Ana səhifə

Vəhdəti -Vücud haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Vəhdəti -Vücud haqqında məlumat verərsiniz?
Cavab: 

"Lə mövcudə illə hu" (Ondan başqa mövcud yoxdur) deyərək varlığın ancaq Allaha məxsus olduğunu əsas alan və məxluqatın varlığını qəbul etməyən bir təsəvvüf məktəbidir. Məktəbin qurucusu Muhyiddini Ərəbi həzrətləridir. Sadəddin Konvevi həzrətlərindən başqa bu yola girən böyük şəxslərə rast gəlinmir.

Muhyiddini Ərəbi həzrətlərinin bəzi fikirləri özündən sonra gələn təsəvvüf əhli tərəfindən mənimsənmiş olsa da, bu yol, digər təriqətlər kimi, böyük kütlələrin tabe olduğu bir məşrəb olmayıb. Vəhdəti-vücud məşrəbində Allah adına məxluqat inkar edilərkən, materialistlər və təbiətçilər bu məşrəbi o böyük vəlinin anlayışına tamamilə zidd bir yola çəkərək, təbiət adına Allahı inkar etmişlər.

Əvvəlcə, vəhdət və vücud sözləri üzərində bir az dayanaq. Vəhdətin lüğət mənası, birlikdir. Zidd mənası "kəsrət", yəni çoxluqdur. Məsələn, beş fərqli hərf bir kəsrətdir, amma bunlar birləşərək bir söz halını alsalar, vəhdət meydana gələr.

Kainat kitabı deyilən bu aləmdə, bu mənanın sonsuz misalları vardır. Yüzlərlə budaq bir ağac olaraq qarşımıza çıxır, milyardlarla hüceyrə bir bədəndə birləşirlər. Bir olan Allahın müqəddəs varlığı haqqında "vacibül-vücud", kəsrət dairəsini meydana gətirən məxluqatının varlığı haqqında isə "mümkünül-vücud" təbirləri istifadə edilir.

Vacib; varlığı özündən olan, bir başqasının var etməsi ilə var olmaqdan münəzzəh olan, əzəli və əbədi var olan Allahın varlığıdır. Mümkün; varlığı, Yaradıcısının var etməsi ilə mümkün olan, O dilədiyində dərhal yox olmağa məhkum, yəni varlığı ilə yoxluğu Yaradıcısının qüdrətinə nisbətlə bərabər olan məxluqatın varlığıdır.

Beləliklə, vəhdəti-vücud məşrəbindəki bir vəli, "istiğraq" dediyimiz mənəvi sərxoşluq halına girdiyində, varlığı, yalnız vacib varlığa həsr edər, mümkünün varlığını inkar edər. "Lə mövcudə illə hu" yəni "Ondan başqa varlıq yoxdur" deyər.

Bu sözün cəzbə halında, mənəvi sərxoşluq halında deyildiyi açıqdır. Çünki, Ondan başqa varlıq olmasa, bu söz də deyilə bilməzdi. Amma, bu sözü söyləyən şəxs o anda bunu da düşünəcək halda deyil.

İstiğraq halının bir kölgəsi gündəlik həyatımızda da bəzən özünü göstərir. Elmi bir əsəri oxuyan insan özünü mənaya qapdırdığı an, artıq sözləri görməz. Onları xatırlamaz, onlarla məşğul olmaz. O bütün varlığı ilə elmə dalmış, onda qərq olmuşdur. O anda kitabı unutduğu kimi, onu tutan barmaqlarını, ona baxan gözlərini də unutmuşdur.

Vəhdətü'l vücud haqqında, Məsnəvi-i Nuriyədə "Tövhiddə istiğraqdır və nəzərə sığmayan bir tövhidi-zövqidir,"-buyurularaq bu məşrəbin ağıl ilə izah edilə bilməyəcəyinə diqqət çəkilir.

Bir aynanı günəşə qarşı tutsaq, günəş o aynada görünər. Onun nuru ilə ayna da işıqlanar. O da işıq saçmağa başlayar. Bu ayna şüurlu olsa, günəşin nurunu qəlbində daşıyar, ona iman edər və özündəki bütün rənglərin, işığın, hərarətin ondan gəldiyini bilər, ona minnətdar olar. Bu şüurlu aynanın günəşə doğru yaxınlaşdığını fərz edək. Yaxınlaşdıqca günəşdən daha çox işıq alacaq, daha çox parlayacaq, digər tərəfdən, daha çox istilənəcək, yanacaq. Ayna günəşə yaxınlaşdıqca onda günəşin görünüşü xaricində qalan sahə getdikcə azalar. Və sonunda aynanın hamısı günəşin nuru ilə dolar. Artıq onun ürəyində başqasına yer yoxdur. Yaxınlaşma davam etdikcə, işığın şiddətindən ayna özünü görməz. Şiddətli hərarət və nur ilə özündən gedər, istiğraq halına girər. Artıq nə özü qalmışdır ortada, nə də işığı. O ayna bu halda ikən, "Günəşdən başqa bir şey yoxdur,"-desə, bu onun mənəvi sərxoşluğunun ifadəsidir.

Risale-i Nur Külliyyatından “Məktubat”da, "qəlbi və hali və zövqi olan bu məşrəbi əqli və qövli və elmi surətə çevirməmək" lazım olduğu əhəmiyyətlə vurğulanır. Və “Ləmalar”da bu mənanı təsdiq üçün, "bu vəhdətül-vücud məsələsini indiki insanlara təlqin etmək ciddi zərər verər,"-deyilərək çox insanların maddədə boğulduğu, səbəblərə lazım olduğundan çox əhəmiyyət verdiyi bu qəflət zamanında, bu məşrəbi insanlara təlqin etməyin əks nəticələr verəcəyinə beləcə diqqət çəkilir:

"O məşrəb, daireyi-əsbabdan keçib, tərki-masiva (Allahdan başqa hər şeyi tərk etmək) sirriylə, mümkinatdan əlaqəsini kəsən əhassı-havassın istiğraqı-mütləq halətində məzhər olduğu saleh bir məşrəbdir. Bu məşrəbi əsbab (səbəblər) içində boğulanların və dünyaya aşiq olanların və fəlsəfeyi-maddiyə ilə təbiətə batanların nəzərinə elmi bir surətdə təlqin etmək, təbiət və maddədə onları boğdurmaqdır və həqiqəti-İslamiyyədən uzaqlaşdırmaqdır."

İlk cümlədə "Əhassı-havasın məzhər olduğu saleh bir məşrəb" ifadəsi ilə o görkəmli zatları düşüncəsizcə tənqidə cürət edənlərə hədləri bildirilir.

Necə ki bəzi dərmanların üzərində "Uşaqların əli çatmayan yerdə saxlayın" deyə yazılıb. Bu məşrəb də elədir. Şərti, "əhassı-havas", yəni xasların xası olmaqdır. Vəlayətin ən irəli dərəcələrində olmaq. Onlara da hər vaxt tövsiyə edilmir, yalnız istiğraqı-mütləq halında etibarlıdır. Yəni tövhid dənizində tam qərq olub, o dəryada boğulub, Allahdan qeyri nə varsa hamısından əlaqəni kəsdikləri zaman "lə mövcudə illə hu" deyə bilərlər.

Əlimizdə bir meyvə düşünək. Bu meyvə xəlq (yaratma) feli ilə var olmuş və onda Xaliq ismi təcəlli etmişdir. Bu fel və bu təcəlli olmasa o meyvə var ola bilməz. Beləcə bizim elmlə, fikirlə düşündüyümüz bu mənanı o görkəmli şəxslər hiss edərlər, yaşayarlar, o hal ilə hallanarlar və cəzbə halında o meyvənin yoxluğuna hökm edərlər. İstiğraq halından çıxınca meyvəni yeyər və Rəzzaq olan Allaha şükür edərlər. İstiğraq halında şükür də yoxdur. Çünki, nə meyvə vardır, nə də insan.

Nur Külliyyatında bu məşrəbin "saleh" olduğu, mənsublarının da əhassı-havas olduqları zikr edilməklə birlikdə, bu məşrəbin zənn edildiyi kimi ən yüksək bir həqiqət yolu olmadığına da xüsusilə diqqət çəkilir. "Xüləfayı-raşidindən və əimmeyi-müctəhidindən və sələfi-salehinin böyüklərində o məşrəb sarihən görünmür,"-deyilərək bu məşrəbin məhdud zatlara məxsus olduğu, hamıya aid olmadığı vurğulanır.

Nə əshabələr, nə məzhəb imamları, nə də əsrlərinə istiqamət verməklə vəzifəli İmamı Qəzali, İmamı Rəbbani, Abdulqadiri Geylani kimi görkəmli şəxslər belə bir yolda getmişlər. Onlar bütün səylərini peyğəmbərlik vəzifəsi dediyimiz, insanları irşad etmə, xəbərdarlıq etmə, haqqı sevdirmə, batildən nifrət etdirməyə yönəltmişlər. Bu müqəddəs vəzifə isə istiğraq deyil, sahv yəni oyanıqlıq halında icra edilə bilər. Necə ki, Muhyiddini Ərəbi də "Bizim mərtəbəmizə çıxmayan kitabımızı oxumasın,"-buyurmaqla, məşrəbinin xüsusi qaldığını bəyan etmişdi.

Nur Külliyyatında diqqət çəkilən əhəmiyyətli bir nöqtə də, bu məşrəbə girən bir vəlinin yalnız Allaha imanda tərəqqi etdiyi, digər iman rüknlərini düşünməməklə yaxud xəyal saymaqla onlardan feyz ala bilməməsidir. İstiğraq halında deyilən "lə mövcudə illə hu" sözü oyanıq halda deyilsə, digər beş iman rüknünün diqqətə alınmaması ilə nəticələnər.

Digər yandan, bu məşrəbi oyanıq halda iddia etmək, Cənabı Haqqın isimlərinin təcəllilərini xəyal və şübhə dərəcəsinə endirmək kimi böyük bir cinayətdir. Ruzi xəyal olsa Cənabı Haqqın rəzzaqiyəti də, haşa, həqiqi olmayacaq. Məxluqata xəyal dediyimiz zaman Allahın yaradıcılığı da xəyali olar. Xəyali şeyləri yaratmaq üçün sonsuz bir qüdrət, iradə lazım olmayacağından bütün ilahi sifətlərin ülvilikləri də gizlənəcək. Yalnız Allahın zatına nəzər edilməklə, sifətlər, fellər, isimlər və onların təcəlli etdiyi məxluqat nəzərə alınmayacaq. Bunun isə vəlayətdə yüksək bir məşrəb olmadığı aydındır.



16-03-2011 07:10:41