Ana səhifə

Qur`anın, aciz insana qarşı şiddətli şikayətləri, qorxutmaları və böyük təhdidlərinin hikməti nədir?


YazdırSend to friend
Sual Detayı: 
Qur`anı-Hakimdə zəlalət əhlinə qarşı böyük şikayətləri və çox şiddətli təhdidləri, ağlın zahirinə görə, ədalətli və münasibətli bəlağatına və üslubundakı etidallığına və istiqamətinə münasib düşmür. Sanki aciz bir adama qarşı, orduları toplayır. Və onun cüzi bir hərəkəti üçün, minlər cinayət etmiş kimi təhdid edir. Və müflis və mülkdə heç hissəsi olmadığı halda, təcavüzkar bir şərik kimi mövqe verib ondan şikayət edir. Bunun sirri və hikməti nədir?
Cavab: 

İnsan acizdir, gözlə görülə bilməyən bir mikroba məğlub olacaq qədər və insan fəqirdir, əlindəki sərmayəsi isə yalnız cüzi bir ixtiyar və zəif bir iradə. Halbuki ehtiyacları və arzuları sonsuzluğa qədər uzanır. Belə aciz, zəif və fəqir olan insana qarşı, Qur`anın şiddətli şikayətləri, böyük təhdidləri və müdhiş qorxutmalarının hikməti nədir.

Şeytanlar və şeytanlara tabe olanlar, zəlaləti özlərinə yol seçdikləri üçün, kiçik bir hərəkətlə çox təxribat edə bilərlər. Və çox məxluqatın hüququna, az bir hərəkət ilə çox xəsarət verirlər.

Necə ki, bir sultanın böyük bir ticarət gəmisində, bir adam az bir hərəkətlə, bəlkə kiçik bir vəzifəni tərk etməklə, o gəmiylə əlaqədar bütün vəzifədarların çalışmalarının səmərəsinin və əməllərinin nəticələrinin məhvinə və ləğvinə səbəb olduğu üçün, o gəminin Sahibi, o asidən, o gəmiylə əlaqədar olan bütün rəiyyətinin hesabına böyük şikayətlər edib, dəhşətli təhdid edər. Və onun o cüzi hərəkətini deyil, bəlkə o hərəkətin dəhşətli nəticələrini nəzərə alaraq və özü üçün deyil, bəlkə rəyyətini hüququ adına dəhşətli bir cəza verər.

Təmsillər uzaqdakı həqiqətləri ağlın gözünə yaxınlaşdıran durbin olduğu üçün biz də bunu iki təmsil ilə aydınlaşdıraq.

Birinci təmsil:

Məsələn, içində nəhayətsiz meyvələr və çiçəklər olan bir bağ təsəvvür edək. O bağa baxmaq üçün bir çox xidmətçi təyin edilmişdir. Hər birinin fərqli vəzifələri var. Bir xidmətçinin vəzifəsi isə, sadəcə o bağa yayılacaq və içiləcək suyun kanalındakı dəliyin qapağını açmaqdır. Qapağı açmalıdır ki, oradan axan su ilə bitkilər, ağaclar və bağın digər sakinləri sulansın. Yoxsa hamısı susuzluqdan öləcəkdir.

İndi bu xidmətçi tənbəllik etsə və dəliyin qapağını açmasa, o bağ da qurusa, görəsən belə bir vəziyyətdə, o bağın digər bütün xidmətçilərinin bu axmaqdan şikayətə haqları yoxdurmu? Əlbəttə, vardır. Çünki suyu açmamaqla bağı qurutdu, digər xidmətçilərin xidmətlərini və bütün işlərini nəticəsiz qoydu, heç elədi. Və zərər verdi.

 İkinci təmsil:

Məsələn, padşaha aid böyük bir gəmidə, yüzlərlə adam çalışır. Hər birinin fərqli vəzifələri vardır. Bir adamın vəzifəsi isə sadəcə sükanı döndərməkdir. İndi o sükançı adam, görünüşü kiçik ancaq nəticəsi çox böyük olan bu vəzifəni tərk etsə və gəmi bir qayaya çarparaq aşsa, ya da quruya çıxsa, gəmidəki bütün digər vəzifədarların xidmətlərinin nəticələrinə zərər verdiyindən hətta məhv etdiyindən, bütün o vəzifədar-lar adına, gəmi sahibi ondan şikayət etsə, qusar sahibi sükançı deyə bilərmi ki; "Mən adi, bəsit bir adamam, əhəmiyyətsiz ehmalıma görə bu şiddətli töhmətə layiq deyiləm". Əlbəttə, deyə bilməz. Çünki o adam vəzifəsini etməməklə gəminin digər işçilərinin hüquqlarını zay etdi. Tək bir laqeydliyi, ehmalı ilə həddsiz zərərləri nəticə verdi.

Məhz dünya, təmsildəki şəhanə bağ və böyük bir gəmi hökmündədir. Küfr və zəlalət, azğınlıq və üsyan isə; Başqasının hüququnu çeynəyən böyük bir cinayətdir.

Çünki bunların əsası və mayası inkardır və rəddir , tərkdir və qəbul etməkdir. Bu səbəbdən digər varlıqların əməllərinin nəticələrinə zərər verdiyi kimi, ilahi adların, gözəl təzahürlərinə də pərdə çəkər. Məxluqatın qiymətlərini mindən birə salar. Onların vəzifələrini inkar edər, təsbihlərini mənasızlıqla ittiham edər.

 Məsələn, günəş, Allahın adlarına bir aynadır.

 Varlığı ilə Allahın Xaliq, Mücid adlarına,

 İşığı ilə Allahın Nur adına,

 Böyüklüyü ilə Allahın Azim, Kəbir, Mutəkəbbir, Ali, Aziz kimi adlarına,

 İşığı və istiliyi Allahın Rahim, Kərim, Rahman adlarına və bunlar kimi hər halı ilə, Allahın digər ad və sifətlərinə ayna olmaq vəzifəsilə məmurdur.

Halbuki inkar və qəflət ilə Allahı tanımayanlar, günəşin, Allahın adlarına etdiyi bu ayinədarlıq vəzifəsini inkar ilə rədd edirlər.

Əlbəttə, günəş, onu vəzifəsizliklə və mənasızlıqla ittiham edib, başıboş və sərsəri zənn edən kafirə qarşı iddiaçı olacaqdır. Sultanı olan Allaha, onu şikayət edəcəkdir.

Həm "Əsər qiymətini, sənətkarından alır" qaydasıyla, günəş, Allahın sənəti olmaq cəhətilə qiymət qazanıb, dəyərli bir əsər hökmündə ikən, inkar gözü ilə adi və qiymətsiz bir alov topu dərəcəsinə düşər. Əlbəttə, dərəcəsini mindən birə salan kafirə qarşı şikayəti yenə haqq və ədalətdir.

Həm günəş Allahı min bir adı ilə təsbih və zikr edərkən, inkar, onun zikrini rədd etməklə onu vəzifəsizliklə ittiham edir.

 Əlbəttə, günəş və digər bütün varlıqlar özlərinə edilən bu təcavüzdən dolayı, kafiri, sultanları olan Allaha şikayət edəcəklər.

 Və əlbəttə ki, Allah, məxluqatının hüququnu qorumaq və mühafizə etmək üçün kafiri şiddətlə qorxudub, təkrar və təkrar təhdid edəcəkdir və etməsi hikmətin və ədalətin ta özüdür.

 Və o asi bəşər, şiddətli təhdidlərə əlbəttə, layiqdir və dəhşətli qorxutmalara layiqdir.

Məlumdur ki, belə az bir hərəkətlə çox təxribat görən dəhşətli düşmənlərə qarşı olduqca mətin bir qalaya sığınmayan, çox pərişan olur. Məhz, ey əhli iman, o polad və səmavi qala, Qurandır. İçinə gir, qurtul.

 

(Məqalənin hazırlanmasında  Risalə-i Nur Külliyatında On Üçüncü Ləm'adan istifadə olunmuşdur)



22-10-2017 08:14:23