğ etdiyinə dair şahid axtarmaq üçün edirsənsə, heç yorulma, mən sənə şahidlik edərəm, indi mənim yaxamı burax!” – dedi. Allah Rəsulu bizdən ayrıldı. Mən Əbu Cəhildən soruşdum: “Həqiqətən Ona inanmırsanmı?” Cavab verdi: “Əslində, bilirəm ki, O, peyğəmbərdir. Lakin Haşimilərlə köhnədən aramızda bir rəqabət var. Onlar “rifadə, siqayə vəzifəsi bizdədir”, – deyib öyünürlər. Üstəlik “peyğəmbər də bizdən çıxdı” desələr, artıq buna dözə bilmərəm”. (İbn Əbi Şeybə, Musannəf, 7/255-256.)

(rifadə-Kəbə xidmətlərindən olub hacılara yemək paylama vəzifəsidir, siqayə-Kəbə xidmətlərindən olub hacılara su paylama vəzifəsidir)

Qüreyşlilər yığışıb məsləhətləşdilər və Utbə b. Rəbiəni Allah Rəsulunun yanına göndərmək qərarına gəldilər. Utbə gedib Onu yolundan döndərəcəkdi. Bu şəxs o dövrün ziyalılarından olub ərəb ədəbiyyatına vaqif varlı bir insan idi. İki Cahan Sərvərinin hüzuruna gəldi və sözlə məntiq oyunları oynamağa başladı: “Ya Məhəmməd! Sən xeyirlisən, yoxsa atan Abdullah?” Peyğəmbərimiz bu suala cavab vermədi. Xeyr, bəlkə də, axmağa ən layiqli cavabla – sükutla cavab verdi. Utbə davam edərək: “Əgər onun səndən daha xeyirli olduğunu qəbul edirsənsə, şübhəsiz, o, sənin bu gün təhqir etdiyin ilahlara ibadət etdi. Yox, əgər özünü ondan daha xeyirli görürsənsə, o zaman danış ki, izah etdiklərini mən də dinləyim”, – dedi.

Allah Rəsulu soruşdu: “Sözün qurtardımı?” Utbə: “Bəli!” – deyib susdu. İki Cahan Sərvəri diz çökdü və “Fussilət” surəsini başından etibarən oxumağa başladı. 13-cü ayəyə:

فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنْذَرْتُكُمْ صَاعِقَةً مِثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ 

(Ya Peyğəmbər!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan, imandan) üz döndərsələr, de: “Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla (bu tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla) qorxuduram!”

çatanda Utbə dözə bilmədi. Qızdırmalı xəstə kimi titrəyirdi. Əllərini Allah Rəsulunun mübarək dodaqlarına apardı. Taqəti qalmamışdı. “Sus, ya Muhamməd! İnandığın Allah xatirinə sus!” – dedi və qalxıb getdi.

Məkkə böyükləri nəticəni gözləyirdilər. Əbu Cəhil Utbənin gəlişini heç bəyənməmişdi. Yanındakılara: “Getdiyi kimi qayıtmır”, – dedi. Utbə düz evinə getdi. Dinlədiyi ayələr onu ildırım kimi vurmuşdu və bir az sonra şeytana ağıl öyrədən Əbu Cəhil gəlib qapıda dayandı. Utbənin iman etməsindən qorxur və dərhal müdaxilə etməyi düşünürdü. Utbənin zəif damarını çox yaxşı bilirdi. Onu qürur damarından tutacaqdı. Belə dedi:

– Ya Utbə, eşitdim ki, Muhamməd sənə hədsiz iltifat göstərib. Orada sənə ziyafət verib, yedirib-içirib. Sən də bu iltifata dözə bil­məyib Ona iman etmisən. Camaat arasında belə danışırlar…

Utbə hirsləndi:

– Hamınız bilirsiniz ki, mənim Onun yeməyinə ehtiyacım yoxdur. Aranızda ən varlı mənəm. Lakin Muhammədin söylədikləri məni sarsıtdı. Çünki oxuduğu şeir deyildi. Kahin sözünə isə heç bənzəmirdi. Nə deyəcəyimi bilmirəm. O, doğru sözlü insandır. Onun oxuduqlarını dinləyərkən Ad və Səmudun başına gələnlərin bi­zim də başımıza gələcəyindən qorxdum…” (İbn Kəsir, əl-Bidayə vən-nihayə, 3/61-64; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/130-132.)

Başqa səbəblər

Əslində, bu etiraflar bir-iki adamla qurtarmırdı. Ümumi qənaət eyni idi. Lakin qorxu, tamah, hərislik və inad kimi mənfi hislər iman gətirməyə mane olurdu. Bəli, həm də həqiqəti bildikləri hal­­­da iman gətirə bilmirdilər.

Allah-Təala bu ayə ilə həm onların halını anladır, həm də Rə­su­luna təsəlli verir:

قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ فَإِنَّهُمْ لاَ يُكَذِّبُونَكَ وَلَكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللّٰهِ يَجْحَدُونَ

“Bilirik ki, onların dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi pey­ğəm­bər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər”. ([11]Ənam surəsi, 6/33)

“Onlar səni əsassız yerə ittiham edirlər. Bu ittihamlar da səni üzür. Əsla o nəfsinə məğlub olanların və əməllərindən əl çəkə bilməyən bədbəxtlərin sözləri səni üzməsin. Həm də əslində onlar səni şəxsən yalanlamırlar. Bəli, onların heç biri sənə yalançılıqda ittiham etmirlər. Çünki onlar da bilirlər ki, sən yalan danışmaqdan uzaqsan. “Əmin” adını Sənə məhz onlar verib. Bunların ağılsızlığına bax ki, sənə atdıqları iftiralara özləri də inanmırlar, öz ağıl və mühakimələri də bu böhtanları inkar edir, amma  yenə də əlləri əməllərindən qalmır. Elə isə kədərlənməyinə nə gərək var!”

Əsl kədərlənməli insanlar işığın ətrafında dayansalar da, könül pəncərələrini dünya və axirətin açarlarına sahib bir Zata açmayan və Ondan faydalanmayan bədbəxtlərdir.

 



03-04-2018 04:16:33

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz