Ana səhifə

Nəzir haqda


YazdırSend to friend
Sual Detayı: 
nəzirin növləri
Cavab: 

     X · NƏZİR və NƏZİRİN NÖVLƏRİ

    A · NƏZİRİN MAHİYYƏTİ

    Nəzir Allah-Təalaya ibadət etmək məqsədi ilə, mükəlləf (məsul) olmadığı halda, mübah olan bir işi etməyi qərarlaşdırmaq, bu işi özünə vacib etmək və bu mövzuda Allaha söz vermək deməkdir. Bu da bir şəxsin öz üzərinə deməklə bir şeyi vacib etməsindən irəli gəlməkdədir.Ərəb dilində bu kəlmənin cəm halı “nüzur” şəklindədir.

    Allah rizası üçün ibadət sayılan bəzi şeyləri nəzir etmək savabdır.

    “Allah rizası üçün sabah oruc tutacağıma, yoxsullara filan qədər pul verəcəyimə söz verirəm” ifadələri, nəzrin vacibliyini ifadə edir.

    Dünyalığa aid bir məqsəd üçün ediləcək nəzrlər məqbul deyildir. “Filan işim baş tutsa üç gün oruc tutacağam” və ya “kasıblara bu qədər pul paylayacağam” deyilməsi kimi. Bu şəkildə dünyəvi bir məqsədlə ediləcək bir ibadət və itaət uca bir məqsədə deyil, dünyalıq istəyinə əsaslanmış olur. Bu isə ibadətlərin təməlini təşkil edən ixlasla uyğun düşmür. Onsuz da belə bir nəzir qədəri dəyişdirməz. Qədərdə nə yazılmışsa o da meydana gələr.

    Dünyada bəzi nemətləri əldə etmək və ya sıxıntılardan yaxa qurtarma halında Allaha şükür etmək məqsədilə çoxlu ibadət və itaət, etmək daha uyğun olar.

    Bununla yanaşı aşağıda verəcəyimiz şərtlər daxilində ediləcək nəzirləri yerinə yetirmək vacibdir.

    Nəzir əvvəlki səmavi dinlərdə də mövcud olan bir ibadətdir. Qurani-Kərimdə Həzrət Məryəmdən bəhs edən qissədə nəzirlə əlaqəli məqam belədir:

“(Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): «Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!» -dediyini xatırla!” (Ali–İmran. 3/35.)

     Başqa bir ayədə də Həzrət Məryəmə belə xitab edilmişdir:

“...bir adam görsən, belə de: «Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!» (Məryəm, 19/96.)

    Başqa bir ayədə Allah-Təala belə buyurur:

Onlar, nəzirlərini versinlər” (Həcc, 22/29)

Ey iman edənlər! Etməyəcəyiniz bir işi nə üçün söyləyirsiniz?” (Səf,61/2)

    Hz. Peyğəmbər (s.ə.s) də nəzirlə əlaqəli olaraq belə buyurmuşdur:

“Kim Allaha itaət edəcəyini nəzir edərsə, itaət etsin, kim də Allaha üsyankar olacağını nəzir edərsə, Allaha üsyan etməsin." (Buxari, Eyman, 28, 31.)

B - NƏZİRİN ŞƏRTLƏRİ

    Nəzirin İslami hökmlərə görə qəbul olması üçün aşağıdakı şərtləri daşıması lazımlıdır.

    1. Nəzir edilən şeyin cinsindən bir fərz və ya vacibin olması lazımdır.Bir şəxsin “üç gün oruc tutum,” “on rükət namaz qılım” və ya “bir qurban kəsim” deyərək etdiyi nəziri yerinə yetirməsi lazımdır. Çünki bunların cinsindən fərz və ya vacib bir ibadət vardır. Ancaq, “xəstə ziyarət edim” və ya “mövlüd oxudum” deyərək ediləcək bir nəzrin yerinə yetirilməsi lazım olmaz. Çünki bunların cinsindən fərz və ya vacib yoxdur.

    2. Nəzir deyən kimsənin ağıllı və büluğ yaşına çatmış olması lazımdır. Uşağın və ya dəlinin nəzirinin yerinə yetirilməsi məcburi deyil.

    3. Nəzir edilən şeyin cinsindən olan fərz və ya vacib, başqa bir iba- dətə bağlı olaraq deyil, təkbaşına bir ibadət olmalıdır. Məsələn: “İki rü-  kət namaz qılım” deyilərək edilən nəzir səhih olduğu halda, “dəstəmaz alaram” və ya “tilavət səcdəsi edərəm” deyilərək ediləcək olan bir nəzir səhih olmaz. Çünki dəstəmaz və tilavət səcdəsi təkbaşına bir ibadət məqsədi ilə edilməz. Bunlar əsli ibadətlərə bir vəsilədir.

    4. Nəzir edilən şey o anda və ya gələcəkdə edilməsi lazım olan bir fərz və ya vacib ibadət olmamalıdır. “Səhər sübh namazını qılaram” və ya “vitr namazını qılaram”, yaxud zəngin bir kimsənin “bu il qurban bayramında qurban kəsərəm” deyilərək edilən nəzirlər səhih olmaz.

    5. Nəzir olunan şey Allaha və Peyğəmbərinə üsyan mahiyyətində bir şey olmamalıdır. Məsələn: “filan işim baş tutsa özümü Allah yolunda qurban edərəm” deyərək edilən nəzirlər səhih olmaz.

    Əsasən şəriətə uyğun olduğu halda, başqa bir səbəbdən ötrü qadağan edilmiş olan bir şeyi nəzir etmək məqbul sayılır. Məsələn: bir kimsə Ramazan bayramının birinci günündə və ya Qurban bayramının dörd günündə oruc tutmağı nəzir etsə, bu, keçərli olar. Ancaq o günlərdə oruc qadağan edildiyi üçün, oruc tutmayıb, sonradan qəza edər. Bununla yanaşı o günlərdə oruc tutsa, nəzirini yerinə yetirmiş olar.

    “Filan işim baş tutsa, Allah üçün oğlumu qurban kəsəcəyəm” deyilərək edilən nəzir, Əbu Yusif və İmam Şafeiyə görə məqbul olmaz. Çünki bu, caiz olmayan bir nəzirdir. Əbu Hənifə və İmam Muhəmmədə görə belə bir vəziyyətdə bir qoyun qurban edilməsi lazımdır. Çünki İbrahim (ə.s) oğlu İsmayılın əvəzinə belə bir qurban ilə əmr olunmuşdur.

    6. Nəzir edilən şeyin yerinə yetirilməsi, imkansız olan bir şey olmamalıdır. Məsələn; “Allah üçün dünənki günü oruc tutum” deyilərək nəzir edilərsə, heç nə etmək lazım gəlməz. Çünki bu ibadətin yerinə yetirilməsi imkansızdır.

    7. Nəzir edilən şey bir malın sədəqə olaraq verilməsi kimi bir şey olarsa, mal, nəzir edənin mülkündən, varından və dövlətindən çox olmamalı və ya bu mülk başqasına aid olmamalıdır. Çünki nəzir deyən kimsə ancaq əlində olduğu qədər sədəqə verə bilər. Başqasının malını sədəqə olaraq paylamaq da düzgün deyildir.

C - NƏZİRİN NÖVLƏRİ

    Ümumi olaraq nəzir iki qismə ayrılır: Şərtə bağlı olanlar və şərtə bağlı olmayanlar.

    1. Şərtə bağlı olan nəzirlər: (Müəlləq nəzirlər). Bu növ nəzirlər də öz içində iki qismə ayrılır.

    a.Həyata keçirilməsi istənilən bir şərtə bağlı olan nəzirlər. Məsələn: “Xəstəliyim sağalsa, bu qədər oruc tutacağam” və ya "Qurban kəsəcəyəm” deyilərək edilən nəzirlər şərtə bağlı olan nəzirlərdir. Əgər bu xəstəlik sağalmış olarsa nəziri yerinə yetirmək vacib olar. Ancaq haram olan bir yolla istənilən şəfa üçün nəzir edilməməlidir. Məsələn: “Ey filan baba! Sən xəstəmə şəfa versən və ya mənə uşaq versən, sənin bu türbən üçün filan qədər pul xərcləyəcəyəml” deyilərək ediləcək nəzir düzgün deyildir.

    b.Həyata keçməsi istənilməyən bir şərtə bağlı olan nəzirlər. Məsələn: Bir şəxs siqaret çəkməyi tərk etmək niyyəti ilə: “Əgər bundan sonra bir də siqaret çəksəm, bir ay oruc tutacağam.” deyərək nəzir etdikdən sonar yenə siqaret çəkərsə, oruc tutub-tutmamaqda sərbəst olar. Yəni istərsə bir ay oruc tutar, istərsə də and kəffarəsini yerinə yetirər.

