Ana səhifə

Namaz vaxtları haqqında hökmlər nələrdir?


YazdırSend to friend
Sual Detayı: 
Namaz vaxtları haqqında hökmlər
Cavab: 

Rəbbimiz bizi bizdən daha yaxşı tanıyır. Bizə bəxş etdiyi nemətlərə qarşı şükür etməmiz, qul olduğumuzun fərqinə varmamız,  qəflətimizi dağıdıb və qüsurlarımız üçün əfv diləməmiz yaradılış qayəmizdir. İnsan başqa bir şey üçün deyil, Allaha ibadət üçün yaradılmışdır.[1] Buna görə Allah Təala günün iyirmi dörd saatının hamısını deyil, müəyyən hissəsini  Ona (Cəllə Cəlaluhu) qulluq üçün ayırmamızı istəmişdir.

İnsan bu dünyaya imtahan üçün göndərilmişdir. Əsl həyat Axirət həyatı olub, həqiqi nemətlər də axirət yurdunda veriləcəkdir. Müvəqqəti dünya həyatında  Allahın insanlara bəxş etdiyi ən dəyərli sərmayədir zaman-vaxtdır. Bu sərmayə ilə dünya həyatına aid imtahanın qazanılması yaxud itirilməsi mümkündür. Zamanı və ömür sərmayəsini bu istiqamətdə dəyərləndirmək ən ümdə məsələ olduğuna görə, qulluq həyatımızda ibadətlərin tacı olan namazların vaxtlı-vaxtında qılınması da son dərəcə önəmlidir.

Namazla insan Rəbbin hüzuruna gedir, sanki hesab vermək düşüncəsi ilə sahib olduğu nemətləri xatırlayır. İbadətlər insanı Allaha yaxınlaşdırır. İnsanın məqsədi Allahın rızasını, xoşnudluğunu qazanmaq, Ona yaxınlaşmaq, nemətlərinə qarşı şükür ortaya qoymaqdır. İnsan bu şəkildə ibadət edincə Allahın əzəmətinə, qüdrətinə, Onun sonsuz nemətlərinə heyranlığı artır və davam edir. Ondan uzaqlaşdıqda isə nəfsani duyğular yaxasını buraxmır. Allah Təala bu qəfləti ortadan qaldırmaq üçün Qurani- Kərimdə: “…Namaz möminlərə bəlli vaxtlarda fərz edilmişdir.”[2]– buyuraraq bizi təyin edilmiş vaxtlarda namaz qılmağa dəvət etmiş və etməkdədir.

Namaz deyildikdə ilk ağla gələnlər gündəlik qılınan beş vaxt fərz namazlar, bunların önündə və sonunda qılınan fərzə bağlı sünnət namazları, vitir, cuma və bayram namazlarıdır. Yuxarıda sadalananlarla yanaşı Düha, Əvvabin, Təhəccüd, Ramazan gecələrində qılınan Təraveh, Xüsuf və Küsuf və s. nafilə namazlar da vardır.

Fərz namazlar və onlara bağlı sünnətləri üçün, vitr namazı, təraveh namazı, cümə və bayram namazları için vaxt  şərtdir. Belə ki: fərz namazlar, səhər, günorta, ilkindi, axşam və yastıdır. Cümə namazı da günorta vaxtı qılınır.

Namazın şərtlərindən biri də vaxtdır. Namaz qılan hər bir şəxs bu namazların vaxtlarını bilməlidir, çünki Namazın səhih olması üçün vaxtında qılınması gərəklidir. Vaxtı girmədən qılınan namaz məqbul deyildir. Buna görə də vaxtı girdikdən sonra yenidən qılınmalıdır. Vaxtı içində qılınan namaz ədaedilmiş sayılır. Vaxt çıxmadan hər hansı bir xətaya görə namazın təkrar qılınmasına iadə deyilir. Vaxtı çıxdıqdan sonra qılınan fərz namaz əda deyil, qəzaedilmiş olur. Hər bir namaz gecikdirilmədən öz vaxtı içində qılınmalıdır. Namazın qəzası vaxtında əda etmənin yerini tutmur. Bir namazı üzrlü səbəb olmadan qəzaya saxlamaq Allah qatında ağır məsuliyyəti vardır.

Fərzlərdən öncə və sonra qılınan sünnət namazları, cümə və bayram namazları vaxtı çıxdıqdan sonra qəza edilməz.

Fərz namazların vaxtlarının dəlili

“Elə isə axşama yetişəndə, səhərə çıxanda  Allahı təqdis edib şəninə təriflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!) Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şəninə təriflər deyin! (İkindi və günorta namazlarını qılın!)”[3]  Nafi ibn Əzraq Rəsuli-Əkrəmin (s.ə.s) təfsir metodunu yaxşı bilən Abdullah ibn Abbas (r.a) tələbəsi olub. O nəql edir: “Mən ibn Abbasdan Qurani-Kərimdə beş vaxt namaz haqqında Allah Təala bir şey buyurubmu? − deyə soruşduqda mənə bu ayələri oxudu və ayələrdə keçən təqdis kəlməsinin namaz mənasına gəldiyini bildirərək beş vaxtın vurğulandığını dedi.”[4]

“Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!”[5]

“Gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam),  və gecənin bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxtnamaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihət, xatırlatmadır.”[6]

Ayədə ”gündüzə yaxın saatlar” mənasında “züləf” kəlməsi, “zülfə”-nin cəmidir. Ərəb dilində cəm ən az üçdür. Buradan da gecənin gündüzə yaxın olan saatları olaraq axşam, yastı və sübh namazlarına işarə var. Ayrıca gündüzün iki ucunda da iki vaxt ˗ günorta və ilkindi ˗ var.

“Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.”[7]

 “Namazları və xüsusi ilə orta namazı qoruyun və Allah qarşısında əl-pəncə divan durun.”[8] Ayədə “namazlara və ələlxüsus orta namaza davam edin” ayəsində “salavat” kəlməsi namazlar deməkdir. Yuxarıda da qeyd etdiyimiz kimi ərəbcədə cəm üçdən başlayır.”İki”-yə təsniyə deyilir və ”iki namaz” sözü “salateyn” şəklində söylənir. Ayədəki ”salavat” sözündən en az üç namaz anlaşılır. Ayrıca bir də “orta namaz” var. Çünki ərəb qrammatikasına görə ətf mətufun əleyhdən (üzərinə ətf ediləndən) ayrı sayılır. Bu səbəblə “orta namaz”, “namazlar” ifadəsinə daxil olmadığı kimi, ortanın hər iki yanında bərabər say olmalıdır. Yoxsa üç namazın arasında yer alacaq dördüncü bir namaza ”orta namaz” deyilməsi mümkün deyildir. O halda, ayədəki “salavat” kəlməsi, en az dörd namazı ifadə edər. Orta namaz da buna əlavə edildikdə beş vaxt namaz ortaya çıxır. Orta namazın ikindi namazı olduğu hədislərdə qeyd edilmişdir. Bunlardan başqa Nisa surəsi, 4/103; Nur, 24/36; Qaf surəsi 50/39-40; İnsan (Dəhr) surəsinin 76/25-26-cı ayələrində də namazın beş vaxt olduğuna işarə vardır.

“Cabir ibn Abdullahdan rəvayət edilir: “Cəbrayıl (ə.s.) , Rəsulullaha (s.ə.s.) gələrək: “Qalx namaz kıl” – demişdir. Allah Rəsulu (s.ə.s.) da günəş zavalda ikən günorta namazını qılmışdır. Sonra Cəbrayıl (ə.s.) ikindi vaxtında gələrək: “Qalx namaz kıl”- demişdir. Allah Rəsulu (s.ə.s.) da qalxıb ikindi namazını qılmışdır. Sonra axşam vaxtında gələrək: ” Qalx namaz kıl “-demiş, O da günəş batınca axşam namazını qılmışdır. Sonra yatsı vaxtinda gəlib: ” Qalx namaz kıl ” demiş və Allah Rəsulu (s.ə.s.) da aydınlıq gözdən itincə yatsı namazını qılmışdır. Sonra Cəbrayıl (ə.s.) sabah vaxtında gələrək: ” Qalx namaz kıl ” – demişdir. Allah Rəsulu (s.ə.s.) da sabah vaxtı ortalıq  aydınlandıqda səhər namazını qılmışdır. Sonra ertəsi gün günorta vaxtında gələrək: ” Qalx namaz kıl ” dedi. Allah Rəsulu (s.ə.s.) da qalxıb günorta namazını hər şeyin kölgəsi bir misli uzandığı zaman qıldı. Sonra ikindi vaktinde gəlib: ” Qalx namaz kıl ” dedi. O da ikindi namazını hər şeyin kölgəsi iki misli uzandığı zaman qıldı. Sonra axşamüstü aynı vaxtda gəldi və bir öncəki günün vaktinde qıldırdı. Sonra yatsı vaxtında gecənin yarısı keçdikdən sonra, yaxud gecənin üçdə biri keçdikdən sonra gəldi və Allah Rəsulu (s.ə.s.) yatsı namazını qıldı. Sonra səhər ortalıq yaxşıca aydınlandığı zaman gəldi və: ” Qalx namaz kıl ” dedi, O (s.ə.s) da sabah namazını qıldı. Sonra Cəbrayıl (ə.s.) belə dedi: Bu iki vaxtın arası səhər namazının vaktıdır.” Buxari bu rəvayətin namaz vaxtları haqqında ən səhih hədis olduğunu bildirmişdir.[9]

   Səhər namazı

Səhər namazının vaxtı, ikinci fəcrin başlamasından günəşin doğuşuna qədər davam edər. “Fəcr” dan yerinin ağarmasıdır. İkinci fəcr, səhərə yaxın şərq istiqamətində  üfüqdən yayılmaya başlayan aydınlıqdan ibarətdir. İkinci fəcrlə üfüqdə düz xətt üzrə bir başdan o biri başa uzanan, getdikcə də genişlənib yayılan aydınlıq əmələ gəlir. Bununla həqiqi səhər vaxtı başlamış olur. Ona görə də ikinci fəcrə “Fəcri-sadiq” deyilir. Bunun ziddi, birinci fəcirdir. Fəcri-sadiq başlamadan bir müddət əvvəl göy üzündə iki tərəfi qaranlıq düz xətt üzrə göyə doğru yüksələn bəyazlıq görülür. Meydana çıxdıqdan qısa bir müddət sonra yox olur və arxasından hər tərəfi qaranlıq örtür. Bundan sonra ikinci fəcr meydana gəlir. Birinci fəcrə, yalançı aydınlıq olduğundan və səhər namazının əsl vaxtı olmadığı üçün “Fəcri-kazib” (yalançı fəcir) deyilmişdir. Bu fəcr gecə hökmündədir. Fəcri-kazib ilə səhər namazının vaxtı daha girmədiyi üçün yatsı vaxtı davam etmiş sayılır. Həmin vaxtda, daha imsaq[10] başlamadığı üçün oruc tutan şəxs sahur yeməyinə davam edə bilər. Fəcri-sadiqin girməsi ilə imsaq vaxtı da başlamış olur.
Səhər namazını ortalıq aydınlandığı zaman qılmaq müstəhəbdir və daha fəzilətlidir. Buna “isfar” deyilir. Peyğəmbərimiz (s.ə.s) bu haqda belə buyurmuşdur: “Səhər namazını isfarda (ortalıq bir az aydınlanınca) qılın. Çünki səhər namazını isfarda qılmağın daha çox savabı vardır”[11].  İsfar: İkinci fəcrin aydınlığı tam meydana çıxıb gecənin qaranlığının söküldüyü zamandır ki, atıcı atılan oxun hara düşdüyünü görə bilir. Səhər namazını bu vaxta kimi gecikdirilə bilər. Vaxtın çıxmasına yaxın bir vaxta qədər də namazı yubatmaq doğru deyildir. Namaz ən gec qılınan səhər namazında namazı pozacaq bir hal baş verərsə, o namazı günəş doğmadan öncə sünnəti ilə birlikdə təkrar qıla biləcək bir zaman da qalmalıdır.

Qurban bayramının ilk günündə, Müzdəlifədə olan hacılar o günün səhər namazını fəcri-sadiq başladıqdan həmən sonra ortalıq ağarmadan,  daha qaranlıq ikən qılarlar.

Səhər namazını ilk vaxtında qılmağa “tağlis” deyilir. İmam Malik, İmam Şafei və İmam Əhmədə görə səhər namazını hər zaman tağlis ilə, yəni ilk vaxtında, girincə qılmaq daha fəzilətlidir.

Fəcri-sadiq, imsaq vaxtı başlayınca həmən namaz qılınmamalıdır. Namaz ilk vaxtında qılınacaqsa imsaq vaxtının başlamasından sonra təxminən 15-20 dəqiqə, yəni göy üzü qaranlıqdan maviliyə dönüşənə qədər  gözlənilməlidir.

Günorta namazı

Günorta namazının vaxtı, günəş zenit nöqtəsinə yüksəldikdən sonra qərbə doğru meyl etməsi ilə başlayır. Zaval günəşli havada hər şeyin kölgəsinin şərqə doru uzanmağa başlaması vaxtıdır. Səhər günəş doğunca yerə sancılan çubuğun üzərinə düşən şüalar qərb istiqamətinə doğru kölgə əmələ gətirir. Günəş yüksəldikcə kölgə qısalır, balacalaşır.  Ən son qısa müddətli də olsa durğunluq əmələ gəlir, kölgə olduğu kimi qalır. Bu dövrdə günəş zenit nöqtəsində olur. Vaxt keçincə bu səfər kölgə şərqə doğru meyl etməyə başlayar. Bu ana zaval deyilir. Günorta namazının vaxtı artıq girmiş olur.   Hər şeyin kölgəsi iki mislinə çıxdığı zamana qədər günorta namazının vaxtı davam edər. günortanın bu son vaxtına “əsri-sani” deyilir. Bu, İmam Əzəm Əbu Hənifəyə görədir. İmam Əbu Yusif və İmam Muhamməd ilə digər üç məzhəb imamına görə, hər şeyin kölgəsi, özünün bir mislinə çatınca günortanın vaxtı çıxmış və ikindi namazının vaxtı girmiş olur. Bu zamana da “asrı-əvvəl” deyilir. Bu ixtilafdan qurtulmaq üçün namaz əsri-saniyəyə qədər yubadılmamalıdır. İkindi namazını da mümkün olduğu qədər əsri-sanidə qılmalıdır.

Cuma namazının vaxtı, eyniylə günorta namazının vaxtıdır.

İstər təkbaşına olsun, istərsə də camaatla, isti yay günlərində günorta namazını vaxt girincə deyil, bir az gec qılmaq müstəhəbdir. Qış aylarında isə vaxt keçirmədən ilk vaxtında qılmaq müstəhəbdir.

Günəşin zenit nöqtəsində olduğu zaman kərahət vaxtı sayılır.  Bu vaxtda namaz qılmaq məkruhdur.

İlkindi Namazı

İkindi namazının vaxtı, yuxarıda qeyd edilən iki görüşü də nəzərə alarsaq günorta namazının vaxtının çıxması ilə başlayar, günəşin batmasına qədər davam edər. Bütün mövsümlərdə ikindi namazını günəşin rənginin dəyişməyəcəyi ana qədər gecikdirmək müstəhəbdir. Günəşin bu dəyişməsindən məqsəd, günəşin gözləri qamaşdırmayacaq bir hala gəlməsidir. Ancaq namazı bu vaxtdan sonraya buraxmaq məkruhdur. Günəş qurub edərkən əgər qılımamışsa ilkindi namazının fərzi qılına bilər. Kərahət vaxtına qədər ilkindi namazını qılmaq lazımdır. Namazı bu vaxta qoymaq məkruhdur.

Kərahət vaxtı nafilə və qəza namazı, tilavət səcdəsi və cənazə namazı qılmaq məkruhdur.

Axşam Namazı

Axşam namazının vaxtı, günəşin batmasından başlayıb şəfəqlərinin, qırmızılığın gözdən itməsinə qədər davam edən zamandır.  Şəfəq, İmam Əzəmə görə, axşamüstü  üfüqdəki qırmızılıqdan sonra meydana gələn bəyazlıqdır.[12] İmam Əbu Yusif ilə İmam Muhamməd və digər üç məzhəb imamına görə və İmam Əzəmdən bir digər rəvayətə görə şəfəq, üfüqdə meydana gələn qırmızılıqdır. Bu qırmızılıq gözdən itincə axşam namazının vaxtı çıxmış olur.

Axşam namazını ilk vaxtında, vaxt girincə qılmaq müstəhəbdir. Axşam namazının vaxtı dar olduğundan onu gecikdirməmək lazımdır. Yəni qırmızılığın gözdən itməsinə qədər saxlanılmamalıdır. Uqbə ibn Amirdən (r.a) rəvayət edilir: Allah Rəsulu (s.ə.s) belə buyurdu: “Axşam namazını ulduzlar bir-birinə qarışıb çoxalana kimi təxir etmədikcə ümmətim xeyir yaxud fitrət üzərindədir.”[13]

Yatsı Namazı

Yatsı namazının vaxtı, yuxarıda izah edilən iki görüşə görə, günəşin  şəfəqlərinin gözdən itməsi ilə  başlayıb ikinci fəcrin doğuşuna qədər davam edir. Fəcr-sadiq doğunca yatsı vaxtı qurtarmış olur.

Allah rəsulu yatsı namazının vaxtı haqqında belə buyurmuşdur: “Ümmətimə əziyyət vermiş olmasaydım, yatsı namazını gecənin üçdə birinə, yaxud yarısına qədər təxir etmələrini əmr edərdim.”[14] Yatsı namazını gecənin üçdə birinə qədər gecikdirmək müstəhəbdir. Gecənin yarısına qədər gecikdirilməsi isə mübahdır. İkinci fəcrin bir az öncəsinə qədər gecikdirmək, üzrlü bir səbəb olmadıqca, məkruhdur.

İxtilafdan qurtulmaq üçün, üfüqdəki bəyazlıq gözdən itənə qədər yatsı namazını qılınmamalıdır. Buludlu günlərdə, səhər, günorta, axşam namazları bir az gecikdirməli, ikindi və yatsı namazlarını da bir az erkən qılmalıdır ki, bu müstəhəbdir.

Vitir Namazı

Vitir namazının vaxtı, yatsı namazının da vaxtıdır. Ancaq vitr namazı tərtibə əsasən yatsı namazından sonra qılınır. Vitr vaxtının bu şəkildə olması İmam Əzəmə görədir. İki imama görə, vitrin vaxti, yatsı namazı qılınandan sonra başlar. Bu görüş ayrılığına görə də belə bir məsələ ortaya çıxır: Bir şəxs yatsı namazını qıldıqdan sonra paltarını deyişdirib başqa paltarla vitr namazını qılsa və öncəki paltarının təmiz olmadığı anlaşılsa, İmam Əzəmə görə yalnız yatsı namazını yenidən qılmaq, iadə etmək lazımdır. İki imama görə isə, hər iki namazı təkrar qılması lazımdır; çünki vitr namazı vaxtından əvvəl qılınmış sayılır.

Rəsulullah (s.ə.s) gecənin müxtəlif vaxtlarında vitr namazı qılmışdır. Bəzən gecənin ilk saatlarında  bəzən gecə yarısı, bəzən da gecənin sonuna doğru qılları. Sonraları vitr namazını davamlı səhərə yaxın vaxtlarda qılardı.[15] Vitr namazını gecənin sonuna qədər gecikdirməsi daha fəzilətlidir. “Gecə qıldığınız namazınızın sonuncusunu vitr olsun.”[16] –buyuraraq vitr namazını səhərə yaxın qılmağı tövsiyə etmişdir. Vitr namazının son vaxtı  səhər namazının girməsi ilə başa çatır. “Səhər namazı vaxtı girmədən vitri qılın.”[17] Ancaq gecə qalxacağından tərəddüd edən şəxs vitri yatmadan qabaq qılmalıdır. Bu haqda Allah Rəsulu (s.ə.s) belə buyurur: “Gecənin sonuna doğru qalxıb vitr namazını qılacağına gümanı olmayan şəxs vitr namazını gecənin əvvəlində qılsın. Gecənin sonunda qalxacağına əmin olan kimsə də vitr namazını gecənin sonunda qılsın. Çünki gecənin sonunda qılınan namaza mələklər də  qoşulduğundan vitri bu saatda qılmaq daha savabdır.” [18]

  Təraveh namazının vaxtı

Təraveh namazının vaxtı, əsas tərcih edilən görüşə görə, yatsı namazından sonradır, sabah namazının vaxtına qədər davam edər. Həm vitrdən öncə, həm də vitrdən sonra qılına bilər. Fəqət yatsı namazı qılınmadan teraveh namazı qılınmaz; qılınarsa təkrarlanması lazımdır.

Bayram namazları

Bayram namazlarının vaxtı, səhər günəş yüksəldikdən sonra kərahət vaxtı çıxmasından etibarən başlar və günəşin istiva (günəşin nöqtəsinə yüksəlişi) vaxtına qədər davam edər.

Ramazan bayramı namazı, bir üzr səbəbi ilə birinci günün istiva vaxtına qədər qılına bilməsə, ikinci günün istiva zamanına qədər qılına bilər. Ancaq üzrlü səbəb davam etsə belə, artıq üçüncü gün qılınmaz.

Qurban bayramı namazı isə, bir üzrdən ötrü birinci gün qılınmasa, ikinci gün qılınqr. İkinci gün də bir üzr səbəbi ilə qılınmasa üçüncü gün istiva vaxtına kimi qılınar. Bir məntiqli bir səbəb olmadan bayram namazlarını ikinci və üçüncü günə buraxmaq yaxşı hal hesab olunmur. Bayram namazlarını istiva anında və istivadan sonra qılmaq heç bir şəkildə caiz deyildir, bayram namazları qəza edilməzlər.

Vaxtla bağlı müxtəlif hökmlər

Namaz vaxtının çıxmasına zaman var zənn edərək sünnət namaza başlamış olan şəxs, iki rükət qıldıqdan sonra fərzin qaçıracağına qorxarsa, başlamış olduğu namazı tərk etməz. İkinci rükətin sonunda təşəhhüdə oturub təhiyyatı oxuduqdan sonra salam verər. Üçüncü rükətdə isə, dördüncü rükəti də tamamlayar, sonra salam verər. Çünki başlanmış olan namazın tamamlanması lazımdır.

Qütblərdə və qürbə yaxın yerlərdə namaz vaxtları

Vaxt, namazın şərti olduğu kimi, mükəlləfin üzərinə vacib olmasının da səbəbidir. Bu baxımdan, bir yerdə namaz vaxtlarından biri və ya ikisi formalaşmazsa, o vaxtlara aid olan namazlar, o yerin əhalisi üçün fərz olmaz. Bəzi bölgələrdə ilin müəyyən mövsümlərində şəfəq gözdən itmədən fəcr doğaraq səhər vaxtı girir. Bu kimi yerlərdə yatsı namazı düşmüş olur; çünki yatsının vaxtı formalaşmamışdır. Dəstəmaz üzvlərindən birini və ya ikisini itirən şəxs üçün bu üzvlərini yumaq məcburiyyətinin qalmaması kimidir. Fətva bu şəkildə verilmişdir. Bununla bərabər bəzi fiqh alimlərinə görə, bu kimi yerlərdə yaşayan müsəlmanlar da, beş Vaxt namaz qılmaqla mükəlləfdirlər. Yaşadıqları yerdə bu namazlardan hər hansı birinin vaxtı formalaşmasa, o namazı qəza şəklində qılarlar. Və ya beş vaxtın formalaşdığı və onlara yaxın ərazilərin vaxtlarına görə, o namaz üçün vaxt təyin edərək namazı yerinə yetirməyə çalışarlar. Həqiqət budur ki, vaxt namazın şərtidir, qılınmasının önəmli səbəbi və əlamətidir. Fəqət namazın əsil məqsədi Allahın bir əmri olması və İlahi nizamın ard-arda davam edib getməsidir. Bu prizmadan baxıldıqda bütün müsəlmanlar, beş vaxt namazı qılmaqla məsuldurlar. Buna görə də əsasən vaxtın formalaşmadığı bölgələrdə yaşayan müsəlmanlar bir şəkildə uyğunlaşdıraraq beş vaxt namazlarını qılmalıdırlar. İmam Şafeinin ictihadı da bu şəkildədir. Zatən ehtiyata uyğun olan da budur.
Bu məqalə Ömər Nəsuhi Bilmənin “Böyük İslam elmihalı” kitabına əsasən hazırlanmışdır.

[1] Zariyat surəsi , 56

[2] Nisa, 4/103

[3] Rum surəsi, 17-18

[4] Qurtubi,Əl-Camiu li-Əhkamul-Quran, 14/14.

[5] Taha surəsi, 130

[6] Hud surəsi, 114

[7] İsra surəsi, 17/78

[8] Bəqərə surəsi, 238

[9] Neylul-Əvtar, 1,300

[10]  İmsaq: lüğət mənası tutmaq deməkdir. Oruc tutan şəxs yeyib-içməyi dayandırdığı üçün bu şəkildə adlandırılmışdır.

[11] Tirmizi, Salat, 117

[12] Bu bəyazlıqdan sonra, davamlı olan qaranlıq ortaya çıxar. İki şəfəq arasından (qırmızı və bayaz) üç dərəcəlik fərq vardır. Bir dərəcə 4 dəqiqədir. Dolayısilə iki şəfəq arası 12 dəqiqədir. (https://fikihdersleri.wordpress.com/tag/istiva/)

[13] Əhməd ibn Hənbəl, Əbu Davud və Hakim Mustədrək Neylul-Əvtar, II, 3

[14] Buxari, Cum’a, 8; Savm, 27; Təmənni, 9; Muslim, Təharət, 42; Əbu Davud, Təharət, 25,; Tirmizi, Təharət, 18

[15] Buxari  Vitr 2; Müslim  Müsafirin 136

[16] Buxari  Salat 84  Vitr 4; Müslim  Müsâfirin 151

[17] Müslim  Müsafirin 160, 161

[18] Müslim  Müsafirin 162,163


 



20-05-2018 01:58:01

Düğüme özel