Ana səhifə

Səfərdə olarkən namazları qısaltmaq olarmı?


YazdırSend to friend
Sual Detayı: 
essalaum eleykum ve rehmetullah,ehli sunne menzebinde seyahete geden zaman namazlar nece qilinir??ruketleri azaldilir??yoxsa evde evvel nece ruket qilirdinsa onda da hele qilirsan
Cavab: 

Səyahət, səyahətə çıxma; səfər məsafəsinə səyahət etmə. Bir fiqh termini olaraq səfər, müəyyən bir məsafəyə getməkdir. Bu məsafə isə orta yerişlə üç günlük, yəni on səkkiz saatlıq bir uzaqlıqdan ibarətdir. Buna üç mərhələlik məsafə də deyilir.

Nə vaxt səfəri olunacağı mövzusunda iki ayrı görüş vardır:

1. Məsafəni əsas götürənlər. Bu anlayışa görə 90 km qədər bir səyahətə çıxılsa səfəri sayılacağından namazlarını qısalda bilər.

2. Zamanı əsas götürənlər. Bunlara görə 3 gün səyahət etmək adamı səfəri edər. Yalnız bu vəziyyətdə namazlarını qısaldır, yoxsa qısaltamazlar.

    Bir şəxsin hər hansı bir səbəblə daimi yaşadığı yerdən başqa bir yerə getməsinə  və ya getmək üçün yola çıxmasına ərəbcə “səfər”, yola çıxmış adama da “səfəri” deyilir. Dilimizdə yolçu və yolçuluq kəlmələrini bu mənalarda istifadə olunur.

  Səfər ümumiyyətlə məşəqqət və əziyyətli olduğu üçün səfərdə olan şəxslərə namaz, oruc kimi ibadətlərdə bəzi müəyyən rüsxətlər verilmişdir. Məsələn, ramazan ayında səfərdə olan şəxslər orucu başqa vaxta tuta bilərlər. 

“(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.” [Bəqərə, 2/ 184]

    Bir gün bir gecə olan məst üstünə məsh çəkmə müddəti yolçuluqda üç gün üç gecəyədək uzadılmışdır. Saffan ibn Assal (r.a) belə rəvayət edir:

“Rəsulullah (s.ə.s) səfərdə ikən bizə məstlərimizi üç gün üç gecə çıxarmamağa icazə verdi.” [Müslim, Təharət, 24;Nəsəi, Təharət, 99;  İbn Mace, Təharət, 86]

     Bundan başqa səfərdə olan şəxslər dörd rükətli fərz namazları iki rükət qılmasına rüsxət verilmişdir. Buna “qasrus-səlat(namazların qısaldılması) deyilir. 

Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər verməsindən qorxsanız, namazı qısaltmaqda (dörd rükətli namazı iki rükət qılmaq) sizə günah yoxdur”. (“Nisa” surəsi, 4/101)

   İbn Abbasdan (r.a) belə rəvayət olunur:

Əziz və Cəlil olan Allah Peyğəmbərin (s.ə.v) dili ilə namazları dörd rükət, yolçuluqda iki, qorxu namazında isə bir rükət olaraq fərz buyurdu. [İbn Macə, İqamətus-salət: 73; Əbu Davud, Salət,287 Nəsəi, Təqsirus-salət, 1]

     Abdullah ibn Ömərdən (r.a) nəql edilən bir rəvayətdə belə buyrulur:

“Rəsulullah (s.ə.s.) ilə birlikdə (bir çox) yolçuluqda iştirak etdim. İki rükətdən artıq namaz qılmadı. Əbu Bəkirlə birlikdə oldum, o da –vəfat edənə qədər- iki rükətdən çox qılmadı. Ömər və Osmanla da bərabər oldum; onlar da eyni şəkildə hərəkət etdilər [Nəsəi, Taqsirus-salət, 5; İbn Macə, İqamətus-salət, 75]”.

