Ana səhifə

Nə üçün sevdiyim qızın əlindən tuta bilmərəm?


YazdırSend to friend
Sual Detayı: 
Əgər mən bir qızı sevirəmsə o da məni sevirsə və biz dəniz kənarında gəziriksə niyə onun əlindən tutmayım? Niyə ona onu sevdiyimi yarım metr kənardan deyim? Axı əgər din yaxşılıq və xeyirxahlıq dinidirsə, bir yetimin başını sığallayan müsəlmana onun başındakı tükləri qədər savab yazılırsa, niyə sevdiyin qızın əlindən tutmağa görə cəhənnəmdə hansısa insi-cinsi bilinməyən mələk səni yandırmalıdır?
Cavab: 

    Birinci: Bəli, İslam dini yaxşılıq və xeyirxahlığı əmr edir və İslam yaxşılıq və xeyirxahlıq dinidir. Yetimin də başını sığallamaq xeyirxah bir əməldir, çünki yetimə qayğı göstərməkdir. Amma sevdiyin qızın əlini tutmaq nə üçün yaxşı və xeyirxah əməl olmalıdır? Yəni bunun xeyirxahlıq ilə heç bir əlaqəsi yoxdur.

    İkinci: İslam dini iki gəncin arasındakı sevgini qadağan etmir, İslam dini bu sevginin gətirib çıxaracağı fəsadlarına görə onu qaydalara tabe tutmağa üstünlük verir. Nə üçün sualı bu cür qoymurlar? “Əgər mən bu qızı sevirəmsə o da məni sevirsə nə üçün onunla cinsi əlaqədə olmağı qadağan edir? Nə üçün onunla istədiyimizi edə bilmirik?” Əgər belə bir sual versə o zaman təbii ki, cəmiyyətimizdəki gənc təbəqədən tutmuş yaşlı təbəqəyə qədər çox insan bu suala bir cavab verəcək. Lakin bəziləri burada məqsədli şəkildə “əl tutmaq”, “saç sığallamaq” kimi məsum görünəcək hərəkətləri misal verərlər. Əslində bu sualı “təcrübəsi” olan cavan oğlanlara versələr onlar bu “məsum” hərəkətlərin arxasında hansı macəraların olduğunu çox gözəl izah edə bilərlər. Onlar neçə-neçə bu cür saf düşüncəli qızların “dadına baxdıqdan” sonra dostlarının yanında yeni macəraları ilə fəxr etdiklərindən danışa bilərlər. Axı bunların hamısı “əl tutmaq”, “dəniz kənarında gəzmək” kimi məsum anlarla başlayır. Məhz bu cür macəra sevən erkəklərin şikarı olmuş bu saf qızların sonra bakirəlik əməliyyatı etdiklərini eşitmək olur. Biz hələ evlilikdən kənar doğulmuş uşaqların sayından danışmırıq, abort edilmiş uşaqların sayından danışmırıq.

    Üçüncü: Bir də o qız ya atasının, anasının izni ilə səninlə o dəniz kənarında gəzintiyə çıxıb, ya da atasının-anasının izni olmadan səninlə vaxt keçirir. Əgər birincisidirsə o zaman nə üçün kəbin kəsərək bunu etmirsiz? Kəbin kəsmək üçün təntənəli toyun olması şərt deyildir, sadəcə atanın razılığı və iki şahidin olması kifayət edir. Ondan sonra nişanlının istəsən əlindən də tut, istəsən saçını da sığalla. Yox əgər atasının və anasının izni olmadan qız evindən qaçıb oğlanla görüşürsə bu artıq ondan xəbər verir ki, o qıza tərbiyə vermiş, o qızı geyindirmiş, yedirmiş, böyütmüş atası, o qıza sahib çıxmış atası qızının tanımadığı, etibar etmədiyi bir gəncin şikarı olmasını istəmir. Burada təcrübəli atanın sözü daha önəmlidir, yoxsa şəhvətinə və xəyallarına aldanan qızın arzuları?! Bu suala cavabı mən insaf sahiblərinə tərk edirəm.

