İmam Buxari və onun hədis kitabı haqqındakı digər iddialara cavablar...

By:

Aug 27, 2018

İddia:
    İmam Buxari ilə İmam Müslim arasında bir-birinin kitablarında olan hədislərin səhih olub-olmaması xüsusunda dərin ixtilaf vardır. Bir-birilərinə: "Sənin kitabındakı hədislər səhih deyil", - demişdirlər.

Cavab:
    Yalan olar, iftira olar, amma bu dərəcədə də yox! Hər halda indiyə qədər qarşılaşdığımız ən böyük yalanlardan biri Buxari və Müslimin bir-birilərinə: "Sənin kitabındakı hədislər səhih deyil", - demiş olmalarını iddia etməkdir. 

Hədislər onların sənədlərində yer alan ravilərin durumlarına görə səhih və ya həsən, qarib, zəyif, məvzu və s. olurlar. Bir hədisin səhih (etibarlı) ola bilməsi üçün onu rəvayət edən ravilərin hamısı bu şərtləri (bunlar sadəcə həmin şərtlərin bir qismidir) daşımalıdır: Gündəlik həyatlarında, xüsusən də hədis nəqlində yalan danışmamış olmalıdırlar. İbadətlərində,  qüsur olmamalıdır. Yaddaşları güclü olmalıdır. Hədisi eşidib rəvayət etdiyi insanı görmüş olmalıdır.

Buxari və Müslim arasında fərq buradan qaynaqlanır. Müslim deyir: "Bir ravi yuxarıdakı bütün şərtləri daşıyırsa, hədisi eşitdiyi ravini də gördüyünü bildirirsə və həmin dövrdə onlar eyni yerdə olublarsa, onda mən bu hədisi kitabıma daxil edə bilərəm". Buxari isə belə deyir: "Bir ravi yuxarıdakı bütün şərtləri daşıyırsa, hədisi eşitdiyi ravini də gördüyünü bildirirsə və həmin dövrdə onlar eyni yerdə olublarsa, bu hədis səhihdir. Ancaq öz kitabıma bu hədisi daxil etməm üçün, ravinin hədisi eşitdiyi digər ravini  gördüyünü bildirməsi ilə yanaşı, başqa biri də o dövrdə onların görüşdüyünə şahidlik etməlidir".

Qısacası, Buxari və Müslim arasındakı ixtilaf dərin deyil. Nümunə verəcək olsaq, biri 90 xalı keçən hədisləri, digəri 80 xalı keçən hədisləri öz kitabına layiq görmüşdür. Sadəcə olaraq hər birinin kitabındakı əsl hədislər 75 xalı keçdiyindən səhih sayılır. Və heç biri: "Ancaq mənim kitabımdakı hədislər səhihdir", - deməmişdir.

Əlavə məlumat üçün tıklayın:

Bizlere hadis ilimleri ve hadis kategorileri hakkında bilgi verir misiniz? | Sorularla İslamiyet
Buhari ve Müslim sahihlikte anlaşamamış mı? | Abdullah Erkan

İddia:
Bir hədisi rəvayət edənə ravi deyilir. Hədisi bir-birindən rəvayət edənlərin yaratdığı zəncirə hədisin sənədi deyilir. Hədislər sənədlərində olan ravilərin güvənilən olub-olmamasına görə səhih və ya zəyif sayıla bilər. Buxariyə qədər bir hədis çoxlu ravilərdən keçir. Buxari bunlardan sadəcə öz dövründə yaşayanların etibarlı olub-olmamasına əmin ola bilər. Bəs vəfat etmiş ravilərin güvənilən olduğunu haradan bilib?

Cavab:
Hər halda bu sualı verən insanın rical kitablarından xəbəri yoxdur.

Rical elminə dair mənbələrdə hər bir ravinin nə zaman və harada doğulduğu, adı, atasının adı, ləqəbi, nisbəsi, səyahətləri, haralarda kimlərlə görüşdüyü, şeyxlərinin kimlər olduğu və onlardan hansı rəvayətləri aldığı, hansı tələbələrə hədis nəql etdiyi, haralarda yaşadığı və ya məskunlaşdığı, yaşlılıq və ya xəstəlik kimi yaddaş zəifliyindən əziyyət çəkib-çəkmədiyi, əgər çəkibsə, hansı tarixdən etibarən bunun baş verdiyi, yaddaş zəifliyi yaşadıqdan sonra hansı hədisləri öyrəndiyi, harada və nə zaman vəfat etdiyi, haraya dəfn edildiyi, güvənilən olub-olmaması haqqında hansı təhlillərin aparıldığı kimi mövzularda məlumat verilir. 

İmam Buxari də hələ kiçik yaşlarında rical elminə dair mənbələri öyrənmiş, bu elmlə əlaqəli kitab yazmışdır.

Qısacası, vəfat etmiş bir ravi haqqında detallı məlumat sahibi olmaq rical kitabları sayəsində mümkündür.

Əlavə məlumat üçün baxın:

Ricâlü'l-Hadîs maddesi | TDV İslâm Ansiklopedisi

İddia:
İmam Buxarinin dəvə belində günlərcə bir hədis öyrənmək üçün gəzdiyini deyirlər. Lakin Fuat Sezgin "Buhârinin Kaynakları" kitabında isbat edib ki, Buxari bu kitabı yazmaq üçün aylarca yol qət etməmiş, hazır materiallar əsasında yazmışdır.

Cavab:
1. Hədislər kitabət, tədvin, təsnif kimi mərhələlərdən keçmişdirlər. Bir hədis üçün günlərcə yol qət etmə hədislərin yazıya alındığı ilk zamana - kitabətə aiddir. Buxari isə təsnif dövrünün alimidir. Yəni o anadan olanda nəinki kitabət, hətta tədvin (yazıya alınmış hədisləri bir yerə toplama) dövrü də bitmişdi.

Buxari isə onsuz da qabaqcadan bir yerə toplanmış hədislərin səhih olanlarının bir qismini seçib öz kitabına daxil etmişdir.

Bəli, elə vaxt olurdu ki, bir hədisi dinləmək üçün günlərlə yol gedirdi. Lakin bir elm məclisinə qatılaraq bir gündə yüz hədis öyrəndiyi vaxtlar da olub.

2. Bir hədis həm Buxaridən əvvəl yazılmış kitablarda, həm də Buxarinin kitabında keçirsə, bu onu göstərmir ki, Buxari o hədisi əvvəlki kitablardan kopyalayıb.

Tutaq ki, mən öz müəllimimdən Nizami Gəncəvinin bir qəsidəsini öyrəndim. Sonra da bunu kitabıma yazdım. Lakin məndən əvvəl başqaları da bu qəsidəni öz müəllimlərindən öyrənib öz kitablarına yazıblar. İndi mən bu qəsidəni başqalarının kitablarından kopyalamış oldum, yoxsa müəllimimdən öyrənmiş oldum?

Hədislərdə də vəziyyət belədir.

İddia:
Buxari Peyğəmbərdən iki yüz il sonra yaşayıb. Özündən iki yüz il əvvəl yaşamış birinin (əsm) sözlərini haradan bilə bilər?

Cavab:
Bu iddianın cavabı yuxarıda verildi. Buxari anadan olanda onsuz da hədislər toplanmışdı. Ayrıca hədislər Peyğəmbərdən yüzillər sonra yazılmayıb, hələ onun dövründə də yazılırdı.

Ətraflı məlumat üçün oxuyun:

Hədislərin bir çox insanlar vasitəsilə dildən-dilə keçərək yayıldığını bildiyimiz halda hədislərə niyə inanmalıyıq?

İddia:
Buxari 600000 (altı yüz min) hədis bildiyini deyir. Əvvəla, bu qədər hədisi öyrənməyə ömrü yetməz, ikincisi də kitabına yeddi min iki yüz hədis daxil edib, qalan beş yüz doxsan üç min hədisi almayıb. Deməli, Buxari də hədis inkarçısı olub?

Cavab:
1. Bu iddianın yaranmasına səbəb niyə bir milyon, və ya altı yüz min hədisin olduğunu bilməməkdən irəli gəlir.

Hədislər sənəd və mətn olmaqla iki hissədən ibarət olur. Nümunə:

Bizə Əhməd, ona Elman, ona Nailə, ona Əkbər, ona da müəllim belə deyib: "Uşaqlar, sabah da dərsə hazır gəlin!"

Yuxarıdakı cümləni hədis qəbul etsək, altından xətt çəkilmiş hissə hədisin sənədi, əl yazısı ilə yazılmış hissə isə hədisin mətnidir.

Bir hədisin mətni eyni olsa belə, mətnə bağlı olan sənədlər fərqlənərsə, onda iki fərqli hədis yaranar. Məsələn, "Əməllər niyyətlərə görədir" hədisi 700-dən çox ravi tərəfindən nəql edildiyindən, hər nə qədər mətnləri eyni olsa da, 700-dən çox "Əməllər niyyətlərə görədir" hədisi vardır.

İmam Buxarinin "Camius-Səhih" kitabında 2000-dən artıq hədis vardır. Lakin vəziyyətə bağlı olaraq bir hədisi bəzən beş, altı, yeddi... yerdə təkrar etdiyindən kitabda 7000-dən artıq hədisin olduğundan danışılır.

Bütün bu izahlardan sonra anlayırıq ki, hədislərin sayı əslində bir milyona və ya altı yüz minə bərabər deyil, ən çoxu yüz minə bərabərdir. Sayım zamanı yaranan müxtəliflik eyni hədis mətninin müxtəlif sənədlərlə rəvayət edilməsindən yaranmışdır. Əgər sadəcə hədislərin mətnləri sayılsa, bunların da səhih (mötəbər) olanlarını götürsək, əlimizdə on mindən az hədis qalar ki, Quranda altı min ayə olduğunu nəzərə alsaq, on min hədisin çoxluğundan şikayət etmək mümkün deyildir.

2. Buxari öz kitabına daxil etmədiyi hədisləri inkar etməyib ki ona hədis inkarçısı deyək. Kitabın həcmini böyütməmək üçün lazımi hədisləri daxil etmiş, qalanlarını inkar etməmişdir.

Ətraflı məlumat üçün tıklayın:

İmam Buhari Savunması