      Yalə ibn Ümeyyə belə rəvayət edir: 

      Ömər ibn Xəttaba (r.a), “Əziz və Cəlil olan Allah sadəcə Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər verməsindən qorxsanız” dediyini və (bu gün) bu (qorxu) da qalmadığı halda insanların (yolçuluqda) namazı qısaltma­larına necə baxırsan ?” deyə soruşdum. Hz.Ömər (r.a.) dedi ki: Sənin heyrət etdiyin şeyə mən də heyrət etdim və bunu Rəsulullahdan (s.ə.s) soruşdum. Bu, Əzız və Cəlil olan Allahın sizə verdiyi bir sədəqədir. Onun sədəqəsini alın-buyurdu [Müslim, Müsafirin 4; Tİrmizi, Təfsiru surə 4; Nəsəi, Təqsirus-salət, 1; İbn Macə, İqamə,73; Darimi, Salət 179; Əhməd ibn Hənbəl, I/25, 36].

     Peyğəmbərimiz (s.ə.s) yolçuluqda 4 rükətli namazları həmişə 2 rükət olaraq qıldığına və  “Mənim namazı necə qıldığımızı görürsəniz siz də elə qılın” [Buxari, Əzan, 18dediyinə görə bizim də bu şəkildə qılmamız gərəkir. Sahəbənin ortaq rəyi:

Rəsulullah (s.ə.s) iki şey arasında seçim sərbəstliyi olduqda haram ol­madığı müddətcə-mütləq asan olanını tərcih edərdi[Buxari, Mənaqib 27, Hüdud, 10;  Fədail, 77-78; Əbu Davud, Ədəb 4]

     Hz. Ömər, Hz.Əli, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Abdullah ibn Ömər və Cabir (r.anhum) və Hənəfi məzhəbi alimlərinin görüşünə görə səfərdə ikən namazlar qısaldılmalıdır. Hz. Osman, Sad ibn Əbi Vəqqas, Aişə (r.anhum),  Həsən əl-Bəsri, Əhməd ibn Hənbəl, Süfyan ibn Səvri, İmam Şafeiyə görə isə  yolçu sərbəstdir, istəsə, dörd rükətli namazları qısaltmadan da qıla bilər. Ayədə keçən “… namazı qısaltmaqda sizə günah yoxdur” [Nisa surəsi, 4/101] sözü tövsiyə xarakterli olub, seçim yolçunun ixtiyarına buraxılmışdır. Hz.Aişədən (r.anhə) belə rəvayət olunur: Rəsulullah (s.ə.s) ilə birlikdə ümrə üçün Mədinədən Məkkəyə getdik. Məkkəyə çatınca: “Anam-atam Sənə fəda olsun Ey Allahın Rəsulu! Sən namazları qısaltdın, iki rükət qıldın, mən isə dörd qıldım. Sən iftar etdin (yəni orucunu pozdun və ya tutmadın), mən isə oruc tutdum”-dedim. Peyğəmbər (s.ə.s) bu davranışıma görə məni qınamadı və mənə yaxşı etmisən dedi.” [ Nəsəi, Təqsirus-salət, 4. Ancaq bu rəvayəti sadəcə Nəsəi rəvayət etmişdir.]

  Hənəfi məzhəbinə görə, səfərdə namazların qısaldılması Allahın bir lütfüdür. Bu lütf − rüsxət qəti hökm mahiyyətindədir. Buna görə də yolçuların namazı qısaltması vacibdir. Səfəri olan şəxsin dörd rükətli fərz namazı bilərəkdən iki deyil, dörd rükət qılması məkruhdur.

   Səfərilikdə hökm zaman və məsafəyə görə verilir. Yolçuluğun çətin, məşəqqətli və ya asan olması hökmü dəyişdir. Yəni səfərilikdə hökmün illəti (yəni namazların qısaldılmasının səbəbi) məşəqqət deyil, məsafə və zamandır.

  “Səfərilikdə zamanmı, yoxsa məsafəmi əsas alınmalıdır” mövzusu ixtilaflıdır. Əsas qəbul edilən fikir isə məsafədir. Piyada, minik və nəqliyyat vasitəsi ilə həmin məsafəni qət etmə hökmü dəyişdirmir. Həmçinin məşəqqət və çətinlik səfərdə əsas götrülmür. Buna əsasən təqribi 90 km-dən (dəqiq olaraq: 88 km 704 m) çox məsafəni qət edəcək şəxs səfəri, yolçu sayılır. Allah Rəsulu (s.ə.s) məkkəlilərə Usfandan daha yaxın bir yerə səfər etdiklərində namazlarını tam qılmalarınını bildirmişdir. Usfan Məkkəyə təxminən 4 bəridlik məsafədədir, bu da təqribi 88,704 km edir [Səraxsi, Məbsut, I/235].

  Səfərə çıxmadan öncə səfərdə olacağımız müəyyən olmalıdır. Bir şeyi axtaran və ya ardına düşüb təqib edən şəxs yaşayış yerindən 90 km-dən çox uzaqlaşsa belə səfəri sayılmır. Ancaq evdən çıxdıqdan sonra mənzil başına çatana kimi səfərilik davam edər. Muhamməd ibn əl-Münkədir ilə İbrahim ibn Meysərə Enəs ibn Malikin belə dediyini eşitmişlər: Rəsulullah (s.ə.s) ilə birlikdə günorta namazını Mədinədə dörd rükət, ikindi namazını da Zül-Hüleyfədə iki rükət olaraq qıldım.[Buxari, Taqsirus-salət 5; Müslim, Musafirun 10; Tirmizi, Cuma 39] Zül-Hüleyfə Mədinədən yola çıxan hacıların miqat yeri olub, Mədinədən 11 km uzaqlıqdadır.

  Bir şəxsin yolçu sayılması üçün onun yaşadığı yerin sərhədlərini aşması gərəkir. Buna əsasən məskunlaşdığı yerin ətrafındakı qəbiristanlıq, tarla sənaye müəssisələri və buna bənzər yerləri keçməyən şəxsə örfdə (adət-ənənədə) yolçu sayılmır. Hz. Əli (r.a) Kufəyə getmək üçün Bəsrədən yola çıxarkən günorta namazını dörd rükət qılar.  Yolda ikən qarşıda görünən evləri nəzərə alaraq: “Əgər bu evləri keçsəydik namazları qısaldaraq qılardıq”[Səraxsi, Məbsut, I/236]-deyir. Yuxarıda qeyd etdiyimiz Enəs ibn Malik hədisinə əsasən vaxt girmişsə yaşadığımız yerdə fərz namazı tam, səfərə çıxdıqdan sonra vaxtı girən namazı qısaldaraq qıla bilərik.

  Müasir dövrdə bəzi alimlər nəqliyyat vasitələrinin sürətli inkişafını da nəzərə alaraq səfərlikdə zamanın əsas alınması gərəkdiyini  müdafiə edirlər. Onlara görə səvadı-azamın (cəmiyyətin əksəriyətinin) istifadə etdiyi nəqliyyat vasitələri ilə üç gündə qət edilən məsafəyə görə səfərilik məsafəsi hesablanmalıdır. Ancaq bu fikir olaraq irəli sürülsə də üzərində fikir birliyi əmələ gəlməmişdir.

 

    Gedilən yerdə on beş gündən az qalınacaqsa həmin şəxs getdiyi yerdə səfəri sayılır. Ancaq on beş gündən çox qalacaqsa müqim sayılır (bir yerdə daimi yaşayanlara müqim deyilir) və namazlarını qısaltmadan dörd qılarlar. Əgər on beş gündən az qalmağa niyyət edər, ancaq hər hansı bir səbəbdən vaxt uzanarsa yenə də səfərilik hökmü davam edər. Şafeilərdə isə dörd gündən çox qalan şəxs muqim sayılır.

  Səfərdə namazlar necə qılınar? Hənəfilərə görə səfərdə “cəmi-təqdim” və “cəmi-təxir” edilirmi ?

    Səfəri olaraq qəza edilən dörd (4) rükətlik bir namazın qəzası necə qılınar?

  Səfərdə minik vasitələrində namaz necə qılınır?



13-08-2014 04:23:46