    Dördüncü: Oxucularda elə təəssürat oyadır ki, sanki məsum sevgiyə görə bir qızın əlindən tutduğuna görə insan cəhənnəmdə yanacaq. Bu, qətiyyən belə deyildir. Burada iki önəmli nöqtə vardır:

     1. İslamda şirk günahından başqa bütün günahlar Allahın istəyi altındadır, ona görə də biz heç bir günahkarın cəhənnəmdə yanacağına şahidlik etmirik, çünki Allahın onu bağışlaması mümkündür. Ona görə də alimlərimiz “haram” olan bir şeyin tərifini verərkən deyirlər: “Haram; edildikdə cəzalanmağa haqq qazandıran, tərk edildikdə isə savab qazandıran əməllərdir.” Cəzalanmağa layiq olmaq isə mütləq cəzalanmaq anlamına gəlmir. Allahu Təalə hər bir kəsin halına fərdi olaraq baxacaq və kim bağışlanmağa layiqdirsə bağışlanacaq. Bu, işin birinci tərəfi idi.

    2. İşin ikinci tərəfi isə budur ki, cəhənnəmdə yanan sadəcə olaraq sevdiyi qızın əlindən tutduğu üçün yanmır. O, aləmlərin Rəbbi olan Allahın əmrinə asi olduğu üçün yanır. Ən əsas olan budur. Məsum sevgidə oğlanın qızın əlini tutması bizim gözümüzdə xəfif görünə bilər, lakin bunu hər bir hüceyrimizi yaratmış, sevən qəlblərimizi döyündürən Allahın qadağasını çeynəmək kimi dəyərləndirsək eyni xəfifliyin olmadığını görəcəyik.

   Beşinci: Tutaq ki, biz gənc qızlar ilə gənc oğlanlar arasında sevgi azadlığına imkan vermişik. Tutaq ki, bir qız bir oğlanı sevir, oğlan da sevdiyini düşünür. (Halbuki oğlanın qızı sevməsi üçün qeyri-adi bir vəziyyətə ehtiyac yoxdur, oğlanlar qəşəng qızlara rahatlıqla vurulurlar.) Bu qız hardan bilsin ki, sevdiyi oğlan ondan yararlanmağa çalışan “qız ovçularından”, “kazanovalardan” deyildir?! Qızlar çox vaxtı oğlanın kim olduğunu iş işdən keçdikdən sonra bilirlər. Bu gün cəmiyyətimizdə oğlanlar tərəfindən aldanmış o qədər qız var ki, artıq bu, ictimai bir problemə çevrilib. Burada iki variant vardır:

    Birinci variant: Qız işi tezləşdirməli və özünü oğlana təslim etməlidir ki, oğlanın onun dadına baxdıqdan sonra onu tərk edib etməyəcəyini yoxlasın, çünki çox zaman oğlanlar istədiyinə nail olduqdan sonra, bir müddət qızdan faydalandıqdan sonra əvvəlki macəra eşqi ölür, qız onun üçün adiləşir. Bu zaman oğlan qızı həqiqi bir mənada sevib sevmədiyini öyrənir. Əgər əvvəlki kimi qıza qarşı saf hisləri varsa o zaman sevir, ya da tərəddüd edir, ya da ümumiyyətlə eyni zamanda başqa gözəl bir qızı görür və ona maraq göstərməyə başlayır.

    İkinci variant: Qız gizli görüşlərinə davam edərək işi uzatmalı və oğlanı tanımağa çalışmalıdır. Lakin bu işin maraqlı tərəfi budur ki, bu müddətdə oğlan qıza mükəmməl görsənmək üçün hər şeyi edəcək, romantik olacaq, gözəl davranacaq. Ona görə də bu halda oğlanı həqiqi sifəti ilə tanımaq çox çətindir. Bu, sadəcə qızların özlərini aldatmaqları kimi bir şeydir. Oğlanı həqiqi mənada yalnız qız özünü təslim etdikdən sonra tanıya bilər, o zaman oğlan artıq özünü qıza “marketinq” etmək üçün cəhdlərini dayandıracaq, çünki artıq qızın təslim olduğunu başa düşmüş halda olur.

    İslam da bütün bu reallıqları nəzərə alaraq sevgini qaydaya salıb, sevgini ölçüsündə tutub. İslam dini oğlanın qıza baxıb bəyənməyini təşviq edir, həmçinin qızın da elçi gələn oğlanı görmək haqqı və razılıq vermək və ya rədd etmək haqqı vardır. Üstəlik burada çox önəmli psixoloji bir nöqtə vardır. Sırf islami cəmiyyətdə qızların və oğlanları inkişafı bir-birilərindən təcrid edilmiş halda olur. İslam qız ilə oğlanın dost olması kimi absurd fikirləri qəbul etmir. Ona görə də oğlanlardan təcrid edilmiş və ömründə çox az sayda oğlan tanımış qız üçün hər hansı bir oğlan elçi gəldikdə onun oğlana vurulması və ondakı ən adi xüsusiyyətləri dəyərləndirməsi daha asandır, eləcə də oğlan yalnız oğlanların arasında böyüyərsə və ömründə çox az qızla tanış olarsa o zaman onun üçün cəmiyyətdə sevəcəyi, bəyənəcəyi qız tapmaq daha asan olacaq. Çünki qızlara xas olan xüsusiyyətlər bu halda hər bir oğlan üçün şirin və gözəl görünür. Amma müasir cəmiyyətlərdə uşaqlıqdan qızlarla bir yerdə oxumuş, onlarla bir yerdə böyümüş, bir yerdə gülmüş, bir yerdə ağlamış gənclərimiz qarşı cinsə xas olan xüsusiyyətlərə adi gözlə baxırlar. Artıq qızlara xas olan bir çox xüsusiyyət oğlanlar üçün adiləşdiyi üçün sevəcəyi bir qızı tapmaq üçün oğlan əlavə, daha dərin xüsusiyyətlər axtarmağa çalışır. Bu, üzərində düşünülməsi önəmli olan məsələlərdən biridir.

    Bütün bunlardan anlayırıq ki, iş heç də “məsum” hərəkətlərin qadağan olmasında deyildir. İslamda sevgi qadağan deyildir. Əslində sevgi insandan asılı olmayan bir hisdir və ona görə günah yazılmır. Tarixən sevgi haqqında əsərlər yazmış müsəlman alimlərimiz olub. İslam da sevgidə iki ürəyin bir-birinə qovuşması üçün qanuni yollar müəyyən edib. Bundan gözəl nə ola bilər axı?! Bəziləri kimi “əl tutmaq” naminə, “dəniz kənarında gəzmək” naminə müqəddəs nizamı pozmağa can atanlardan başqa heç kim bu nizamdakı faydaları, təhlükəsizliyi göz ardı edə bilməz.

İkinci sual:

“Yəni bu dəqiqə kimsə bir qızla puluna görə gedib kəbin kəsib evlənibsə və ona sevgisi olmadan sadəcə maddi marağa görə onun əlindən tutursa bu adam cəhənnəmdə yanmır. Amma iki bir-birini ürəkdən sevən gənc əl-ələ tuturlarsa bu zinadır.”

    Burada məntiqsizlik bu ikisini bir-biri ilə müqayisə etməkdədir. Yuxarıda bir insanın nə üçün və hansı halda cəhənnəmdə yanacağını izah etdik. İkincisi isə peyğəmbər – salləllahu aleyhi va səlləm – həmin hədisdə insanların bir qadınla evlənməklərinin dörd səbəbini zikr edir. Bir kişinin qadın ilə malına görə evlənməsini tərifləmir, təşviq eləmir, lakin qadağan da eləmir, çünki burada qadağan olunacaq bir tərəf yoxdur, nəticədə evlənib ailə qururlar. “Əl-ələ tutmağa” gəldikdə isə yenə də təkrar edirik ki, din “əl-ələ tutmağı” qadağan etmir, din atasının razılığı, izni olmadan qızının əlindən tutmasını qadağan edir. Qızı sevirsənsə o zaman elçi göndərəcəksən, atasının razılığını alacaqsan, şahidlər şahid olacaqlar və ondan sonra qızın əlindən tut. Din bunu sənə qadağan etmir. Din sadəcə olaraq bu cür “məsum” hərəkətlərin nəticəsində qızın istifadə edilmiş və atılmış hala düşməsinin qarşısını almaq üçün bunu qadağan edir və bu kimi hallarda işin məsuliyyətini artırır ki, aldatma halları az olsun. Çünki bir qızın bir oğlana nişanlandığı qohum-əqraba arasında yayıldıqdan sonra iş ciddiləşir və aldatma halları azalır. Burda başa düşülməyəcək heç bir şey yoxdur, məntiqsizliyin dində yox, kiminsə başında olduğunu görmək də çətin deyildir.



16-02-2017 07:37:22