Şərtə bağlı olan nəzir, bu şərt həyata keçmədikcə yerinə yetirilməz. Məsələn: “Oğlum əsgərlikdən gələndə üç gün oruc tutacağam” deyilərək edilən bir nəzir, hələ oğlu əsgərlikdən gəlmədən oruc tutulsa nəziri yerinə gəlmiş olmaz. Oğlu gəlidikdən sonra təkrar oruc tutması lazımdır.

    2. Şərtə bağlı olmayan nəzirlər:(Mütləq nəzir). Bu növ nəzirlər də öz içində iki yerə ayrılır.

    a. Müəyyən nəzir:Şərtə bağlı olmadan bəlli bir vaxtda edilməsi adanan nəzir müəyyən nəzirdir. “Bu ayın son günü oruc tutacağam” deyərək nəzir etmək kimi.

    Nəzir qurbanı üçün müəyyən bir vaxt müəyyənləşdirilmişsə, həmin vaxtda da kəsilməlidir. Belə bir vaxt müəyyən edilməmişsə münasib bir vaxtda kəsilə bilər. Ancaq nəzir qurbanının Ərəfə günü kəsilməsi, normal qurbanların da bir gün öncədən kəsilə biləcəyi kimi, insanların yanlış bir anlayışa düşməsinə yol açır. Buna görə də, nəzir qurbanı əgər digər qurbanlarla yanaşı kəsilərsə, qurban bayramı günlərində kəsilməsi yaxşı olar.

    İmam Züfərdənbaşqa Hənəfi fəqihlərinə görə, mütləq nəzirdə yer, vaxt, müəyyən qədər pul və kasıb kimsəni müəyyən etmək boş və keçərsizdir. Bunlara əməl etmək lazım deyil. Məsələn: "Cümə günü oruc tutacağam”, “Kəbədə filan qədər namaz qılacağam” deyərək edilən nəzirdə, bunun əksi olaraq, başqa bir gündə oruc tutsa və ya başqa bir məsciddə o qədər namaz qılsa,” nəzirini yerinə yetirmiş olar.

    Qısaca olaraq məkan, şəxs, zaman və buna bənzər məhdudlaşdırıcı şərtlər yerinə yetirilməsi çətin olduğu üçün bunlara əməl edilməsi lazım olmaz.

    b. Qeyri-müəyyən nəzir: Bu nəzirlər, hər hansı bir şərt və ya vaxt qeydi olmadan edilən mütləq nəzirlərdir. “Üç gün oruc tutacağam” deyərək edilən nəzir kimi.

    Hər hansı bir şərtə bağlı olmayan nəzirlərin də yerinə yetirilməsi lazımdır. Müəyyən bir gündə edilən nəzir, başqa bir gündə qəza edilə bilər.

   Əgər nəzir edilən şey qurban olarsa, qurbanın halal olan heyvanlardan seçilməsi lazımdır. Qoç, inək, dəvə və s. kimi. Toyuq, xoruz, dovşan, göyərçin və başqa heyvanlar qurban olaraq kəsilə bilmədiyi kimi, nəzrdə edilə bilməz.

    “Mənə oruc vacib olsun” deyə nəzir edən kəsin yalnız bir gün oruc tutması lazımdır. Miqdarını bildirmədən, “bir neçə gün oruc tutacağam” deyə adayan kəsin Əbu Hənifəyə görə on, Əbu Yusif və Imam Məhəmmədə görə yeddi gün oruc tutması lazımdır.

    Nəzir qurbanının ətini nəzir edən kəs, özü və ailəsi yeməməlidirlər.

    Bunu kasıblara paylaması lazımdır. Əgər yeyərlərsə, yediklərinin dəyərində kasıblara sədəqə verməlidirlər.

    Edilən bir nəzir və ya kəffarə yerinə yetirilməzsə, hakim tərəfindən məcbur edilməz. Çünki bunlar sırf dinlə əlaqəli məsələlər olub, məsul şəxsin sırf özünə aid bir borcdur. (Şürünbüləli, Məraqil – Fəlah, s. 117 vs.; Züheyli, e.a.ə., ll, 690 vd.; Bilmən, e.a.ə., s. 318 vs.)



29-06-2016 05:50:39

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz