Ana səhifə

Namazda əllərin bağlanmasının ən səhih forması hansıdır?


YazdırSend to friend
Sual Detayı: 
Salam aleykum. Namazda əlin bağlanmasının ən səhih forması hansıdır? 4 Haqq məzhəbdən hansındakı bağlanış şəkli ən səhihidir?? Allah razı olsun..
Cavab: 

           Və aleykumussalam

Əlləri sinə üstündə bağlamaq barədə gələn hədislərin əlləri köbək altında bağlamaq haqqında gələn hədislərdən daha güclüdür deyənlər öz xəyallarında qurduqlarını elm adına satanlardır. Bu barədə gələn hədisləri konkret olaraq təyin edib bu ondan daha güclüdür demək mümkün deyil. Çünki bu ictihada bağlı bir işdir. Bu kimi məsələlərdə qəti söz deyərək məsələni bir dəfəlik həll edən mövqeyi sərgiləyib, ikinci tərəfi heç cür qəbul etməyənlər təəssübkeşlik və inadkarlıqdan başqa bir işlə məşğul deyildirlər.  Allah hər birimizi özünün doğru yolunda sabitqədəm eyləsin

Namazda əllərin bağlanması sünnədir. Bu baxımdan əllər yana salınaraq qılınan namaz etibarlıdır.

Əhli-sünnə məzhəblərindən Hənəfi, Şafii Hənbəli məzhəbinə görə namazda əllərin bağlanması sünnədir. Maliki məzhəbinə görə isə əllərin yana salınması sünnədir. Cəfərilərə görə də əllər yana salınaraq namaz qılınar.

Malikilər xaricindəki cumhura görə; təkbirdən sonra, namaz qılan adamın sağ əlini sol əli və biləyi üzərinə qoyması sünnədir. Çünki Vail b. Hucr'dan rəvayət edildiyinə görə, özü Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'in, namaza girincə əllərini qaldırdığını və təkbir aldığını, sonra paltarına bürünərək sağ əlini sol əli, biləyi üzərinə qoyduğunu gördüyünü nəql etmişdir. (Bu hədisi Əhməd, Müslim, Əbu Dâvud və Nəsai rəvayət etmişlər. Ləfz Nəsaî'nindir.)

Kabisa b. Hulb'ün atasından rəvayət etdiyinə görə belə demişdir:

"Rəsulullah (s.ə.s.) bizə imam olardı, namazda sol əlini sağ əliylə tutardı." (Bu hədisi Tirmizi rəvayət etmiş olub həsəndir, demişdir.)

Səhl b. Saad (r.a.) belə rəvayət etmişdir:

"İnsanlar sağ əllərini namaz qılarkən sol qolları üzərinə qoymaqla əmr olundular." (Bu hədisi Buxari rəvayət etmişdir.)

İbni Məsud`dan da belə rəvayət edilmişdir:

"Hz. Peyğəmbər (s.ə.s.) birinə uğramış, o da sol əlini sağ əli üzərinə qoymuş olaraq namaz qılırdı. Adamın sağ əlini alıb sol əli üzərinə qoydu." (Bu hədisi Əbu Dâvud rəvayət etmişdir.)

Hənbəlilər ilə Şafiilərə görə, əlləri bağlamanın şəkli belədir: Sağ əl sol əlin biləyi üzərinə, yaxud ona yaxın bir yerə qoyulur. Bunun dayandığı dəlil daha əvvəl də keçmiş olan İbni Həcərin hədisidir. Bilirik ki bilək, qolun baş barmağı təqib edən oynaq tərəfidir. Lakin Hənəfiyə görə, sağ əlin iç qisimi, sol əlin üst qisimi üzərinə qoyular. Bu vəziyyətdə baş barmaq ilə kiçik barmaq bilək üzərində halqa edilər. Qadınlara gəlincə iki əlini sinəsi üzərinə halqa etmədən qoyarlar. Çünki bu vəziyyət qadınların təsəttürləri ilə uyğunluq, ahəng təşkil edir.

Hənəfilər ilə Hənbəlilərə görə isə, namaz qılan adam iki əlini göbəyin altına qoyar. Çünki Hz. Ali'dan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir:

"Sağ əlin sol əl üzərinə göbəyin altına qoyulması sünnədəndir." (Bu hədisi Əhməd ilə Əbu Dâvud rəvayət etmişlər.)

Bundan nəzərdə tutulan Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'in sünnəsidir.

Şafiilərdə müstəhəb olan, iki əlin sola meylli olaraq, qadınlarda sinə üzərinə və kişilərdə göbəyin üstünə qoyulmasıdır. Çünki insanın ürəyi soldadır. Bu səbəbdən əllər ən şərəfli üzv üzərinə qoyulmuş olar. Bunun bir dəlili da daha əvvəl keçmiş olan Vail b. Hucr'un hədisidir: "Rəsulullah (s.ə.s.) 'ın namaz qılarkən iki əllərindən birini digəri üzərinə qoyduğunu gördüm." Bunu Ibni Hüzeymə`dən rəvayət edilən başqa bir hədis də təsdiqləyir.

Malikilərə görə, namazda iki əlin vüqarlı bir şəkildə yanlara salınması məndupdur. Qüvvətlə buraxılması deyil. Əllər ön tərəfdən buraxılmaz. Çünki bu vəziyyət hüzurlu olmağa ziddir. Nafilə namazlarda əllərin sinə üzərində bağlanması və tutulması caizdir. Çünki bu namazlarda zərurətsiz olaraq bir yerə söykənmək caizdir. Lakin fərz namazlarda tutunmaq məkruhdur. Çünki bu vəziyyət bir yerə söykənmək kimidir. Bunu bir yerə söykənmək üçün deyil də sünnə olduğu üçün edərsə məkruh deyil. Bunun kimi hər hansı bir şeyi qəsd etmədən edərsə yenə məkruh deyil.

Mənə görə doğru olan görüş cumhurun ​​görüşüdür. Bu da sağ əlin sol əl üzərinə qoyulmasıdır. Sünnə olmayan işlərlə mübarizə aparmaq üçün Maliki məzhəbinin təsbit etmiş olduğu gerçəklə də birləşməkdədir. Bu da bir yerə dayanmaqdır. Yaxud fasid və xarab bir inancla mübarizə aparmaq üçün təsbit etdiyi xüsusa ziddir. Bu da xalqdan bəzilərinin bu vəziyyətin vacib olduğunu zənn etməsidir.

Əllərin hara qoyulması barədə rəvayətlər fərqlıdır. İmam Əhmədin göbəyinin altına qoyduğu rəvayət edilir. Bu həmçinin Əli, Əbu Hureyrə, Əbu Miçləz (Allah hamısından razı olsun), ən-Nəxəi, əs-Sevri və İshaqdan rəvayət edilmişdir... (İbn Qudamənin Müğni kitabı. 2-ci cild, 141-ci səhifə, 145-ci məsələ, 1998-ci il ər-Riyad. "Daru Aləmu-l-Kitab" nəşriyyatı)

Heç şübhəsiz bu kimi mənbələrin sayını artırmaq da olar, amma oxucuları yormamaq üçü bununla kifayətlənirəm.

Dörd böyük məzhəb alimindən ikisi Əbu Hənifə və İmam Əhməd əllərin göbəyin altına qoyulmasına, İmam Malik isə ümumiyyətlə əllərin sünnət niyyəti ilə bağlanmayacağına fətva vermişdir. Yalnız İmam Şafeyi əllərin azacıq sol tərəfə meylli, sinənin üstünə qoyulacağını bildirir. Ədalət adına qeyd edəcəm ki, İmam Əhməddən əllərin sinənin üstünə qoyulması barədə fətva rəvayət edilsə də yuxarıda da göründüyü kimi, məzhəbinin alimləri əsas görüş olaraq göbəyin altında olan fətvasını qəbul etmişdirlər. Bu halda bəzilərinin təbirinicə bu iki imam da elmsiz fətva vermiş olumurmu? Hələ İmam Maliki heç demə. Sadaladığınız mühəddislərin hamısının ustadı olan Hicrət evinin İmamı Malik ibn Ənəsin "Əlləri sünnət niyyəti ilə bağlamaq məkruhdur" fətvasına nə ad verəcəyik. O da elmsiz idi?

Tabiun`un (Peyğəmbərimizi görməyib,səhabələri görən nəsil)  70%-i namazda əllərini göbək altında bağlamışdır.

İmamı Azam Əbu Hənifə (Allah ona rəhmət eyləsin) və əshabına görə qəbul edilən görüş, sünnə olan, əlləri göbəy altında bağlamaqdır. İbni Əbi Şeybənin Müsənnəfində sahih sənədlə rivayət edilən bir hədisi şərifdə, Vail bin Həcər (Allah ondan razı olsun) Nəbi sallallahu aleyhi və səlləm-i namazda sağ əlini sol əli üzərində göbəy altında bağladığını gördüm, demişdir. Yenə Əbu Davudda, Əhməd ibn Hənbəlin müsnədində, daraqutnidə 3 sənədlə, Beyhaqidə 2 sənədlə, İbni Radda müsnədində, İbni Rəzin öz kitabında, İbni Əbi Şeybə müsənnəfində, və başkalarınında rivayətinə görə, namazda sünnət olan, sağ əlin içini sol əlin üzərinə qoyub göbəyin altında bağlamaqdır.

İbni Teymiyyənin tələbələrindən ibni Qayyum əl Cəvzi özünün “Bədaiul Fəvaid” adlı kitabında, namazda əlləri göbəyin altında bağlamaq ən səhih sünnədir demişdir. Və Hz Ali`dən (Allah ondan razı olsun) bu haqda gələn rivayətin sahih olduğunu söyləmişdir. İmamı Cəssas “Əhkamul Qur`an” adlı kitabında da Hz. Alidən gələn hədisi qəbul etmişdir.

Bu kimi çoxdan həll edilmiş xırda məsələləri böyüdüb ziddiyyətə çevirməklə məşğul olmaqdansa, daha faydalı bir məşğuliyyət tapsaq Allaha da, bəndəsinə də xoş gedər. Müvəffəq edən Allahdır.

(bax. Vehbe Zuhayli, İslam Fiqhi)



21-05-2014 08:10:57