Ana səhifə

İbadətə ehtiyacı olan bizik!


YazdırSend to friend

Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm) “Dünya axirətin tarlasıdır.” buyurur. Bu dünya tarlasında kim nə əksə Allah ona o cinsdən məhsul verir. İnsanlar bu dünyada imanları ilə saleh əməlləriylə, gözəl əxlaqlarıyla mənəvi çiçəklər əkdikləri kimi, küfrləriylə, üsyanlarıyla, pis əxlaqlarıyla da yenə mənəvi tikanlar əkmiş olurlar. Hər iki növ əkinin də məhsulları axirətdə özünü göstərəcək. Bu məhsulların qazancı da, zərəri də insanlar üçündür.

Bir söhbətdə belə bir nümunə verilmişdi: 
Bütün insanlar gözlərini açsa və gündüz nemətindən faydalansalar günəşin işığında bir artma olmayacağı kimi, bütün insanlar günəşə göz bağlasalar onun işığında bir azalma da olmaz. 

Bu nümunə, Bədiüzzamannın “İslamiyyət günəş kimidir, üfləməklə sönməz. Gündüz kimidir, göz yummaqla gecə olmaz.” sözlərinin şərhi edilərkən deyilmişdi. 

İman, irfan, ibadət, təqva, gözəl əxlaq da elə deyilmi? Onlara qovuşan kəslər bir şərəf qazanarlar, üstün insan olarlar. Bütün insanlar bunlardan məhrum olaraq yaşasalar bu mənəvi dəyərlər əsl qiymətlərindən heç bir şey itirməzlər. 

Bir elm sahəsini bütün insanlar təqdir etsə, yaxud inkar etsələr, o elmin əsl dəyərində nə bir artma olar, nə də azalma. 

İnsan elmə möhtacdır; elmin isə insana ehtiyacı yoxdur. Hər kəs cahil də qalsa elmin üstün mərtəbəsində bir dəyişmə olmaz; onun aydınlığı cəhalətin qaranlığından daim üstündür. Elm öyrənən adam beləcə bir mərtəbə qazanar. Bu, əvvəlcə ruh və ürək dairəsində həyata keçər.

Alim insan, üstün insan olar. 

“Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?” (Zumər,9)

 Ayədə bu gerçək dəqiq şəkildə verilir. 
Elimli olmanın dünya işlərində də faydası var. Bir mövzuda məlumatı və ixtisası olan adam layiq olduğu mövqeyə gətirilər; digər insanlardan daha çox maaş ala bilər. 
İbadət də bir yönüylə elm kimidir. İbadətə qul möhtacdır. İbadət edilsin və ya edilməsin onun dəyəri nə isə odur. Bunda bir artma və ya azalma düşünülə bilməz. 
İbadətin bir mənası itaət deməkdir, başqa bir mənası isə şükür. 

İbadət insanın yaradılış gərəyidir və ibadəti əmr edən ayələr bir cəhətdən “insan fitrətinə uymağa” bir dəvətdir. 
Gözün yaradılışında görmə vardır, ona görmənin əmr edilməsi necədirsə, insana ibadətin əmr edilməsi də onun kimidir. Bu fərqlə ki, bu ikincisində insan iradəsi araya girər. Dünya imtahanının bir gərəyi olaraq, insanoğlu öz fitrətinə uyğun hərəkət edib etməməkdə sərbəst buraxılmışdır. 

İnsan fitrəti ibadəti necə əmr edir? Bu nöqtədə “Nur” risalələrindən bu təsbiti qeyd etmək istəyirəm.
Gözəlliyi sevmək insanın yaradılışında var. Gördüyümüz gözəl bir mənzərəni sevməyimiz üçün ağılımızı yorub, sonra qərar verərək sevməyə başlamamız gərəkməz. Qəlbimiz dərhal sevgi ilə ona meyl edər. 
Mükəmməl bir əsərə heyranlıq duymaq da belədir. O da yaradılışın bir gərəyidir. Əsəri kimin düzəltdiyini soruşmadan əvvəl ona heyran olur, daha sonra sənətkarı haqqında məlumat əldə edirik. 

Edilən bir ikrama, bir insana qarşı təşəkkür etmək, minnət duyğusu bəsləmək də yenə fitrətin bir gərəyidir. 
O halda, bütün sifətləri sonsuz kamalda, bütün isimləri gözəl, bütün işləri nemət və lütflə dolu olan Rəbbimizə ibadət etməmiz yaradılışımızda var. 
Gözün yaradılışında görmə vardır, demişdik. Göz bu vəzifəsini yerinə yetirdikdə dərhal qarşılığını görər; baxdığı əşyanın görünüşü onda təcəlli edər. Dağa baxmışsa onun görünüşünü içinə alar, günəşə baxmışsa günəşə qovuşar.
O halda, ibadət vəzifəsini yerinə yetirən insan da bir şeylər qazanacaq. Bu qazanc Allah kəlamında beləcə nəzərə çatdırılır: 

“Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allah`dan) qorxasınız.” (Bəqərə,21)

Ayənin əvvəlində ibadətin səbəbi, yəni “Nə üçün ibadət edirik?” sualının cavabı belə verilmiş olur: 

“O sizin Rəbbiniz olduğu üçün.”

Qulluq, qulun vəzifəsidir. İnsan, özünü bir damla sudan bugünkü mükəmməl hala gətirən, gözünü görəcək, qulağını eşidəcək, ağzını danışacaq şəkildə tərbiyə edən Rəbbinə şükürlə və ibadətlə mükəlləfdir. 
Ayənin davamında bu fitri vəzifəni yerinə yetirənlərin mükafatı, “təqva mərtəbəsinə nail olmaq” şəklində təyin olunur. Təqva üçə ayrılır:

1) Şirkdən təqva: Allah`a ortaq qoşmaqdan çəkinmək.

2)Masiyətdən təqva: Günahlardan çəkinmək.

3)Masivadan təqva: Allah`dan qeyri hər şeyi qəlbindən uzaq tutmaq. (Sevgisini də qorxusunu da Allah`a xas etmək. Məxluqları ancaq Onun üçün sevmək.) 
Təqva mövzusu Fatihədən sonra gələn Bəqərə surəsinin ikinci ayəsində belə nəzərə çatdırılır:

“Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.”

Bir sonrakı ayədə təqva sahiblərinin sifətləri bu cür sıralanır:

1)Onlar qeybə inanarlar,

2)Namaz qılarlar,

3)Özlərinə verdiyimiz mallardan zəkat verərlər.

Təqva mərtəbəsinə çatmaq, imanın qüvvətlənməsini, namaz və zəkat kimi ibadətlərin daha mükəmməl şəkildə yerinə yetirilməsini nəticə verir. Belə bir mömin, “Allah`ın özündən razı olduğu qul” olma mərtəbəsinə çatar. Razılıq mərtəbəsi isə bütün dərəcələrin üstündədir. 

Bu şərəfə nail olmaq, bir mükafatdır. Amma iş bununla qalmaz. Allah razı olduğu bu qullarını əbədi səadət diyarında, sonsuz nemətlərinə qovuşdurar. 

Təqva sahibləriylə əlaqədar bir başqa ayət-i kərimədə bu bəxtiyar şəxslərin əlamətləri beləcə sıralanır:

1) Onlar bolluqda və darlıqda Allah üçün xərcləyərlər,

2)(Qəzəbləndikləri zaman) qəzəblərini tutarlar və insanları bağışlayarlar.

3) Bir pis əməl işlədiklərində, yaxud nəfslərinə zülm etdiklərində dərhal Allahı xatırlayarlar və günahlarına tövbə edərlər
- İşlədikləri pis əməllərində bilərək israr etməzlər. (Ali İmran, 134-5)

Bütün bunlar kamil möminin xüsusiyyətləridir. Deməli, ibadətin meyvəsi təqva, təqvanın qarşılığı da belə üstün bir mərtəbəyə çatmaqdır. 

Bir qulun təqva ilə mənən yüksəlməsi və ucalması Rəbbini razı edər. Ancaq bu da unudulmamalıdır ki, Allah hər şeydən xəbərdardır və heç bir şeyə ehtiyacı yoxdur. İnsanın bu yüksəlişi özü üçün bir kamaldır, bir mənfəətdir. Allah onun yüksəlməsinə möhtac olmadığı kimi alçalmasından da, (haşa), bir zərər görəcək deyil. Hər iki halda da nəticə qula aiddir; həm zərər, həm də mənfəət onun üçündür. 

“Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir..” (Bəqərə, 286)

Bu nöqtə üzərində bir az dayanmaq lazımdır. Bir hədisi qüdsidə belə buyurulur:

“Mən gizli bir xəzinə idim. Bilinməyə məhəbbət etdim (bilinmək istədim) və məxluqatı yaratdım. “(Acluni, II,132)

Allah vardı və heç bir şey yox idi. Allah`ın bir adı Saməd, yəni hər şey Ona möhtacdır. O isə heç bir şeyə möhtac deyil. 

Bu gün gördüyümüz hər şey, ulduzundan günəşinə, dağından dənizinə qədər hamısı yoxluqda idilər. Onları Allah var etdi və Allah onların var olmalarına möhtac deyil.

Daha sonra canlıları yaratdı. Onlara göz verdi, qulaq verdi və Allah onların görmələrinə və eşitmələrinə möhtac deyil. 

Sonra insanları yaratdı, onlara ağıl verdi, qəlb verdi. Bu varlıq aləmindəki möcüzələri düşünmə və onları yaradana iman etmə qabiliyyəti lütf etdi. Allah ağılın anlamasına da qəlbin inanmasına da möhtac deyil. 

Qısacası, Allah yaratdığı məxluqların nə özlərinə, nə də etdikləri işlərə möhtac deyil. Çünki, onları da, işlərini də yaradan Odur.

Mövzunu bəzi nümunələrlə bir az daha açıqlayaq:
Günəşi və işığı da O yaratmışdır. O halda Allah nə günəşə möhtacdır, nə də onun işıq verməsinə. 
Ağacı və meyvəni də O yaratmışdır. O halda Allah nə ağaca möhtacdır, nə də onun meyvəsinə. 
Mədəni, ondakı həzm fəaliyyətini də O yaratmışdır. O halda, Allah nə mədəyə möhtacdır, nə də onun həzm etməsinə.

Maddə aləmindəki bu üç nümunəni ruh və məna iqliminə də daşıya bilərik. 

Ağılı Allah yaratmış, anlamağı da o yaratmışdır. O halda Allah nə ağılın varlığına möhtacdır, nə də onun anlamasına.

Qəlbi Allah yaratmış, ondakı inanma qabiliyyətini də O yaratmışdır. O halda Allah nə ürəyin varlığına möhtacdır, nə də onun inanmasına.
Allah`ın kamalı sonsuzdur. Sonsuz üçün nə artım düşünülə bilər, nə də azalma. Bütün insanlar kamil möminlər olsalar Allah`ın kamalında bir artma olmayacağı kimi, bütün insanlar Firon olsalar Onun kamalında bir azalma düşünülə bilməz. 

Qazanan da insandır, itirən də. Allah haqqında bu sözlər deyilə bilməz. 

Düşünmə və iman etmə insan ruhunun ən böyük ehtiyaclarıdır. İnsan bunlarla gerçək insan olur və kamalını tapır. Əks halda bitkilər və heyvanlarla ortaq bir həyat sürür. O böyük sərmayəsini bu kiçik işlərə xərcləməklə nəfsinə zülm edir, zərər edir, kiçilir və Qur`an`ın ifadəsiylə “heyvan kimi, hətta ondan daha aşağı” bir dərəcəyə enir. 
Allah onun bu tənəzzülündən bir zərər görmədiyi kimi, onun yüksəlişinə də möhtac deyil; hər ikisi də qulun özü üçündür.



17-01-2012 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz